Professor ilham Rəhimov: "Mən dostluğu siyasətdən üstün tuturam"

img

26-12-2009 [01:58]


Professor İlham Rəhimovla uzun müddət idi ki, geniş müsahibə almağı planlaşdırsaq da, niyyətimiz hər dəfə müəyyən səbəblərdən dalana dirənirdi. Hər dəfə zəngimizə köməkçisindən eyni cavabı alırdıq: "Professor müsahibə vermir". Ancaq biz İlham Rəhimovun mətbuata açıq olduğunu bildiyimizdən onu aramaqda davam etdik və nəhayət, Rusiyanın Baş naziri Vladimir Putinin yaxın dostu İlham Rəhimov Müstəqil İnformasiya Agentliyinə müsahibə verərək, ətrafında ara-sıra dolaşan çeşidli qalmaqallara da aydınlıq gətirdi. [b]- İlham müəllim, xeyli vaxtdır, mətbuat səhifələrində çıxışlarınıza rast gəlmirik. Maraqlıdır, nə baş verib?[/b] - Bunun əsas səbəbi gərgin iş qrafiki, dəqiq desək, işlərimlə bağlı olan xarici səfərlərdir. [b]- Mətbuata verdiyiniz əvvəlki açıqlamalarınızda bundan sonra daha çox elmi fəaliyyətlə məşğul olacağınızı demişdiniz...[/b] - Mən həmişə ciddi şəkildə siyasətlə yox, elmlə məşğul olmuşam, xarakterimin bu tərəfi artıq birmənalı formada təsdiqini tapıb: elm mənim üçün bütün məşğuliyyətlərdən cəlbedicidir. Həm də elmlə məşğul olan kəs gərək onun zirvəsinə qalxmağı bacarsın. Hesab edirəm ki, mən də məşğul olduğum elm sahəsində mümkün olanları əldə etmişəm. Fikrimcə, elmi yaradıcılığın, fəaliyyətin müəyyən mərhələsi var. Bu mənada sırf hüquq elmi ilə bağlı məsələlərlə məşğul olmaq, ola bilsin ki, artıq mənim üçün önəmli deyil. Bundan sonra hüquq sahəsində hansısa nailiyyətlər əldə edəcəyimi düşünmürəm. Mən bir alim-vətəndaş olaraq, ömrümün bu mərhələsində hüquq elminə bağlılığımdan əldə etdiyim üstünlüklərdən indi də həyatımızın digər sahələrini öyrənmək üçün istifadə etmək istəyirəm. Düzdür, bəşər tarixinə bilavasitə təsir etmiş nəhəng şəxsiyyətlər olan Sezar, Atilla, Çingiz xan, Teymurləng, Şah İsmayıl, Lenin, Stalin, Çörçill və digərləri haqqında oxuduğum kitablar məndə dünya haqqında, insan ömrü haqqında çox qəribə hisslər yaradır, ancaq son vaxtlar Qurani-Kərimdən başqa ciddi bir kitab tanımıram, oxumağa. Xeyli vaxtdır ki, müqəddəs kitabı oxuyur, öyrənir, oradakı hüquqa aid məsələlərlə bağlı elmi əsər yazmaq barədə düşünür, lazım olan materalları toplayıram. Qurani-Kərim bəşər tərəfindən qəbul edilmiş müqəddəs, fundamental, möhtəşəm, insanlara məlum olan və olmayan mətləbləri izah edən, yol göstərən misli-bərabəri olmayan dünyəvi abidədir. Qurani-Kərimə üz tutmağımın bir səbəbi də hüquq sahəsində tətbiq olunan qaydaların elə bu müqəddəs kitabda ifadəsidir. Mən orada hüquqla bağlı qoyulan məsələlərə hüquqşünas mövqeyindən yanaşıram və hər dəfə yeni-yeni fikirlər tapıram. [b]- Cəmiyyətimizdə - bugünkü sosial-iqtisadi durumda, sadəcə, alim olaraq yaşamaq mümkündürmü? [/b] - Ömürdən ötən günlərin ardınca boylanıb təəssüflənmək yox, sabahı düşünmək, qalan vaxtı məzmun və zaman baxımından zənginləşdirmək gərəkdir. Bax, onda ömrümüz-həyatımız qısa olduğuna görə yox, mənalı yaşadığımız üçün şirinlik anlamına gələcək. Digər tərəfdən, sosial-iqtisadi durumun yaratdığı problemləri önə çəkməkdənsə, hər bir insanın qabiliyyəti müqabilində qiymət alması uğrunda çalışmalıyıq - insan qabiliyyətinin-intellektinin qiymətini alanda ömrü uzanır! Əgər tarixə nəzər salsaq, məlum olar ki, elm adamları, alimlər bütün zamanlarda acınacaqlı vəziyyətdə yaşayıblar. Ancaq çətinlik içərisində yaşamalarına baxmayaraq, onları elmdən başqa heç nə maraqlandırmayıb. Ona görə də, zəngin həyat sürənlərin əksəriyyətinin unudulmasına rəğmən, elm adamları, alimlər əsərləri ilə tarixdə əbədi qala biliblər. 1990-cı illərin ortalarında mən də alim, professor, hüquqşünas olmağıma baxmayaraq, işsiz idim, ancaq işsiz olmağımın səbəbkarlarını ittiham etməyə yox, bilik və bacarığımın mənə fayda verəcəyi, məni ucalda biləcəyi münbit zəmini tapmağa kökləndim. Anarxist-radikal etirazlardansa, praqmatik düşüncə sahibi olmaq lazımdır. Biz elə bir əsrdə yaşayırıq ki, bütün sahələr üzrə müxtəlif situasiyalar üçün təkliflər-tövsiyyələr var. Amma insanların rəğbətini qazanmaq, onları öz tərəfdarlarına çevirmək üçün ilk növbədə sən hər bir kəsi inandırmalısan ki, xeyrinə işləyən işləri görmək məhz onların maraqları naminədir. Bu baxımdan ən müxtəlif sahənin təmsilçilərinin - mədəniyyət və elm adamlarının, xəstələrin, imkansız insanların, idmançıların, tələbələrin, şagirdlərin, ahılların və qocaların konkret problemlərinin həllinə yardımçı olmaqdan böyük rahatlıq tapıram. [b]- Gördüyünüz xeyriyyəçilik işlərini reklam etmək istəmir, siyasətə isə "yanmamaq" üçün yaxın durmursunuz. Halbuki elmdə-biznesdə uğurlara imza atmış bir şəxsiyyət kimi taleyüklü məsələlərdə söz sahibi olmaq üçün siyasi status da qazana bilərdiniz...[/b] - Biz çoxlarının siyasi özünütəsdiqinin necə olduğunu, harada qurtardığını görmüşük və görürük. Dünən siyasət dənizində qəvvas kimi üzüb, nərə çəkən siyasət kitlərinin indiki vəziyyətlərinin də şahidiyik. Digər tərəfdən, mən xeyriyyəçilik işlərilə ona görə məşğul olmuram ki, bu barədə kiməsə danışım, özümü reklam edim. Mən bu addımı atmaqla insanlar qarşısında öz mənəvi borcumu yerinə yetirmək məqsədi güdürəm. Həm də sağ əlin verdiyini sol əl bilməməlidir, axı. Mən bu barədə bundan artıq nəsə danışmaq istəmirəm, əgər sizi çox maraqlandırırsa, onda yaxşı olardı ki, köməkçim Azad Məsiyevə müraciət edərdiniz. Ömrümün böyük mərhələsini yaşamışam, uğurlarla yanaşı problemlərdə olub, bütövlükdə bu illər maraqlı keçib, indi də belə davam edir. Lakin önəm verdiyim, üstün tutduğum isə elmi qabiliyyəti, istedadı olan kadrların yetişdirilməsində çəkdiyim zəhmətdir. Güman edirəm ki, üç elmlər doktoru, iyirmidən artıq elmlər namizədinin elmi həyata vəsiqə alınmasında zəhməti olan bir insan fəxr edə bilər. [b]- Siz suala cavab vermədiniz, siyasətlə bağlı gələcək addımlarınız barədə bilmək istərdik, gələcəkdə daha çox siyasətə, yoxsa başqa sahələrə üstünlük verəcəksiniz? [/b] - Mən hazırda siyasətlə məşğul olmuram, heç bir siyasi partiyanın da üzvü deyiləm. Siyasətlə iddiası olan adamlar məşğul olmalıdırlar. Əgər məndə belə bir iddia yoxdursa, siyasətlə məşğul olmağın da bir mənası yoxdur. Respublikamızın indiki