Əlövsət Osmanlının müdafiəsi kampaniyası davam edir

img

15-03-2010 [04:15]


Fizika-riyaziyyat elmləri namizədi Əlövsət Osmanlını Təhsil Nazirliyinin Dərslikləri Qiymətləndirmə Şurasının üzvlərinin cinayət məcəlləsinin 147.1-ci maddəsi ilə məhkəməyə verməsinə qarşı etirazlar davam etməkdədir. Belə etirazlardan biri də qardaş Türkiyədə fəaliyyət göstərən TURAN Strateji Araşdırmalar Mərkəzinin başqanı Dr. Elnur Hasan Mikailin imzası ilə alimin müdafiəsi ilə bağlı ombudsman Elmira Süleymanovaya müraciətdir. Həmin müraciətin mətnini oxucuların diqqətinə çatdırırıq. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira xanım Süleymanovaya Biz, Türkiyədə çalışan TURAN Stratejik Araşdırmalar Mərkəzinin heyəti tanınmış alim Əlövsət Osmanlının mətbuatda dərc olunan tənqidi yazılarını diqqətlə izləyirik. Bu yazılarda onun əsas hədəfi Azərbaycan təhsil sistemində gedən neqativ proseslərdir. Yazıların ruhundan aşkar görünür ki, o, öz ölkəsinin təhsilinin inkişafını istəyən bir şəxsdir. Hiss olunur ki, Osmanlı dünya çapında təhsillə bağlı gedən prosesləri çox yaxşı bilir. Ona görə də yazılarında Azərbaycan təhsilinin inkişafı üçün maraqlı təkliflər verir. Təəssüflər olsun ki, bütün bunlar bəzi insanlar tərəfindən düzgün başa düşülmür. Bu günlərdə Təhsil Nazirliyi sistemində çalışan bir qrup alim öz həmkarları olan riyaziyyatçı-alim Əlövsət Osmanlını yazılarındakı bir cümləyə (?Dərslikləri Qiymətləndirmə Şurası dərsliklərin seçimində saxtakarlığa yol verir?) görə məhkəməyə veriblər. Onların bu addımı anlaşılan deyil. Demokratik düşüncəli insanlar belə addım atmamalıdırlar. Bu cür məsələlər hüquq müstəvisində yox, elmi-peadqoji müstəvidə çözülməlidir. Bizim Türkiyə Cümhuriyyətində məmurlar tənqidi çıxışlara dözümlü yanaşırlar. Belə yanaşma demokrasinin birinci şərtidir. Osmanlının özü də, onu məhkəməyə verənlər də alimlərdir. Olmazmı ki, onlar Osmanlının qaldırdığı dövlət əhəmiyyətli problemi bir masa arxasında oturub çözələr. Daha bu məhkəmə komediyası nəyə gərək? Əlövsət Osmanlını bizim Türkiyə eğitim sistemində çox yaxşı tanıyırlar. Onun ölkələrimiz arasında eğitim üzrə ilişkilər alanında böyük xidmətləri var. Bu xidmətləri unutmaq olmaz. Osmanlını məhkəməyə verən insanlara, eləcə də onların rəhbərlərinə üzümüzü tutaraq deyirik ki, onun qaldırdığı maraqlı problemləri araşdırın. Bu, ancaq və ancaq Azərbaycan təhsilinin xeyrinə ola bilər. Sayğılarımla, Dr. Elnur Hasan Mikail, Beynəlxalq əlaqələr üzrə mütəxəssis, TURAN Strateji Araşdırmalar Mərkəzinin başqanı

Digər xəbərlər
SON XƏBƏRLƏR