02-08-2009 [07:06]
[b]"Şirvanlılar bir tərəfə, qarabağlılar bir tərəfə, bakılılar isə digər tərəfə yığılıblar"[/b]
Heydər Əliyev Sarayında "Cavad xan" filminin təqdimatı oldu. Cavad xanın həyat yoldaşı rolunda əməkdar artist, tanınmış muğam ifaçısı Nuriyyə Hüseynova göründü. Maraqlıdır, muğam ifaçısı belə bir məsuliyyətli rolun öhdəsindən necə gəlib?
- Hələ "Azərbaycanfilm" kinostudiyasında "Cavad xan" filminin ekranlaşdırılması söhbəti gedirdi. Gözlənilmədən filmin rejissoru Rövşən Almuradlı məni studiyaya dəvət edib, Cavad xanın həyat yoldaşı obrazını mənə həvalə etdi. Yaradıcı heyət Azərbaycan xanımının tipik surətini və xarakterini nədənsə mənədə görüb. Mən də təklifi qəbul etdim. Şükufə xanımın rolunun öhdəsindən nə dərəcədə gəlmişəmsə, onu tamaşaçı və kinoşünaslar deyəcək. Belə məsuliyyətli orbazı mənə həvalə etdiklərinə görə, hər kəsə təşəkkür edirəm.
[b]- Belə bir məsuliyyətli rolun ifasına razılaşarkən... [/b]
- Mən, filmdə aktyorluq etməmişəm. Sırf Azərbaycan xanımının evində, ailəsində necə bir xanım olmasını, idarəçiliyini göstərmişəm. Bu, rol deyil. Rol olsaydı, bəlkə də qəbul etməzdim. Çünki mənim təbiətimdə aktyorluq edib, cilddən-cildə girmək yoxdur. Həyatda olduğum kimiyəm.
"Cavad xan" tarixi bir filmdir. Onun həyat yoldaşı namuslu, qeyrətli, dürüst, ərinə sədaqətli olub. O, Cavad xanla həmişə hədəfi bir yerə vurub. Hələ filmin çəklişlərinə başlamazdan öncə belə bir fikir səslənib ki, Cavad xanın həyat yoldaşı obrazına elə bir xanım seçilməlidir ki, sabah kimsə həmin şəxsə görə bizə irad tuta bilməsin.
Çox sevinirəm ki, Azərbaycan ictimaiyyətində mənim böyük nifuzum var. Musiqiçilərdən, müğənnilərdən söz düşəndə adım qürurla çəkilir. Bir qadın kimi bu mənə bəs edər. Belə bir cəmiyyətdə bu nüfuzu qazanmaq çətin işdir.
Bir məsələni də xatırlatmaq istəyirəm ki, mən, Şükufə rolundan çox Leyli obrazını oynamağı arzulamışam. Təəssüflər olsun ki, iş başında oturan şəxslər buna imkan vermədilər.
[b]- Opera və Balet Teatrındakı "Leyli"lərdən nəyiniz əskikdir? Səsiniz, çöhrəniz, yoxsa... [/b]
- Hamı mənə "niyə Leyli rolunda oynamamısınız",- sualını verir. Nə edim, gecə-gündüz efirlərdə qalası deyiləm ki? Əgər məni Opera və Balet Teatrına dəvət etsəydilər, bu, mənim üçün xoş olardı. Amma bunu etmədilər. Hər bir işin, vəzifənin başında oturan rəhbər daima axtarışda olmalıdır. Kabinetdə gün keçirməklə iş bitmir.
İkinci tərəfdən, birindən tutub durmaq olmaz. Bu gün səhnəmizdə 19-20 yaşında gözəl "Leyli"lər var və kimlərinsə görməməzliyi ucbatından onlar itib-batır. Amma "Leyli"ni onlar oynamalıdır. Üzeyir bəyin qəhrəmanı 40-50 yaşlı sənətkar deyil, 19 yaşlı bir qadın olmalıdır. Hətta 30 yaşlı "Leyli" belə, bizə lazım deyil.
[b]- Bəs, muğam sənətində özünüzü hansı bölgə məktəbinin davamçısı sayırsınız? [/b]
- Heç bir məktəbin və bölgənin nümayəndəsi deyiləm. Azərbaycan incəsənətinin, musiqisinin, mədəniyyətinin nümayəndəsiyəm. Hər bir xalqın musiqisi, adət-ənənəsi elə onun özünü tərənnüm edir. Musiqimizdə bir əxlaq, bir tərbiyyə var. O əxlaqdan azca yana çıxanda başqalaşırıq. Çünki musiqimizin ladının özəlliyi var. Bu çərçivədən kənara çıxmaq qeyri-mümkündür. Orada bir həya, ismət var.
Naxçıvanda bir cür, mənim doğulduğum Ordubadda isə tamam başqa bir ləhcə var. Şamaxının, Şirvanın, Qarabağın, Bakının və Şəkinin də həmçinin. Şirin ləhcələrə baxmayaraq, bizim hər birimiz azərbaycanlıyıq. Hamı bir-birini başa düşür.
Avaz deyilən bir anlayış var, hər kəs onu ifa tərzinə salıb. Qarabağ məktəbinin yetirmələri "Şahnaz" mağamının sonunu necə ifa edir? Yaxud Bakı məktəbi "Qatar" muğamının sonluğunu necə oxuyur? Bölgəsindən və məktəbindən asılı olmayaraq, hamı eyni başlıqla başlayıb, eyni sonlunqa bitirir. Burada nə məktəb? Sadəcə, ifalarda, tərzlərdə, avazlarda fərq var. Hərə öz elinin, yurdunun abı-havasını ifasına, zəngulələrinə gətirib və həmin ləhcə ilə də muğam oxuyur. Ən qəribəsi də odur ki, bəziləri öz elinin ləhcəsini ifasına gətirməklə iddia edir ki, bu, Qarabağ, yaxud da Şirvan məktəbidir. Amma avaz və ona olan münasibət insanları üz-üzə qoyub.
[b]- Bu avaz muğam ifaçılarına lazımdır? [/b]
- Xeyir.
[b]- Bəlkə səbəbini açıqlayasınız? [/b]
- Qarabağ, Şirvan və Bakı məktəbi deyib,- bir-birimizi gözümüz götürmürsə, yaxud da "biz olan yerdə siz kimsiniz",- deməklə özümüzü gözə soxuruqsa, bu məqamda biz bir ola bilmərik. Yerlipərəstlər, regionçular "məktəb" sözünü ortaya atmaqla təkcə özlərini deyil, bütöv Azərbaycanı parçalayırlar. Bizsə Azərbaycan naminə birləşməliyik. Xalq, klassik musiqi və muğamların inkişafından ötrü birləşiriksə, bəs, bu ayrıseçkilik nə üçündür?
Muğam sənətində parçalanma və qruplaşma hədsiz dərəcəyə çatıb. Şirvanlılar bir tərəfə, qarabağlılar bir tərəfə, bakılılar isə digər tərəfə yığılıblar. Mən isə naxçıvanlıyam. Bu bölgünün bünövrəsini qoyub və getdikcə möhkəmləndirməyə çalışanlara deyirəm ki, naxçıvanlıyam deyə, bu sənətdən getməliyəm?
[b]- Fikrinizcə, bu ayrıseçkiliyi kimlər salır? [/b]
- Bu ayrıseçkiliyi salmağa çalışanlar dövlətdən hər şey-fəxri ad, ev və s. alanlardır. Qruplaşmaları, regionçuluğu konsertlərdə görəndə, adam sarsılır. Amma buna yol vermək lazım deyil.
[b]- Bunun üçün necə çalışmaq lazımdır? [/b]
- Hamı şəxsi marağını kənara qoymalı, xalqın hədəfi bir olmaladır. Siyasətçi öz siyacəti, musiqiçi də musiqisi ilə məşğul olsa, yaxşıdır. Şəxsi maraqlar, regionçuluq ayaq açıb yeriməməlidir. Hədəfi bir yerə vurub, bir amal uğrunda mübarizə aparsaq, daha yaxşıdır. Problemlərin yaranmasının isə bir səbəbi var.
[b]- Hansı səbəbdir? [/b]
- İşini bilməyən işini bilənlərə ağalıq edir. Elə insanlar var ki, onun qarnı doysa da, gözü doymur.
[b]- Sizin bu yaxınlarda "Savalan" qrupu ilə Amerikaya səfəriniz hansı məqsədi daşıyırdı?[/b]
- İnsanları birliyə səsləməyə. O tayda olan soydaşlarımızın acınacaqlı həyat tərzi, öz ana dilində danışıb-yazmaması, mədəniyyətlərinə sahib çıxa bilməməsi faciə deyilmi? Bu taydan kim gedirsə, həmin problemləri görür... Bunun özü bir ürək ağrısıdır. Oradakı soydaşlarımızın heç biri bizim kimi sərbəst, mədəniyyəti, tarixi, musiqisi, keçmişi ilə məşğul ola bilmir. Bundan ağır dərd varmı?
[b]- İstər "Savalan" qrupu, istərsədə Qədim Musiqi Alətləri Ansamblındakı ifalarınızda ağrı-acı hiss olunur... [/b]
- İnsanın arsızı olduğu kimi, musiqinin də arsızı var. Musiqi ya əyləndirməli, ya da düşündürməlidir. Təəssüf ki, elə musiqilər var, nə əyləndirir, nə də düşündürür. Şübhəsiz, insan əyləncəli musiqi olmadan da yaşaya bilməz. Bədbin, ruhumuzu qəm-qüssəyə kökləyən musiqilərlə yaşaya bilmərik. Onda həyat maraqsız olar. Həm də ritmik, şən musiqilərə qulaq asmalıyıq. Bəzi musiqilərdə isə kədər yoxdur, sadəcə, insanları düşündürməyə sövq edir. İnsanın yatmış hisslərini, sevgisini oyadır. Musiqi var ki, onda ilahi sevgi duyulur. Onu dinlədikcə Allaha daha yaxın olub, Onu daha çox sevirsən.