26-12-2009 [09:34]
Yaradılışın qarşısında aciz qaldığı yeganə bir məfhum var - ölüm! Böyük mütəfəkkirlər ölümün özünü öldürən, ona qalib gələn yeganə vasitə kimi insan yaradıcılığını saysalar da, həyat göstərir ki, bu, təsəlli üçün uydurulan gəlişigözəl ifadədən başqa bir şey deyil. Əsil həqiqətdə isə, ölümə qalib gəlmək hələ heç bir canlıya və yaxud canlının özünün yaratdığına nəsib olmayıb, olmayacaq da! Çünki həyatın mənasını anlayanlar üçün ölümün təyinatı, mahiyyəti, gözəlliyi də elə budur - onu qorxutmaq, ondan qaçmaq, ondan yayınmaq, ona təslim olmamaq mümkünsüzdür, o, əbədi qalibdir!
Axirətə - o biri dünyanın varlığına inanmayanlar üçün ölüm elə həyatın sonu deməkdir: ?İnsan ölür və elə o andaca hər şey bitir.? Bu cür düşünənlər üçün ölümü xatırlamaq belə, dəhşətli bir hissdir. Təsəvvür edin: gecənin bir yarısında ayılırsınız və elə həmin andaca ölə biləcəyiniz yadınıza düşür. Gənc bir ailə başçısısınızsa, ağlınızdan keçənlər aydındır: daha mışıl-mışıl yatan körpələrinizin necə böyüdüklərini, dəcəl oğlunuzun yuxuda da içinizə sevinc bəxş edən şıltaqlıqlarını - yorğan təpikləməyini, uzunsaç qızınızın yatanda mehriban, məsum çöhrəsinə səpələnmiş, ağzının suyundan islanmış hörüklərini, sizə sevgisini bütün həyatının əzablarıyla birgə yumulmuş gözlərində gizlətmiş xanımınızın xoş, ilıq nəfəsini... və yaşadığınız dünyanın digər gözəlliklərini bir daha görməyəcək, duymayacaq, eşitməyəcəksiniz!!! Hamısına əlvida!!! Valideynləriniz, qardaş-bacılarınız durursa və üstəlik, sizdən uzaqdadırlarsa, bir azca da ölümünüzün onlara necə təsir edəcəyini düşünün: sizi özünə oxşadan atanızın, sizi bətnindən yer üzünə gətirən və sizə canını, ömrünü qurban verməyə hazır yeganə varlıq olan ananızın, həmişə ümid yeriniz olan qardaşlarınızın, sevgiylə qayğınızı çəkmiş bacılarınızın halını bircə anlığa tabutunuzun başında təsəvvür edin!!! Bir qədər də məzarınızın harada, kimin yanında qazılacağını düşünün! Dəhşətdir, əzabdır, deyilmi?! Bəli, ölümü son bilənlər üçün bu hiss həqiqətən, dəhşətdir, ən böyük işgəncədir!
Ancaq əksəriyyətin sonsuz dəhşət hissiylə xatırladğı ölüm, Allaha, onun varlığına, axirətə inananlar üçün qorxu yox, həm də bir zövq mənbəyidir. O dünyanın varlığına inananlar ?ölüm? anlayışına sadəcə səni yeni və sonu olmayan, bitmək bilməyən başqa bir həyata aparan başlanğıc, təzə yola açılan yeganə qapı kimi baxırlar.
Gözəl əxlaq, rifah və qurtuluş dini sayılan İslam ehkamlarınca, bu qapıdan mütləq və mütləq hər kəs keçəcək və bu tayda etdiklərinə görə, o biri üzdə mütləq və mütləq cavab verəcək. Elə buna görə də, İslamın əziz peyğəmbəri Həzrəti Məhəmməd (s.ə.v) insana ən böyük nəsihətin, faydanın ölüm haqda davamlı düşünmək olduğunu, bir gecədə azı 20 kərə ölümü xatırlayanların hesab günü şəhidlərlə birgə sorğu-sual olunacağını bildirib...
Həqiqətən də, axirətə inanaraq ölümü düşünmək insanı naqis əməllərdən çəkindirəcək, heyvani hisslərdən, davranışlardan uzaq saxlayacaq ən yaxşı vasitə, beyinlərdə həyatın bir andaca bitəcəyi qorxusunun, ani yoxluğun yaratdığı dəhşəti ləzzətə çevirəcək ən yaxşı təsəlli, qəlblərə daxili rahatlıq bəxş edəcək ən gözəl duyğu, hissdir. Bu hissi, bu mənəvi zövqalmanı isə yalnız inancında kamil insanlar - həqiqi sevgisi Allaha olanlar keçirə, yalnız onlar yaşaya bilərlər...
...Əslində, ?ölüm? anlayışı haqda düşüncələrimi qeydə almağıma, bu mövzu üzərində belə geniş durmağıma tək bir amil - məni mətbuata gətirən, ilk dəfə yazımı oxuyub qəzet səhifəsinə qoyan və dərhal da ?525-ci qəzet?də işə götürülməyimin təşəbbüskarı olan, bu qəzetin ?Detektiv? əlavəsinin əsas yükünü üzərimə yükləməklə məni ?bişirən?, yetişdirən, bir sözlə, mənə jurnalistikada müəllimlik edən bir insanın - Elçin Səlcuqun 45 yaşında ölümü səbəb oldu!
Elçinin ölümündən dərhal sonra onunla bağlı xeyli xatirələr səsləndi, yazılar yazıldı. Onu yaxından tanıyanlar da haqqında yazdı, tanımayanlar da. Onun ölümünə, itkisinə qəlbən yanaraq yazanlar da oldu, bu ölüm faktından içindəki murdarlıqları, çirkin niyyətləri növbəti dəfə ortaya qoyanlar da... Hətta Elçinin sağlığında onun atmacalarına cavab verməyə cürəti çatmayanlardan, kobud Naxçıvan ləhcəsində tez-tez işlətdiyi söyüşlərini ?peysərinə verənlərdən? bəziləri, guya ki, Elçinin yoxluğuna acıyırmış kimi, ?Elçini öz yerliləri öldürdü?, ?Onun qatili öz yerliləridir? hayqırtısını çəkdilər...
Elçinin ölümü, onun itkisi haqda təəssüf dolu, qəlb ağrısı ilə yazıları isə, heç şübhəsiz, tanınmış qələm sahibləri Rövşən Hacıbəyli, Xaliq Bahadır, Elnur Aslanbəyli, Qan Turalı, Əvəz Zeynallı, Şahbaz Xuduoğlu, ?Vətəndaş Həmrəyliyi? qəzetində imzasını göstərməyən bir müəllif yazdı. Onlar həqiqətən, Elçinin ölümünə ürəkdən yandılar, kədərləndilər...
Onun mətbuatda ?yeganə və fəxr etdiyi şagirdi? saydığı kəs - Elxan Şükürlü isə Elçin Səlcuqun ölümünə sevindi! Bəli, yanlış anlamayın, mən Elçinin ölümünə sevindim! Yaxşı ki, Elçin öldü! Çünki mənim tanıdığım Elçini yalnız ölüm xilas edə bilərdi! Onu son vaxtlar hər dəfə gördükcə, onunla hər dəfə danışdıqca bu qənaətim get-gedə güclənirdi! Onu seçdiyi və ayrıla bilmədiyi həyat tərzindən, sonu ləyaqətsizliyə, Elçini sevdiklərinin də yaddaşlarından birdəfəlik unutdurmağa gətirib çıxaracaq bir yoldan yalnız ölüm xilas edə bilərdi ki, o da oldu! Ölümü o özü seçmişdi!
Elə yuxarıda ?ölüm? anlayışı üzərində ona görə çox dayandım ki, Elçinin bu sirli məfhuma münasibəti də tamam fərqli idi. O, axirətə inanmaya-inanmaya axirətə inananlartək ölümə can atırdı, şərabla ölməyi ?sevgi yolu?nun, ?irfan yolu?nun başlanğıcı elan etmişdi!
İnanmırdı nə Allaha, nə başqa bir bir dünyanın varlığına - onun üçün Allah şərab idi, içki idi, bir də əsasən öz həmyerlilərindən tapıb gətirdiyi pula yerlisi olmayanlar üçün verdiyi ziyafətlərdə şəninə deyilən saxta təriflər, köçürmə sağlıqlar, badələrin siqaret tüstüsü içərisində itib-batan cingiltiləri idi!
...Elçinlə içənlər onu qorumalıydılar, vaxtilə qüruruna, dikbaşlığına, dözülməz xarakterinə görə seçilən bu üsyankar insanın indi içki üçün qürurunun ayaq altına atılmasına yol verməməliydilər, hər gün şam kimi əriyən, öləziyən, get-gedə sönən bu istedadın məhv olmasına, sıradan çıxmasına şərait yaratmamalıydılar! Ancaq içdilər, birgə içdilər - indi o çevrədə yeni elçinlər yetişir, yoxsul, ancaq böyük istedadlar ordusu olan bir dəstə gənc... Hər gün içirlər, yeməyə, ?zakuska?ya heç nə tapmasalar da içirlər, heç kim də çəkindirmir onları - o zəhrimarın əsirinə, nəfslərinin quluna çevriliblər!
...Yadımdadır, hələ iki il əvvəl yaxın dostumuz Fazil Qəzənfəroğlu Səfər Alışarlının yanındaca israrla Elçinə ?Dəyiş bu həyat tərzini, bu, səni uçuruma aparır, at içkini, namaz qıl, görəcəksən ki, ailəndə də, dostların arasında da hər şey öz axarına düşür? - demişdi! Eşitmədi... Elçin qulaq asmadı bizə, dinləmədi dostlarını, yerlilərini!
...Heç doğmalarını da eşitmədi. Çox sevdiyi, ancaq çox tez itirdiyi əziz qardaşının məzarının üzərinə aparıb, ona and da içdirdilər ki, bəlkə Elçin yarı yoldan qayıda! Söz verdi, ancaq yenə əməl etmədi...
Elə buna görə də hamı üz çevirmiş, əlini üzmüşdü ondan, nə xahiş eşidirdi, nə and bilirdi...
...Yayda mən kəndimizdə olanda zəng vurdu... Doğulduğu Naxçıvanı çox sevdiyini bilirdim. Həmişəki kimi, içkili olacağını təxmin edib istədim ki, ?Batabat?dan, ?Zor bulaq?dan, ?Əlincə qalası?ndan, bir sözlə, bizim o çılpaq, günəşin isti şüalarından mis kimi qızarmış dağlarından, göz oxşayan bomboz, sıldırım qayalıqlarından, şırıltısı ən gözəl simfoniya olan buz bulaqlarından söz salıb, əhvalını açım... Yox, bu dəfə Elçin zarafat hayında deyildi! Səsi çox boğuq gəlirdi. İçməmişdi də: ?Sən məni heç vaxt atmamısan... Sumqayıtda xəstəxanadayam. Bacım qızıllarını satıb gətirib məni bura yerləşdirib. Qara ciyər serrozu diaqnozu qoyublar. Amma bu tezliklə ölmək istəmirəm...?, - dedi və kövrək səslə telefonu qapatdı... Bu, ağzından od püskürən həmişəki Elçin deyildi! Deyəsən, ölüm, nəhayət ki, qorxutmuş, dəyişmişdi onu. Oğlu Səlcuqun bu il ali məktəbə qəbul olunduğunu və hələ də Elçinin bir ata kimi bu hadisənin fərəhi ilə yaşadığını, hətta içkini də atmağa növbəti dəfə söz verdiyini yaxşı bilirdim. Sevindim ki, yəqin, bu hadisə Elçini sözünə əməl etməyə vadar edəcək, müalicə olunacaq və yeni bir həyata başlayacaq... Axı onu da yaxşı bilirdim ki, Səlcuq onun ən zəif, həm də ən böyük ümid yeri idi. Ən azından Səlcuqa görə o, həyatını dəyişməyə, yaşamağa borclu idi!
...Bakıya qayıdan günün səhərisi ?Xural? qəzetinin baş redaktoru Əvəz Zeynallı ilə birgə Sumqayıta - xəstəxanaya getdik. Çox arıqlamışdı... Xəstəxananın gur işığının düşdüyü qaraşın sifəti ilə saçındakı çallıq, gümüşülük qəribə bir təzad yaradırdı. Tələffüzü həmişəkisayaq iti, sözləri, cümlələri qırıq-qırıq idi. Elə həyətdə - şam ağaclarının altındaca əyləşdik. Elçinin halı, fiziki durumu Əvəzi çox mütəəssir etmişdi... Bir az keçmişdən, bir az da gələcək planlarından danışdı. Kamal Abdullanın, Aqil Abbasın, Azər Əhmədovun müalicəsinə göstərdikləri köməkdən, Murad Köhnəqalanın zarafatlarından söz saldı... Yekun sözü də bu oldu ki, artıq yeni Elçin Səlcuq doğulur, xəstəxanadan çıxan kimi də yazmağa başlayacaq: ?İçkiyə nöqtə qoydum. Həkimlər dedi ki, içsən, öləcəksən.?
...Elçin xəstəxanadan çıxandan sonra da aldatdı bizi, yenə də sözünə əməl etmədi! Doğmalarını, dostlarını, onu istedadına görə qorumaq istəyən hər kəsi eşitmədiyi, dinləmədiyi, aldatdığı kimi, həkimləri də eşitmədi, dinləmədi, aldatdı! O, ölümü seçdi! Bu, yalnız onun seçimi idi!
Halbuki qüdrətinə inanmadığı Allah Elçinə bir neçə dəfə başqa, onun üçün daha geniş üfüqlər açacaq yollar - alternativlər təklif etmişdi. Tək bircə faktı xatırladıram: O, Azərbaycan mətbuatında yeganə jurnalist idi ki, hazırkı prezident İlham Əliyevin aktiv siyasətə gəldiyinin ilk ciddi siqnalı olan müsahibəsi ?525-ci qəzet?də məhz ?Elçin Səlcuq? imzası ilə işıq üzü görmüşdü! Anlayanlar, məlumatlı olanlar bunun nə demək olduğunu, həmin prosesin özünün və iştirakçılarının Elçin üçün hansı perspektivlər, imkanlar yaratdığını yaxşı bilirlər... Demək istədiyim odur ki, indi Elçinin ölüm faktından bəhrələnib ?onu yerliləri öldürdü? yazaraq, tənə edənlər də bilməlidir ki, bu imkanı, bu çıxışı Elçin Səlcuqa başqaları yox, elə öz yerliləri yaratmışdı. O yerliləri ki, son gününədək Elçini qorumağa, yaşatmağa çalışdılar... Amma Elçin həmyerlilərinin dedikləri yolu yox, şərab məclisi ətrafında yalançı hay-küy qəhrəmanlarının təqdim etdiyi bulaşıqlığı, zülmətə aparan yolu seçdi! Ağıla, özünün leksikonunda tez-tez işlətdiyi ?çevik təfəkkür?ə önəm verilməsi lazım olan yerdə, hisslərinin əsirinə çevrildi, nəfsinə və onu uçuruma aparan çevrəsinə ?yox? deməyi bacarmadı!
Elə buna görə də sonuncu dəfə yenidən içməyə başladığını eşidəndə, ?Onu ancaq ölüm xilas edər!? - dedim. Öldüyünü eşidəndə isə, açığı, beynimdən keçən ilk fikir elə beləcə də oldu: ?Yaxşı ki, Elçin Səlcuq öldü!?
Çünki mənə ?şagirdimsən? deyən Ustadımı o cür görmək istəmirdim!
...Xatirimdədir, 1998-ci ilin apreli - ?525-ci qəzet?də Elçinlə birgə işlədiym vaxtlar idi. ?Makkabi? Yəhudi Cəmiyyətinin keçirdiyi əlbəyaxa döyüş turnirinin qalibləri sırasındaydım. Redaksiyadakıların çoxu buna sevinirdi, ancaq özünü mətbuatda ?as? hesab edən özündənmüştəbehlərdən biri nədənsə, arıq bədən quruluşumla qələbəm arasında uyğunsuzluq tapmağa, uğurumu heçə endirməyə çalışırdı. Bədənimdəki göyərtilərin, ağrıların sızıltısına və qarşımdakının da məndən cüssəli, ?ictimai nüfuz?una baxmayaraq, qəzəblə ?şübhən varsa, elə indi sənə sübut edərəm!? - dedim... Elçin araya girdi və eşiyə çıxanda ?cavabını verməsəydin, səninlə dostluğu bitirəcəkdim, mən yerlilərimi elə belə - sənin kimi görmək istəyirəm!? - dedi...
...O, məni necə görmək istəyirdisə, mən də həmişə onu eləcə görmək istəyirdim - məğrur, dik, avtoritet tanımayan, ehtiyacını kimsəyə hiss etdirməyən və kimsənin qarşısında əyilməyən bir insan - həm də həmyerlim kimi!
Vaxtilə Elçini mənə sevdirən, onu müəllim kimi qəbul etməyimə səbəb olan amil də elə məhz bu xarakter sahibi olması idi. Ancaq Elçin get-gedə əvvəlki keyfiyyətlərini itirirdi. Bir az da yaşasaydı, o məğrur, hamıya və hər kəsə ?ilişən?, ani bir olaydan qan çıxaran Elçindən əsər-əlamət qalmayacaqdı... İçki və içkinin yaratdığı amansız ehtiyac onu sındıracaq, əzəcək, qul edəcəkdi! Elçinsə qul olacaq insan deyildi... Kiməsə ağız açdığını, kimdənsə kömək umduğunu eşidəndə mən içimdə elə doğranır, sınırdımsa, gör, indi Elçin Səlcuq daxilən nə vəziyyətə düşürdü... Yox, yaxşı ki, Elçin öldü! Şükür ki, o, daha yaşamadı! Ölümün insanı necə xilas etdiyini mən Elçin Səlcuqun timsalında bir daha gördüm, bildim!
...Görüşənədək, Ustad! Sən Allaha, axirətə inanmasan da, mən inananlardanam. Ona da inanıram ki, biz hələ o dünyada da görüşəcəyik. Çünki ikimizin də yeri birdir - Cəhənnəm! Sən Allaha, onun peyğəmbərinə, qoyduqları yola inanmadığına, şərabı Allah elan etdiyinə görə, mən isə sənin kimi istedadları ehtiyac içərisində boğan, məhv edən talançı bir rejimi, hər şeyə biganə bir cəmiyyəti dəyişməyə gücüm yetmədiyinə görə!
Cəhənnəmdə görüşərik!