Rafael Cəbrayılov: "…Bu sahədə Azərbaycanda vəziyyət bərbaddır"

img

28-03-2016 [18:36]


Milli Məclisdə selektiv abortlara qarşı çıxışların sayı artıqca bu məsələnin qanunla tənzimlənməsinə tələbat da çoxalır.

Əldə etdiyimiz məlumata görə, belə abortlara qarşı qanun layihəsi üzərində çalışan deputat Rafael Cəbrayılov bəzi valideynləri həkimlərlə birlikdə günaha əl atmaqda suçlayıb. Onun fikrincə, bunun nəticəsində gələcəkdə Azərbaycanda qız qıtlığı yarana bilər. Millət vəkili ilə bu barədə söhbətimizdə bir çox maraqlı məqamlar ortaya çıxdı.

- Rafael müəllim, bildiyimizə görə selektiv abortların qadağan edilməsi ilə bağlı qanun layihəsi hazırlamaq fikrindəsiniz. Bu, hansı zərurətdən irəli gəldi?

- Əslində bu, yeni fikir deyil. Deputat seçildiyim ilk illərdən bu fikirdə olmuşam ki, selektiv abortlar qadağan edilməlidir. Bu qadağanın pozulmasına görə inzibati,ağırlaşdırıcı hallar mövcud olduqda isə , hətta cinayət məsuliyyəti müəyyən etmək lazımdır. Çünki,söhbət xalqımızın genefondundan, gələcəyindən gedir. Selektiv abortlarla bağlı Azərbaycanda vəziyyət bərbaddır. Selektiv abortların qadağan edilməsilə bağlı qanun layihəsi hazırlamaq istəyim də həmin zərurətdən irəli gəlib.

- Nə baş verir? Doğurdanmı vəziyyət o qədər bərbaddır ki, dövlətin müdaxiləsinə ehtiyac duyulur?

- Suala cavab verməzdən öncə bunu deyim ki, Məhəmməd Peyğəmbərin (s.ə.s.) yaşadığı dövrdə onun cəhalət girdabında olan müasirlərinin böyük əksəriyyəti Peyğəmbəri doğma oğlunun olmaması və yalnız qızlarının olduğuna görə "sonsuz” adlandırırdılar. Allah Məhəmməd Peyğəmbərə xitabən (s.ə.s.) demişdi ki, O, müşriklərin sözlərindən narahat olmasın. Çünki, "sonsuz” onların özləridir. Amma Peyğəmbərin nəsli dünyanın hər yerinə yayılacaq və qiyamət gününə qədər yaşayacaqlar. Mənim bu dediklərim Qurani-Kərimdə də var. Yeri gəlmişkən deyim ki, mən "Qurani-Kərim”i təxminən 20 dəfə oxumuşam. Hər ilin Ramazan ayında bir dəfə oxuyuram və bunu sizə də məsləhət görürəm.

İndi 7-ci əsr deyil, 21-ci əsrdir. Adəm övladı elmi zəkası, bacarığı ilə qürrələndiyi dövrdə yaşayırıq. Ancaq əfsuslar olsun ki, bəzi həmvətənlərimizdə qız uşaqlarına münasibət indi də dəyişməyib. İslamdan əvvəlki cəhalət dövründə yeni doğulan qız uşaqları ya diri-diri quma basdırılır, ya da başqa üsulla öldürülürdülər. Bu gün elmi-texniki inkişafın nailiyyətləri bu işi daha da "asanlaşdırıb”. Hamiləliyin ilkin dövründə dünyaya gələcək uşağın cinsini müəyyən etmək üçün tibbi müayinəyə üz tutan bir sıra həmvətənlərimiz dünyaya gələcək uşağın qız olduğunu bilən kimi hamiləliyin pozulması və yaxud başqa sözlə desək, abort etdirmək barədə düşünürlər. Vəziyyətin iyrəncliyinə baxın ki, ananın və uşağın sağlamlığı deyil, dünyaya gələcək uşağın hansı cinsdən olması bu insanlar üçün daha mühüm əhəmiyyət kəsb edir. Bu insanlar bəlkə də fərqinə belə varmadan Allahın iradəsinin əleyhinə gedirlər. Düşünürəm ki, Allahın iradəsinin əleyhinə getməyin bundan iyrənc üsulu ola bilməz. O göndərir, sən öldürürsən. Acınacaqlı hal budur ki, bir sıra ailələrdə bu hal oğlan uşağı əldə edilənədək dəfələrlə təkrarlanır. Bu məsələ ilə bağlı respublikamızdakı vəziyyəti statistik rəqəmlərdən daha aydın görmək olar. Azərbaycanda abortlar əsasən 23-34 yaş arası qadınlar tərəfindən aparılır. Bu da onu deməyə əsas verir ki, Azərbaycanda qadınlar ikinci hamiləlikdən sonra əsasən doğuşun məqsədini cinsiyyəti oğlan olan körpələri dünyaya gətirmək istəməsidir. 

