27-12-2009 [05:55]
Akademik Milli Dram Teatrının aktyoru, xalq artisti Nurəddin Mehdixanlı "Şənbə Sevil Nuriyeva ilə" verilişindən narazı qalıb. N.Mehdixanlı deyir ki, onun da iştirak etdiyi verilişin aparıcısı Sevil Nuriyeva söhbəti elə qurub ki, sonda tok-şou sanki Bələdiyyə Teatrının rəhbəri Amaliya Pənahovanın "fəthi" ilə bitib. Çünki aparıcı çəkilişdən sonra digər iştirakçıların açıqlamalarını istədiyi kimi "qayçılayıb". Bu məsələyə narazılığını bildirən N.Mehdixanlı Azərbaycan teatrlarının problemlərindən də söz açdı:
- Təəssüf ki, bu gün Azərbaycanın həm teleməkanında, həm də yazılı mətbuatında bir ənənə yaranıb. Yəni müsahibəni, yaxud montajı istədikləri istiqamətdə təqdim edirlər. Bu, yalnışdır. Bu baxımdan ANS-dəki çıxışımız da talesiz proqramlardan bir idi.
[b]- Hansı mənada? [/b]
- ANS-ə hörmətim var. Çünki o telekanalın yaranma tarixindən orada iştirak etmişəm. ANS-in öz dəsti-xətti var. Bu günə kimi mən o kanalda çox çıxışlar etmişəm. Ancaq heç vaxt ixtisara məruz qalmamışam. Nə vaxt məni çağırıblarsa, "vaxtım yoxdur",- sözünü də deməmişəm. Əgər Sevil xanım Amaliya xanımın, yaxud da Bələdiyyə Teatrının problemlərini kimlərəsə çatdırmaq məqsədi güdürdüsə, onda Mərahim Fərzəlibəyovla məni ora niyə çağırmışdı? Çox nahaq! Teatrla, aktyorlarla, ümumiyyətlə, mədəniyyət və incəsənətlə bağlı baş verənlər barədə çox açıq fikirlər söylənilmişdi. Amma Sevil xanım bu fikirləri sonradan çıxardıb. Görünür, ona Amaliya xanımın fikirləri lazım olub. Mənim fikirlərim isə efirə yarımçıq verilib.
Əgər teatrların problemlərini həll etmək istəyiriksə, onu deməyə də imkan yaratmalıyıq. Yalnız bundan sonra teatrın, kinonun, ədəbiyyatın problemləri həll olunar və bizi qapılar arxasında heç kəs qocalda bilməz. Amma bu gün müsahibə verən aktyoru sabah direktor işdən çıxardar, mükafatını kəsər, fəxri adını saxlayar deyə, çoxları qorxusundan kimlərisə tərifləməyə məhkumdur. Ona görə də dərdlərini deyə bilmirlər, yaxud da deyirlər, amma efirə verilmir.
[b]- Bu mənada Sizin də Azərbaycan teatrının problemləri ilə bağlı fikirləriniz S.Nuriyevanın "qayçı"sına tuş gəldi...[/b]
- Tamamiylə düzdür. Problemlərdən danışıldı, amma efirə verilmədi. Xalq artistiyəm. Cəmiyyət məni tanıyır. Sevil xanım isə özünü bu cəmiyyətə Sevil Nuriyeva kimi tanıdıb. Ya məni proqramına çağırmasın, ya da olduğum kimi görünməyimə şərait yaratmalıydı.
Biz həmin verilişdə çox ciddi məsələləri qaldırmışdıq. Amma bunlar Sevil Nuriyevanın dostluq münasibətinə qurban getdi. Belə çıxdı ki, biz ora Amaliya xanımla, Fuad Poladovun problemlərini müzakirə etməyə yığışmışdıq. Fuad Poladovun hansı problemi var ki? O, Rus Dram Teatrında işləmək istəyirdi və oradadır. Bu gün Akademik Teatrda işləmək həvəsinə düşsə, həmin gün qayıdacaq. İbrus Teatrında işləyir, Azərpaşa Nemətovla istədiyi tamaşanı qoyur. Dalbadal kinolarda çəkilir. O yer Azərbaycan teatrının problemlərinin qabardılması üçün getdiyimiz bir efir idi. Məni o verilişə aparan bir səbəb də "Reytinq" qəzetində gedən yazılar idi. Söhbət qəzetə münasibətdən deyil, ora müsahibə verən insanlardan gedir. Çünki həmin müsahiblər son 6 ayda daha da aktivləşiblər. Əgər bu gün Azərbaycan teatrının repertuar problemi varsa, bunu onlar yaradıb. Bu gün Azərbaycan teatrlarında rejissor problemi varsa, bunun səbəbkarı onlardı. Əgər bu gün aktyor problemi varsa, bunun da səbəbkarı onlardı. Çünki son 50 il ərzində Azərbaycan teatrını onlar idarə edib, repertuarını onlar müəyyənləşdirib və teatrın başında onlar oturublar. İndi isə həmin şəxslər deyirlər ki, "teatr yoxdur, repertuar zəifdir, dramaturgiyamız dəhşətdir və mən gəlib hər şeyi dəyişəcəm".
[b]- Əsasən kimləri nəzərdə tutursunuz?[/b]
- Elə biri Ağakişi Kazımovu. Müsahibə verdi və dedi ki, "teatr ölüb". Biz onunla bu barədə söhbətləşdik. Qayıtdı ki, "məni şantaj edirlər. Mən belə fikir söyləməmişəm". Dedim, mən o, xanımı çox yaxşı tanıyıram. Əgər belə sözlər deməmisinizsə, redaksiyaya məktub ünvanlayın. Qəzet də bunu çap etsin. Amma onda susdu, danışmadı. Bu əməlin sahibi olan insan teatrda böyük sənət yarada bilərmi?
Yaşlı sənətkarlarımıza hörmətimiz danılmazdır. Ağakişi müəllimə dediyim fikirlər onun şəxsiyyətinə hörmətsizlikdən irəli gəlmir. Bu, artıq aktyor-rejissor münasibətidir. O deyir ki, "6 ay bundan əvvəl başa düşdüm ki, köhnə metodla işləyirəm. Yeni metodla işləməyənə qədər tamaşa qoymayacam".
Birincisi, Ağakişi müəllim demək istəyir ki, bu vaxta qədər boşuna yaşayıb. Sən ömrünün 50 ilini teatra həsr edib, hər şeyini də almısan. İndi deyirsən ki, səhv edibsən? Amma mən hesab etmirəm ki, sən aldıqlarına layiq deyilsən. Gördüyünüz işlər, gözəl tamaşalarınız olub. 70-dən yuxarı yaşınız var. Bundan sonra nəyi dəyişəcəksiniz? Necə işləyəcəksiniz?
Mən, rus teatrının tamaşalarına baxıram. Onların sənətkarlarının yaşa dolduqca necə müdrikləşdiyini görürəm. Bizdə isə əksinədir, bəzi sənətkarlar yaşa dolduqca zaylayırlar, çaşırlar. Nə danışıqlarını bilirlər, nə də cəmiyyətdə özlərini aparmağı bacarırlar.
Ağakişi Kazımovdan soruşuram: əgər son 3 ildə 3 tamaşanız repertuardan çıxarılıbsa, bu teatrı necə düzəldəcəksiniz? Bəxtiyar Vahabzadənin "Kimdir haqlı" tamaşası 3 dəfədən sonra repertuardan çıxardıldı. Tamaşaçı gəlmədi. Onun arxasınca "Alın yazısı". Tatarıstanda bu tamaşa 30 ildir ki, repertuardadır. Amma sizinki bağlandı.
[b]- Nəyə görə? [/b]
- Çünki tamaşanın bədi keyfiyyəti, oyun tərzi, quruluşu o deyildi. Son tamaşası "İrəvanda xal qalmadı" idi, o da bağlandı. Çünki Akademik Teatr səviyyəsinə uyğun deyildi.
Bir ənənə var. Bundan əvvəl mədəniyyət və turizm naziri Polad Bülbüloğlu teatra gələndə 10 gün əvvəl xəbər verilirdi. Teatrda abı-hava dəyişirdi. Amma tamaşa bağlamaq söhbəti yox idi.
[b]- Bəs, Əbülfəs Qarayev teatra necə gəlir? [/b]
- Nazir Əbülfəs Qarayev heç kimə demədən teatra gəlir və arxa sırada oturub tamaşaya baxır. Və demədən də gedir. Yaxud da gəlir və deyir ki, "ayıb deyil, Sizin səhnənizdə bu tamaşa gedir. Bu tamaşa bağlansın". "İmzanın hökmü" tamaşası da bu şəkildə bağlandı. Daha sonra bir tamaşa repertuardan çıxardıldı. Daha düz yol budur.
[b]- Bir həqiqət də var; teatra baş rejissor və yaxud direktor təyin ediləndə aktyorların rəyi nəzərə alınmır. [/b]
- Hesab edirəm ki, mətbuat səhifələrindəki bu canfəşanlıq teatrın dərdlərinə əlac və onu inkişaf etdirməkdən ötrü olan cəhdlər deyil, kürsü savaşıdır. Onların heç birinin səmimiyyətinə inanmıram.
[b]- Həmkarınız Yaşar Nuri də "Reytinq"də teatrları tənqid etmişdi. Ona da inanmırsınız? [/b]
- Yaşar Nuri aktyordur. Onun etiraz etdiyi problemlər tamam başqadır. Soruşuram; iki ildir ki, o, əməliyyatdan qayıdıb. Niyə bu teatrın tamaşalarının birinə dəvət almayıb? Yaşar Nurinin hər gün gedən enerjisi onun ömründən gedir. Bəyəm hər gün Yaşar Nuri doğulur ki, onu evində oturdub qocaldırlar? Hansı haqla onu tamaşaya dəvət etmirlər?
Digər tərəfdən, teatrda rəhbərlik dəyişəndən sonra qoyulan tamaşalara fikir vermisinizmi? Ondan əvvəl teatrın repertuarında Şekspir, Nazim Hikmət, Çingiz Aytmatov, İlyas Əfəndiyev, Elçin, Əli Əmirli və daha kimlər yoxuydu.
[b]- Bəs, con 3 ildə nə baş verir? [/b]
- Mənasız əsərlər səhnələşdirilir. Amma akademik bir teatrı "Füzuli və Əsmər"lə inkişaf etdirmək olmaz. Teatrın direktoru müsahibəsində deyir ki, "bizim rejissorların hamısı köhnə yolla gedir. Bəyəm dünyada Şeksprdən başqa dramaturq yoxdur?" Bunu Akademik Teatrın direktoru deyə bilməz.
Bu günkü Azərbaycan teatrı dünənki təfəkkürlə çalışa bilməz. Bizim direktor Maqbet müəllim deyir ki, "gənclərə meydan verilməlidi". Amma bu sözün sahibi Maqbet Bünyadov son 1 ildə yaşı 60-dan yuxarı olan 3 nəfəri işə götürüb. Niyə onların yerinə 3 gənc götürülmür? İncəsənət Universitetində istedadlı uşaqlar var, zəhmət çəkib, onları tapıb gətirsinlər. Əgər o, doğrudan da Akademik Teatrda islahat aparmaq fikrindədirsə, onda teatrın ştatında olan 70 aktyora nəzər salmalıdır. Əslində, bu rəqəm 40 olmalıdır. Hansı səbəbdən 70-dir?
Teatrın repertuar problemi isə onu idarə edənlərin boynundadı. 15 il bundan əvvəl teatrın repertuarı nazirliklə mütləq razılaşdırılmalıydı. Bu günsə nazirlik bütün azadlıqları verib ki, necə istəyirsən, işlə. Hansı ölkəyə istəyirsən, qastrola get. Qazandığın pulu da nazirlik almır, teatra qalır. Amma bunun qarşılığında nə edirlər? Bu pulu Mirmehdi Seyidzadənin mənasız "Füzuli və Əsmər" tamaşasına xərcləyirlər.
[b]- Buna niyə etiraz etmirsiniz? [/b]
- Bu problemi həll etmək biz aktyorların işi deyil. Bu gün hansısa teatrın direktoru "mən islahat aparıram",- deyərək, ona yaltaqlananları, qabağına qaçanları işində saxlamaq və sözü, sənəti, şəxsiyyəti olanları sındırmaq məqsədi ilə "səni ixtisara salaram", "səni müqaviləyə keçirərəm",- deyə, hədə-qorxu gəlir. Amma islahat belə aparılmır. Bu islahatlar təkcə Akademik Teatra aid olan məsələ deyil. "Teatr haqqında" Qanun qəbul edilib. Teatrda aparılacaq islahatlara Mədəniyyət və Turizm Nazirliyi rəhbərlik edəcək. Gözləyin, görək onlar hansı təkliflər verəcəklər.
Bu gün Akademik Teatrı hədəf götürənlərə, burada nələrəsə sahib olmaq istəyənlərə "mən də sizinləyəm", "mənə kömək edin burda qalım",- mesajlarını göndərməyi hamımız anlayırıq. Şükür Allaha ki, cəmiyyət şəffafdır, kimin kim olduğunu hamı bilir. Yaşar Nuri, Siyavuş Aslan, Ramiz Novruz, Firəngiz Mütəllimova, Bəsti Cəfərova, Səidə Quliyeva, İlham Əsgərov, Zemfira Nərimanova hansı tamaşada oynayıb? Bu aktyorları evlərində qocatmağa heç kəsin haqqı çatmır. Sadaladığım şəxslərə baxın, bu şəkildə rəngarəng aktyor nəsli olan teatrın repertuarına da diqqət yetirin. Hansı haqla bu aktyorların enerjisindən istifadə olunmur?
[b]- Belə problemlər olduğu halda niyə Maqbet Bünyadova etirazınızı bildirmir, haqsızlıqlara qarşı çıxmırsınız? [/b]
- Teatrda bədi şuranın adı var, özü yoxdur. Niyə yoxdur? Çünki bədii şurada kimlərsə fikir yürüdüb, hansısa məsələyə etiraz edə bilər. Biz direktor olmaq iddiasında deyilik. Tükənməmişik, aktyoruq, işləmək istəyirik. Maqbet Bünyadovun təşkilatçılıq qabiliyyətinə də şübhə ola bilməz. Azərbaycanda bəlkə də ən unikal şəxslərdən biridir. Amma Maqbet müəllim gəlib baş rejissorun səlahiyyətlərinə də müdaxilə edəndə, teatrın repertuar siyasətini müəyyən eləməyə cəhd göstərəndə, hansı əsər qoyulacaq, hansı əsər qoyulmayacaq məsələlərinə girişəndə, "filan aktyor oynamalıdı",- şərtlərini irəli sürəndə hansı inkişafdan söhbət gedə bilər? Biz buna etiraz edirik. Çünki bu iş bir başa baş rejissorun səlahiyyətində olan məsələdi.
Ümumiyyətlə, bu gün Azərbaycan teatrında direktor diktatı var. Direktor inzbati vəzifədir, təşkilatçıdır. Yaradıcı qrupun onun qarşısına qoyduğu əsərin reallaşması üçün imkanlar yaradan adamdı. Direktor bədii rəhbər deyil. Yaradıcı işləri baş rejissor müəyyənləşdirir. Rolların bölgüsünü isə əsərə quruluş verən rejissor həll edir.
[b]- Baş rejissor Mərahim Fərzəlibəyovun tutduğu yol, apardığı siyasət düzgündürmü? [/b]
- Mərahim Fərzəlibəyov oturduğu kürsünün səlahiyyətlərini teatrın direktoruna güzəştə gedib. Biz bunu qəbul etmirik. Teatrlar tamamiylə azad bir təşkilatdı. Bütün ixtiyarlar direktorla baş rejissora verilib.
Digər tərəfdən, "İrəvanda xal qalmadı" əsəri ilə hansı ölkəyə çıxmaq olar? Yoxsa "Füzuli və Əsmər"lə gedəcəklər? Ayıbdır! Repertuarda niyə "İdiot", "Topal Teymur" yoxdur? Hanı Cavidin əsərləri?
[b]- Bəlkə onları qoya biləcək rejissor yoxdur?[/b]
- Rejissor deyir ki, mən həmin əsərləri səhnəyə qoymaq istəyirəm, amma direktor imkan vermir. Bu düşüncə ilə Akademik Teatra rəhbərlik etmək olmaz! Bizim azadlıqdan kimlərsə öz məqsədləri naminə istifadə edir. Biz buna qarşıyıq.
Sevil xanım Nuriyevanın verilişində bildirdik ki, teatrlarda islahatlar aparılmalıdı. Amma teatr islahatı adı altında ayrı-ayrı teatrlar və onların kollektivləri hədəf göstərilməməlidi. Əgər bu islahatlar aparılacaqsa, bu işi Mədəniyyət və Turizm Nazirliyi həyata keçirməlidir.
[b]Bahar RÜSTƏMLİ [/b]