"...Sınaqdan keçmiz təcrübəni milli teatr məkanına gətirmək gərəkdi"

img

06-12-2009 [06:46]


[b]Vaqif İbrahimoğlu:"...Bu günə qədər nə biz, nə də başqa teatrlarımız sanballı, ali dərəcəli festivallara qatılmamışıq"[/b] Bir müddət əvvəl xalq artisti Yaşar Nuri "Reytinq" qəzetinə verdiyi müsahibəsində teatr rejissorlarını ittiham etmişdi. Ən qəribəsi də odur ki, Mədəniyyət və İncəsənət Universitetinin kafedra müdiri, tanınmış rejissor Ağakişi Kazımov da bu fikirlə razılaşır. Bəs, YUĞ teatrının baş rejissoru Vaqif İbrahimoğlu nə düşünür? İki sənətkarın Azərbaycan teatrı ilə bağlı qaldırdığı problemlərə aydınlıq gətirmək məqsədi üçün V.İbrahimoğluya müraciət etdik. Təəssüflər olsun ki, rejissorlar arasında öz dəsti xətti ilə fərqlənən və demokratik düşüncəli rejissor bizimlə canlı ünsiyyətdən çəkindi. "Suallarınızı yazılı göndərin",- deyə inad etdi. Göndərdik və cavabını aldıq. Bu da V.İbrahimoğlunun protokol müsahibəsi. - Adları çəkilən hər iki sənətçi həmkarlarıma böyük hörmətim var. Onların mövqelərinə hörmətlə yanaşıram. Amma və lakin əvvəl mən əmin olmalıyam ki, sevimli dostum həqiqətən bu sözləri deyib. Özü də bilməliyəm harada deyib. Xub, götürək ki, bu böyük sənətçi doğrudan da bu sayaq mülahizələri dilinə gətirib və görkəmli rejissorumuz, xalq artisti, professor Ağakişi Kazımov onunla həmfikirdi. Mən isə bu vaxta qədər bilmirdim ki, rejissorun yaradıcı funksiyalarından biri "aktyor və dramaturji əsər axtarışına çıxmaqdır". Mən indiyinə qədər elə bilirdim ki, aktyor rejissorun yanına gələr, özünü ona göstərər, yəni, imkanlarını nümayiş etdirər. Eyni zamanda heç təsəvvür etmirdim ki, haralardasa dramaturji əsərlər gizlənib və mən onların axtarışına çıxmalıyam. Görünür, yanlış düşünürdüm, amma və lakin yanlışlığımda qalmağı tərcih edirəm. [b]- Bəs, teatr sənətinin ölməsi fikrini necə, qəbul edirsinizmi? [/b] - Bu fikir zaman-zaman ortalığa atılır və mən bunu nekrofiliya (ölünü sevmək) xəstəliyinin sosial psixoloji təzahürü kimi dəyərləndirərəm. Hələ qədimlərdə bizdən qat-qat ağıllı adamlar deyib ki, ömür qısa, sənət isə əbədidir. Bütün başqa sənət növləri kimi teatr sənəti də bir prosesdir. Yəni, zaman və məkan içində hərəkətdir. Bu hərəkət hamar, güllü-çiçəkli yolda baş vermir, enişi var, yoxuşu var, böhranlı çağları olur, intibahı da yaşanır. Teatr sənətinin ölməsini zaman-zaman bəyan edən paranoiklara sözüm budur: GÖRMƏYƏCƏKSİNİZ! VOT! [b]- Tamaşaçını teatra gətirmək, yəni cəlb etmək üçün rejissorlar nə etməlidir? [/b] - Necə yəni nə etməlidirlər? Həmişə olduğu kimi: yaxşı, yəni təsirli, ifadəli, məntiqli tamaşalar qurmalıdırlar. İştə, bu qədər. Yox, əgər söhbət teatr marketinqindən, menecmentindən gedirsə, sualınızı o sahələrin nümayəndələrinə