"Reytinq" qəzeti ilə Müstəqil informasiya Agentliyi KiV Fondundan narazıdır

img

30-03-2010 [06:29]


Məlum olduğu kimi, Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondu jurnalist təşkilatları və media qurumlarının fəliyyətinin gücləndirilməsi ilə bağlı elan etdiyi müsabiqənin nəticələrini açıqlayıb. Ötən müsabiqədə olduğu kimi, bu dəfə də nəticələrdən narazı qalanlar var. Müsabiqəyə layihə təqdim edən "Reytinq" qəzetinin adının qaliblərin sırasında olmaması isə qəzet rəhbərliyinin narazılığına səbəb olub. "Reytinq"in baş redaktoru Afiq Mirzəbəyli bildirib ki, müsabiqənin hansı şərtlərlə keçirilməsi, layihələrin necə "qiymətləndirilməsi" nəticələrdən görünür: "Bizə qarşı ədalətsizlik olub. Çünki fonda təqdim etdiyimiz layihə kifayət qədər əsaslandırılmış və dolğun layihə idi. Əgər KİV-in inkişafına dövlət dəstəyindən söhbət gedirsə və burada ictimai əhəmiyyət daşıyan layihələr qalib olmalı idilərsə, bizim layihə mütləq qaliblər sırasında dayanmalıydı. Təəssüf ki, yenə də ədalətsizliklə üzləşdik". Müsabiqənin nəticələrindən narazı qalan Müstəqil İnformasiya Agentliyinin redaktoru Zaur Əhməd də növbəti dəfə qeyri-obyektivliyin qurbanı olduqlarını bildirib: "Ötən müsabiqədə ədalətsiz seçim edildi. Bizim layihədən qat-qat zəif layihələr qalib elan olundu, biz isə kənarda saxlanıldıq. Eyni "ssenari" bu dəfə də təkrarlandı. Təqdim etdiyimiz layihə ekoloji problemlərlə bağlı idi. Əgər ölkə başçısı 2010-cu ili "Ekologiya ili" elan edirsə və biz də bundan irəli gələrək ekoloji problemlərin işıqlandırılması üçün layihə hazırlayırıqsa, onda nəyə görə kənarda qalmalıyıq? Bu cavabsız suallar müsabiqədə ədalət prinsipinin pozulmasından, haqqı olanlara haqqının verilməməsindən xəbər verir". Apelyasiya şikayəti verib-verməyəcəklərinə gəlincə, A.Mirzəbəyli və Z.Əhməd bunun əhəmiyyətsiz olduğunu söyləyiblər.

Digər xəbərlər
SON XƏBƏRLƏR