Ümumiyyətlə isə ötən il 18-19 yaşlı qadınlar tərəfindən 1073, 20-24 yaşlı qadınlar tərəfindən 5738, 25-29 yaşlı qadınlar tərəfindən 8365,30-34 yaşlı qadınlar tərəfindən 7756, 35 yaşdan yuxarı qadınlar tərəfindən isə 4200 abort əməliyyatı həyata keçirilib. Qeyri-rəsmi məlumatlara görə abortların üçdə ikisinin səbəbi dölün qız olmasıdır. Elə bu səbəbdəndir ki, oğlanların qıza nisbətinə görə Azərbaycan Çindən sonra ikinci sıradadır. Belə ki, Çində hər 100 qıza 120 oğlan, Azərbaycanda isə hər 100 qıza 117 oğlan nisbətindədir. Nəzərə alsaq ki, bəzi qadınlar məişət şəraitində müəyyən dərman preparatlarını qəbul etməklə və yaxud, kortəbii üsullarla hamiləliyini pozur, habelə bəzi abortlar tibb müəssisələrində aparılsa da, rəsmiləşdirilmir, heç şübhəsiz ki, qeyd etdiyimiz rəqəmlərdə ciddi fərqlər yaranacaq. Elə bunun nəticəsidir ki, son illər Azərbaycanda doğulan uşaqların cinsi nisbəti 54%-in 46 %-ədir. Yəni, hər 100 doğulan uşağın 54-ü oğlan, 46-sı isə qızdır. Axı bu İlahi tənzimləmə deyil.

Ümumdünya Səhiyyə Təşkilatının araşdırmalarına görə isə hər il dünyada abort nəticəsində 70 mindən artıq qadın dünyasını dəyişir, abort edilən qız uşaqlarının sayı isə milyonlarla ölçülür. Acınacaqlı hal budur ki, selektiv abortların böyük əksəriyyəti müsəlman ölkələrinin payına düşür. Çünki məhz müsəlman ölkələrində "oğlan uşağına hərislik” sindromu yaşanır. Bu çox ciddi rəqəmlərdir. Yəqin siz də mənimlə razılaşarsınız.

Gördüyünüz kimi, vəziyyət ürəkaçan deyil. Bu elə bir sosial problemdir ki, bunun acı nəticələri özünü 15-20 ildən sonra göstərəcək. Desəm ki, qız qıtlığı meydana çıxa bilər, məni qınamayın. Bu, Allahın iradəsi əsasında demoqrafik vəziyyətin təbii tənzimlənməsi halından çox uzaqdır. Bu insanların Allahın iradəsi əleyhinə gedərək demoqrafik vəziyyəti öz istədikləri kimi tənzimləmələrinin real nəticəsidir. Təbii ki,bu halın qarşısını almaq üçün dövlətin müdaxiləsinə ehtiyac var.

- Bəs bu müdaxilənin hansı formada olmasını təklif edirsiniz?

- Fikrim budur ki, dünyaya gələcək uşağın cinsiyyətinə görə müəyyən edilmiş selektiv abortlar qadağan edilməlidir. Bu qadağanın pozulmasına görə tibb müəssisəsi və ultrasəs müayinəsi aparan tibb işçisi, habelə valideynlər üçün inzibati məsuliyyət müəyyən olunmalıdır. Abort nəticəsində ağırlaşdırıcı hallar meydana çıxdıqda və bu hal təkrarlandıqda isə cinayət məsuliyyəti müəyyən edilməlidir. Bəlkə də bəzi həmvətənlərimiz məni qınayacaq, dünyaya uşaq gətirməyin hər ailənin öz işi olduğunu deyəcəklər. Amma bir daha vurğulamaq istəyirəm ki, söhbət xalqımızın gələcəyindən, onun genefondundan gedir. Dünyəvi dövlətdə yaşasaq da, əhalisinin təxminən 96 faizinin İslam dininə sitayiş etdiyi Azərbaycanımızda bu iyrəncliyin baş verməsi məsələni daha da ciddiləşdirir. Bu insanlar anlamalıdırlar ki, onların bu hərəkəti demoqrafik balansın pozulmasına gətirib çıxardır. Azərbaycan xalqının mənafeyi baxımından bu hal inzibati tənbehə, ağırlaşdırıcı hallarda isə cinayət cəzasına layiqdir.

Ümumiyyətlə, düşünürəm ki, hüququn sərbəst sahəsi kimi embrion hüququnun mükəmməl şəkildə formalaşdırılaraq inkişaf etdirilməsi, embrionun insan həyatının ilkin mərhələsi kimi hüquq müstəvisində statusu müəyyən olunmalıdır. Bu çox geniş mövzudur, istəsəniz bununla bağlı da geniş müsahibə hazırlaya bilərik.

- Bu sahədə dünya təcrübəsi nə deyir. Hər hansı bir ölkədə bu prosesə görə məsuliyyət müəyyən olunubmu?