yönəldin. Dünya teatr məkanında sınaqdan keçmiş təcrübəni milli teatr məkanına gətirmək gərəkdi. Daha dəqiq cavab istəyirsinizsə "Teatr və teatr fəaliyyəti haqqında" qanuna müraciət edin. [b]- Dramaturji materialı necə seçirsiniz? Hüseynbala Mirələmov kimi yazarlar Sizi qane edirmi? [/b] - Mən "dramaturji material" seçmirəm, əsər məni seçir. Fikrimi açıqlayım. Bir də görürəm ki, məni filan məsələ cəlb edir, onun haqqında düşünürəm, danışınıram, baş sındırıram. Və bu prosesin kulminasiya nöqtəsində filan əsər ağlıma gəlir ki, özünü gerçəkləşdirməyə sövq və vadar edir. Mən də onu səhnələşdirirəm. Nəticədə ya alınır, ya da alınmır, amma və lakin hər dəfə məndən ötrü proses maraqlı və faydalı olur. Onu da qeyd edim ki, məndən ötrü istənilən istedadlı mətn gələcək tamaşanın ədəbi əsası nə az, nə çox ola bilir. Odur ki, mənim "dramaturji material"a ehtiyacım yoxdur. İstisna Kamal Abdullanın pyesləridir, çünki bir çox məqamlarda fikirlərimiz üst-üstə düşür. Bir də gənc yazarlara teatra yol açmaq məqsədi ilə onların pyeslərini qəbul edirəm... [b]- Sizcə, teatr tənqidçiləri niyə susur? [/b] - Məncə, susmurlar. Əgər "tənqid" terminini "ifşa etmək", "rəzil etmək" və ya "ağıl qoymaq" kimi anlayırıqsa, bu, "sarı mətbuat"ın işi-peşəsidir. Teatrşünas analizindən söhbət gedirsə, qəzetlərimizdə də onlar üçün yer tapılmır. Amma və lakin bu gün də sanballı monoqrafiyalar nəşr olunur ki, onları oxumaq üçün oxucunun "İQ"-si (yəni intelektin əmsalı) kifayət qədər yüksək olmalıdır. [b]- Aktyorlar və rejissorlar fəxri ad, prezident təqaüdü, mənzil və s. alır. Bu münasibətin qarşılığı layiqincə verilirmi? [/b] - Bu gün peşəkar teatr sahəsində minlərcə mütəxəssis çalışmaqdadır. Və bunların arasında fəxri ad, prezident təqaüdü, mənzil və s. alanlar faiz etibarı ilə o qədər də çox deyil. Onu da əlavə edim ki, sadalanan mükafatlara layiq görülənlərin arasında müəmmalı yollarla bunları əldə edənlərin də sayı çox azdır. Əksər aktyor və rejissorlarımız daha böyük mükafatlara layiqdirlər-buna əminəm. Gedin region teatrlarına, oradakı sənətçilərin durumuna baxın. Rayon teatrlarında çalışan sənətçilərin dəyərini vermək istəsəniz "fədəkar" təyinindən daha tutarlısını tapmazsınız. [b]- Bəziləri deyir ki, teatra əsasən elit təbəqə gəlir. Amma bəzən həmin elit təbəqə adlandırdığımız şəxsləri "çöpəgülənlər"in arasında da görmək mümkündür.[/b] - Bəziləri deyir ki, qəzetlərimizi heç kəs oxumur. Bəziləri də bildirir ki, jurnalistlərimizin əksəriyyəti savadsızdır. Başqa bəziləri isə deyir ki, yox, savadlıdır, amma və lakin savadsız kimi görünməyə məcburdurlar. O gün isə biri mənə deyir ki, bizdə "elitar təbəqə" yoxdur. Amma və lakin yavaş-yavaş əmələ gəlir. Və onu da əlavə etdi ki, "reket jurnalistikası"nın yaranma səbəbi qəzetçilərin acınacaqlı maddi vəziyyətindən qaynaqlanır. Kimdir o, "bəziləri"? Nəyə əsaslanıb bu və ya başqa sözləri deyirlər? Harada deyiblər? Hansı konkret ünvanı nəzərdə tutublar? Güman edirəm ki, bu suallara cavab verilsə, söhbət predmetli və məsuliyyətli ola bilər. Əks təqdirdə söylənilən mülahizələr Şəhriyarın deyimincə "içi boş sözlərdi". [b]- Vaqif İbrahimoğlu kimin davamçısıdır və özündən sonra YUĞ-da kimi baş rejissor görür? [/b] - Vaqif İbrahimoğlu Tofiq Kazımovun şagirdidir və özündən sonra YUĞ-da baş rejissor kimi Gümrah Öməri görür. Bu rejissor YUĞ-da yetişib. Respublika teatrlarında, eləcə də xaricdə tamaşalar qoyub, özünü təsdiqləyib. Yeri gəlmişkən, oktyabr ayının 18-də YUĞ-un 20 yaşı tamam olub. Poetikamızın formalaşmasında Gümrah Ömərin xidmətləri danılmazdır. Söz gəlişi, bu mövzuda suallar gözləyirdim. Həm də bəziləri deyir ki, mənim 60 yaşım nə isə bir zarafatdır. Halbuki doğrudan da oktyabr ayının 18-də mənim 60 yaşım tamam olub. Gec də olsa, məni təbrik edə bilərsiniz. Mən də cavabımda təşəkkürlərimi bildirərəm. [b]- Azərbaycan teatrı Füzuli meydanından kənara nə vaxt çıxacaq? [/b] - Gələn həftə, axşam saat 18.45-də. Dəqiqələrdə səhv edə bilərəm, amma və lakin gününü dəqiq deyə bilərəm. Cümə günü. İnanmırsınız? Görərsiniz!.. [b]- Festivallarda tez-tez olursunuz, həmkarlarınızdan nəyi öyrənirsiniz və nəyi öyrədə bilirsiniz? [/b] - Festivallara öyrənib-öyrənməmək üçün getməzlər. Festivallar ya şənlik olur, ya da yarışma. Şənliklərdə baxıb sevinmişik, yarışlarda isə dəfələrlə fərqlənmişik. Amma həqiqət naminə deməliyəm ki, bu günə qədər nə biz, nə də başqa teatrlarımız sanballı, ali dərəcəli festivallara qatılmamışıq. İnşallah, bu da olacaq. [b]- Sizcə, nəyə görə teatrın problemləri ilə bağlı açıqlamalara Mədəniyyət və Turizm Nazirliyi allergik münasibət göstərir? [/b] - Mədəniyyət və Turizm Nazirliyini deyə bilmərəm. Amma və lakin mənim özümdə bəzi "teatrın problemləri ilə bağlı açıqlamalar"a qarşı allergik reaksiya baş verir. Niyəsini də deyə bilərəm. Qeyri-peşəkarlıq, mətləbin dərindən öyrənilməməsi, qərəzli mövqe və sayğızızlıq. Konkret faktlar göstərilsəydi, dəqiq cavab verə bilərdim. Amma ehtimallara uyuşmağa nə vaxtım, nə də həvəsim var. [b]- Tənqidi fikirlərinizdən sonra nazirliyə çağrılaraq danlanmaqdan qorxmursunuz ki? [/b] - Mənə elə gəlir ki, bu sual kiçik rütbəli məmurlardan ötrü aktual ola bilərdi. Deyəsən, fikrimiz qadasın aldığımız sovet dönəminə gedir. "Çağırılaraq danlanmaq", "qorxmaq" və bu kimi atavistik sindromlar arxada qalıb. [b]Bahar RÜSTƏMLİ [/b]

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:20 14.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA