30-10-2009 [07:28]
Efirdə tez-tez görünməyi sevməyən elit-star ləqəbli müğənni Cəmilə xanımın yaradıcılığında nə kimi yeniliklərin olduğunu öyrənmək üçün onunla görüşdük. Sənətçi müsahibəsində həm sənəti, həm də şou-biznesimizin bu günkü durumundan danışdı.
[b]- Cəmilə xanım, efirlərdən qaçırsınız. Olmaya incik düşmüsünüz? [/b]
- Xeyr. Sadəcə, bəziləri kimi, özümü gözə soxmağa ehtiyac görmürəm. Reklamsız da işlərim pis getmir. Həm də ki, adam atası evinə də gec-gec gedəndə hörmətli olur. Biz də efirə çıxmaqla sanki insanların evinə qonaq gedirik. Onlar bizi tez-tez görəndə iyrənməyə başlayırlar. Buna görə də çox zaman bir sıra verilişlərə çıxmaqdan imtina edirəm. "El içində" verilişinə İlhaməgillə çıxdıqdan sonra Elçin mənə neçə dəfə zəng etdi, imtina elədim. Dedim, sənin verilişinə reytinq gətirmək istəmirəm, kiməsə nəsə dedirdib məndən istifadə edirsən. Dilarənin, Turanın da verilişinə çıxmıram. Mən əsəblərimi qoruyuram. Günaşırı efirə çıxıb, "al, acı da, şirin də olsam, məni yeməlisiniz",- deməklə hörmət qazanmaq olmaz. Belələri ürək kardioqramması kimi qalxıb-düşürlər. Mən isə eyni nəbzlə vururam.
[b]- Bəziləri efirə çıxmayanların simiclik etdiyini deyirlər... [/b]
- Çox verilişlər məni pulsuz çağırır. Amma pulsuzdur deyə, əsəblərimi gərginləşdirmək istəmirəm.
[b]- Abır-həyalarından qorxub efirə çıxmaqdan imtina edənlər də var. [/b]
- Belə şeylər məni qorxutmur. Məni təzədən almayacaqlar, yoxsa 2 yazacaqlar? Mənə başqasının fikri vacib deyil. Ürəyim istəyəni edirəm. Özümü vətən yolunda fəda edərəm, sənət üçün yox.
[b]- Sənət üçün nəsə edirsiniz? [/b]
- İmkan daxilində ildə bir dəfə albom buraxıram. Mahnılarımın sevilməsindən şad oluram. Bu, o deməkdir ki, Cəmilə yaşayır - kiminsə evində, kiminsə maşınında, kiminsə ofisində, kompüterində... Bu, mənə ləzzət edir. İndiyə kimi belə davam etmişəm, bu mənə ölüncə bəsdir. Mən nömrə bir olub, partlatmaq istəmirəm. Bu vəziyyətimdə də düşmənlərim az deyil.
[b]- Cəmilə xanım özünümüdafiə mövqeyinə keçməyib ki? [/b]
- Allahdan başqa heç kimdən qorxmuram. Nazir deyiləm ki, stulumu əlimdən alsınlar. Mən sözümü deyənəm. Heç kimi vecimə almıram. Həmkarlarıma hörmətlə yanaşmağa çalışıram. Amma onlar başqa şeydirlər, mən başqa şey. Mən "yevropeyski" qadınam. Rusiyada böyümüşəm, rus tərbiyəsi, rus məktəbi görmüşəm. Mən başqa insanam. Məni onlara qoşma, nolar!
[b]- Rəfiqəniz və həmkarınız Zahidə Günəş ifa tərzini ondan götürdüyünüzü deyir.[/b]
- Daha heç kimlə "podruqa"lıq etmirəm. Mənə heç kim lazım deyil. Allah da təkdir. Təklik hər şeydən gözəldir. Tək olsan, başın da dinc olar. Zahidə Günəş isə xəstədir, fikir verməyin.
[b]- Demək olar ki, hər albomunuza rep sintezi daxil edirsiniz. Repdə nə görmüsünüz? [/b]
- Repi çox sevirəm. Rep mənim canımdır. Mən çox emosional, temperamentli qızam... Səhnədə oxuyuram, rəqs edirəm. Sırf estrada müğənnisiyəm. Təzəlikcə "Səbuhi" studiyasında "Təkcə səninəm" adlı yeni albomum çıxıb. Bu alboma da Oqtay Nəbzlə iki rep parçası daxil etmişik.
[b]- Vaxtilə yalnız Səməd Səmədova məxsus "Toylar kralı" titulunu indi daha iki nəfər bölüşür. Siz necə, "elit-star" titulunuzu bölüşməyə hazırsınızmı? [/b]
- Elit-star bir dənə olub, bir dənə də öləcək. "Mənəm" deyib sinəsinə döyən - Aygün Kazımova, Zülfiyyə, Xumar - kimi olur olsun - mənim kimi 4 dildə təmiz danışıb oxusa, gəlsin, bölüşək. Manana rus, ingilis dillərində təmiz oxuyur, amma azərbaycanca "axsayır". İstər Xatirə, istərsə də Rəqsanə olsun - hamısı rayon adamlarıdır, ləhcə ilə danışan, "az-sektor" qurtaranlardır. Mənlik deyillər. Özümə rəqib görmürəm. Heç biri məndən ağıllı ola bilməz. Prodüserim də, impressariom da, imicmeykerim də özüməm. Mənim vaxtilə ayaq dırnağımın bildiyini, indikilərin başı bilmir. Mənə ancaq pul umanlar yanaşır, xeyir verən, nəsə bir şey eləmək istəyən yoxdur. Şükür Allaha, televiziyalar, jurnalistlər nömrəmi bilirlər. Köməkçi ancaq boğazıma şərikdir və üstəlik, mənə mane olur. Mənim dünyagörüşümlə onunku bir deyil. Mən dünya görmüşəm. Dünya!
[b]- Adlarını sadaladığınız sənətçilər ən bahalı bəstəkarlar, rejissorlarla işləyirlər. [/b]
- Nə olsun? Klip nəyimə lazımdır? Təzə başlamıram ki? Təntənəli şəkildə klip təqdimatını ilk dəfə mən keçirmişəm. İndi "göylə gedən" Teymur Əmrah da özünü yerə sürtürdü ki, aparıcı olsun. Elə bilir hər şey unudulur. Qoy gedib özünə ağıl duası yazdırsın. Hazırda nə klip çəkdirirəm, nə də onu efirə verirəm. Amma bütün mahnılarım telefonlardadır, dillərdə əzbərdir. 5 ildir "Zəngimsell"də birinci "qızıl onluq"dayam. Neynirəm, klip çəkdirim, kimlərsə pul yesin?! ATV-yə də 5 min verim göstərsinlər. Mənim mahnım onsuz da tutur. Bilsəm ki, televiziyalar klipimi pulsuz verərlər, 15-30 minə elə klip çəkdirərəm ki, Madonna yalan olar. Bu nə zəmanədir, nə vətəndir - biz yaşayırıq? Azərbaycana qurban olum! Amma dünyanın heç yerində belə şey yoxdur ki, pul verib mahnı yazdırasan, klip çəkdirəsən, hələ üstəlik pul da verəsən ki, səni göstərsinlər. Televiziyalar pulsuz olanda, mən də yeni klip çəkdirərəm. Efirdə elə şəxslərin klipi verilir ki, adamın əti tökülür.
[b]- İndi kinoya çəkilmək də dəb düşüb... [/b]
- Kinoya da çəkilməyə "oxot"um yoxdur. O yaşım deyil ki, meşələrə, küçələrə düşüm. Nədir ki, məni göstərəcəklər - yağışda, qarda aylarla sürünüm. Bizdə kinoya çəkilməyə pul vermirlər. Nəyimə lazım? Ölmürəm özümü gözə soxmaq üçün! Həyatımı qurmuşam, ailəm, oğullarım, gəlinlərim, 4 nəvəm, ev-eşiyim, bağ-maşın, ad-sanım, toylarım, banketlərim... Heç nəyə ehtiyacım yoxdur! İnsana həyatda nə lazımdır - varımdır. İldə bir dəfə xaricə uçuram - oğlumun, bacımın yanına. Bilet də pulsuzdur - böyük oğlum aviakampaniya rəhbəridir.
[b]- Bir ara həyat yoldaşınızla münasibətləriniz korlanmışdı. Hazırda vəziyyət necədir? [/b]
- Tək-tək yaşayırıq, çünki mən günortaya kimi yatıram. O isə səhər 8-də durur. Amma tez-tez bir yerdə oluruq. Sabah bağdayıq. O da balaca adam deyil, çox vaxt respublikada olmur. Demək istəyirəm ki, hər ikimiz daima evdə ola bilmirik. Biz xaricilər kimi yaşayırıq.
[b]- Əriniz müasir həyat tərzinizlə barışıb? [/b]
- Mən dünyaya belə gəlmişəm, belə də öləcəyəm. Ailəm məni olduğum kimi qəbul edir. Hər halda, ikiüzlü deyiləm, bəziləri kimi efirdə bir cür, həyatda başqa cür ola bilmərəm. Ürəyim istəyəndə şortik də geyirəm. "Kupalnik"lə şəkillərim çıxdı, çox müzakirə etdilər. Heç nəyə peşman deyiləm. Əcəb edib çəkdirmişəm. Bədənimlə də, özümlə də fəxr edirəm. Fiquram superdir - 90-60-90. Kimin xoşu gəlir baxsın, gəlmir, baxmasın. 21-ci əsr, demokratiyadır. Müğənnilərimiz var - qarınları qabağa, dalları geriyədir. Yoxsa onlarda yaxşı görünəcək? Mentalitet deyənlər, başlarını bağlasınlar, bu, mənlik deyil!
[b]- Gələn il deputat olmaq istəyiniz barədə demişdiniz... [/b]
- Bu fikrim çoxdan var idi, amma gözləyirdim müəyyən yaş həddinə çatım. Mütləq deputat olacağam, vaxtını isə Allah-Təala deyəcək. Bəndə plan qura bilməz. Planı Allah qurur. Vaxtı çatanda, zəng edib deyəcəklər ki, gəl. Nizami rayonunda YAP-ın üzvüyəm, özüm də aktivəm. Vətənə xidmət borcumdur.
[b]- Gələn il Aygün Kazımovanın "Avroviziya" müsabiqəsində iştirak edəcəyi haqda xəbər yayılıb. İlhamə Quliyeva da yaxşı maliyyə olsa, bu yarışmada iştirak etməyə hazır olduğunu deyib.[/b]
- İlhamə xanım güclə yeriyir. Aygün isə nə qədər əməliyyat olunsa da, yaş özünü göstərir. Bu, onun hərəkətlərində də hiss olunur. Mən şəxsən getmirəm. Aysel kimi 18-20 yaşında yaraşıqlı qızlar-oğlanlar getsinlər, biz də onlara dəstək verək. Nə "Avroviziya", nə də başqa müsabiqələr mənlik deyil. Hələ vətənində tanın, sevil, pulunu qazan - bu, daha böyük şərəfdir.
[b]Elşad ÜMİD[/b]