inkişaf mərhələsində, yüksələn templə davam edən quruculuq prosesində, siyasi-iqtisadi problemlərin həllində iştirak hər birimizin borcudur. Mən də bacardığım nə varsa onu dövlətimizin, xalqımızın mənafeyinin tələb etdiyi problemlərin həllinə yönəldirəm, bunun özü elə siyasətdir. Bu baxımdan mən elə siyasətin içindəyəm, heç hara getməmişəm. [b]- Gələn il keçiriləcək növbəti parlament seçkilərində iştirak etmək barədə fikirləşirsinizmi? [/b] - Parlament seçkilərindən danışmaq tezdir. Madam ki, soruşursunuz, deyim: mənim nəinki parlament, ümumiyyətlə, heç bir seçkidə iştirak etmək niyyətim yoxdur. [b]- Sizi dost sarıdan "bəxti gətirən" adam adlandırırlar. Yəqin ki, eyhamımı başa düşdünüz, Rusiyanın baş naziri Vladimir Putini nəzərdə tuturam. Bəs, başqa dostlarınızla münasibətlər necədir? [/b] - Mən bu ifadə ilə razılaşmıram: necə yəni, "bəxti gətirən adam". Təsadüflər mövcuddur, lakin mütləq deyil. Bəxt ola bilir, lakin "dostluq" kimi çox incə və böyük məsuliyyətli, zamanlı həyat prosesində təsadüf yoxdur. "Bəxti gətirən" ifadəsi zəif insanların, hardasa məğlubiyyət görmüş insanların zəhmətkeş, istedadlı qaliblərə qısqanclığının ifadə formasıdır. Kimliyindən asılı olmayaraq dostlarıma olan münasibətim sabitdir, dəyişməzdir, mən dostluğu siyasətdən üstün tuturam. Dostlarım arasında müxtəlif siyasi əqidəli insanlar var. Nəhayət, bu insanların siyasi məqsədi xalqımızın və dövlətimizin möhkəmlənməsinə yönəlib. Qədim yunan filosofu Zenon Eleyskidən soruşurlar ki, dost kimdir? O cavab verir ki, "İkinci mən". Səhv etmirəmsə, Frensis Bekonun sözüdür, deyir ki, "səmimi dostları olmayan adam tənhadır, yalquzaq xislətində olur". Elmlər Akademiyasında, Ədliyyə Nazirliyində, eləcə də, kənarda yaxın münasibətdə olduğum dostlarım çoxdur. Elələri olub ki, işsiz olduğum vaxtlarda məndən məsafə saxlayıblar, münasibətləri dəyişib, bir yerdə gəzməkən belə qaçıblar, bu, onların faciəsidir. Ancaq elələri də olub ki, dəyişməyiblər, hətta çətin vaxtlarımda maddi cəhətdən kömək də ediblər. Dostlarımın heç birini yaddan çıxarmamışam. Bu çox mürəkkəb insani münasibətləri yüksək tutur, zamana baxmayaraq onu qoruyuram. Məsələn, Bərdədən Rizvan adlı uşaqlıq dostum var, elə bir konkret işi yoxdur. Ancaq onu başqa imkanlı dostlarımdan ayırmıram, problemlərinin həllinə çalışıram. Bakıdakı məclislərimin də hamısında iştirak edir. Bir məsələni də deyim: mənim Rusiyada Vladimir Putindən başqa da dostlarım var, kifayət qədər rəsmi və ciddi insanlardır. Onlar Bakıya da gəlirlər, Moskvada da görüşürük. Moskvada onları bir yerə yığan elə mənəm... [b]- Siz həm də Azərbaycanda iş adamı kimi tanınırsınız. Ancaq indiyə qədər çoxları bilmir ki, hansı işlərlə məşğul olursunuz... [/b] - Mən heç kimdən gizlətmirəm və gizlətməyə ehtiyac da yoxdur. Əsas biznes işim Rusiya ilə, konkret olaraq Moskva ilə bağlıdır. Məsələn, Moskva şəhərində bir neçə ən böyük ticarət mərkəzlərinin təsisçilərindən biriyəm. Bundan başqa, yenə Moskvada iki böyük hotelin - "Ukraina" və "Slavyanskaya" hotellərinin təsisçilərindənəm. Digər işlərim də var... [b]- Yeri