intiqam Soltan: "Pezəkar studiyaların sadəcə adı var"

img

31-01-2010 [07:20]


Bir neçə aydan yuxarıdır ki, istər telekanallarda, istərsədə mətbuatda teatr sənəti müzakirə obyektinə çevrilib. Kimi rejissor, kimi də istedadlı aktyor və aktirisaların olmamasından danışır. İrəli sürülən ittihamlardan biri də Uşaq Teatrına ünvanlanıb. Sözügedən teatrın direktoru İntiqam Soltan isə ona atılan daşa daşla cavab verdi. - Uşaq Teatrı aktyor, aktirisa yetişdirmir. Biz həmin teatrlar üçün səviyyəli tamaşaçı yetişdirə bilərik. Əgər hansısa teatr istedadlı aktyor və aktirisa tapa bilmirsə, gəlib Uşaq Teatrından müqavilə yolu aparıb işlədə bilər. Rəhbərlik etdiyim teatrda bütün heyət istedadlıdı. Çünki onlar uşaqlar qarşısına çıxırlar. Uşaqlarla işləyən kollektiv qeyri-səmimi ola bilməz. Qeyri-səmimi olan aktyor və aktirisalar isə heç vaxt səmimi olmaz. Onların nəzərdə tutub deyə bilmədiyi bir məsələ var. [b]- Hansı məsələ? [/b] - İstedadlı aktyor və aktirisalar studiyalarda yetişməlidir. Hər bir teatr öz nəzdində studiya yarada bilər. Dünyanın ən məşhur aktyor və aktirisaları studiyalarda yetişib. Bəyəm Mədəniyyət və İncəsənət Universiteti Uşaq Teatrı üçün aktyor və aktirisa yetişdirir? İncəsənət Universitetinin müəllimlərini uşaqların qarşısına çıxarsam çaşıb qalacaq, nə edəcəyini belə bilməyəcək. Məqsədim universitetin bostanına daş atmaq deyil. Sadəcə, bir neçə dəfə məsələ qaldırmışam ki, İncəsənət Universitetində heç olmasa seminarlar təşkil olunsun və Uşaq Teatrında çalışanlar gedib həmin seminarlarda iştirak etsinlər. Başa salsınlar ki, siz bığlı-saqqalı əmilər üçün hazırlanmırsınız, eyni zamanda uşaq psixologiyası ilə məşğul olmalısınız. Əslində, mən gileylənməliyəm ki, aktyor və aktirisa tapa bilmirəm. Çünki bu faktdır ki, İncəsənət Universiteti uşaqlarla işləyən mütəxəssislər yetişdirmir. [b]- Teatrla bağlı aparılan müzakirələrdə uşaq teatrları da hədəf seçildi. Hətta aktyorlardan bir neçəsi Azərbaycanda Uşaq Teatrının olmamasını dilə gətirdi... [/b] - Əgər Milli Məclisin deputatları Uşaq Teatrının ünvanını bilmirsə və teatrın yoxluğunu dilinə gətirirsə, deməli, bu onların deyil, mənim günahımdı. Görünür, Uşaq Teatrının təbliğatını yaxşı qurmamışam. Uşaq teatrları studiyalarda yetişməlidir. Bu isə Azərbaycanda yox səviyyəsindədir. "Körpəm" Eksperimental Uşaq Teatrı zamanında işləyib və maliyyə çətinliyi ucbatından fəaliyyətini dondurub. Onu isə hazırda əlil uşaqlardan ibarət teatr studiyası ilə əvəzləmişik. Bunun da qayğısını valideynlər çəkir. Uşaqlarını gətirir, aparır və s. İncəsənət Universitetində keçilən dərslərin ibtidailəşdirilmiş forması "Körpəm"də keçilirdi. Hazırda bir çox uşaq təşkilatları, teatrları və studiyaları var. [b]- Amma onların fəaliyyəti gözə dəymir. [/b] - Sadəcə olaraq, həmin studiyalar aktyor və rejissorlar tərəfindən deyil, qeyri-peşəkar, yəni bu sənətə aidiyyatı olmayan şəxslər tərəfindən yaradılıb. Hərə bir studiya açıb, özü də rəhbər olub. Və bunlar dram dərnəyi prinsipi ilə işləyir. Özfəaliyyət, dram dərnəkləri başqa şeydir, peşəkar teatr studiyaları tamam başqadır. Peşəkar studiyaların sadəcə adı var. Açığı, onların fəaliyyəti ilə rastlaşmamışam. Əsas nitq mədəniyyətidir. Gəlin görək, o studiyaların hansında nitq mədəniyyətindən dərs keçilir? Tanınmış teleaparıcı Azər Axşam "Körpəm"də klassikadan, Kəmalə Mehdiyeva isə səhnə davranışından dərs deyirdi. "Olaylar" qəzetinin baş redaktoru Yunus Oğuz teatra 7 ay maliyyə dəstəyi verdi. Bu gün Uşaq Teatrı onun hesabına ayağa qalxdı. 7 ay və 250 dollar... Əgər belə bir maliyyə ilə Uşaq Teatrı yaratmaq olarsa, iş adamları niyə buna pul ayırmasın? [b]- Son vaxtlar ictimaiyyətin, ələlxüsus da millət vəkillərinin toxunduğu mövzulardan biri də budur: "Məmurlar və iş adamları şou-biznesə pul səpələyir, amma ciddi mədəniyyətdən söhbət düşəndə ağızlarını büzürlər". [/b] - Razıyam. Həmin o insanların biri Uşaq Teatrına, ümumiyyətlə, teatr sənətinə bir qəpik pul ayırmayıb. Heç olmasa, hansısa maarifləndirici proseslərdə belə, əllərini ciblərinə salmayıblar. Halbuki bütün dünya bəyan edir ki, ən gözəl maariflənmə üsulu teatrda, səhnədən mümkündür. Səhnənin edə bilmədiyini heç bir layihə rəhbəri, yaxud da qeyri-hökumət təşkilatları edə bilməz. [b]- Baş rejissor və direktor. Teatr rəhbəri bu iki vəzifəni eyni anda idarə edə bilərmi?[/b] - Teatr demokratiyanı təbliğ edən bir müəssisədir. Sənət adamları müəyyən qədər azad insanlardı. Sovet dövründə sərbəst insanları çərçivəyə salmaq üçün Stalin tərəfindən yaradılmış bir struktur idi ki, bədii rəhbər və direktor başqa-başqa adamlar olsun. Möhür bir adamın, yaradıcılıq isə başqa şəxsin əlində olur. Bunların arasında istər-istəməz narazılıqlar yaranır. Bu narazılıq isə teatrı inkişafdan saxlayır. Teatrın direktoru mütləq yaradıcı adam olmalıdı. Təşkilatçılıqla yanaşı o, mütləq yaradıcılığı da bilməlidi. Yaradıcılığı bilirsə, deməli, həmin şəxs baş rejissor da ola bilər. Direktor özü səhnədə tamaşa qursa, bütün problemlərdən xəbərdar olacaq və gözətçidən, xadimədən tutmuş aparıcı aktyora qədər ünsiyyəti yaranacaq. Yəni kabinet adamı olmayacaq. Bəyəm kabinet adamı olmaqla teatrı inkişaf etdirmək olar? Teatr daxilində demokratiya olduğuna görə, bu məkan təkhakimiyyətli olmalıdı. Direktor baş rejissorun, yaxud da əksinə, baş rejissor da direktorun acığına iş görəndə bunun zərbəsi teatra dəyir. Nəticədə teatr inkişafdan qalır. Bədii rəhbər və direktorun bir adam olması isə teatrı inkişafa aparır. Göz qabağındadır. YUĞ, Kamera, Pontomin bir nəfərdən ibarət müəllif teatrları idi. Qısa vaxt ərzində bu teatrların şöhrəti məşhur teatrlara çatdı. Fəaliyyətsiz dayanan nöqtələri işə salmaq lazımdı. Teatrda təkhakimiyyətlilik olmadıqca inkişafdan qalacaq. Ad çəkmək istəmirəm. Elə teatrlarımız var ki, direktorla baş rejissorun kimliyi bilinmir. Bir də görürsən baş rejissor hamını yığıb toplantı keçirir. Bəs, direktorun işi hara getdi? Direktor isə iclas keçirmək istədikdə baş rejissor deyir ki, "mənim məşqim var, bir aktyor burdan gedə bilməz". Bu sözdən sonra o direktoru kim sayacaq? [b]- Həm də deyirsiniz ki, məmurlar və iş adamları teatrla bağlı yalnız qalmaqallı müzakirələrə pul xərcləyir. Səhv etmirəmsə, o müzakirələrin birinin də iştirakçısı Siz olmusunuz. [/b] - Bəli, amma mənim qonaq olduğum verilişdə teatr deyil, uşaq hüquqları ilə bağlı müzakirələr aparıldı. Təəssüflər olsun ki, məni o verilişə uşaq mütəxəssisi kimi dəvət etmişdilər. Müzakirələrdə maraqlı faktlardan bir neçəsinə toxundum. Amma onların biri də efirə getmədi. Belə başa düşdüm ki, həmin verilişlərdə problemləri qabartmaq lazım gəlmir. Qonaqlar arasında iki millət vəkili də vardı. Uşaq hüquqlarının pozulmasından söhbət düşdükdə isə bu iki deputat etiraz səsini qaldırdı. [b]- Millət vəkillərinin iddiaları nə idi? [/b] - "Qızıl Aypara" Cəmiyyətinin sədri ?ovruz Aslan və Elmira Axundova dedilər ki, uşaq hüquqları hansısa məmur tərəfindən pozulur. Mən isə dedim ki, uşaq hüquqları ilk öncə ana bətnində pozulur. Bu rəsmi statistikadır. Təzə doğulan uşaqların 88 faizi ana döşündən qidalanmır. Hamısı süni uşaq qidalarından istifadə edir. Bu, uşaq hüquqlarının pozulması deyilsə, bəs nədir? Son nəticədə uşaq qidalarından istifadə edən uşaqlarda müxtəlif xəstəliklər əmələ gəlir. Qaldırdığım məsələlərdən biri də bütün dünyanı başına bürüyən narkomaniya və SPİD problemidi. 2008-2009-cu ildə 14-25 yaş arasında olanlar arasında sorğu aparılıb. Məlum olub ki, cəmi 5 faiz narkomaniya və SPİD haqqında anlayışa malikdi. 95 faizi bu bəla və onun törətdiyi faciələrdən bixəbərdi. Mən çox istərdim ki, cəmiyyətin əsas dayaq nöqtəsi olan-mədəniyyət, teatr, təhsil və səhiyyə ilə bağlı aparılan müzakirələrə qatılım. Amma həmin verilişlər efirə gedəndən sonra isə bu fikirdən yan keçirəm. İstəməzdim ki, belə müzakirələrə qatılam. [b]- Nəyə görə? [/b] - O zaman gedərəm ki, veriliş canlı olsun. Çünki öncədən çəkilmiş verilişləri aparıclar və veriliş rəhbərləri özlərinin marağına uyğun şəkildə montaj edirlər. Son nəticədə isə ora çıxan hər bir şəxsin haqqında mənfi imic formalaşır. Özünə hörmət edən bir adam kimi istəməzdim ki, nə belə verilişlərə çıxım, nə də haqqımda fikir formalaşsın. [b]- Ümumiyyətlə, aparılan müzakirələrdən, bir-birini təhqir və tənqid edən verilişlərdən nəticə çıxaran olurmu? [/b] - Uşaqlarla bağlı qaldırılan müzakirələr elə oradaca unuduldu. Verilişdə "Qızıl Aypara" Cəmiyyətinin sədri ?ovruz Aslan və Elmira Axundovadan soruşdum ki, Cənubi Qafqazda bir uşaq teatrı var, onun ünvanı haradır? [b]- Cavabları necə oldu? [/b] - Bilmədilər. Və bu efirə getmədi. Elə bundan bir nəticə çıxır. Hanı o verilişdə uşaq mütəxəssisləri? Müzakirələrə ancaq qabardılan problemlər üzrə mütəxəssislər dəvət olunmalıdı. Azərbaycanda uşaq təşkilatlarının sayı-hesabı yoxdur. Hanı əlaqələr? Efirlər bunu üzə çıxarmalıdı ki, görək o adamlar nə iş görüb? O verilişlərdən heç bir nəticə çıxmır. Hamı gəlib oturur, danışır və gedir. Sadəcə, kimlərsə reklam xatirinə pul qazanır. Efir doldurmaqla iş bitmir. Mənim hər iki deputatla münasibətim var. Amma o verilişdə olan məsələlər elə oradaca qaldı. Elmira xanım Axundova Masallı rayonundan deputat seçilib. ?arkomaniya deyiləndə isə ilk olaraq Cənub bölgəsi yada düşür. Elmira xanım demişdi ki, payız aylarında Masallıya səfər edərik. Amma bu səfəri təşkil etmədi. [b]- Necə düşünürsünüz, uşaq hüquqları lazımı səviyyədə qorunurmu? [/b] - Uşaq hüquqlarının istər qanunvericilik, istərsə də hakimiyyət dairələri tərəfindən qorunması nəzərdə tutulur. Ölkə prezidenti İlham Əliyev hər hansı fərman və sərəncam imzalayır. ?ə Prezident, nə də Prezident Administrasiyası o fərman və sərəncamların icraedici orqanı deyil və ola da bilməz. Hamı deyir ki, uşaqların hüquqları pozulur. Amma bir nəfər demir ki, mən uşaq hüquqlarının qorunması üçün hansı işi görmüşəm. Uşaq Teatrının rəhbəri olaraq, öhdəmizdə bir iş var - tamaşaya gələn hər bir tamaşaçıya hörmətlə yanaşmaq. Çünki adımız Uşaq Teatrıdı. Onlar yoxdursa, deməli, biz də yoxuq. Səhnədə uşaqların təlim-tərbiyyəsinə mənfi təsir edəcək hər hansı iş görülməməlidir. Biz o dərəcədə onların hüquqlarını qabartmalıyıq ki, uşaqlar başqa təşkilatlara girəndə öz hüquqlarını tələb edə bilsinlər. [b]Bahar RÜSTƏMLİ[/b]

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:20 14.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA