Azıq Gülarə Azaflı :"Sənətimizi gözdən salanlar var"

img

01-03-2010 [08:01]


#305;q Pəri" məclisinin rəhbəri Gülarə Azaflı Müstəqil İnformasiya Agentliyinə verdiyi açıqlamasında ötən il rəsmi qeydiyyatdan keçmələrinə baxmayaraq, hələ də problemlərinin olduğunu deyib: "Məclisimiz öz hesabına fəaliyyət göstərdiyi üçün çətinliklərimiz var. Rayon konsertlərinə getmək üçün maşınımız, vəsaitimiz yoxdur. Əvvəllər rayon icra başçıları kömək edərdilər, indi isə hər şeyi özümüz edirik. Yenə də fəaliyyətimizi səviyyəli şəkildə davam etdirməyə çalışırıq. Aşıqların 5-ci qurultayında mən, aşıq Ulduz və Solmaz xanım idarə heyətinin tərkibində idik. Ötən il Fransada "Aşıq musiqisi antologiyası" adlı iki disk işıq üzü gördü. Bu disklərə mənim, aşıq Samirənin, Zülfiyyənin, Solmazın və Ulduz xanımın da ifaları daxil edilmişdi. Bu, qadın aşıqlarımızın böyük qələbəsi idi. Sevindirici haldır ki, sənətimizə xaricdən də maraq var. Amerikalı folklorşünas Anna Şenaslan müdafiə mövzusu kimi aşıq qadınları seçdiyindən, iki il ölkəmizdə qaldı. Hətta saz çalmağı da öyrəndi ki, müdafiə zamanı saz sənətini əyani şəkildə göstərsin. Tomoko İmura adlı yapon şagirdim də olub. Şükürlər olsun, son vaxtlar aşıq sənətinə gənclərimizin də meyli artır və bu işdə "Aşıq Pəri" məclisinin xüsusi rolu var. Çünki məhz bizim məclis yaranandan sonra aşıq sənətinə maraq daha da artıb". Hər dəvət aldığı yerə getmədiyini deyən Gülarə xanım yüngül reklamı sevmədiyini də bildirdi: "Aşıq sənətinin şouya çevrilməsini qəbul etmirəm. Bu, əlimə alıb çaldığım saza, nə də özümə yaraşmaz. Təəssüf ki, sənətimizi gözdən salanlar da var. Bu yaxınlarda İnternetdə bir xanım aşığın xoşagəlməz görüntülərinin yayılması haqda eşitdim. Amma bu şəxs "Aşıq Pəri" məclisinin üzvü ola bilməz. Allaha şükür, bizim qızları yaxşı tanıyırsınız. Kənar biri var, guya saz çalır, amma ələ saz götürmək, hələ onu çala bilmək deyil. O, heç yerini bilmir, efirdə də nalayiq hərəkətlər edir. Belələrinə görə aşıqlığın qadın sənəti olmadığı barədə fikirlər yaranır. Aşıq Pəri haqda da çox söz deyirlər, hətta erməni olduğunu söyləyənlər də var. Bunlar boş şeydir. Sadəcə, o, erməni şairi Mirzəcan Mədətovun ölümünə şeir yazmışdı, amma onda dövran başqa idi... Aşıq Əli Quliyev də qadın aşıqlarla bağlı mənfi rəy bildirmişdi, amma sonradan səhvini etiraf etdi və üzr istədi. Bu məsələnin kökündə paxıllıq da var, çünki qadın aşıqları toylara daha tez-tez aparırlar. Qadın aşıqlarla bağlı boş fikirlərin yaranmasında Aşıqlar Birliyinə bir müddət bu işdə səriştəsi olmayan Zümrüd Əsgərqızının da xidməti az olmayıb. Onun aşıq sənətindən xəbəri yox idi. Nə yaxşı ki, bu birlik Zəlimxan bəy kimi həm aşıq sənətini bilən, həm də sözükeçən layiqli rəhbərini tapdı. Yoxsa aşıqlar parakəndə şəkildə dağılmışdılar. Hamı rəhbər olmaq üçün bir-birini "yeyirdi". Onu da deyim ki, Zəlixan bəy həmişə tərəfimizi saxlayır. Bir müddət öncə Heydər Əliyev Sarayında "Aşıq Pəri" məclisinin və Aşıqlar Birliyinin üzvləri birgə konsert verdilər. Martın 3-də daha bir konsertimiz gözlənilir". G.Azaflı "Aşıq Pəri" məclisinin yaranmasının 25 illiyini geniş miqyasda qeyd etmək və dünyadan getmiş aşıq şairələr haqda kitab nəşr etməklə bağlı planlarının olduğunu da dedi.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:20 14.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA