Leyla Əliyeva: "Məqsədimiz Rusiyada yazayan gənclərimizin zəngin mədəniyyətimizi layiqincə təmsil etmələrinə nail olmaqdır"

img

29-10-2009 [03:59]


Moskvada, "Yunost" mehmanxanasında Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının (RAGT) sədri Leyla Əliyevanın Moskvanın və Rusiya regionlarının ali təhsil məktəblərinin azərbaycanlı birinci kurs tələbələri ilə görüşü olub. RAGT-ın sədri Leyla Əliyeva ali təhsil ocaqlarında tədris ilinin başlaması münasibətilə onları təbrik edərək bildirib ki, Rusiya ali məktəblərində təhsil almaq imkanı onların gələcəyini qurmaq üçün güclü başlanğıc, əsaslı bazadır. Onun sözlərinə görə, təkcə təhsil prosesi deyil, öz nəslinin nümayəndələri ilə ünsiyyət, dostluq, həmrəylik, dostların və mehriban insanların dəstəyini və qayğısını hiss etmək də vacibdir. Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının məhz bu məqsədlə yaradıldığını xüsusi vurğulayan L.Əliyeva, qurumun Rusiyanın 60 regionundan gənclərin iştirakı ilə keçirilən təsis qurultayından ətraflı söhbət açıb. Gənclər təşkilatının başçısı bildirib ki, RAGT fəal və uğurlu iş aparır. O deyib: "Gənclərimizin ünsiyyət saxlamaları, müsabiqələrdə iştirak etmələri, maraqlı xəbərlərin müzakirələrinə qatılmaları üçün qurumun saytı yaradılıbr. RAGT Rusiya ali məktəblərinin rəhbərliyi ilə yaxından əməkdaşlıq edir. Onların əksəriyyətində, özü də təkcə Moskvada deyil, Rusiyanın bir çox regionlarında da azərbaycanlı tələbə klubları artıq fəaliyyət göstərir və açılmaqdadır. Hərəkatımız daim inkişaf edir, dostlarımızın və məsləkdaşlarımızın sayı getdikcə artır. Məqsədimiz Rusiyada yaşayan gənclərimizin Azərbaycanın zəngin mədəniyyətini, qədim tarixini, milli ənənələrini layiqincə təmsil etmələrinə nail olmaqdır". Leyla Əliyeva diqqəti belə bir fakta yönəldib ki, hər il Rusiyanın bir çox ali məktəblərində Azərbaycan mədəniyyəti və tolerantlıq günləri, həftələri, konfranslar keçirilir, konsertlər, fotosərgilər təşkil olunur. RAGT hər il Xocalı faciəsinə həsr olunmuş konfranslar keçirir. RAGT-ın xeyriyyəçiliyə böyük diqqət yetirdiyini bildirən Leyla Əliyeva iki dəfə təşkil olunan və indən belə hər il keçiriləcək "Qanın milləti yoxdur" aksiyasını, gənclərin uşaq evlərinə, qocalar və əlillər üçün evlərə baş çəkdiklərini xatırladıb. O deyib: "Heç şübhəsiz, gənclərin idman və intellektual nailiyyətləri, ŞHK komandalarının çıxışları, nərd turnirləri, "Nə? Harada? Nə vaxt?" oyunu qurumun diqqət mərkəzindədir. Baharın sonunda Heydər Əliyev kuboku uğrunda mini-futbol çempionatı keçirmişik. Çempionatda Moskvanın 16 ali məktəbi iştirak etmişdir. Bu turnir hər il keçiriləcəkdir". RAGT-ın başçısı qurumun gələcək planları barədə məlumat verərək bildirib ki, Azərbaycan dili, tarixi, ədəbiyyatı, milli rəqsləri siniflərinin, habelə Moskvada Azərbaycan məktəbinin açılması nəzərdə tutulur. Leyla Əliyeva deyib: "Bugünkü görüş belə bir əminlik yaradır ki, biz vahid komanda ola bilərik və birlikdə xeyli faydalı və xeyirxah iş görə bilərik, çünki sıralarımız getdikcə genişlənir. Təkcə Moskvada RAGT üzvlərinin sayı artıq mini ötmüşdür, bütün Rusiyada isə minlərlə məsləkdaşımız vardır. RAGT qurumun üzvü olan və olmayan azərbaycanlı gənclərin hamısına kömək etməyə hazırdır. Biz bütün ideyalarınızı, təşəbbüsləri dəstəkləməyə hazırıq. Tələbələrimiz üçün əlavə stimul kimi əlaçıların mükafat fondunu təsis etmişik. Mükafatlar təhsil ilinin sonunda veriləcəkdir". Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu çıxışında Azərbaycan gənclərinin vahid çoxşaxəli ümumrusiya təşkilatında toplamaq məqsədi daşıyan fəal vətəndaş mövqeyinə görə Leyla Əliyevaya minnətdarlığını bildirərək deyib ki, Rusiyanın bütün regionlarında gənclər RAGT-ın yaradılmasını və irimiqyaslı fəaliyyətini alqışlayırlar. MDBMİ-nin xarici tələbələrin təhsili kafedrasının dekanı Vladimir Şışkin, Seçenov adına Moskva Tibb Akademiyasının prorektoru Renat Alyautdin, Moskva Dövlət Hüquq Akademiyasının beynəlxalq əlaqələr şöbəsinin rəisi Nikolay Molçanov çıxış edərək, Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının və ali məktəblərdəki azərbaycanlı tələbə klublarının fəailiyyətini yüksək qiymətləndiriblər. Sonra RAGT-ın sədri Leyla Əliyeva və səfir Polad Bülbüloğlu gənclər təşkilatının gələcək planları və tədbirləri ilə bağlı tələbələrin suallarına cavab veriblər.

Digər xəbərlər
SON XƏBƏRLƏR