Beynəlxalq ictimaiyyət Azərbaycan hakimiyyətini sərt tənqid edib

img

31-12-2009 [05:57]


ATƏT-in rəsmi saytında təşkilatın media azadlığı üzrə xüsusi nümayəndəsi Mikloş Haraşti həbsdə olan jurnalist Eynulla Fətullayevlə bağlı bəyanatı yer alıb. Bəyanatda bildirilir ki, baş redaktora qarşı irəli sürülmüş ittiham hakimiyyəti tənqid edən şəxslərdən birinə qarşı növbəti təxribatdır. Haraşti Fətullayevin saxlandığı 12 saylı Cəzaçəkmə Müəssisində baş redaktora iki dəfə baş çəkdiyini, bu həbsxananın yüksək səviyyədə qorunduğunu və orada hər hansı bir narkotik maddənin tapılması ilə bağlı ittihamın inandırıcı olmadığını bəyan edib. Daha sonra bəyanatda qeyd edilir ki, Azərbaycan hakimiyyəti ona müxalif olan səsləri boğur. Bəyanatda hakimiyyətin söz azadlığı sahəsində ATƏT qarşısında götürülən öhdəliklərə riayət etməsinə çağırılır. Jurnalistləri Müdafiə Komitəsi (CPJ) də Eynulla Fətullayevlə bağlı bəyanatla çıxış edib. Bəyanatda Penitensiar Xidmət və Qaradağ Polis İdarəsi Eynulla Fətullayevə qarşı bu qurama ittihamı geri götürməyə və narkotik maddaləri ona atan şəxsləri tapmağa çağırılıb. Bəyanatda həmçinin E. Fətulayev həbsdə olduğu müddətdə ona qarşı ikinci dəfə ittihamın irəli sürülməsindən və onun yeni cəzaya məhkum edilmə imkanından narahatçılıq ifadə olunub. Xatırladaq ki, dekabrın 29-da Eynulla Fətullayevin saxlandığı kameradan 0,22 qram heroin tapılıb. Jurnalistin özü və vəkili bunun təxribat olduğunu bildirir, yaxın vaxtlarda Avropa İnsan Haqları Məhkəməsinin baş redaktorun azadlığa buraxılması ilə bağlı verəcəyi qərarın qarşının alınması kimi qiymətləndirirlər.

Digər xəbərlər
SON XƏBƏRLƏR