gəlmişkən, Sizin adınızı həm də Azərbaycan əsilli iş adamları ilə bağlı böyük rezonans doğurmuş qalmaqallarda hallandırırlar. Məsələn, Telman İsmayılov, Mehrac Babayev... [/b] - Mənim Telman İsmayılovla yaxın əlaqələrim olmasa da, onu çoxdan tanıyıram, münasibətlərimiz həmişə normal olub, indi də normaldır. Təbii ki, mən onu daha çox Moskva azərbaycanlısı kimi tanıyıram. Ədalət naminə deyim ki, imkanlı azərbaycanlıların içərisində Rusiyada yaşayan azərbaycanlılara daim əl uzadanların sırasında Telman İsmayılov həmişə seçilib. Bu faktdır. O ki qaldı, mətbuatın onun problemini mənimlə bağlamasına, bu, yalandır, görünür, kiməsə belə lazımdır. Onun necə olmasını Telman İsmayılov dəqiq bilir, özündən soruşsalar, daha yaxşı olar. Mənim şəxsən Telman İsmayılovla heç bir problemim yoxdur. Axırıncı dəfə onunla toyda görüşmüşük. [b]- Mətbuatın yazdığına inansaq, məhz həmin toyda Telman İsmayılov Sizi hədələyib...[/b] - Əvvəla, toyda elə şey olmayıb. İkincisi, mən elə insan deyiləm ki, özümü o vəziyyətə salım, gəlib məni hədələsinlər. Bu uydurmanın müəllifi kimdirsə, görünür, həmişə adekvat olmur. Mehrac Babayevə gəlincə, mən, ümumiyyyətlə, o adamı tanımıram, adını qəzetdən oxumuşam. Heç Moskvada da rastlaşmamışam. Onunla da hər hansı problemim yoxdur və ola da bilməz. [b]- Ədalət Partiyasının sədri İlyas İsmayılovun oğlu Etimad İsmayılovun Moskvada Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin (FTX) əməkdaşları tərəfindən həbs olunaraq Çelyabinsk şəhərinə aparılmasından artıq il yarımdan çox vaxt keçir. Nə qədər qəribə səslənsə də, mətbuatda Etimad İsmayılovun da həbs olunmağında Sizi suçlu sayırlar. Yazıların qayəsinə görə, Etimad İsmayılovu yalnız Siz azad etdirə bilərsiniz. Səhv etmiriksə, E.İsmayılov həm də Sizin yaxın qohumunuzdur... [/b] - Əvvəlcə onu demək istəyirəm ki, Etimad haqqında gen-bol yazanlar elə hesab eləməsinlər ki, ona kömək etmək istəyirlər və ya onu hamıdan çox istəyirlər. Xeyr, əksinə, bəlkə də, bu hərəkətləri ilə Etimada daha çox ziyan vururlar. Tam səmimiyyətlə deyirəm, Allah qapısını açsın, Etimadın həbsi hamıdan çox mənə pis təsir edib. Çünki özünüz də yuxarıda qeyd etdiniz ki, o mənim qohumumdur. Sual edirəm, kim öz qohumunun həbs olunmasını istəyər? Onun həbsində mənim nə marağım ola bilər ki? Mənim qohumlarım, dostlarım, Etimadın yaxınları bu problemin həlli üçün indinin özündə də hansı addımları atdığımı yaxşı bilirlər. Ümumiyyətlə, çalışıram ki, bu barədə danışmayım. Ancaq bir halda ki, söhbətin istiqamətini bu mövzuya çəkdiniz, bir məsələni də qeyd etməyə bilmərəm: bəzi qəzetlərdə mənə qarşı yönəlmiş məqalələr dərc edilir. Həmin məqalələrə görə təəssüf edirəm. Çünki Etimad İsmayılovu "müdafiə edib" bizi günahkar sayanlar onun qohumu deyillər. E.