- Abortlar bütün dünyada problem olsa da, selektiv abortlar müsəlman ölkələri üçün xarekterikdir. Təbii ki, bunun qarşısını almaq üçün bəzi dövlətlər müxtəlif qanunlar qəbul ediblər. Belə ki, BƏƏ, Çili, Yəmən, İran, İraq, Misir, Əfqanıstan, Suriya kimi dövlətlərdə uşağın dünyaya gəlməsi ananın həyatına təhlükə törətmirsə, abort qadağan edilib. Eyni zamanda İslandiya, İngiltərə, Macarıstan, Lüksemburq, Finlandiya və Kipr kimi Avropa ölkərində sosial və tibbi səbəblər olmadığı hallarda aborta icazə verilmir. Bütün dünyada olduğu kimi, Azərbaycanda da ananın həyat və sağlamlığı təhlükə qarşısında qalanda aborta icazə verilir.Amma bir daha vurğulmaq istəyirəm ki, söhbət adi abortlardan deyil, selektiv abortlardan gedir. Yəni, "oğlan uşağı əldə edilənə qədər Allahın göndərdiyi qız uşaqlarını abort yolu ilə öldürmək" sindromundan gedir.

- Rafael müəllim, demək olar ki, əksər ailələr oğlan uşağı arzulayır və hətta bunun üçün bütün "imkan”larından istifadə edirlər. Amma, böyük çətinliklə əldə olunan bu oğlan uşaqlarının valideynlərinə qarşı bəzən çox pis münasibətlərinin şahidi oluruq. Sizcə niyə belə olur?

- Bu suala görə sizə təşəkkür edirəm. Siz də adi bir insan kimi düşünün. Yaxşı maddi imkanları olan, müəyyən vəzifəsi olan bir oğulun öz valideynlərini ahıl vaxtlarında qocalar evinə qoyduğunu yəqin ki, görmüsünüz. Ola bilər ki, heç qocalar evinə qoymasın, amma, valideyn üçün elə qocalar evinə bənzər bir şəraitdə, yəni ailədən, qohumlarının əhatəsindən kənarda yaşatsın. Yəqin ki, bu mənzərəni görəndə hamı kimi siz də təəccüblənirsiniz. Amma burada qeyri-adi heç bir şey yoxdur. İnanın ki, bu təsadüf də deyil. Çünki bəzən insanlar təəccüblənirlər ki, çox nurani siması olan ziyalı, ahıl bir ər-arvadı oğlu döyür, yaxud onlara qarşı çox pis münasibət göstərir. Əgər araşdırmaq imkanımız olsaydı, görərdik ki, həmin nurani simaları olan o ər-arvad həmin oğulu əldə etmək üçün neçə qız uşağını abort etdiriblər. Allahın iradəsinə qarşı saymazyana davranaraq əldə etdikləri oğul tərəfindən həmin münasibətə düçar olmaları da İlahi bir məntiqdən qaynaqlanır. Ümumiyyətlə, mən o fikirdəyəm ki, həyatda təsadüf deyilən bir şey yoxdur. İnsanlar səbəbini bilmədikləri hadisələri təsadüf adlandırırlar. Bir düşünün, Allahın yaratdığı nizamlı bir düzəndə təsadüfə yer ola bilərmi ? Ona görə də yuxarıda dediyim hadisələr təsadüf ola bilməz. İnsan həyatında təsadüf adlandırdığımız hallarla bağlı çox geniş fikirlərim var, İnşallah, gələcəkdə kitab şəklində dərc etdirməyi düşünürəm. İnsanlar anlamalıdırlar ki, Allahın iradəsi əleyhinə getməklə, nəinki xeyirli bir övlad, ümumiyyətlə heç bir xeyir əldə etmək olmaz.

- Necə düşünürsüz, abortların sayının artmasına USM aparatlarının təsiri var?

- Elmi-texniki tərəqqinin geniş vüsət aldığı bir dövrdə heç şübhəsiz ki, müəyyən texniki vasitələrin köməkliyi ilə bəzi məsələləri öncədən bilmək mümkündür. Təbii ki, xalq arasında "UZİ” adlandırılan ultrasəs müayinəsi (USM) aparatlarının da abortların sayının artmasında rolu var. Ən azından, bunu USM mütəxəsisləri özləri etiraf edirlər ki, hamilə qadınların təxminən 80%-i dölün cinsini müəyyən etmək məqsədilə müraciət edirlər. Təəssüf hissi ilə qeyd etmək istəyirəm ki, USM üzrə tibb personalının böyük əksəriyyəti bu işə ciddi qazanc yeri kimi baxırlar və hətta cəmiyyətdə özlərini bu iş üzrə (dölün oğlan və ya qız olmasının müəyyənləşdirilməsi) ixtisaslaşmış kadr kimi reklam edirlər. Xalqımızın genefondunun zədələnməsinə həmin USM mütəxəssisləri öz "töhfə”lərini verirlər. Fərqinə belə varmadan Allahın iradəsinə qarşı çıxan bu valideynin günahına şərik olurlar. Ona görə də onların bu əməlləri ən azından inzibati məsuliyyətə layiqdir.

Elmin


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA