Xalq artistləri Flora Kərimova və Faiq Ağayevin məhkəmə prosesi keçirilib

img

14-08-2009 [08:21]


Bu gün Yasamal Rayon Məhkəməsində hakim Elçin Qurbanovun sədrliyi ilə xalq artistləri Flora Kərimova və Faiq Ağayevin məhkəmə prosesi keçirilib. Məhkəmə qızğın mübahisə şəraitində keçib. Proses ərəfəsində tərəflər bir-birlərini əxlaqsızlıqda və mənəviyyatsızlıqda suçlayıblar. Prosesdə iştirak edən İslam Partiyasının sədri Tahir Abbaslının vəkili Yunus Vəliyev xalq artisti Faiq Ağayevin imamlarımızın adından öz mənafeyinə görə istifadə etməsinə etirazını bildirib. Flora Kərimovanın vəkili Qurban Məmmədov Faiq Ağayevin öz bəyənnaməsində məqsədli şəkildə Flora Kərimovanın dilindən imamlarımız haqqında təhqiredici ifadəri yaymaqla müsəlmanlarda Flora Kərimovaya qarşı nifrət yaratmaq, işgüzar nüfuzuna xələl gətirmək və bununla onun həyatının təhlükə qarşısına qoyulması üçün edilmiş bir addım kimi qiymətləndirilməsinin və böhtan kimi qəbul olunmasını tələb edib. Faiq Ağayevin şahidləri qismində iştirak edən köməkçisi Oqtay Quliyev və səs rejissoru Cahangir Əliyev Faiq Ağayevin sözlərinin doğruluğunu və Flora Kərimovanın həqiqətən də imamlarımız barədə təhqiredici ifadələr işlətdiyini təsdiqləyiblər. Flora Kərimova çıxışını rus dilində başladıqda, F.Ağayev ?Azərbaycan Məhkəməsində dövlət dilində çıxış edilməlidir? deyə etirazını bildirib. F.Ağayevin vəkili Kamil Məmmədov çıxışında F.Ağayevin F.Kərimova haqqında yaydığı açıqlamaların müdafiə xarakterli olduğunu söyləyib. Daha sonra F.Kərimova F.Ağayevi əxlaqsızlıqda suçlayıb. Flora Kərimovanın vəkili tərəflər arasında baş verən sonuncu insidentdə iştirak edən müğənni Əli Mirəliyevin şahid qismində məhkəməyə çağırılmasını istəyib. Böhtanlara dözmədiyini və bunun davam edəcəyi təqdirdə Faiq Ağayev F.Kərimovanın qanun çərçivəsində cəzalandırılmasına nail olacağını qeyd edib. Çıxışının sonunda müğənni F.Ağayev hakim Elçin Qurbanovdan İslam Partiyasının sədri Tahir Abbaslının, həmçinin F.Kərimovanın ona qarşı qaldırdığı mülki iddiaların təmin olunmamasını tələb edib. Bununla belə Faiq Ağayev öz iddiasının təmin olunmasını və F.Kərimovanın onun anasından və özündən üzr istəməsinin təmin olunmasını tələb edib. Avqust ayının 21-də 09:30-da keçiriləcək növbəti məhkəmə prosesində işlə bağlı qətnamə çıxarılacaq. Qeyd edək ki, fevralın 26-da Yasamal Rayon Məhkəməsində hakim Svetlana Əhmədovanın sədrliyi ilə keçirilən məhkəmədə Faiq Ağayevin hərəkətlərində cinayət xarakterinin olmadığı sübuta yetirilmiş və Flora Kərimovanın şikayəti ilə bağlı müraciətin müddətinin gecikməsi əsas gətirilərək iddiası təmin olunmamışdı. Bununla razılaşmayan F.Kərimova Apellyasiya Məhkəməsinə müraciət etmişdi. Xatırladaq ki, iyulun 18-də Apellyasiya Məhkəməsində Flora Kərimovanın Faiq Ağayevə qarşı iddiası üzrə məhkəmə prosesi olub. Məhkəmə F.Kərimovanın Ağayevə qarşı qaldırdığı iddiasını təmin edib. Flora Kərimova Faiq Ağayevə qarşı CM-nin 147.2 (böhtan) və 148-ci (təhqir, kütləvi informasiya vasitəsində şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma) maddələri ilə xüsusi ittiham qaydasında cinayət işinin başlanması və onun məsuliyyətə cəlb olunmasını istəyirdi. Qeyd edək ki, xalq artisti Faiq Ağayev və onun vəkili Kamil Məmmədov 18 iyun 2009-cu il tarixində Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət işləri üzrə məhkəmə kollegiyasına kassasiya şikayəti ilə müraciət ediblər. İşə 6 oktyabr 2009-cu ildə Ali Məhkəmədə baxılacaq. /ANS PRESS/

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:20 14.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA