"Aktyorluq fakültəsinə istedadlıları götürmək lazımdı"

img

07-03-2010 [05:35]


Neçə gündür davam edən milli teatr festivalı söz-söhbətsiz ötüşmədi. Bu dəfə gündəmə paytaxt və əyalət teatları gəldi. Amma Bakı teatrları əyalət teatrlarının quruluş verdiyi tamaşalarla yanaşı onların yaradıcı heyətinə də ağız büzdü. Festivala "Şeytanın oyunları" ilə gələn Lənkəran Dövlət Teatrının aparıcı aktyoru, "Cavad xan" filmində gürcü vəliəhdi Aleksandr Mirzənin obrazını yaradan xalq artisti Qabil Quliyev isə teatrlar arasında ikitirəlik salanları qınayır. - Axı, əyalətlərdə yaşayanlar da bizimdi. Əyalət teatrları da bu dövlətindi. Lənkəran torpağımızın cənub başlanğıcıdır. Bizimçün Azərbaycan burdan, şimal üçünsə Azərbaycan ordan başlayır. 5-6 qədim şəhərimiz var, onlardan biri də Lənkərandı. Lənkəran Teatrının isə 118 yaşı var. Bu, az yaş deyil. [b]- Teatrlar İttifaqının sədri Azərpaşa Nemətov mətbuata verdiyi açıqlamada "Əgər yaxşı rəhbər olsa, teatrın problemi olmaz. İslam iki ildir ki, Lənkəran Teatrına təyin edilib, bu illər ərzində teatrın vəziyyəti xeyli yaxşılaşıb",- deyib. Sizcə, teatr 116 il ərzində işləməyib?[/b] - Bu bir faktdır. Onu gizlətmək qeyri-mümkündür. Azərbaycan müstəqillik əldə etdikdən sonra bütün sahələrdə, o cümlədən teatrlarda da böyük bir geriləmə başladı, durğunluq yarandı. Sənət heç bir kəsin marağında deyildi. Teatrların maddi-texniki bazasının möhkəmləndirilməsi və yaradıcı heyət potensilanın genişləndirilməsi məqsədi ilə verilən qərarlar isə sənətdə irəliləyiş yaratdı. Bu qərarlar 1-5 il üçün deyil, ömürlük qərardı. Bütün dünya xalqları milli sənəti və mədəniyyəti ilə tanınır. Biz də mədəniyyət və incəsənətimizi gücləndirməliyik. İslam Həsənov Lənkəran Teatrına 3 ildir gəlib. Amma bu o demək deyil ki, teatr ondan əvvəl işləməyib. Teatr işləyirdi. Lənkəran Teatrının ən böyük uğuru onun repertuar siyasətindədir. Repertuarı düzgün seçən teatr həmişə doğru yolda olur. Çünki hər bir zamanın, dövrün öz tələbi var. Dövrün, zamanın nəbzini tutub və ona cavab verən əsərlər səhnələşdirmək lazımdır. Bu əsərlərdə qaldırılan problemlər 1-3 gün üçün deyil, böyük bir dövrü əhatə etməlidir. [b]- Akademik Ramiz Mehdiyev də öz məqaləsində bunu yazdı: "Elə tamaşa göstərin ki, cəmiyyətin marağına səbəb olsun..." [/b] - Əgər Ramiz Mehdiyev yolunu Bakı deyil, Lənkəran Teatrından salsa, görər ki, cəmiyyəti silkələyən tamaşalar var. Bu gün hansı teatr rəhbəri tribuna alırsa, tamaşaçı problemindən şikayətlənir. Tamaşaçılarımız da var, Lənkəran Teatrı tamaşaçısız qalmır. İnsanlar robot deyil ki, onların düşüncəsini istədiyin səmtə fırladasan. Bu, zaman tələb edir. Hələ sovetlər dönəminin nostalgiyası ilə yaşayan insanlar çoxdur, onların beyni "təmizlənməyib". Əgər bu problem varsa, necə deyə bilərik ki, teatrın qapısını açan kimi zalda boş yer qalmayacaq? Tamaşanı qəbul edən, dinləyən, başa düşən 100 nəfər tamaşaçı varsa, bunun özü böyük uğurdu. Teatra belə tamaşaçı lazımdı. Yox, "bu gün tamaşaçı yoxdur",- deyib, teatrın qapılarını bağlamaq düzgün olmazdı. Tamaşaçı teatrda, səhnədə onu düşündürən problemləri görmək istəyir. Belə tamaşalar göstərilən teatrda tamaşaçı problemi olmur. Onu da bildirim ki, biz Bakıya gəlməzdən əvvəl "Neron"u oynadıq. Heç kəs inanmırdı ki, tamaşaçı gələcək... [b]- Səbəb nə idi?[/b] - Çünki Lənkəranda havalar çox soyuq idi. Havanın soyuq olmasına baxmayaraq, zalda 150-dən yuxarı tamaşaçı vardı. Özüdə uşaq deyil, sanballı, ziyalı tamaşaçılar. Böyük məsuliyyət hissi ilə deyirəm ki, Lənkəranda tamaşa da var, tamaşaçı da. Səhnə aynadır. Zalda oturub tamaşaya baxan insanların hər biri orada özünü görməlidir. Təkcə özünü deyil, səhvini, düzünü də görməlidir. [b]- Səhv-düz demişkən, "Teatr haqqında" Qanundan xəbardarsınız? [/b] - Azdan-çoxdan... [b]- Həmin qanunda mübahisəyə səbəb olan bir məsələ var-prodüsser məsələsi. Aktyorların bir qismi deyir ki, teatra prodüsser lazımdı, bir qismi isə, məsələn, xalq artisti Amaliya Pənahova deyir ki, prodüsser lazım deyil. [/b] - Teatra prodüsser deyil, savadlı rejissorlar lazımdı. Bundan başqa, teatra getdikcə güclənən dövlət qayğısı gərəkdi. [b]- Dövlət öz qayğısını əsirgəmir, amma sizlərdən, yəni sənət adamlarından bir hərəkət yoxdur... [/b] - Qayğı daha da güclənməlidir. Prodüsser neyləyəcək? O, gəlib mənim üçün nə təşkil edəcək? Yoxsa teatrın maliyyə işlərini idarə edəcək? Bəs, teatrın baş mühasibi nə işə baxır? Bundan başqa, Mədəniyyət və Turizm Nazirliyinin Maliyyə İdarəsi var. Hara baxır bunlar? Bunlar olan yerdə prodüsser kimdir? [b]- Belə demək mümkündürsə, prodüsser teatrlarda səhnələşdirilən tamaşaları xarici ölkələrə çıxara biləcək şəxsdir...[/b] - Bəyəm bu günə kimi başqa ölkələrdə tamaşalarımızın nümayişini prodüsserlər təşkil edib? Bizi Dənizlidə gözləyirdilər. "Edip"i hazırlayırdıq. Orada qədim yunan teatrı var. Söz vermişdik ki, gəlib "Edip"i yunan teatrının xarabalıqları arasında oynayarıq. Dəvət gəldi. Bu dəvət elə bir vaxta düşdü ki, ora gedə bilmədik, imtina etdik. Bəyəm onu prodüsser təşkil etmişdi? Bizim bir çox dünya ölkələri ilə əlaqələrimiz var. Maliyyə vəsaiti və zaman olsa, Lənkəran Teatrı bu ölkədən o ölkəyə gedə bilmək gücündədir. [b]- Əlinizdə imkan olsaydı teatrlarla bağlı qanuna hansı dəyişikliyi edərdiniz? [/b] - Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində aktyorların hazırlanmasını gündəmə gətirərdim. Bu necə aktyor yetişdirməkdi? Bu, teatrın gələcəyi üçün faciədir. Teatrın başında oturan adamlar bu haqda düşünmək istəmir. Aktyor yoxdursa, deməli, teatr da yoxdur. Kənardan gedib aktyor gətirəcəksən? Mədəniyyət və İncəsənət Universitetinə, xüsusiylə də Aktyorluq fakültəsinə istedadlıları götürmək lazımdı. İstedadlıları işləmək üçün teatra yönəltsinlər. İstedalı aktyorun yeri teatrdı, televiziya ekranlarında meymunluq etmək yox. [b]- Rejissor Ağakişi Kazımov "Reytinq"ə müsahibəsində "Aktyor sənəti testdən kənar olmalıdı və bunun üçün Tələbə Qəbulu üzrə Komissiyasına, Təhsil Nazirliyinə müraciət olunub",- demişdi...[/b] - Sənət hara, test hara? Bunlar bir araya sığmır. Allah rəhmət eləsin, Rahib Hüseynova! Onun çox gözəl sözü vardı: "Mən demirəm ki, aktyor öz ədəbiyyatını, tarixini, coğrafiyasını bilməsin. Bunların hamısını bilməlidir. Amma ilk növbədə biz aktyor hazırlamalıyıq". Baxın, onun tələbələrinə - Hamlet Xanızadə, Şahmar Ələkbərov, Səməndər Rzayev, Zərnigar Ağakişiyeva, Həsən Turabov, Mikayıl Mirzə və s. Saymaqla bitmir. Bəs, bu gün yetişənlər kimdir? İncəsənət Universitetini bitirənlərdən biri də teatra gəlmir. Biz də məcbur olub lazımi kadrları yerlərdə hazırlayırıq. [b]- Lənkəran Teatrının studiyası varmı? [/b] - Əlbəttə. Mən istədim ki, teatrlardakı studiyaları rəsmiləşdirsinlər. Lazım gəlsə, "Teatr haqqında" Qanuna salsınlar, hər bir teatrın özünə studiya yaratmaq səlahiyyəti versinlər. Səlahiyyəti veriblər, hətta biz onlara sertifikat da verə biləcəyik. Amma onu genişləndirmək, kadr hazırlığını teatrların öz boynuna qoymaq lazımdı. Yəni seçim etsin, kadr hazırlasın və sonra teatrı versin onun çiyinlərinə. Televiziya böyük auditoriyaya malikdi. Bu auditoriya çoxdan təmizlənməlidir. Sənəti oyuncağa çevirmək olmaz. Biz şoular görmüşük. Bunların Azərbaycan xalqına təqdim etdikləri isə şou deyil, sadəcə, meymunluqdu. Qəribəsi də budur ki, biz çox zaman təqlidlə tənqidin yerini səhv salırıq. Bu gün şou adı ilə efirə, səhnəyə çıxarılanlar təqlid adı altında dövlət və sənət adamlarını təhqir edirlər. [b]- Amma təhqir olunan bəzi adamlar özlərinin obrazına gülürlər...[/b] - Faciədir. Səni təhqir edələr və sən də buna güləsən. Özüdə tamaşaçı qarşısında. Bunlar necə qəbul edir bu gülüşləri? Kırılovun bir təmsili var - "Meymun eynək". Məsləhət görərdim ki, onlar bu təmsili oxusunlar. İnsan aynada özünü görüb, eyiblərinə razılıqla gülürsə, bundan böyük faciə ola bilməz. İnsanların zövqü korlanıb. Bunun günahını başqasında axtarmaq lazım deyil. Bu günah bizdədir. [b]- Deyəsən, səmimi etirafdı? [/b] - Bəli. Elə ki, teatrda enmə, sükunət başladı, bu, üzdəniraqlar üzə çıxdı, auditoriyanı ələ alıb meydan sulamağa başladılar. Azərbaycanın milli teatr ənənələrini qabartmaq, üzə çıxarmaq, teatra geniş meydan vermək lazımdı. Bu yüksəliş zamanla onları sıxışdıracaq. Yadıma məsələ düşdü. Bir müddət bundan əvvəl hər yerindən duran özü üçün bir teatr açırdı. Hanı o teatrlar? Fəaliyyətləri gözə dəymir, repertuarları eşidilmir. Çünki rəqabətə dözə bilmədilər. Necə ki, həmin teatrlar yoxdur, zamanla bu gün efir və səhnələrdə meymunluq edənlər də sıradan biri olacaq. [b]- Bir əsrdən çox yaşı olan Lənkəran Teatrında vəziyyət necədir? [/b] - Yaradıcı mühit olan yerdə hər şey var. Teatrda bir əməkdar incəsənət xadimi, iki xalq və bir əməkdar artist fəaliyyət göstərir. Prezident təqaüdü alan yoxdur. Çünki bizimkilər hələ təqaüd yaşına çatmayıblar. [b]- Bəs, Məleykə Əsədovanın təqaüd alan vaxtıdır?[/b] - Bir az da bol olsun. 60 yaşımız var. Təqdimatlar yazılıb. Yəqin ki, fəxri ad alanların sayı çoxacalaq. 120 illiyimizdə isə bu rəqəm daha da çox olar. Hər halda ümidlə yaşayırıq. [b]- Lənkəran Teatrının tamaşaları haqqında yazılanlarla razısınızmı? [/b] - Tamaşa haqqında yazılanları qəbul edə bilmirəm. Tamaşa haqqında tənqidçi yazmalıdı. Tənqidçi əsəri deyil, tamaşanı analiz edir. Dramaturqlar isə əsərə başqa cür yanaşır. Onlar tamaşanı qoyub əsəri təhlil edir. Tamaşaya baxıb, ondan yazmaq lazımdı. [b] Bahar RÜSTƏMLİ [/b]

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:20 14.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA