Polad Bülbüloğluna "ilin adamı" mükafatı təqdim edilib

img

04-03-2010 [01:57]


gn=left]2010/polad-bulbuloglu.jpg[/libt] Bu gün ?Park İnn? otelində Çingiz Mustafayev Fondu və ANS Şirkətlər Qrupu tərəfindən təsis edilən ?İlin adamı? mükafatı Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğluna təqdim edilib. Polad Bülbüloğluna mükafat olaraq Diplom, Çingiz Mustafayev Fondu tərəfindən 4000 AZN, ANS Şirkətlər Qrupu adından isə "Maurice Lacroix" qol saatı təqdim olunub. Miniatür Kitab Muzeyinin direktoru Zərifə Salahova isə ona içərisində Polad Bülbüloğlu və atası xanəndə Bülbülə aid məlumatların və şəkillərin əks olunduğu miniatür kitab hədiyyə edib. Tədbiri giriş sözü ilə açan ANS Şirkətlər Qrupunun vitse-prezidenti Mirşahin Ağayev bu mükafatı almağın çox aydın və hamıya görünən bir yolu - Azərbaycana təmənnasız xidmət və vətənpərvərlik olduğunu bildirib. "Çətini Azərbaycanın çiçəklənməsi, milli eksklüzivliyi qoruyub saxlamaqla ölkəmizi beynəlxalqlaşdırmaq, habelə dünyadakı imicimizi ləyaqətli şəkildə formalaşdırmağı bacarmaqdır. Onda hər şeyi özünüz görəcəksiniz. Görəcəksiniz ki, bəndəniz sizin də qarşınızdadır və təxminən belə deyir: Əsas mənası öz fəaliyyət və yaşayış tərzlərini Azərbaycanın rifahına yönəldən şəxslərin müəyyən edilməsi və həvəsləndirilməsindən ibarət olan "İlin Adamı" mükafatı öz yeni ünvanını tapıb. Bu, Sizsiniz. Üzr istəyirəm, hələlik isə gəlin barışaq. Bu mükafatı sənin, mənim yox, onun, yəni başqasının alması ilə barışaq. Və başa düşək ki, bəli, o başqasıdır. Amma başqası olsa da, özgəsi deyil. Bizim birimizdir. Sadəcə bir il ərzində bizdən daha yaxşı azərbaycanlı olmağı, ona daha artıq yanmağı, dövlətimizin qulluğunda daha yaxşı durmağı bacaran biri. ANS Şirkətlər Qrupu və Çingiz Mustafayev Fondu bu dəfə də, gözlədiyiniz, yəqin artıq adət etdiyiniz kimi İlin Adamına vətənpərvərlik və xalq naminə göstərdiyi səylər fonunda yanaşdı", - deyə M.Ağayev bildirib. ANS Şirkətlər Qrupunun prezidenti Vahid Mustafayev isə çıxışı çıxışında fəaliyyət istiqaməti baxımından tamamilə fərqli sahələri paylaşan insanlarımızın layiq görüldüyü ?İlin adamı? mükafatının ildə bir dəfə görüşmək üçün gözəl fürsətə çevrildiyini bildirib: ?Tamamilə fərqli sahələri paylaşan? ifadəsini təsadüfən demədim. Çünki indiyədək bu ada layiq görülmüş şəxslər arasında prezident də, dini rəhbər də, rəssam da var. Amma bir detalı da mütləq deməliyəm: həyatın müxtəlif sahələrində çalışan bu insanları Milli Qəhrəman Çingiz Mustafayev Fondu və ANS Şirkətlər Qrupunun təsis etdiyi ?İlin adamı? mükafatı bir istinad nöqtəsi ətrafında birləşdirir- Vətənpərvərlik. Çünki bu mükafatın əsas qayəsi, başlıca missiyası ilk növbədə vətənpərvərliyi qiymətləndirmək, klassikin soruşduğu kimi ?Sən vətən üçün nə etmisən?? sualına il ərzində daha layiqli cavab tapanları üzə çıxarmaqdır. Mənə elə gəlir ki, Polad Bülbüloğlunun-Azərbaycanın Xalq artistinin, böyük mədəniyyət və incəsənət adamımızın, ölkəmizin Rusiya Federasiyasındakı təmsilçisinin ötən il ərzində bu suala layiqli cavabları çox olub". Vətənimizin 20 ilə yaxındır təcavüz faktı ilə üz-üzə qaldığını deyən V.Mustafayev vətənpərvər olmaq zərurətinin əhəmiyyətinin birə beş artdığını qeyd edib: ?Bu baxımdan hər birimiz təbii ki, öz imkanlarımız daxilində dövlətimizin öz ərazi bütövlyü uğrunda apardığı mübarizəni beynəlxalq ictimaiyyətə dolğun və keyfiyyətlə təqdim etməyi bacarmalıyıq. Yəni, əslində, bir vətəndaş kimi hər birimizin qururunu narahat etməli olan böyük bir problemi yalnız Prezidentin öhdəsinə buraxmaq azı namərdlik olardı. Tribunanın böyüyü, kiçiyi yoxdur, sakinin vətəndaş olanı və olmayanı var. Bu baxımdan Polad Bülbüloğlu diplomatiyanın ?Hər mövzu barədə azad şəkildə susmaq olar!? qanununa zidd olaraq tez-tez sükutu pozdu, ədalətli və sərt bəyanatları, açıq-aşkar mövqe bildirdiyi müsahibələri ilə ölkəmizin ədalətli və güzəştsiz mövqeyini təqdim etməkdən çəkinmədi. Onun Azərbaycan dövlətinin kursunu açıq şəkildə təqdim edən çıxışından sonra hətta Kollektiv Təhlükəsizlik Müqaviləsi üzvləri xüsusi bəyanatla çıxış etməyə vadar oldu. Onu da nəzərə alaq ki, bu gün bütün dünya, planetin ən güclü ölkələri məhz Azərbaycana təzyiqi gücləndirir, güzəşti məhz Azərbaycandan gözləyirlər. Azərbaycan isə nəinki öz ərazi bütövlüyünü qorumaq əzmində olduğunu nümayiş etdirir, həm də, erməni, yoxsa qeyri-erməni olmasından asılı olmayaraq hər bir vətəndaşına sahib çıxdığını dünyaya bəyan edir. Polad Bülbüloğlu bu baxımdan cəmiyyətdə, münaqişə bölgəsinin bütün düşərgələrində mövcud olan anlaşılmazlıq və ziddiyyətlərə baxmayaraq riskə getdi. Dövlətin tapşırığı və xalqın maraqları qarşısında heç bir şəxsi maraq, karyera və ya nüfuz itkisi xofu keçirmədiyini nümayiş etdirdi. O, vətənimizin ermənilərin nəzarətində olan parçasına - Dağlıq Qarabağa yollanan nümayəndə heyətimizə rəhbərlik etdi və Azərbaycanın öz erməni vətəndaşlarına da sahib çıxmaq niyyətini ortaya qoydu. Bütün zərbələri, qınağı öz üzərinə çəkdi, böyük həqiqəti düşmənin gözünün içinə dedi?? V.Mustafayev P.Bülbüloğlunun Azərbaycanın vətənpərvər oğlu kimi öz bəstəkar yaradıcılığını da bu istiqamətə yönəltməyi bacardığını bildirib. ?O, ?Məhəbbət və Ölüm? baleti ilə Azərbaycan xalqının azadlıq ruhunun ölməzliyini bir daha nümayiş etdirdi. Baletin keçmiş sovet tamaşaçısına ərəb işğalına qarşı mübarizədə canından keçmiş Babəkə həsr olunan filmdən - ?Babək?dən tanış olan musiqisi Azər adlı baş qəhrəmanın iradəsini bütün xırdalıqlarına qədər açır. Moskvada, ATƏT-in Minsk Qrupunun həmsədri olan ölkənin paytaxtında Azərbaycan ruhuna abidə qoymaq və bunu çox müvəffəqiyyətlə etməyi Polad Bülbüloğlu bacardı? və bununla milli mədəniyyətimizə sanballı töhfə verdi. Polad Bülbüloğlu ötən il öz fəaliyyəti ilə, Azərbaycanın imici üçün göstərdiyi bütün səylərində səmimi oldu. Biz onu hər yerdə əsl azərbaycanlı gördük. Azərbaycanpərəst gördük. Azərbaycanpərvər gördük. Elə bütün bunlara görə, Milli Qəhrəman Çingiz Mustafayev Fondu və ANS Şirkətlər Qrupu 2009-cu İlin Adamını müəyyənləşdirərkən Polad Bülbüloğlunun adı üzərində məmnuniyyətlə dayandı". Vahid Mustafayev Polad Bülbüloğluna bu mükafatın hansı meyarlar üzrə təqdim olunduğunu da açıqlayıb. "Dövlətimiz Azərbaycanın ərazi bütövlüyü uğrunda apardığı mübarizəni beynəlxalq ictimaiyyətə dürüst təqdim etdiyinə, diplomatiyaya qoyulan təbii məhdudiyyətlərə baxmayaraq verdiyi bəyanatlar və müsahibələrdə ölkəmizin ədalətli və güzəştsiz mövqeyini aşıladığına; ictimai düşüncədə mövcud olan anlaşılmazlıq və ziddiyyətlərə, cəmiyyətin hələ hər hansı riskli addıma hazır olmamasına baxmayaraq Dağlıq Qarabağa etdiyi səfərlərdə, münaqişəyə səbəb olmuş tərəfin - ermənilərin düz içərisində apardığı azərbaycanın maraqlarına uyğun işə; yaratdığı ?Məhəbbət və ölüm? baletinin Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində tamaşaya qoyulması ilə böyük mədəniyyətimizə verdiyi sanballı töhfəyə ölkəmizin imici üçün göstərdiyi səylərdə mənəviyyat və vətənpərvərlik nəzər nöqtəsindən çıxış etdiyinə görə Polad Bülbüloğlu "2009-cu İlin adamı" elan edilir". Təqdimetmə mərasimindən sonra Polad Bülbüloğlu müəllifi olduğu musiqi parçasını ifa edib. Rəsmi hissə başa çatdıqdan sonra isə ?İlin adamı? mükafatçısı Siyavuş Kəriminin müşayiəti ilə atasının repertuarından mahnı ifa edib. Tədbirdə P.Bülbüloğlunun fəaliyyəti ilə bağlı videoçarx də nümayiş etdirilib. Xatırladaq ki, "İlin adamı" mükafatı - 2001-ci ildə Azərbaycanın Milli Qəhrəmanı Çingiz Mustafayev adına Fond və ANS Şirkətlər Qrupu tərəfindən təsis edilib. Bu ada Azərbaycan Respublikasının müstəqilliyi, onun çiçəklənməsi, dövlətimizin müsbət imicinin formalaşdırılması naminə sanballı xidmətləri ilə seçilmiş şəxslər layiq görülür. 2001-ci ildə Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov, 2002 və 2003-cü illərdə mərhum prezident Heydər Əliyev, 2004-cü ildə isə Yaponiyanın Azərbaycandakı səfiri Toşiyuki Fucivara, 2005-ci ildə YUNESKO və İSESKO-nun xoş məramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, 2006-cı ildə Bütün Qafqazın şeyxi Hacı Allahşükür Paşazadə, 2007-ci ildə isə Prezident İlham Əliyev ?İlin adamı? elan edilib. 2008-ci ?İlin adamı? adına Azərbaycanın görkəmli rəssamı Tahir Salahov layiq görülüb.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:20 14.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA