Siyasi məhbuslarla bağlı tədbirdə alternativ Mətbuat Şurasının yaradılması da təklif edildi

img

27-10-2009 [05:21]


Bu gün Azərbaycan Media Mərkəzində Hüquq Müdafiə təşkilatlarının Monitorinq Qrupunun təşəbbüsü ilə Beynəlxalq Siyasi Məhbus gününə həsr olunmuş dəyirmi masa keçirilib. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı bildirib ki, belə tədbirlər tez-tez keçirilməlidir. Onun sözlərinə görə, Avropa İnsan Hüquqlarına müraciətlər siyasi məhbus problemini azalda bilər: ?Hesab edirəm ki, Azərbaycanın müstəqilliyi dövründə həcminə görə, ən böyük repressiya 2003-cü il 15 oktyabr Prezident seçkiləri ərəfəsinə təsadüf edir. Elə ən böyük işgəncələrin verilməsi də o dövrə təsadüf edir. Mən şəxsən 11 dəfə həbsdə olmuşam. 14 saylı cəzaçəkmə müəssisəsində vəziyyət daha acınacaqlı idi. İki nəfərin bir-birilə söhbət etməsinə də imkan verilmirdi. Lakin biz orada bu qanunu ləğv etmiş olduq?. A.Hacılı deyib ki, mövcud iqtidar vətəndaşların azad sözünü və fikrini mənimsəyərək tapdalayır. O, təklif edib ki, siyasi məhbuslarla bağlı kitab buraxılsın. Bundan əlavə, siyasi məhbuslarla yanaşı bütün məhbusların hüquqları daha əhatəli şəkildə qorunsun. Vəkil Fuad Ağayev isə son illər repressiya məsələsinin daha da aktuallaşdığını nəzərə çatdırıb. Onun sözlərinə görə, belə bir vəziyyətin mövcudluğu Azərbaycanın beynəlxalq arenadakı imicinə mənfi təsir göstərir: ?Bundan əlavə, hesab edirəm ki, bəzi qanunsuz qərarlar çıxarmış hakimlər qınaq obyektinə çevirərək ifşa edilməlidir?. Vəkil İsaxan Aşurovun fikrincə, həbsxanaya düşən ictimaiyyətə qəhrəman kimi təqdim edilməməlidir: ?Etiraf edək ki, sırf siyasi məhbus azdır. Mənə elə gəlir ki, siyasi məhbusları qruplara ayırmaq lazımdır. Eyni zamanda hesab edirəm ki, bu cür tədbirlər daha intensiv keçirilməlidir. Biz daha çox repressiyaya məruz qalan ölkə və xalqıq. Çalışmaq lazımdır ki, bütün bunları beynəlxalq aləmə təqdim edə bilək?. Hüquq müdafiəçisi Arzu Abdullayeva isə Azərbaycanın 2003-cü ildən Avropa Şurasında siyasi məhbuslarla bağlı götürdüyü öhdəliyi xatırlatdı. Onun sözlərinə görə, bu məsələlər hələ də həllini tapmayıb: ?Azərbaycanın iqtisadiyyatı inkişaf etsə də, insan hüquqları bərbad vəziyyətdədir. Sanki biz feodalizm dövründə yaşayırıq. Adam var ki, müxalifyönlü fikrinə və ya müxalifyönlü qəzetləri oxuduğuna görə işlərindən azad ediliblər. Nə vaxtsa bütün bu məsələlər həllini tapmalıdır?. Satirik Mirzə Sakit isə bildirib ki, bütün beynəlxalq təşkilatlar Azərbaycanda siyasi məhbusların mövcudluğu ilə bağlı bəyanatlar səsləndirsələr də, təəssüflər olsun ki, ölkəmizdə bu sarıdan heç bir irəliləyiş yoxdur: ?Bu gün 3 jurnalistimiz hələ də həbsxanadadır. İndiyə qədər Mətbuat Şurasının sədri Əflatun Amaşov deməyib ki, həbsdə olan jurnalistlər qərəzli şəkildə tutulublar. Heç bir jurnalist Əflatun Amaşova etimad göstərməməlidir. O, bəyanat verməlidir ki, həbsdə olan jurnalistlərimiz peşə fəaliyyətinə görə həbs ediliblər. Ancaq inanmıram ki, o, bunu desin. Heç bir jurnalist deyə bilməz ki, Ə.Amaşov o yerə layiqdir. Biz tez bir zamanda alternativ Mətbuat Şurası yaratmalıyıq?. M.Sakit deyib ki, həbsxanadakılar pul verməsə, onları hətta tibb məntəqəsinə də buraxmırlar: ?Hüquqlarımızın bu şəkildə tapdalanması isə ?yuxarılardan? qaynaqlanır?.

Digər xəbərlər
SON XƏBƏRLƏR