İsmayılov mənim qohumumdur. Ona görə də bu məsələni problem kimi ictimaiyyətə təqdim edənlər, gərək ədalətli olsunlar. Mən bu günə kimi kimsə haqqında nəinki qəzet səhifələrində, hətta adi söhbətlərimdə belə inciklik yarada biləcək məqamlara yol verməmişəm. Əksinə, bacardığım səviyyədə hamıya kömək etmişəm... Onu da deyim ki, ermənilər Putinlə olan yaxın dostluq münasibətimə çox qısqanc yanaşırlar. Ona görə də, bu münasibətləri pozmaq üçün tez-tez qəzet səhifələrində nüfuzuma xələl gətirmək üçün müxtəlif məqalələr yazırlar. Bununla nə demək istəyirəm: ermənilərin yazmağının məqsədini başa düşürəm. Yəni erməni düşməndir, bunu ondan gözləmək olar. Amma mənim doğma azərbaycanlımın haqqımda nə məqsədlə yazdığını, doğrusu, başa düşə bilmirəm. O yazılanların ruhundan görünür ki, sifarişçi də, müəllif də yumşaq desək, qısqanclıq hisslərindən azad deyillər, sanki düşünürlər: niyə biz yox, məhz bu adam belə dostlar qazana bilib. Həmin insanlar da dostluğa sadiq qalaraq münasibətləri pozmayıblar, dəyişməyiblər. Hər bir insan özü öz həyatının müəllifidir, memarıdır, öz əməllərinin quludur. Onun bu günki günü, dünənki düşüncəsinin, ömrünün əks-sədasıdır. Müəllifdən soruşmaq lazımdır: axı sən bunları yazmaqla nə qazanırsan, nəyi fəth edirsən? Onsuz da zaman hər şeyi yerinə qoyur. Ona görə də bəzən şübhələnirəm bu yazılardan. Çünki mənim əleyhimə ermənilər də yazır, özümüzkülər də. Görünür, məqsəd mənim dostlarımla aramı vurmaqdır. Perspektivi olmayan gedişlərdir, ən azı Don Kixotluqdur. Etimad İsmayılov, Telman İsmayılov və başqalarının talelərində yaranmış problemlərdə məni səbəbkar kimi ictimai fikirə təqdim etmək, ola bilsin ki, eyni adamların, yumşaq desək, virtual təxəyyülünün məhsuludur. Təəssüf... [b]- Mətbuatın yazdığına görə, "Yeni Müsavat" qəzetinin rəhbərliyi ilə çox sıcaq münasibətləriniz var. Hətta bu münasibətlər o qədər yaxındır ki, ara-sıra bu qəzetə müəyyən maliyyə yardımları da göstərirsiniz. Doğrudurmu? [/b] - Tamamilə yanlış fikirdir, belə bir şey yoxdur. İndi mən nə edim ki, bu qəzetin təsisçisi Rauf Arifoğlu tovuzludur. Onunla elə bir yaxınlığım, dostluğum, filanım yoxdur. Eloğlu kimi yalnız xeyirdə, şərdə görüşürük, münasibət saxlayırıq. [b]- Həmin yazıda "Yeni Müsavat"la Sizin əlaqələri yaradan şəxsin Tovuzun keçmiş polis rəisi Novruz Həsənov olduğu iddia edilir...[/b] - Novruz Həsənov mənim eloğlum, gənclik dostumdur. Ona evi də, maşını da mən vermişəm. Hesab eləmişəm ki, hər bir Azərbaycan vətəndaşının yaşayış yeri olmalıdır. Bunu dövlət etməlidir, ancaq hələlik bunları etməyə imkanı yoxdur. Ona görə də, bəzən dövlət özü iş adamlarına müraciət edir ki, imkanı olmayanlara mənzil versin. Burda pis bir şey yoxdur. Mən təkcə Novruza deyil, bir çox layiqli insanlara da kömək etmişəm, edirəm və imkan olduqca edəcəyəm. Bu mövzudan söz düşmüşkən, mətbutla bağlı bir neçə fikrimi demək istəyirəm. Respublikamızda istedadlı, yaxşı qələmi olan jurnalistlər çoxdur. Onların kimlərdənsə xoşları gəlməyə bilər və ya əksinə. Bu o demək deyil ki, onlar istedadsızdırlar, necə deyərlər, həqiqəti bilməmək, onu həqiqətlikdən çıxarmır ki. Mənim dostlarımın sırasında jurnalistlər də çoxdur. Eyni zamanda jurnalistlər var ki, onların problemlərinə, xəstələrinə lazımi köməkliyi etmişəm. Bütövlükdə götürəndə, Azərbaycanda mətbuatın inkişafından, jurnalistlərin fəaliyyətindən də narazı deyiləm. Son vaxtlar bu sahəyə dövlət qayğısının artırılması da mətbuatımızın gələcək uğurlarından xəbər verir. Ancaq mən arzu edərdim ki, bizim mətbuat Almaniyanın təcrübəsindən yararlansın, bu çox yaxşı olardı. Orada mətbuatın təcrübəsi, cəmiyyətlə işləməyi, öz sözünü cəmiyyətə çatdırması və dövlətin, cəmiyyətin mətbuata münasibəti həddindən artıq sivil qaydada qurulub. Ona görə də, Almaniya təcrübəsi bizə daha çox xeyir verə bilər. Tarix göstərir ki, baş verən bütün ictimai proseslərin içərisində birinci jurnalistlər olur. Demokratiya uğrunda mübarizə aparan ölkələrin hamısında belədir. Ancaq jurnalistin də müəyyən məsuliyyəti var, elə bilirsiniz, ABŞ-da jurnalistlər nə istəyirlər onu da yazırlar və ya istədikləri hərəkəti edirlər? Jurnalist bu sənəti seçibsə, məsuliyyətini də başa düşməlidir. [b]- Sonda şəxsi həyatınızla bağlı bir sual vermək istəyirdim...[/b] - Şəxsi həyatımla bağlı heç bir dəyişiklik baş verməyib. Həm də fürsətdən istifadə edib sizləri qarşıdan gələn Yeni il münasibətilə təbrik edirəm. Qoy Yeni il xalqımız və dövlətimiz üçün uğurlu olsun! [b]P.S.[/b] İlham Rəhimovla müsahibə zamanı baş vermiş maraqlı bir məqamı xüsusi qeyd etmək istəyirəm. Müsahibənin gedişi zamanı bir xanım həyacanla içəri daxil oldu (sonradan öyrəndim ki, bu xanım "Uşaqların Xöşbəxt Gələcəyi" təşkilatının əməkdaşıdır). Xanım əlində tutduğu uşaq şəklini İlham müəllimə göstərərək dedi: "Bu uşaq Sizin 6 ay əvvəl əməliyyat etdirdiyiniz 14 yaşlı Hikmətdir. Onun növbəti əməliyyatı üçün də əlavə kömək lazımdır". İlham müəllim bir kəlmə ilə razılığını verir: "sənədlərini hazırlayın". Müsahibədən sonra köməkçisi Azad Məsiyevlə söhbətləşirəm. Azad müəllim deyir ki, professorun qapısından bu günə kimi hələ kimsə əliboş qayıtmayıb. İ.Rəhimov ona müraciət edən xəstələrin sayının olduqca çox olduğunu görüb bu işləri daha planlı şəkildə yoluna qoymaq istəyib. Elə həmin məqsədlə də Uşaqların Xöşbəxt Gələcəyi adlı təşkilatın təsis edilməsinə dəstək verib. Təşkilatın təsisçisilərindən biri İlham müəllimin qızı Səbinə Mehdiyevadır. Məqsədsə xeyriyyə sahəsində daha iri layihələr həyata keçirmək, ehtiyacı olan insanlara daha yaxın olmaq, xüsusən də, uşaqların sağlam və xoşbəxt gələcəyi naminə yardımları əsirgəməməkdir. Bildirildi ki, son 4 ildə 165 nəfər xəstənin əməliyyat olunmasına yardım edilib. Bir il ərzində ürəyi qüsurlu 90 uşağın üzərində uğurlu cərrahi əməliyyat aparılıb. Azad müəllimin sözlərinə görə, hazırda professor 12 tələbənin bütün təhsil xərclərini öz üzərinə götürüb. Onlardan 8-i Rusiyada, 1-i Ukraynada, 3-ü isə Azərbaycanda təhsil alır. O, həm də təkcə Rusiyada deyil, o cümlədən MDB ölkələrində yaşayan soydaşlarımızın işlə təmin edilməsində, onların himayə olunmasında, hüquqlarının müdafiəsində, müxtəlif problemlərinin həllində yaxından iştirak edir. "İlham müəllim hazırda Tovuz rayonundakı xəstəxanalardan birinin rekonstruksiya edilməsinin maliyyələşdirilməsini də öz üzərinə götürüb. Artıq mütəxəssislər bir neçə gündür ki, bu məsələ ilə ciddi məşğuldurlar", -deyə A.Məsiyev əlavə edir.

Digər xəbərlər
SON XƏBƏRLƏR