Qılman ilkin II Fəxri Xiyabanda dəfn olunub

img

06-11-2009 [04:27]


96 yaşında ürək çatışmazlığından vəfat edən Azərbaycanın xalq yazıçısı, əməkdar incəsənət xadimi Qılman İlkinlə dünən Azərbaycan Dövlət Pedaqoji Universitetində vida mərasimi keçirilib. Saat 13:00-da başlayan vida mərasiminə Azərbaycan ədəbiyyatının tanınmış simaları, mədəniyyət və incəsənət xadimləri qatılıblar. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev isə Sloveniyada olduğu üçün vida mərasimində hökumət adından təhsil naziri Misir Mərdanov çıxış edib. Mərhum II Fəxri Xiyabanda dəfn olunub. Qeyd edək ki, yazıçı Qılman İlkin noyabrın 6-da vəfat edib. Qılman İlkin Bakının Mərdəkan kəndində anadan olub. 1936-cı ildə indiki Pedaqoji Universitetin dil-ədəbiyyat fakültəsini bitirib, indiki Bakı Dövlət Universitetində baş müəllim işləyib, ?Azərbaycan? jurnalının baş redaktoru, "Uşaqgəncnəşr", "Azərnəşr" nəşriyyatlarının direktoru olub. Qılman İlkin "Çalpapaq", "Torpağın dərdi", "Teleqram", "Ultimatum", "Zənbil" kimi povest və hekayələrin, "Qalada üsyan", "Dəniz qapısı", "Ömrün oğlan çağları", "Dəniz həmişə göy olmur", "Dağlı məhəlləsi", "Madam Qədri", "Tayqa nağılı", "Körpə siyənək", "Hərənin öz aləmi, öz taleyi" kitablarının, "Şimal küləyi" romanının müəllifiidir. "Kölgələr sürünür", "Yenilməz batalyon" bədii filmlərinin və bir neçə televiziya filminin ssenarini də Qılman İlkin yazıb. O, xidmətlərinə görə müxtəlif dövrlərdə bir sıra mükafatlara layiq görülüb ("Qırmızı Əmək Bayrağı", "İkinci dərəcəli Böyük Vətən müharibəsi" ordenləri, Azərbaycan Dövlət mükafatı və s.).

Digər xəbərlər
SON XƏBƏRLƏR