"Onlar bu xalqın bütün var-dövlətinə, milli-mentalitetinə zərbə vurublar"

img

30-03-2016 [14:25]


"İlham Əliyevin siyasi məhbuslarla bağlı atdığı addım iqtidar-müxalifət münasibətlərini normallaşdıra bilər”.

Bu fikirləri Müasir Müsavat partiyasının sədri Hafiz Hacıyev pia.az-a açıqlamasında qeyd edib. Prezidentin son əfv fərmanını yüksək qiymətləndirən Hafiz Hacıyevə görə, ölkəmizin siyasi gedişatında inkişafın getməsi üçün ölkədaxilində də ciddi addımlar atmaq və yaşlı məmurları vəzifələrindən kənarlaşdırmaqla yeni kursa yol açmaq lazımdır:

"Müasir Müsavat partiyası olaraq, prezidentin bu addımını çox yüksək qiymətləndiririk və bəzi qüvvələrin əlində alətə keçirilmiş bir sıra insanlar var ki, onların da azadlığa qovuşmasını arzulayarıq. Bu gün prezidentin azadlığa buraxdığı insanlar Azərbaycan cəmiyyətində heç bir şey edə bilmirlərsə, o birilər nə edə biləcəklər ki?! Yəni, onlardan qorxmaq lazım deyil. Lakin bu proseslərə görə Azərbaycanı beynəlxalq aləmdə qınaq obyektinə tuş gətirirlər və prezident bu qınaqlardan qurtulmaq üçün çox ciddi addımlar atdı. Biz partiya olaraq bunu alqışlayırıq. Biz bu barədə öz çıxışlarımızda da xahiş etmişdik ki, ABŞ-la münasibətləri korlamağa dəyməz. Düşünürəm ki, bundan sonra Azərbaycanın Avropa və Qərb ilə daha yüksək səviyyəli təmasları qurulacaq. Ancaq çox təəssüf ki, hakimiyyətin daxilində elə qüvvələr var ki, İlham Əliyevin xarici siyasətdə apardığı bu kursa sevinmirlər və bütün vasitələrlə bu gedişata mane olmağa çalışırlar. "5-ci kalon”un üzvü olan o qüvvələr İlham Əliyevin ölkədə təklənməsini və təzyiq altında saxlanmasını istəyirlər. Bunun sayəsində onlar korrupsiya ilə məşğul olmaq, prezidentin başının xarici qalmaqallara qarışmasını istəyirlər.

Arzu edirəm ki, bundan sonra da beynəlxalq aləmin tələb etdiyi bir sıra insanlar da azadlığa buraxılsın. Məsələn, Xədicə İsmayıl buraxıla bilər. Əli İnsanovun artıq vaxtı bitib. Yaşlı insandır, onu həbsdə saxlamağa ehtiyac yoxdur. Bu insanlara görə Avropa Şurasının, Qərb dünyasının Azərbaycana qarşı sanksiyalar tətbiq etməsini istəmərik. Bilirsiniz, Azərbaycanı istəməyən qüvvələr var. Və bu qüvvələr Azərbaycanda yeganə təzyiq vasitəsi kimi siyasi məhbusları önə çəkirlər. Ona görə də siyasi məhbusların həbsdə saxlanmasını arzulamazdıq. Nəticədə onlar həbsdə və ya həbsdən çıxandan sonra nə iş görəcəklər ki?! Bu baxımdan prezidentin siyasi məhbuslarla bağlı addımını sonuna qədər davam etdirməsini Azərbaycan xalqı da alqışlayar.


Azərbaycanı gözdən salan tək siyasi məhbuslar deyil, məmur təbəqəsi də var. Azərbaycanda insan hüquqlarını pozan məmurlar var. Azərbaycan hakimiyyətindəki dar düşüncəli, kommunist düşüncəli insanlar var olduqca ölkədə həmişə qalmaqallar olacaq və sabitlik tam bərpa olunmayacaq. Prezidentin ətrafındakı məmurlar indiyə qədər onu aldadıblar. Son zamanlar neftdən olan asılılığımız aşağı düşən kimi bir sıra iqtisadi problemlər yarandı. Yəni ki, bu gün prezidentin ətrafında olan komanda ona xəyanət edir. Fikrimcə, prezident bu məsələdə çox ciddi addımlar atmalıdır. Hakimiyyət daxilində olan bəzi qruplaşmalar kadr, iqtisadi və siyasi islahatların həyata keçirilməsinə imkan vermirlər.

İlham Əliyevin siyasi məhbuslarla bağlı atdığı addım iqtidar-müxalifət münasibətlərini normallaşdıra bilər. Bir müddət öncə siyasi partiyalarla dialoq başlamışdı. Ancaq müəyyən insanlar bu dialoqlara son qoydular. Azərbaycanda düşmənçilik salmaq üçün prezidentlə siyasi partiyalar arasında böyük baryer yaradıblar. Ona görə ki, prezidentin həqiqəti və məmurların gizli işlərini bilməyini istəmirlər. Lakin buna baxmayaraq, prezidentin atdığı bu addımlar müxalif partiyaları sevindirir. Düşünürəm ki, prezidentin atdığı addımlar müxalifət münasibətlərinin normallaşdırılması üçün yaxşı addımdır. Ancaq "5-ci kalon” üzvləri Eldar Mahmudov vasitəsilə ölkədə dövlət çevirilişi etmək istəyirdilər. Bu "dövlət çevirilişi”nin içində bir sıra məmurlar da var və onlar çox narahatdılar.


Son günlərdə Cahangir Hacıyevin, Milli Bankın sədrinin verdiyi ifadələr əsasında "Şərur İsfəndiyar” həbs edildi. Biz istərdik ki, prezidentlə müxalif partiyaların görüşü keçirilsin. Müxalifət ölkədə normal siyasi ab-havanın yaranmasını istəyir. Bir şərtlə ki, prezidentin ətrafında olan 30-40 illik kök salan, kabinetlərində iy verən yaşlı məmurlar hakimiyyətdən getsinlər. Xalq onları görəndə allergiya verir. Onlar bu xalqın bütün var-dövlətinə, milli-mentalitetinə zərbə vurublar”.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA