"Rəqsanənin muğam oxuması biabırçılıqdır!"

img

01-11-2009 [05:36]


[b]Müğənni Roza Rəhimli nəinki Xatirə, Rəqsanə və Brilliant Dadaşovanı tənqid etdi, hətta Nuranı istedadsızlıqda suçladı [/b] Uzun müddətdir səs-sorağı efirlərdən eşidilməyən müğənni Roza Rəhimlinin hazırda hansı işlə məşğul olması ilə maraqlandıq. Bizi evinə dəvət edən sənətçi ilə səmimi söhbət etməyə müyəssər olduq. [b]- Çoxdandır səs-səmiriniz gəlmir. Eşitdiyimizə görə, incik düşmüsünüz. [/b] - Kimsədən inciməyə haqqım yoxdur. Özüm günahkaram. İstedadı olmayan müğənni irəli gedə bilirsə, deməli, nəsə bacarır. Bacarana can qurban! [b]- Günahınızı nədə görürsünüz? [/b] - Səhlənkarlıq etmişəm. Populyar vaxtlarımda qəzet-jurnal məndən yazırdı, verilişlərə dəvətlər alırdım. Belə bir zamanda uzun müddətə xaricə getdim, nəticədə gündəmdən uzaqlaşdım. [b]- Xaricə hansı səbəbdən getdiniz? [/b] - Ağılsızlıq etmişəm. Məni tamah aldatdı. Yaxşı pula müqavilə bağlamışdım. Amma xeyri nə oldu? Gərək, işimi elə burada davam etdirəydim ki, gündəmdə qalaydım. Geri dönəndə vəziyyət çox dəyişmişdi. [b]- Səfəriniz uğursuz olmuşdu? [/b] - Xeyr. Rusiyanın bir çox şəhərlərində, eləcə də Bəhreyndə və Türkiyədə olmuşam. Getdiyim yerlərdə gözəl çıxışlarım olub, yaxşı pul qazanmışam. Amma pul toplamağı bacarmadığım üçün, əlimdə böyük məbləğ qalmadı. Bu isə yenidən "raskrutka" üçün yetərli deyildi. Həm də mən efirə pul xərcləməyə alışmamışdım. Demirəm ki, sənəti atmışam. Sadəcə, bir qədər həvəsdən düşmüşdüm. İndi vəziyyət daha gərgindir, rəqabət artıb. [b]- Rəqabət Sizi qorxudur? [/b] - Əsla! İndi populyar olan müğənnilər vaxtilə mənə həsəd aparar, hətta məndən qorxardılar. Elə indinin özündə də bəzi müğənnilər, aralarında ən öndə gödənlər də var, məni görəndə "mandraj"a düşürlər. Onlar yaxşı bilirlər ki, mən kiməm. Sənətim qarşısında dayana bilməzlər. [b]- Kimləri nəzərdə tutursunuz? [/b] - Bir neçə ay öncə "El içində" verilişində çəkinmədən bir neçə ən tanınmış müğənninin adını çəkdim. Amma montaj zamanı çıxışım ixtisara salındı. Yəqin ki, həmin müğənnilərdən çəkindilər. İndi onların adlarını çəkmək istəməzdim. [b]- Olmaya Roza xanımın cəsarəti azalıb? [/b] - Yox, sadəcə, istəmirəm ünvanıma xoşagəlməz sözlər desinlər. Əminəm ki, mənim reklam məqsədi güddüyümü deyəcəklər. Özləri bilir, kimləri nəzərdə tuturam. [b]- Sizə Azərbaycanın Sezen Aksusu deyirdilər..[/b]. - Tamaşaçılarım məni indi də Sezen Aksu kimi xatırlayırlar. Deməzdim ki, unudulmuşam. Öndə gedən sənətçilərin əksəriyyəti məni tanıyır. Sezen xanımla yalnız zahiri oxşarlığımız var. İfa tərzimiz isə tam fərqlidir. İfamı kimsənin ifasına bənzətməyi sevmirəm. Bu, sənət deyil. Allaha şükür, bir neçə janrda oxuya bilirəm. Adətən estrada janrında oxuyanlar, xalq üslubunda oxuya bilmirlər, yaxud da əksinə. İndi bir çox estrada oxuyanlar muğam oxumağa cəhd edirlər, hətta dərs də alırlar. Amma onlarda alınmır. Adamı lap gülmək tutur. [b]- Bu siyahıda kimlərin adı var? [/b] - Məsələn, Xatirə, Rəqsanə. Hətta Brilliant Dadaşovada da muğamat alınmır. Qoy məndən incisinlər. Kimin buna şübhəsi var, hər birimizə qulaq assın. Muğamat mənim qanımda var. [b]- Müasir dövrün xalq üslubunda oxuyanlarından kimləri bəyənirsiniz? [/b] - Babəki, İlkini, Təyyarı, balaca Elməddini çox bəyənirəm. Amma Bəyimxanım kimi gözəl, güclü muğamat oxuyanla son vaxtlar populyar olan Gülayı bir tərəziyə qoya bilmərəm. Bəyənmədiklərim də çoxdur. Muğamatı pis günə qoyurlar. Allah Mehriban xanımın canını sağ eləsin, muğamatın qapılarını açdı. Amma bilən də, bilməyən də səmtini ora salır. Rəqsanənin muğam oxuması isə biabırçılıqdır! [b]- Səhnəmizin primadonnası İlhamə xanımın muğam oxuması ilə bağlı fikirlər də müxtəlifdir...[/b] - Primadonnamız mənim yanımda muğamatı canlı oxuyub, şoka düşmüşəm. Səs diapazonu da, şirinliyi də yetərlidir. İstəsə oxuyar, sadəcə, o, muğam ifaçısı deyil. [b]- Sizi itirib-axtaran, sənətinizə dəyər verən yoxdur? [/b] - Hazırda efirlərdən dəvət almasam da, həyatımda elə anlar olub ki, hər müğənniyə qismət olmur. Bir neçə il öncə toylardan birinə o dövrün ən tanınan müğənnilərilə bir düşmüşdüm. Çoxları çıxış etdi. Mən də elə Sezen Aksunun repertuarından "Sən ağlama"nı oxudum. Alim Qasımov məclisin o başından durub yanıma gəldi. Əvvəlcə qorxdum ki, məni tənqid edəcək. Amma o, boynumu qucaqlayıb üzümdən öpdü. Məni tərifləyərək dedi ki, oxumaq belə olar. Bir dəfə mənim oxuduğum restorana Alim bəy 8-9 nəfərlə şam etməyə gəldi. O, musiqiçilərə müraciət edərək, "Qarabağ şikəstəsi" istədi. Necə oxuduğumu deməyəcəm, amma Alim Qasımov ifamı o qədər bəyəndi ki, bir "paçka" pulu başımdan tökdü. Hələ ünvanıma nələr dediyini söyləmirəm. Mənim üçün Alim bəy kimi muğam ustadının sənətimi dəyərləndirməsi nəyə desən dəyər. Onu coşdurmaq hər müğənniyə nəsib olmur. Çox sənətkarlar sənətimə qiymət veriblər. Hamısı da indi məni görəndə danlayırlar ki, niyə efirdə görünmürəm. Elə primadonnamız İlhamə xanım da hər görəndə bu sualı verir. [b]- Çox imkansızsınız? [/b] - Vaxtilə Aygün Kazımova, Nazpəri Dostəliyeva, Zülfiyyə Xanbabayeva kimi öndə gedən müğənnilərlə bir səhnəni paylaşmışam. Özümə görə pərəstişkarlarım olub. Heç vaxt sənəti atıb onları məyus etmək istəmərəm. İmkan tapıb yenə də efirlərə çıxacağam. Amma yaxşı reklam üçün yetərli vəsaitim yoxdur. Bunu yalnız sponsor gücünə etmək olar. Efirə çıxmayanı itirib-axtaran da olmur. Guya, bəzi televiziya və radio kanalları pulsuzdur. Amma iş həqiqətə keçəndə maneələr yaranır. [b]- Aradan xeyli vaxt keçib. Zaman Sizin əvvəlki keyfiyyətlərlə yenidən böyük səhnələrə çıxmanıza əngəl yaratmayıb ki? [/b] - Xeyr. Hisslərim də, həvəsim də yerindədir. Əvvəlkindən də daha peşəkar oxuyuram. Çünki heç zaman bir yerdə dayanmamışam. Evdə də olsam, hər zaman öz üzərimdə çalışıram, məşq edirəm. Yeri gələndə, toylara, banketlərə, restoranlara da gedirəm. Sadəcə, efirə çıxa bilmirəm. Türkiyənin dev müğənnisi Ajda Pekkan 73 yaşında müasir estradanın nəbzini tutur. O, heç zaman dəbdən düşmür. Belə sənətkarlardan nümunə götürmək lazımdır. Lazım olsa, mən də gənclərin nəbzini tuta bilərəm. Amma özümə uyğun gözəl mahnı tapa bilmirəm. [b]- Estrada ifaçıları arasında kimləri bəyənirsiniz? [/b] - Xoşladığım müğənnilər gündəmə çıxa bilmirlər. "Yeni ulduz" müsabiqəsində Ülviyyə adlı qız var idi. İt-bat oldu. İlhamə Qasımova da yaxşı müğənnidir, amma hit mahnıları yoxdur. "Avrovizion"dakı Ayseli də bəyənirəm. Amma o da gözə dəymir. Kişilərdən kimi deyim? Gərək, çox fikirləşim... Samir Bağırovla, İlqar Xəyalı bəyənirəm. [b]- Onlar artıq 20 ildən çoxdur səhnədədirlər. [/b] - İndikilərdən kimi deyim?! Nə oxumaqları, nə də "vid-fason"ları məni qane etmir. Hamısı balacadır. Səhnəyə hündürboy kişi daha çox yaraşır. [b]- Son vaxtlar müğənnilərimizin imici ilə bağlı çox mübahisələr olur. [/b] - Özünü biədəb hala salan müğənnilərə hörmətim yoxdur. Çənəsində keçi kimi saqqal saxlayıb sırqa taxan, nazik, uzun bakenbardı olanlara kişi kimi baxa bilmirəm. İfaları da ürəyəyatımlı deyil. Belələri xarici müğənniləri misal çəkirlər. Amma xarici müğənnilər ilk növbədə oxumaqları ilə "partlayış" edirlər. İmic sonrakı məsələdir. O ki qaldı Samir Bağırova, onun sənəti imicinin qarşısına pərdə qoyur. [b]- Roza xanım nələrisə planlaşdırırmı? [/b] - Depressiyada olsam da, böyük arzularım, böyük planlarım var. İmkanım olarsa, onları həyata keçirəcəyəm. Həm də onu da bildirmək istəyirəm ki, yaxşı sənətkarlar həyalı olurlar, yerli-yersiz özlərini gözə soxmağı sevmirlər. Şirvanda Kamandar adlı əla müğənni var. Amma efirə çıxmaq imkanı yoxdur. Vecsiz müğənnilərdənsə, onun, mənim kimi müğənnilərə şərait yaratmaq lazımdır. Efirə çıxsam, bəlkə sponsor da tapılar. [b]- Sponsorları daha çox gənc xanımlar maraqlandırır. [/b] - Sponsor cavanlığa deyil, sənətə önəm verməlidir. Əslində, cavan, gözəl, amma sənəti olmayan qızlara arxa duranların pulu batır. Təəssüf ki, səsi, istedadı olmayan Nura kimi müğənnilər meydanda at oynadır. Bir çoxlarının adları da yadımda qalmır. Heç onları tanımaq belə istəmirəm. Efirdə görəndə televizoru söndürürəm. [b]- Allah qismət edərsə, Roza xanım tamaşaçılar qarşısına hansı imicdə çıxmaq niyyətindədir? [/b] - Vaxtilə necə qəbul olunmuşamsa, elə. Mənə başqa cür saç üslubu yaraşmır. Saç formamı dəyişəndə hiss edirəm ki, qəbul olunmuram. O ki qaldı geyimə, heç vaxt açıq-saçıqlığı sevməmişəm. [b]- Meydanı yenidən ələ ala biləcəyinizə əminsinizmi? [/b] - Mən həmişə özümə arxayınam. Harda meydan olsa, çıxıb sözümü deyə bilərəm. [b]- Elə isə, nə əcəb, "Toylar kraliçası" müsabiqəsinə qatılmadınız? [/b] - Xəbərim olmayıb, yoxsa canla-başla iştirak edərdim. [b]- Demək olar ki, Sizinlə həmyaşıd Ruhəngiz Allahverdiyeva nisbətən gənc həmkarları ilə yarışmağı özünə sığışdırmadı. [/b] - Orada ayıb olacaq heç nə yox idi. Bu, sənət yarışıdır. Sənət yarışından çəkinmək olmaz. Təcrübə rol oynasa da, sənət yaşa baxmır. Mən heç vaxt geri çəkilməzdim. Çünki kimsədən qorxmuram! [b]Elşad ÜMİD [/b]

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:20 14.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA