Sevimli sənətkarımız Ramiz Əzizbəyli yataq xəstəsidir

img

30-09-2009 [04:56]


Xalq artisti Ramiz Əzizbəylinin xəstəliyindən, hətta iki dəfə cərrahiyyə əməliyyatı olunduğundan xəbərimiz var idi. Lakin əvəzedilməz sənətkarımızın vəziyyətinin bu dərəcədə ağır olduğunu düşünmürdük. Aktyorun yataq xəstəsi olduğunu eşidib, onunla telefon vasitəsilə əlaqə saxlayıb, baş çəkmək istədiyimizi bildirdik. ?İstəmirəm məni yataqda görəsiniz, Allah qoysa ayağa duraram, görüşərik?, dedi. Amma aktyorun yataqdan durması üçün, tələb olunan cərrahiyyə əməliyyatlarını keçirməlidir. Bu əməliyyatlar isə külli miqdarda vəsait hesabına yalnız xaricdə baş tuta bilər. Aktyor isə vəsaitsizlik ucbatından 50 gündür yataqdadır. Bağırsaq xəstəliyindən savayı, onurğasında problemi olan sevimli rejiossorumuz, bu səbəbdən başını belə dikəldə bilmir. Vəziyyətin ciddiliyini nəzərə alıb, aktyorun təkidlərinə baxmayaraq ona baş çəkməyi qərara aldıq. Qapıda bizi qarşılayan xanımı və qızı xalq artistinə kömək etmək məqsədilə reportaj hazırlamaq istədiyimizi biləndə gözlərində ümid işıltısı yandı. Xanımı Ramiz Əzizbəyliyə gəlişimizi bildirdikdə aktyorun ?dedim axı gəlməsinlər?, dediyini eşitdik. Buna baxmayaraq, xalq artistinin yatdığı otağa daxil olduq. Hər zaman üzügülən, yaşayıb-yaratmaq eşqi ilə coşub-daşan Ramiz Əzizbəylidən əsər-əlamət yox idi. Bizi görən kimi ?Mən ölməyə hazırlaşmıram ki, vəsiyyət edim. Bu nə təlaşdı axı, sağalaram, müsahibə ğötürərsiz?, dedi. Hələ fotoqrafımızı görəndə daha da pis oldu: ?Bu vəziyyətdə şəklimi çəkməyin. Mən bəy nəslindənəm, heç kimdən sədəqə istəmirəm?. Başının üstündəki Quran kitabını göstərib ?ancaq Allahımdan kömək gözləyirəm. Mən mədəniyyət nazirimizdən də, dövlət başçımızdan da razıyam. Onlar məni araşdırıb tapdılar, fəxri ad, ev verdilər. Mən günahı yerli orqanlarda görürəm. Çox qəribədir, niyə rəhbərliyə çatdırmırlar ki, Ramiz xəstədir? İki ilə yaxındır şəxsi hesabıma müalicə olunuram. Türkiyədə əməliyyatımla bağlı klinikaların birində oldum. Çarpayının bir sutkası 120 avro idi. Yataq xəstəsi olduğuma görə xanımım yanımda qalmalıdır. Həkimlər dörd ay xəstəxanada yatmaq lazım olduğunu dedilər. Sutkası 240 avrodan dörd ay mənim üçün böyük məbləğdir. Baloğlan Əşrəfovla, Yaşar Nuriyevin bəxti gətirdi, onlara yüz il ömür arzulayıram. Maşınımı, xanımımın zinət əşyalarını satıb xərcləmişik. 62 yaşın içindəyəm, hələ də təqaüd almıram. Heç olmasa prezident təqaüdü versələr, az da olsa özümə köməyim dəyər. 1957-ci ildən bu sənətdəyəm, yaşım da çatıb. Bəs mənə nə vaxt təqaüd verəcəklər? Yəqin ölməyimi gözləyirlər?, dedi. Sənətkarın vəziyyətini ictimaiyyətə çatdırmaq üçün birtəhər dilə tutub şəklini çəkə bildik. İstədik ki, aidiyyatı orqanlar və kömək etmək istəyənlər sənətkarımızın ağır vəziyyətindən hali olsunlar. Qeyd edək ki, ömrünü teatra və kinoya həsr edən istedadlı sənətkar kino, teatr və televiziyada müxtəlif səpkili, parlaq və tamaşaçı tərəfindən sevilən obrazlar yaradıb və filmlərə quruluş verib. O, irili-xırdalı 30-a yaxın bədii filmdə, "Mozalan" satirik kinojurnallarında yadda qalan və sevilən obrazlar yaradıb, 1000-dən çox xarici filmlərin Azərbaycan dilinə dublyajına əmək sərf edib. 1987-ci ildə "Debüt" studiyasında çəkdiyi "Pirverdinin xoruzu" qısametrajlı bədii filmi ilə o, rejissorluq fəaliyyətinə başlayıb. Film bir neçə Beynəlxalq kinofestivalda müvəffəqiyyətlə iştirak edib, Kiyev şəhərində keçirilən Ümumittifaq festivalda isə rejissor debütünə görə mükafata layiq görülüb. 1992-ci ildə isə "Bəxt üzüyü" tammetrajlı bədii filmini çəkib. Film kinoteatrlarda nümayiş olunan ən baxımlı kassa filmi və yeni tariximizdə çəkilən ilk ən gəlirli kino işi kimi yadda qalıb. Film Daşkənddə keçirilən Asiya və Latın Amerikası ölkələrinin kinofestivalında xüsusi diploma layiq görülüb. Rejissor olduğu "Yalan" bədii filmi isə Qarabağ probleminə, onun törətdiyi faciələrə həsr edilib. Sevimli sənətçimizə Allahdan şəfa diləyirik. anspress

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:20 14.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA