"Xalqın yaralı yerinə duz basırlar" - “Azərsun Holdinq”ə qarşı sərt ittihamlar

img

05-10-2016 [16:29]


Xaricdən ölkəyə gətirilən bəzi ərzaq mallarının gömrük rüsumlarının qalxması xəbəri çıxar-çıxmaz, Azərbaycanda qida sahəsində monopolist şirkətlərdən biri olan "Azersun Holdinq" qiymətləri qaldırdı. Halbuki, gömrük rüsumları qaldırılan ərzaq məhsulları arasında "Azersun Holdinq"in istehsal sahəsinə demək olar ki, aidiyyatı yoxdur.

Mövzu ilə bağlı pia.az--ın əməkdaşına danışan Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev bildirib ki, prezidentin ətrafında olanlar çalışırlar ki, xalqın yaralı yerinə duz bassınlar. Elə "Azərsun Holdinq” kimi şirkətlər də xalqı yox, öz ciblərini düşünür:

"Mən 2-3 ay bundan öncə bildirmişdim ki, Azərbaycanda bəzi qüvvələr millətlə dövlət arasında narazılıq yaratmaq üçün müəyyən addımlar atırlar. "Azərsun”un qiymət artımı olan siyahısına baxanda görürəm ki, xaricdən gəlməyən malların qiyməti qalxıb. Azərbaycanda istehsal olunan malların qaldırılmasına ehtiyac yoxdur. Məsələn, Masazır gölündə hazırda duz var. Ona görə də duzun qiymətini qaldırmağa ehtiyac yoxdur. Bu gün inhisarçı məmurlar ölkə prezidentinin nüfuzdan salınması yönündə çox ciddi addımlar atırlar. İnkişaf etdirilməmiş sahələrin yalandan inkişaf etdirildiyini deyirlər, əsaslandırılmamış təhlillər aparırlar. Prezidentin ətrafında olan insanlar çalışırlar ki, xalqın yaralı yerinə duz bassınlar. Hal-hazırkı vəziyyətdə xalqın vəziyyəti pis gündədir. Qiymətlər qalxıb və insanlar çörək ala bilmirlər. Xaricdən gətirilən malların qiymətinin qalxmasını normal qarşılamaq olar, amma yerli istehsal olan məhsulların qiymətini qaldırmaq düzgün deyil. Bu gün mal əti qalxıb 9-10 manat civarında olub. Bu qiymət artımına ehtiyac varmı?! İnsanların aldığı əmək haqqı ilə qiymət artımı tərs mütənasibdir. 200 manat maaş alan müəllim, 300 manat maaş alan həkim ailəsini necə dolandıra bilər?! Belə olan halda istər-istəməz rüşvət meydana gəlir.

Hafiz Hacıyev: ""Azərsun” özünün istehsal etmədiyi məhsulları hansısa yerli sahibkarlardan alır, ancaq buna rəğmən qiyməti qaldırır”.

Rayonlarda torpaqların əksəriyyəti xaricdə bizneslə məşğul olan insanlara verilib. Həmin adam isə rayonda torpağı verdirir, məhsul əkdirir və sonra satır. Ancaq mal, qoyun saxlayan sahibkara torpaq vermirlər. Bu addımla istehsalın qarşısı alınır. Rayon icra hakimiyyətləri, "Azərsun Holdinq” kimi şirkətlər xalqı yox, öz ciblərini düşünürlər. Fikrimcə, bu məsələdə çox ciddi qanun qəbul edilməlidir. Əslində qanunlar var, amma onları işlətmək lazımdır.

Nəyə görə duzun qiyməti qalxmalıdır? Azərbaycanda Xəzər dənizi, Masazır gölünün ətrafı başdan ayağa duzdur. Görünür ki, məmur təbəqəsi və bu sahə ilə məşğul olan insanlar ölkədə çox ciddi təxribatla məşğuldurlar. Bu təxribatn qarşısı alınmasa arzuolunmaz nəticələrə səbəb ola bilər. Biz istərdik ki, xalqın cibinə uyğun qiymətlər tənzimlənsin. Bu gün xalqın dolanışıq yeri kimi neftdən sonra ikinci sahə aqrar sahədir. Aqrar sahə isə bu gün batıb. Ölkədə sahibkarların əksəriyyəti də dövlət başçısına xəyanət edir. "Azərsun” özünün istehsal etmədiyi məhsulları hansısa yerli sahibkarlardan alır, ancaq buna rəğmən qiyməti qaldırır. Düşünürəm ki, ölkədə köklü siyasi-iqtisadi islahatlar başlanılmalıdır. Ancaq bu islahatlarda köhnə komanda olmamalıdır. Çünki onlar xəyanətlə məşğuldurlar”.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA