Ziyafət Yaqubova: "Bəziləri kimi yalandan ağlamıram"

img

06-12-2009 [06:27]


Müğənni Ziyafət Yaqubovadan xeyli vaxtdır səs-səmir yox idi. Sənətçinin iki aya yaxındır xaricdə qastrolda olduğunu və səfərdən yenicə qayıtması xəbərini eşitdik. Z.Yaqubova ilə görüşdük. O, müsahibəsində səfər təəssüratları haqda ətraflı danışdı: - Məndə ruh düşkünlüyü yaranmışdı. Buna görə də Danimarkada fəaliyyət göstərən Azərbaycan-Türk Qadınları Cəmiyyətinin sədri Anaxanım Hüseynova məni həmin ölkəyə dəvət edəndə məmnuniyyətlə razılaşdım. Düşündüm ki, həm havamı dəyişərəm, həm də konsert verərəm. 18 illik səhnə fəaliyyətim ərzində xaricdə konsert verməmişdim. Sentyabrın ortasında Danimarkaya yola düşdüm. 10-15 gün sonra təşkilatçılar konsert planlarını gerçəkləşdirməyə başladılar. Arhus, Kopenhagen və Köye şəhərlərində konsertlərim oldu. Ansamblla səfər etməsəm də, konsertlərə böyük maraq göstərən İran azərbaycanlılarının təklifi və dəstəyi ilə canlı olaraq, yəni musiqiçilərin müşayiəti ilə mahnılar ifa etdim. Retro mahnılarımız xüsusilə bəyənildi. Bu səbəbdən Kopenhagendə 2 konsert verdim. Hətta orada Yaqub Zurufçunun qardaşı Əyyub bəylə bir səhnəni paylaşdıq. Köyedəki konsertdə isə türklərdən ibarət "Karma" qrupu ilə birgə çıxış etdim. Orada da bizim əski mahnıları çox sevirlər, məni səhnədən buraxmaq istəmirdilər. [b]- Bəzi müğənnilərimiz xaricdə banket və ya toyda iştiraklarını konsert kimi qələmə verirlər...[/b] - Belələrinin yalanına görə, bizim də əziyyətimizi dəyərsizləndirənlər olur. Amma mənim əlimdə yetərincə dəlil var. Xaricdə konsert vermək isə doğrudan da çətindir və böyük zəhmət bahasına başa gəlir. Sponsorsuz xüsusən çətindir. Avropa böyük olduğundan təşkilatçılar insanları konsertlərə telefon, internet ünvanları vasitəsilə yığırdılar. Onlar konsertlərimi mənfəət güdmədən təşkil etdilər. Burada isə ancaq cibi düşünürlər. 4 konsertdən cüzi məbləğ əldə etsəm də, mənim üçün əsas olanı mənəvi zövq, musiqimizin təmsilçiliyi idi. Hələ Danimarkada olan zaman mənə Hollandiyada və İsveçdə də konsert vermək təklifi gəldi. İsveçdə konsert üçün uyğun vaxt ayıra bilmədik, amma yaxın gələcəkdə bunu da reallaşdırmaq niyyətim var. Hollandiyada isə "Soltan" prodüser mərkəzinin və "İqdır" mədəniyyət mərkəzinin dəstəyi ilə 2 konsert verdim. [b]- Konsertlərinizə nə qədər insan gəlmişdi? [/b] - Mənim üçün tamaşaçı sayı önəmli deyil. Vicdanlı ifaçı 20 nəfər üçün də ifa etməlidir. Danimarkada azərilər elə də çox deyil. Buna görə də konsertlərimdə 200-250 nəfər var idi. Amma Hollandliyada soydaşlarımız daha çoxdur. Məni dinləməyə 600-ə yaxın insan gəlmişdi. Bir neçə kültür cəmiyyətindən də dəvətlər aldım. Amma onlar üçün folklor musiqisi daha maraqlıdır. [b]- Xaricdə bizim sənət aləmində baş verənlərdən xəbərdardırlar?[/b] - Telekanallarımız Avropada da izlənilir. Hətta radioları da dinləyirlər. Buna görə də kimin necə oxuduğunu, kimin necə olduğunu bilirlər. Mən bəzi sənətçilərimizin xaricdə artıq hərəkətləri barədə də eşitdim. Orada sadəliyi sevirlər, dəm-dəstgahdan uzaqdırlar. [b]- Bayaq depressiyada olduğunuzu dediniz. Bu hala tez-tez düşürsünüz? [/b] - İndiyədək sponsorum olmayıb. Maliyyə dəstəyinin olması isə çox önəmlidir. Mən yaradıcılıq axtarışı barədə düşünmək əvəzinə, dolanışıq haqda düşünmək məcburiyyətindəyəm. Bu dar gündə məni ora-bura aparan maşınımın kreditini, ev kirayəmi necə verim? Şükürlər olsun, Allah mənə səs verib. Bacardığım işləri görə bilmədiyim üçün çox sıxılıram. Çünki zaman çox sürətlə gedir. Mənsə öz imkanlarımı göstərə bilmirəm. [b]- Tez-tez ağlamanız da bu səbəbdəndir? [/b] - Məni ağlayan müğənnilər sırasına qoşsalar da, bəziləri kimi yalandan ağlayıb aktyorluq etmirəm. Ağlamağımın səbəbi var. Təbii insanam, maskam yoxdur. Ustad müəllimlərim kimi musiqi tariximizdə iz qoymaq istərdim. Amma bunu həyata keçirmək üçün 20-30 il zamanımız var. Gec də olsa, buna nail olmasam, Azərbaycanı tərk edəcəyəm. [b]- Bəzi stilistlər son vaxtlar müğənnilərimizin imici ilə bağlı şərhlər verirlər. Adınız zövqlü müğənnilər arasında hallanmır. [/b] - Bir çox xanımlarımız gün boyu dikdaban ayaqqabılarda gəzirlər. Amma bu onların onurğa sütunlarına və sinirlərinə mənfi təsir göstərir. Məncə rahat geyimi sevirəm. Səhnədən kənarda sadə olmağa üstünlük verirəm. Mən modelyerlə də işləmişəm. Heç nə dəyişməyib. Zövqə ayıracaq zamanımı yaxşı bir işə sərf edərəm. Kiminsə xoşuna gəlmək üçün saatlarla 150 manata süni dırnaq qoydurmağa və ya süni şəkildə saç uzatmağa lüzum görmürəm. Belə saça 800 manat verənlər var. Ondansa hansısa yetimə əl tutaram. Müğənnilərimiz salonlarda saatlarla bəzənməkdənsə, başqa şeylər haqda da düşünsünlər. Son səfərim zamanı mənə verilən bütün hədiyyələri imkansızlara payladım. Geyinmədiyim paltarları da ehtiyacı olan insanlara vermək qərarına gəlmişəm. [b]- Yaradıcılıq işlərinizdə nə yenilik var? [/b] - Bir çox bəstəkarlarla yeni mahnılarım var. Yaxın aylarda yeni albomumu buraxmaq istəyirəm. Estrada janrında fərqli tərzdə mahnılar oxumaq istəyirəm. Avropada olan zaman gördüm ki, estrada musiqimiz dünya səviyyəsindən xeyli geridə qalır. Bəstəkarlarımızın da bu işdə günahı var. Xarici musiqini az dinləyirlər. Aranjemanlarımız isə olduqca zəifdir. Xaricdə mənim mahnılarımı dinləyəndə aranjemanına gülürdülər... Yeni fotosessiya etməyi də düşünürəm. İl yarım öncəki fotosesiyam böyük maraq doğurdu. Yenə də buna nail olmağa çalışacağam. Amma öncə kilolarımı atmaq üçün fitneslə məşğul olacağam. Düzgün qidalanmadığım üçün çəkim artır. Depressiyadan da kilo alıram. [b]- Plastik əməliyyata necə, müraciət etmək fikriniz yoxdur? [/b] - Bəzi müğənnilər kimi özümü plastik əməliyyatların köməyilə arıqlatmaq və ya dəyişmək fikrim yoxdur.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:20 14.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA