General, bacısı oğlu və DYP...

img

15-03-2016 [22:37]


İlqar Altay,
Hüquqşünas-tədqiqatçı, kriminalist-ekspert,  hüquq elmləri namizədi.

Son dövrlər avtoqəzaların artması nəticəsində onlarca insanın həlak olması, xeyli vətəndaşın xəsarət alması nəqliyyat-qəza probleminə diqqəti daha da artırıb. DYP əməkdaşları ilə sürücülər arasında yaranan qalmaqalların, əlbəyaxa davaların intensivləşməsi də, bu sistemdəki bərbad vəziyyəti göstərir.

Bu sahədə vəziyyət olduqca kritikdir. Nəqliyyat sistemindəki bərbad vəziyyətin səbəbləri ciddidir. Bu sahəyə cavabdeh və bu sahədə funksiyaları kəsişən iki dövlət qurumu var - Nəqliyyat Nazirliyi və Dövlət Yol Polisi. Son dövrlər ölkədə demək olar ki, münaqişə vəziyyəti yaşayan, hər gün nəqliyyatda səs-küylü qarşıdurma tərəfinə çevrilmiş yol polisi strukturu üzərində dayanmağa ehtiyac var.

D İN nəzdindəki bu dövlət strukturunun təəssüf ki, nə kabinetlərdəki yuxarı təşkilatı, nə də yollardakı sıravi heyəti barədə ürəkaçan sözlər demək mümkün deyil. Həm yuxarıda, həm də aşağıda eyni dərəcədə problemlər yaşanır. Daxili İşlər Nazirliyinə, onun bir çox digər strukturlarına hörmətimlə birlikdə, onun tabeçiliyindəki Dövlət Yol Polisi Baş İdarəsi barəsində obyektiv fikirlərimi bildirməmək olmur.

Cənab general Ramiz Zeynalovun da rəis olduğu Respublika DYPİ-nin həyətindəki texniki baxış zonasından düz yuxarı, maşın sənədləşmələri kabinetlərinə qədər müşahidələr buranın ciddi hüquq-mühafizə orqanı yox, "maşın bazarı” olduğunu xatırladır. Burada ümumi səliqəsizlik, qaydasızlıq, sistemsizlik hökm sürür. Belə bir ciddi dövlət idarəsində dövlət qullugu işçiləri və vətəndaşlar arasında rəsmiyyət sanki pozulub. Bilmək olmur polis hansıdır, aradüzəldən makler kimdir, bura işi düşən vətəndaşlar kim.

Biri polis işçisinin qoluna girib o küncə çəkir, digərini polis yanına çağırıb üstünə qışqırır və 5 dəqiqə sonra barışıb gülüb zarafatlaşırlar. Ən vacib təhlükəsizlik proseduru olan avtomobilə texniki baxışı hansısa mülki geyimli şəxslər polissiz, sənədləşmə işlərini isə, "ştatlı” aradüzəldənlər kabinetlərə girib çıxmaqla aparırlar. Respublika DYPİ-nin rəisi Ramiz Zeynalovun bacısı oğlu, digər yaxın qohumları da arada-bir koridorlarda görünür və daha "vacib” məsələləri həll edirlər. Rüşvət, alver və sair kimi qanun pozuntularını isə bütün camaat görür, bilir və danışır, yazır.

Əvvəllər bu cür prosedurlar rayonlar üzrə DYP şöbələrində aparılırdı. İndi baş idarəyə mərkəzləşdiriblər və dövlətçiliyimizə başucalığı gətirməyən bu "pozuntu teatrı”nı hamı görür. Bu müdhiş hala eynən, Nuşirəvan Səfərovun rəislik etdiyi Badamdar qəsəbəsində yerləşən Bakı Şəhər DYP İdarəsində və maşın gömrüyü həyətindəki DYP qeydiyyat strukturunda da rast gəlməmək olmur. Bir məsələ təəccüblüdür ki, dövlətin başçısının korrupsiyaya qarşı reformalar üçün irəli sürdüyü "ASAN Xidmət” nümunəsi olan bir şəhərin o biri başında tam əksinə - antinümunə tüğyan edir.

Ölkədə və xüsusilə də Bakı şəhərində yol hərəkəti qaydalarına nəzarət edən DYP strukturunun da işi bərbad vəziyyətdədir. Hər gün sürücü və piyadalarla yol polisi arasında ziddiyyətlər, hətta dava-dalaş yaranır. Bu məsələdə isə tək sürücü və piyadaların yox, yol polisinin də kifayət qədər təqsiri üzə çıxır. Ziddiyyət və qarşıdurmalar isə camaatın gözü qarşısında baş verir. Bu da insanlara psixoloji təsir edir, şüurlarda ümumən ölkə polisinə, ictimai asayiş, qayda qanun və idarəçilik anlamına, dövlətçiliyimizə xələl gətirir.

