Şevardnadzenin memuarı: "Biz kim olmaq istəyirik: hamının qorxduğu bir millət, yoxsa..."

img

23-02-2016 [13:59]


Gürcüstanın eks prezidenti, SSRİ-nin keçmiş xarici işlər naziri Eduard Şevardnadzenin olduqca maraqlı və hətta sensasiya hesab oluncaq memuarından Azərbaycana da dəxli olan bəzi hissələri sizə təqdim edirik. 

Hesab edirik ki, bu kitabda qeyd olunanları hamının bilməsi vacibdir, ona görə ki, oxuduqlarınız kiminsə fərziyyəsi yox, yaşadıqları və iştirakçısı olduğu tarixi hadisələrin heyrətamiz xronologiyasıdır. 


Bəri başdan sizi əmin edirik ki, bu yazını oxumağa sərf edəcəyiniz dəqiqələrə heç zaman təəssüflənməyəcəksiniz, əksinə, həyatınızın bir çox məqamlarında köməyinizə çatacaq...

Ordunun Əfqanıstandan çıxarılması

Sovet İttifaqının yeni daxili və xarici siyasəti köklü və prinsipial dəyişikliklər tələb edirdi. Tezliklə həllini tapmalı və dayandırılmalı olan müharibə - Əfqanıstan müharibəsi idi. O, bir çox ölkələrin daxilində və xaricində böyük narazılıqlara səbəb olurdu. 
1985-ci ilin axırlarında, dekabr ayında Əfqanıstan Kommunist Partiyasının baş katibi Babrak Karmal, təhlükəsizlik xidmətinin rəhbəri Nəcib, yəni Nəcibulla («Nəcib» və «Nəcibulla» arasıqdakı fərqi Nəcibulla özü sonradan izah etdi - gənc olarkən Nəcib çağırmışlar, yaşa dolandan sonra isə hörmət əlaməti olaraq Nəcibulla çağırmağa başlayıblar) və 4-5 nəfər vəzifəli şəxs Moskvaya gətirilərkən mən nazir vəzifəsinə yenicə təyin olunmuşdum.


Yanılmıramsa, onlarla birgə tədbirdə Qorbaçov, Qromıko və mən iştirak edirdik. Əfqanıstan nümayəndə heyətinin üzvləri, təbii olaraq, bizə adicə hesabat verirdilər. Nəyin necə olması, yaxşılaşması, daha da pisləşməsi barədə danışırdılar. Çox ağır bir təəssürat yarandı. Mən və Qorbaçov gec və ya tez bu məsələni həll etməli idik. Ordunu Əfqanıstandan çıxarmalı idik, çünki bizim orada heç bir işimiz yox idi. Öz ölkəmizdə həll olunmalı münaqişələr o qədər idi ki. Həm də Əfqanıstan dibi görünməyən quyuya bənzəyirdi - humanitar və maliyyə sərvətlərinin dibi görünməyən quyusuna. Lap hər şeyi qoyaq bir kənara, siyasi, humanist və hərbi aspektlərlə bizim ölkə artıq bu yükü daşıya bilmirdi. 
Bizim bu barədə Biçvintada söhbətimiz olmuşdu. Q

orbaçov o zamanlar heç baş katib vəzifəsində çalışmırdı. Baş katib rolunda isə çox ehtiyatlı idi. İki dəfə xatırlatdım, o isə razılaşdı və onlara dedi: «Bizim ordu çıxarılacaq. Nə qədər istəsəniz silah verəcəyik. Nə istəyirsinizsə verəcəyik, amma özünüz müharibə edin». Qonaqlar bunu gözləmirdilər: «Fikirləşərik, amma bizimçün çox çətin olacaq».
Qorbaçov sərt şəkildə təkrarladı: «Bizim ordu Əfqanıstandan çıxarılmalıdır, silahı saxlayacağıq. Nə qədər istəsəniz əlavə silah da verə bilərik. Ordunuzu silahlandırın və onlar bizim ordunu əvəz etsinlər».
2-3 il keçdi, amma heç nə dəyişmədi. Partiyanın XXVII qurultayının dəqiq tarixi təyin olunmuşdu. Qorbaçovdan xahiş etdim ki, hesabat məruzəsinin tərkibinə Sovet ordusunun Əfqanıstandan çıxarılma məsələsini də daxil etsin. Qorbaçov xahişimi yerə salmadı, amma «politbüro» üzvləri arasında böyük hay-küyə səbəb oldu. Görünürdü ki, hamı razı deyil, amma açıq şəkildə qarşıdurmaya da cəsarət etmədilər. Bu hay-küy məndə şübhəyə səbəb oldu. Fikirləşdim ki, birdən sözündən dönər.
Qurultaydan əvvəl, gecə saat 12-də məruzənin axırıncı variantı paylandı. Qaydalara görə «politbüro» üzvləri onu oxumalı idilər.


Oxudum. Bəs Əfqanıstan məsələsi haradadır?! Yoxdur… Gecə saat 1 olardı. Qorbaçovun evinə zəng etdim. Onunla danışmaq çətin məsələ idi, amma mən zəng edərkən həmişə cavab verirdi.
Zəng etdim və dedim: «Məruzənin axırıncı variantı əlimdədir. Burada Əfqanıstan barədə heç nə yazılmayıb». 
- Mojet nemnojko povremenim? - Beləcə cavab verdi.
«Mən bu məsələni öz çıxışımda qaldıracam. Bunun zamanı artıq yetişib. Xalq məni dəstəkləyəcək, siz isə pis vəziyyətdə qalacaqsınız» - dedim. 
- Çto tı, çto tı, razve tak mojno?
Təkrarladım ki, sözlərim bütün ciddiliyini büruzə verə bilsin. 
- Budet, - deyə cavab verdi - zavtra ə vosstanovlö etu formulirovku.
Səhər işə gedərkən zəng etdi. Mən artıq otaqda idim və qurultaya getməyə hazırlaşırdım. Dostcasına və bir az da istehza ilə dedi:
- Tvoe zadanie vıpolneno.
Bunu kiminsə düzgün anlamamasını istəmirəm, ona görə də bir az açıqlama vermək istəyirəm. 
Doğrudur, Xarici İşlər Nazirliyindən yuxarı çox təşəbbüs gedirdi, amma orada «politbüro» və baş katib Mixail Qorbaçov dayanmışdı. Hər bir prinsipial qərar əvvəlcədən onunla və «politbüro» ilə razılaşdırılırdı. Detallarında olmasa da, əsas istiqamətində. Əfqanıstana gəldikdə isə, mən bu ölkənin problemləri ilə tanış idim. Əfqanıstanda ən azı 10 dəfə olmuşdum (Mənimlə birgə, adətən, təhlükəsizlik nazirinin müavini Vladimir Kryuçkov olurdu).
Qorbaçovun məruzəsində təxminən belə bir prinsipial ifadə var idi: «Mı xoteli bı uje v samom blijayşem buduhem vernutğ na rodinu Sovetskie voyska naxodəhiesə v Afqanistane». Bu ifadə minlərlə insanın həyatının xilası demək idi.
1988-ci ilin 5-7 yanvarında Mərkəzi Komitənin katibi Anatoli Dobrininlə birgə Əfqanıstana uçduq. Əfqanıstan məsələsinə toxunulduğuna görə sürətlə hərəkət etməli idik. Əfqanıstan KP-nin katibi Nəcibulla, nazir A.Vəkil, müdafiə naziri Raf, təhlükəsizlik naziri Yaqub, daxili işlər naziri Gülyabzoy orada idilər.
Dediklərinə görə, vəziyyət çox ağır idi. Demədikləri isə?..
Nəcibulla görüş zamanı dedi: «Beynəlmiləl hərbçilər arasında sizin həmvətənləriniz də var. 1649 nəfər qafqazlı var. Onların 314 nəfəri gürcüdür». Bilirdim, amma hiss etdirmədim. Ora yalnız qıran və qırılan Sovet hərbçilərinə görə, yaxud da yalnız əfqanları xilas etmək üçün getməmişdim, eləcə də bu ölkədə heç bir işi olmayan qafqazlıları və gürcüləri xilas etmək üçün getmişdim. Düşünürdüm ki, heç olmasa 1 nəfəri belə xilas etsəm, axirətdə sorğu-sual zamanı o da hesab olunacaq. 
Sonra isə Moskvada «politbüro» üzvlərinin dəstəyini qazanmaq üçün onların qarşısında məruzə ilə çıxış etdim və gizlətmədən hər şeyi onlara açıq şəkildə söylədim. 

Dedim ki, Əfqanıstan müharibədən yorulub. Əfqanların çoxu biz tərəfdə deyil. Biz onlara heç nə verə bilmədik. Ölkədə hər şey dağıdılıb və viran qoyulub. Əhali aclıq içindədir. Ordu müharibə üçün yararsızdır. Çox adam «ölü ruh» kimi yaşayır. Əsgərlərin və zabitlərin pulunu mənimsəyirlər. Hərbi xidmətdən yayınanlar da çoxdur… sonra isə əlavə etdim: «Əfqanıstan, dibi olmayan quyudur. Həmin quyuya çoxlu pullar tökülür, qədərini mən bilmirəm. Yaponların və amerikalıların sözlərinə inansaq, bu rəqəm ildə 2 milyarda qədərdir. Bununla yanaşı, orada yalnız bizim xalqımız həlak olmur, eləcə də bizim nüfuzumuz təhqir olunur. Sözün qısası, Əfqanıstan elə bir bataqlıqdır ki, getdikcə bizi öz içərisinə tərəf sürükləyir. Oradan imkan olduğu qədər tez çıxmalıyıq, amma nə dostlarımızı tək buraxmalı, nə də ki, ölkəni sahibsiz qoymalıyıq. Ordunu Əfqanıstandan çıxarmaq, ilk növbədə, Sovet İttifaqının təhlükəsizliyi, onun xarici və daxili problemlərinin həlli üçün vacibdir».

Ən çətini isə əfqan hərbçiləri ilə görüş idi. Ağzına qədər dolu olan zalda yalnız mən danışırdım. Məni dəhşət doğuracaq sükutla qarşıladılar. Nə suallar var idi, nə də çıxışlar. Görünürdü ki, «generalitet»in bir hissəsi Əfqanıstandan çıxmaq istəmirdi. Niyə? İnsanlar həlak olurdu axı?! Silah və narkotik alveri, orada yüksək həddə çatırdı. Bunları demək çətin idi, amma gizlətməzdim ki?! Onu da qeyd etmək istəyirəm ki, zalda ölkənin sədaqətli və namuslu zabitləri də otururdu, amma onlar da susurdular - bu murdarlığa toxunmaq istəmirdilər. «Vətənə dönürsünüz. Orada sizi ailələriniz gözləyir», - deyə elan edərkən də heç nə demədilər. Cavabında ortalığa məzar sükutu çökdü.

Mənim üçün bu səssizlik bir qədər aydın idi. Onları vətənlərində nəyin gözlədiyini heç kim bilmirdi, əlbəttə ki, ənənəvi evsizlik, kasıblıq, məğlub olmuş ordunun təhqir edilmiş nüfuzu… Mən onları anlayırdım, amma həyat və ölkə başqa bir doğru yolla getməli, bu müharibə dayandırılmalı idi.

Bu görüş məni çox təsirləndirdi və orduda vəziyyətin gərgin olması fikrini möhkəmləndirdim. Sonra komissiyanın sədri kimi, bir neçə dəfə hərbçilərlə görüşdüm. Onlara izah edirdim ki, ordunun çıxarılması barədə prinsipial qərar qəbul edilib. İndi isə çalışmalıyıq ki, hər şeyi tez və qurbansız həll edək. 

Bilirsiniz ki, Əfqanıstanda çox çətin yollar var. Ona görə də, nə pusquda durmaq, nə də diversiya istisna edilir. Əfqanlar isə Sovet ordusunun çıxarılmasını alqışlayırdı və onlar tərəfdən heç bir müqavimət qeydə alınmadı. Heç bir Sovet əsgəri həlak olmadı, silahı da onlara saxladıq. Sözsüz ki, bizi dəstəkləyənlərə. 
Bir neçə vaxt keçdikdən sonra, mən və Qorbaçov, Nəcibulla və ölkənin digər rəhbərləri ilə Daşkənddə görüşdük. Maraqlıdır ki, biz Daşkənddə olarkən Əfqanıstanın xarici işlər naziri Cenevrədə bəyan etdi:

«Mən ordunun çıxarılması barədə heç nə bilmirəm və bunun əleyhinəyəm. Əfqanıstan bununla razılaşa bilməz». 

Böyük hay-küy yarandı. Sonra Əfqanıstan lideri Nəcibulla zəng etdi və izah etdi ki, bu, həll olunmuş məsələdir. Mən ona görə bu məsələnin altına xətt çəkdim ki, siyasi və psixoloji baxımdan ordunun çıxarılmasının necə çətin olduğunu izah etmək istəyirdim. Əfqanıstandan çox adam tabutla qayıtdı, çox adam isə əlil oldu. Onlardan da çox adam həlak oldu və ya ömrünün sonuna qədər bədbəxtliyə məhkum olundu. 

Onu da qeyd etməliyəm ki, bir çox Sovet generalı və zabiti milyonçu oldu. Onlar silah və narkotik alverilə «əllərini isitdi»lər. Açıq çıxışlarımın birində buna işarə də etdim: «Bu cür siqnallar eşidilir» - dedim. 

Hər nə cür olsa da, ordunu Əfqanıstandan salamatçılıqla çıxardıq. Sonra isə Əfqanıstana yardım prosesinin kuratorluğu mənə həvalə olundu. Burada da həll olunmalı çoxlu problemlər mövcud idi. Silah ötürülməsindən başlamış, humanitar yüklərə və nəqliyyata qədər hər şey problem yaradırdı. Xarici işlər naziri hara, nəqliyyat hara? Amma nə edə bilərdim? 

«Politbüro»nun qərarına tabe oldum, amma bir şərtlə: istədiyim hər şeyi verməli idilər. Əfqanıstan rəhbərliyi ilə əlaqə saxladım və dedim ki, tezliklə nə istədiklərini və nə qədər istədiklərini mənə bildirsinlər.

 Doğrudan da, ilk yardımı həmin andaca göndərdik. İkinci yardım payı da göndərildi, amma sonra mən vəzifəmdən uzaqlaşdım. Əfqanıstan nəzərdən kənarda qaldı. Nəcibulla öz nüfuzunu qoruyub saxlaya bilərdi. Nəcibulla - Əfqanıstanın o vaxtkı I şəxsi mənimlə dostluq edirdi. Çox gözəl insan idi. 38-39 yaşlarında olardı. Ağıllı və ziyalı idi. Cəsarətli çıxışları var idi. Gözəl ailə sahibiydi. Həyat yoldaşı çevrilişdən sonra qovulmuş padşah Məhəmməd Davudun nəvəsi idi. 

Yeri gəlmişkən, Məhəmməd Davudun Sovet İttifaqı ilə yaxşı əlaqələri var idi. 1927-ci il inqilabından sonra Sovet İttifaqını tanıyan ilk ölkə Əfqanıstan oldu. Bir-birinə yardım etmək barədə müqavilə də imzalanmışdı, amma yenə də Əfqanıstan Kommunist Partiyasının baş katibi Tarikin köməkliyilə çevriliş həyata keçirildi. Sonra isə hər şey bir-birinə qarışdı. Əfqanıstan bu gün də yaxşı vəziyyətdə deyil. 
O zaman Nəcibullaya dedim: «Bəlkə padşahın sənə toxunmamaq şərtilə geri qayıtması məsələsini müzakirə edək». «Gəlməz» - dedi. 

Lakin yenə də Məhəmməd Davudla danışmaq üçün İtaliyaya, onun yanına getdim. Öz böyük villasında istiqanlılıqla qarşıladı. 

Dedi: «Sizin Əfqanıstana qarşı münasibətinizdən xəbərdaram. Bu barədə daim məlumat alıram». 