Onu qeyd edim ki, elmi dərəcəli hüquqşünas-kriminalist olmaqla Rusiyada və Azərbaycanda xeyli müddət ekspert-kriminalist işləmişəm. Çoxlu sayda avtonəqliyyat hadisələrinə rast gəlmişəm, araşdırməşam. Elmi nöqteyi nəzərdən dünyadakı bütün avtonəqliyyat qəzaları 3 əsas səbəbdən baş verir:

1. İnsan faktoru-sürücünün günahı,

2. Texniki faktor-avtomobilin proqnozu mümkünsüz texniki problemi,

3. Qəzanı yaradan yol-hərəkət şəraiti.

Amma bu müddət ərzində hələ bir dəfə də olsun, yol şəraitinə görə, nə yol istismar idarəsinin, nə də yol polisinin təqsirkar bilinməsinə rast gəlməmişəm. Həmişə bir qayda olaraq sürücü günahkar çıxarılıb. Ya da hadir hallarda sürücü qurtulursa, bu məsələ avtotexniki ekspertizanın rəyi ilə maşındakı texniki səbəb üzərinə qoyulur.

Statistikaya baxsaq, yüz minlərlə, milyonlarla qəzanın hamısında günah, göstərdiyim öncəki iki faktorun üzərinə qoyulur və hamısı da 3-cüdən, yəni yol şəraiti faktorundan yan keçir. Belə bir şey məntiq və ideyaca mümkün ola bilərmi?

Bu məsələ ilə bağlı şəhərdəki vəziyyət belədir ki, yol polisi bütün hallarda reallığı, konkret vəziyyəti nəzərə almadan, standart yanaşma ilə qayda pozuntusuna görə sürücünü günahlandırır. Bütün texniki imkanlardan, radar, kamera və digər müasir avadanlıq və vasitələrdən istifadə etməklə sürücüdən standartlara uygun hərəkət tələb olunur. Ancaq düşünülmür ki, standarta uygun hərəkət tələbi üçün standarta uygun da hərəkət şəraiti yaratmaq lazımdır. Yoxsa bu hal, polisıə sürücü arasında, "bir qapıya oyun” kimi olur.

Çox vaxt şərait özü: işarələr, işıqforların və xəttlərin qanunla tələb olunan standarta uygun olmaması vətəndaşı qayda pozuntusu etməyə vadar edir. Bu saat şəhərə çıxsaq, bir çox piyada keçidində kecid işarəsi az qala düz keçid zolağının üstünə qoyulub. Amma qanun tələbi və məntiq üzrə bir qədər əvvələ qoyulmalıdır ki, sürücü bunu əvvəlcədən gorüb, vaxtlnda maşını dayandıra bilsin. Əmin edim ki, belə səhlənkarlıqlara görə neçə neçə yol pozuntuları baş verir, haqq-ədalətsiz cərimələr tətbiq edilir və hətta piyadaların vurulması qəzaları da olur. Nəticədə isə, DYP təhqiqat bölümü, istintaq və məhkəmələr bir qayda olaraq sürücüləri suçlu çıxarırlar.

DYP-nin bu cür, yol şəraitnə etinasızlığı, səhlənkar yanaşması birbaşa sürücü vətəndaşlarımızı qayda pozuntusuna itələyir və ədalətsiz cəza, cərimə və süründürməçiliklər, hətta rüşvət üçün bir tələ rolunu oynayır. Belə birtərəfli yanaşma ilə sürücülərə absurd yol-qayda tələbləri qoyulması çoxminlik sürücü toplumu arasında geniş narazılıqlar yaradır. Bu sahədəki problemlər, hansı tənzimləyici nişanların harada və necə qoyulması, yerdəki nizamlayıcı xətlərin düzgün çəkilməsi, hansı küçələrdə hansı istiqamətdə hərəkət edilməsi, şəxsi və sərniçin dayanacaqları yerlərinin dəqiq müəyyən edilməsi və sair problemlər yol şəraiti xüsusi ixtisaslı, yaradıcı düşüncəli, savadlı yol mühəndisləri tələb edən məsələdir.

Ancaq DYP rəhbərliyinin kabinetlərdən çıxıb, özlərini sıravi sürücü yerinə qoyaraq kücələr və yollardakı hərəkət şəraitini vaxtaşırı da olsa, analiz etmələri inandırıcı görsənmir. Edirlərsə, niyə tədbirlər görmürlər və bu qəzalar, ziddiyyətlər yaradan, vətəndaş-polis qarşıdurmasına səbəb olan şəraiti düzəltmək istəmirlər? Yoxsa bunlar istədikləri yerdə istədikləri məhdudiyyət nişanlarını qoymaqla və qeyri-real şərait yaradıb real davranış tələbi ilə öz işlərini, vəzifə borclarını bitirmiş hesab edirlər?

Piyadalara da qarşı şəraitin olmadığı və ya təşkil edilmədiyi halda qaydalar tələb edirlər. Bu halda da ədalətsiz, qanunsuz cəzalar tətbiq edilir, vətəndaşlar yersiz incidilir, yenə də vətəndaş-polis qarşıdurması yaranır. Məsələn, yaşadığım ərazidəki "N. Nərimanov” metrostansiyası üzərində neçə illərdir ki, piyada vətəndaşlar yeraltı keçiddən istifadə etmədikləri üçün 20 manatdan cərimələnirlər. Əslində isə, verilən cəzalar, yığılan cərimələr qanunsuzdur və məhkəmə qaydasında hamısı vətəndaşlara geriyə qaytarıla bilər. Niyə?

Çünki, yol polisinin tələb etdiyi keçid əslində keçid deyil, metro girişidir və yeraltı keçid üçün nəzərdə tutlmayıb. Bu səbəbdən, heç üstündə "kecid” işarəsi də yazılmayıb və yalnız metroya "giriş” işarəsi var. Işarə tələbi olmayan yerdə vətəndaşdan nə tələb edilə bilər, necə inzibati protokol tərtib edilə bilər? Orada neçə ildir nə qədər vətəndaş saxlanılır, cərimələnir, yalvar-yaxar, qişqir-qiyamətdənsə, biri də diqqət edib soruşmur ki, ay rəis, hansı işarənin tələbinə görə mən yerin üstündən yox, altından keçməli idim? Indiyədək nə şəhər, nə rayon DYP rəhbərliyi gəlib bunu ayırd etməyib. Amma cərimələr yığılır. Bu girişlər metro sərnişinləri üçün güclə bəs edir.

Fövqəladə Hallar Nazirliyi gəlib lazımınca baxış aparsa, məlum olar ki, "Nərimanov” metrostansiyası üçün nəzərdə tutulan yeraltı girişlərə DYP işçiləri tərəfindən bütün aidiyyətsiz, yol keçən camaatın doldurulması təhlükə mənbəyidir. Metroda partlayış, yanğın olduğu halda bu cür əlavə sıxlıq təcili evakuasiya üçün faciəvi maneəyə çevrilər. DYP isə zəhmət çəkib, metro üzərində işıqforlar qoyub, keçid xətləri çəkmək əvəzində belə bir kütləvi faciə riskini və üstəlik də qanunsuz cərimə mənbəyini yaradır.

Bunlar sadəcə qeyd etdiyim bir neçə misaldır ki, sürücü və piyadalardan yol hərəkəti qaydaları tələbinə əks göstəricidir. Qaldı ki, DYP işçilərinin öz vəzifə borclarını qeyri-rəsmi və kobud pozuntu ilə yerinə yetirmələri, təlimatdan kənar davranışları, sürücülərə süni problemlər yaradılması, vəzifədən sui-istifadə, özbaşınalıqlar, rüşvət və sair barədə də problemlər çoxdur. Bunu da sürücülər bütün gün ərzində görür, bilir və bir sıra hallarda aidiyyətli yuxarı instansiyalara, istintaq orqanlarına, mətbuta bildirirlər.

Məsələn, Bakı Şəhər DYP YPX alayının komandiri Rəşadət Babayevin vəzifə səlahiyyətlərini aşmaq və özbaşınalıq etməsi barədə əksər sürücülərdən çox böyük narazılıqlar var. Onun BMW 10 YP 400 nömrə nişanlı xidməti avtomobilinin sürücüsü hətta R. Babayevin adından sahə-postlardakıi DYP əməkdaşlarına öz maragında olan avtomaşınları yerli-yersiz saxlayıb yoxlama və cərimə meydançasına aparmaq tapşırığı verir. R. Babayev kimi, vəzifə etimad edilmiş DYP-nin yüksək zabit əməkdaşları yaraşmaz hərəkətləri ilə, vətəndaşlarda yersiz narazılıqlar yaratmaqla, dövlətə və xalqa xidmət əvəzində başağrısı yaradırlar.

Ümumiyyətlə, yol polisi sahəsi deyərdim ki, DİN və ümumən dovlət orqanları içərisində əhali ilə ən çox təmasda olan sahədir. Bu sahənin də öz işini yüksək professional qaydada aparmaması, üstəlik, müxtəlif pozuntularla aparması həm dövlətçiliyə zərbədir, həm də əhaliyə başağrısıdır. DYP-nin yarıtmaz fəaliyyəti xüsusən də, tabeliyində olduğu Daxili İşlər Nazirliyinin, onun tərkibindəki, ictimai asayişin və dövlətçiliyin keşiyində duran fədakar strukturların adına, zəhmətinə xələl gətirir. Açıq bildirim, bu gün DYP-nin ümumi səviyyəsi hərdən elə fikir yaradır ki, sanki bu orqan elə bil ki, heç DİN-nin tərkibinə aid deyil.

Bu saat ölkədə polis-vətəndaş münasibətlərinin normallaşmasında ən vacib şərt DYP rəhbərliyinin öz işini müasir tələblərə, ölkədəki inkişaf tədbirləri ruhuna uyğun olaraq yenidən qurmasıdır. Düşünürəm ki, cənab Z. Zeynalovun rəhbərliyi ilə bu irəliləyiş çətin ki, baş tutsun. Çünki onun rəhbərliyində bu sistemdə pozuntular təəssüf ki, islahata yararsız qədər dərinə işləyib və bunun üçün xeyli qədər zaman və imkan əldən verilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:52 25.11.2024

Sabah yağış yağacaq