Vətənə dönmək və ölkəyə rəhbərlik etməyi təklif etdim. Qəti şəkildə imtina etdi: «Orada münasib vəziyyət mövcud deyil. Çox güman ki, hər şey bir-birinə qarışacaq. Əfqanları məndən yaxşı heç kim tanımır. Siz hesab edəcəksiniz ki, nəsə həll etdiniz. Sonra isə sizə deyəcəklər ki, siz heç nə etməmisiniz və sizə qarşı ittiham irəli sürəcəklər. Belə ki, nəinki mən, bunu heç sizə də məsləhət görmürəm».

Amma oraya amerikalıların daxil olmasından sonra hökmdar Vətənə qayıtdı. Görünür, o vaxtlar Sovet İttifaqı onun gözündə öz inamını itirmişdi. Doğrudan da çoxlarının gözündə inamımızı itirmişdik. 

«Cenevrə razılaşması»na əsasən, 1989-cu ilin 15 fevralında Sovet qoşunlarının Əfqanıstandan çıxarılması başa çatdı.

Sovet avantürası uğursuz şəkildə başa çatdı, amma əfqanların bədbəxtliyi bitmək bilmir. Sovet ordusunun ora daxil olmasının ardınca gələn vətəndaş müharibəsi faktiki olaraq bu gün də davam edir. Mən bunu o zaman da çox gözəl başa düşürdüm. Bilirdim ki, ordunun çıxmasından sonra ölkədə vəziyyət gərginləşəcək. Bizim tərəfimizdə olanlar hesabat verməli olacaqlar. Nəcibullaya və onun həyat yoldaşına yaşamaq üçün Sovet İttifaqına köçmələrini təklif etdim. Hər ikisi imtina etdi: «Qəriblikdə yaşamaqdansa, burada ölməyimiz yaxşıdır. Biz xoşbəxt sonluğa və ya acı ölümə qədər burada qalacağıq».

Doğrudan da, hər ikisi həyatlarını faciəvi surətdə bitirdilər - hər ikisini asdılar. Bu günah, Sovet ordusunu oraya daxil edən və xalqın sakit həyatını qarışdıran adamların hesabına yazılmalıdır. 

Öz həyat tərzini digərinin üzərində tətbiq etmək həmişə bu cür nəticələr verir. Xalqın dünyagörüşü, mədəniyyəti və dini üst-üstə düşmürsə, bununla birgə özləri bu xüsusiyyətləri eyniləşdirmək istəmirlərsə, bir qayda olaraq, pis nəticələrə gətirib çıxarır. 

Dünya və orada müharibə edən Sovet, yaxud da əfqan oğullarının anaları Sovet ordusunun Əfqanıstandan çıxarılmasını yaxşılıq kimi qəbul etdilər. Elələri də var idi ki, bu humanizm aktını az qala dövlətə xəyanət hesab etdi. Onların fikrincə, günahkar Qorbaçov və ya «politbüro» yox, yalnız mən idim. Sovet ordusunun Avropadan çıxarılması və Almaniyanın birləşdirilməsi kimi digər addımlarda da «günahkar» mən idim. 

Nüfuzlu «Literaturnaya qazeta»da onlara birbaşa cavab yazmağa məcbur oldum: «Bizim ölkə böyükdür, amma nəyi ilə? Ərazisi ilə, əhalisinin çoxluğu ilə, silahla, yoxsa milli bədbəxtliklərlə? Burada fəxr olunası nə var? Əgər bizdə uşaqların ölüm göstəricisi ən yüksəkdə dayanırsa, nəyik və nə olmaq istəyirik: hamının qorxduğu bir millət, yoxsa hamının hörmət etdiyi bir millət?».

Sözün düzü, bu məktub, mənim üçün ən hörmətli insanlara - müəllimlərə yönəldilmişdi. Onlar sonradan parlamentdən dünyanı yumruqla hədələyəcək və ya döyüş filmi sayaq «Derjava» adı ilə başqasının evini və dövlətini partladacaq öz oxşarlarını tərbiyə edirlər. Haqqın yalnız sənin tərəfində olduğunu düşünmək və başqa cür düşünənləri məhv etməyə hazır olmaq - bu, çox dəhşətlidir.

Moderator.az


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA