26-07-2009 [06:45]
[b]"O budan oğurlayır, bu da ondan. Hamısı da bir-birinə bənzəyir. Bununla da musiqimizə ziyan vururlar" [/b]
Firəngiz Əlizadənin Bəstəkarlar İttifaqına sədr seçilməsindən iki il ötür. Görəsən, mərhum sənətkar Vasif Adıgözəlovun sağlığında bəzilərinin "ölü qurum" adlandırdığı ittifaqı Firəngiz xanımın "dirildə" bilibmi?
"Bəstəkarlar İttifaqında çox şey dəyişilib",-deyən bəstəkar Tahir Əkbərlə söhbətimiz də əsasən bu mövzudadır.
[b]- Tahir müəllim, dəyişiklik deyəndə nəyi nəzərdə tutursunuz? [/b]
- Buna hətta dəyişilik yox, inkişaf edib desək, daha yaxşı olar. Hər bir dövrün öz tələbləri var. Bəstəkarlara dövlət tərəfindən imkan yaradıblar. Prezident təqaüdü, fəxri adlar, mükafatlar və s. verilib. Bu böyük köməkdi. Maddi durum düzələndə insanda işləmək həvəsi yaranır. Sifarişlə yazılan musiqilər kənarda qalır. Halbuki, dünənə qədər bütün bəstəkarlar sifariş ardınca düşmüşdülər. Düzdür, bu problem bu gün də davam edir.
Bundan başqa, bəstəkarlar üçün Dəvəçidə gözəl bir yaradıcılıq kompleksi tikilir. Həm də bəstəkarların əvvəlki binası özlərinə qaytarılıb, yenidən təmir olundu. Bu inkişaf deyilsə, bəs nədir?
[b]- Bəstəkarlar İttifaqı 75 illik yubileyinə hansı uğurla gedir? [/b]
- Təntənəli yubiley mərasimi keçiriləcək. Cəmiyyətdə yaranan bütün problemlər ittifaqın diqqətindədir. Deməzdim ki, cəmiyyətdən və problemlərdən kənarda qalmışıq. Bizə dövlətin bir səlahiyyəti lazımdır.
[b]- Hansı səlahiyyəti? [/b]
- Mütləq Bədii Şura yaranmalıdır. Yalnız bundan sonra cəmiyyət bu problemlərdən xilas ola bilər. Düzdür, elə insanlar var ki, "Bədii Şura" sözündən xoflanır, qorxur. Odur ki, onları bu qorxudan xilas etmək lazımdır.
[b]- Necə, hansı yolla? [/b]
- "Bədii Şura" sözünü ekspert qrupu-sənətkar rəyi ilə əvəzləmək mümkündür. Gözəl sənətkar rəyinə hər zaman ehtiyac duyulur.
[b]- Rəhmətlik Vasif Adıgözəlovun sağlığında bir qrup gənc bəstəkar Bəstəkarlar İttifaqını "ölü qurum" adlandırırdı. İttifaqın yeni rəhbəri Firəngiz Əlizdə həmin qurumu "dirildə" bilibmi? [/b]
- Mən başa düşə bilmirəm ki, gənc bəstəkarlar nə istəyirlər? Nədir onların tələbləri? Bəstəkarlıq məktəbində mahnı kimi çətin janr yoxdur. Hər bəstəkar isə mahnı janrında işləyə bilmir. Həmin gənclərin dillər əzbəri olan mahnıları varmı? İnsan əvvəl özünü təsdiqləyər, sonra mənəm-mənəm deyər.
[b]- Sözlərinizdən belə çıxır ki, bəstəkarların əksəriyyəti mahnı janrında işləyə bilmir. Sizcə, buna səbəb nədir? [/b]
- Çünki bu janr çətindir. Elə bəstəkar var ki, heç kəs onu tanımır. Amma böyük simfoniya və başqa əsərlərin müəllifidir. İndikilərə isə simfoniya deyəndə gülürlər. Ona görə ki, təlabat yoxdur. Hanı o simfoniyalar? Hansı səhnələrdə səslənir? Günün təlabatı mahnıdır. Bu janrda işləyən bəstəkarlar isə üzdədir. Özü də barmaqla sayılası qədərdir.
İnsanların ürəyinə körpü salmaq üçün mahnı janrına əl atmaq lazımdır. Çünki gözəl mahnı ürəyi titrədir. Bir var yüngül mahnılar, bir də var düşündürən musiqilər. Demokratik cəmiyyət bizə bunu öyrədir. İstər peşəkar olsun, istərsədə qeyri-peşəkar, mahnı janrında işləyənlər kütlə ilə hesablaşmalıdır. Bax, buna görə də onlar bizim kimi bəstəkarları qısqanır.
Vasif Adıgözəlov özündən sonraya tarix qoyub gedib. Onun böyük əsərləri ilə yanşı, dillər əzbəri olan mahnıları da var. Sənəti olan adam həmişə diqqət mərkəzində olub. Həm də elə problemlər var ki, bu ittifaqlıq deyil.
[b]- Nədir həmin problem? [/b]
- Bu yaşa çatmışam, hələ də fəxri ad almamışam. Elə bilməyin ki, bu, belə qalacaq. Nə vaxtsa, mən də layiq olduğum fəxri adımı alacam. Adımı mahnılarımla qazanmışam. Bəstəkarın adının arxasında sənəti durmalıdır. Sənət yoxdursa, o ad heç kəsə lazım deyil.
[b]- Yuxarıda sənətkar rəyindən də danışdınız. Kamal ləqəbli bəstəkar Kamaləddin Heydərovun mahnılarına necə rəy verərdiniz? [/b]
- Bir var peşəkar, bir də var qeyri-peşəkar. Amma elə istedalı insanlar var ki, onlar ortaya peşəkarlardan da gözəl əsərlər qoyurlar. Populyar mahnılar yazır, zamanla həmin mahnılar dillər əzbəri olur. Deməli, istedad var. İstedad olmayan yerdə heç nə kara gəlməz. Kamal müəllim də belə istedadlılardandır. İşini görür və onun bəstəkarlara meydan oxumaq məqsədi yoxdur. Əksinə, bəlkədə dəstək olmaq fikrindədir. O, ürəyini mahnılarda tapır. Musiqilər onun həmdəmidir. Bu qədər işlərinə baxmayaraq, vaxt tapıb populyar mahnılar yazırsa, ona minnətdar olmalıyıq.
Aramızda elə bəstəkarlar var ki, illərdir işini dondurub, orda-burda gün keçirirlər. Dövlət üçün iş görmürlər, amma vəzifəyə gələndə özlərini irəli verirlər. Mahnı janrı isə səmimilik tələb edir. Kamal müəllimin bütün mahnıları göz qabağındadır. Belə bir məsəl var, "görünən dağa nə bələdçi". Gəlin, bir-birimizi inkar etməyək. Bizim böyük bəlamız bilirsiniz nədir?
[b]- Nədir? [/b]
- Yaxşıya pis demək, pisə isə yaxşı. Hər birimiz yaxşı işi inkar etməyə çalışırıq. Lazımi anda susuruq. Diqqətsizlik, biganəlik axırımıza çıxacaq. Yaxşıya yaxşı, pisə pis deməliyik. Deyə bilmərik ki, qeyri-peşəkarların hamısı yaxşıdır. Onları araşdırmalıyıq, aralarında istedadlılar da var. Yazırlar, amma bəstəkar olmaq fikirləri yoxdur.
[b]- Mahnı yazırlar, amma söz düşəndə özlərini bəstəkar hesab etmirlər. Qeyri-peşəkarlar ittifaqa üzv ola bilərmi? [/b]
- Belə bir məhdudiyyət yoxdur, təki istedad olsun. Bir neçə bəstəkar tanıyıram, onlardan heç biri bəstəkarlıq üzrə ali təhsil almayıb. İstedadına isə söz ola bilməz. Nə olsun ki, qeyri-peşəkardırlar? Dillər əzbəri oln mahnıların sahibləri peşəkarlığa tərəf bir adam atmalıdır. Bu, onların inkişafı üçündür. Deməli, istedadı olanlar mütləq bəstəkar dərsi alıb, məsləhətləşməlidir.
[b]- Həmkarınız Eldar Mansurov ittifaqda keçirilən iclasların birində Musiqili Verilişlər Departamentinin rəhbərlərini savadsızlıqda ittiham etdi... [/b]
- Hər bir kanalın öz meyarı var. Demokratik cəmiyyətdə yaşayırıq, meydanı bölüşməliyik. Sözə, musiqiyə, ifaçılığa baxanlar ayrı-ayrı adamlardır. Əfsus ki, indi o nəzarət yoxdur. Təbii ki, nazarət lazımdır və bu məsuliyyəti ilk növbədə televiziyalarda musiqi verilişinin rəhbərləri hiss etməlidir. Çünki musiqi gənclərin zövqünü formalaşdırır. Təsadüfü adamlar isə bəstəkarlara meydan oxuyur. Onlar xalq bəstəçisidir. Ümumiyyətlə, bizim ölkədə bəstəkarlıq asan peşəyə çevirilib. Kim istəsə yazır. Amma onlar tanınmış bəstəkara müraciət edib, hansısa məsləhəti almayıb. Hansı bir bəstəkar həvəskar diş həkiminə etibar edər? Heç kəs. Kim həyatını həvəskar pilota etibar edər? Mahnı da onun kimi. Zövqlər formalaşır, meyar dəyişir, mənəviyyat isə itir. Bu, ən böyük fəlakətdir. Naşılar cəmiyyəti məhvə aparır.
[b]- Eldar Mansurov haqlıdır, ya yox?.. [/b]
- Bu, çoxdanın mövzusudur. Hər bir telekanalda ekspert qrupu yaranmalıdır. Və bu qruplarda peşəkarlar - şeir, musiqi, ifadan başı çıxanlar təmsil olunmalıdır. Səsi olmayan bizə meydan oxuyur. Səslənən musiqilərin 90 faizi oğurluqdur. O budan oğurlayır, bu da ondan. Hamısı da bir-birinə bənzəyir. Musiqimizə ziyan vururlar. Deyəndə də çığır-bağır salırlar ki, demokratiyadır. Bəyəm demokratiya hərci-mərcilikdir? Bəlkə birinin ifası başdan-ayağa söyüşdür? Onu efirə vermək olmaz axı. Buna nəzarət lazımdır, ya yox? Onlar efir vasitəsilə səviyyəsiz musiqini camaata sırayırlar. Əvvəllər səviyyəsiz toy mahnıları vardı, amma bir il yaşamadı... Məsələn, "Çimnaz xanım" mahnısı; hansı şadlıq evinə girirdin bu düşük mahnı səslənirdi. Hanı o mahnı? Belə mahnılar zamanın süzgəcinə tab gətirə bilmir. Amma biz bunu zamanın ümidinə qoymamalıyıq.
Əslində, Eldar Mansurov çox gözəl məsələyə toxunub. Amma iş təkcə bununla bitmir. Biz ümumilikdə nəsə etməliyik, əl-ələ verib ölçü götürməliyik.
[b]- Bəstəkarların cürət edib deyə bilmədiklərini muğam ifaçısı Canəli Əkbərov dilə gətirdi. Efirdə Ədalət Şükürovun "Ay qız keçmə bizim məhlədən" mahnısına irad bildirdi. [/b]
- Adama qayıdıb deyirlər ki, sən kimsən, mən səndən yüz dəfə yaxşıyam. Yan tökül. Ədalət Şükürov istedadlı oğlandı. Xalq yaradıcılığından çıxan Qulu Əsgərov, Bəhram Nəsibov, Ələkbər Tağıyev kimi insanlara Allah vergi verib. Musiqi təhsili olmayan bu kəslər sənətə Allah vergisi ilə gəlib. Əgər bülbül oxuyursa, qarğaya nə gəlib? Qarğanın bülbüldən nəyi əskikdir? Nəzrət olmasa, "qarğa"lar bizə meydan oxuyacaq. Bu, böyük problemdir.
[b]- Necə düşünürsünüz, Firəngiz Əlizadə bu problemləri həll etmək gücündə deyil? [/b]
- İttifaq ictimai bir qurum, qeyri-hökumət təşkilatıdır. Dövlət qurumu deyilik ki, nəsə bir qərar verək. Ancaq tövsiyyə verə, yaxud da kimisi tənqid edə bilərik. Təəssüflər olsun ki, bu fərmanı çıxara bilmirik. Əgər Firəngiz xanıma "Bədii Şura yarat",- desələr, təbii ki, yaradar və ətrafına sözünü demiş bəstəkarları yığar. Səviyyəli bir qurum yaranar. Bu iş üçün sadəcə, fərman lazımdır. Mənim başqa bir təklifim də var...
[b]- Təklifiniz nədir? [/b]
- Müsabiqələr yayımlanır. İştirakçılar arsında istedadlı və istedadsızlar var. Təklif edərdim ki, qeyri-peşəkarlardan ibarət xalq yaradıcılığı janrında müsabiqə keçirilsin, münsüflər heyətində isə sənətkarlar otursun. Onların bəstələrini biz müzakirə edək. Bəlkə o musiqilər oğurluqdur? İfaçılar kimi bəstəkarları da tapıb üzə çıxarmalıyıq. Onların arasında elə qeyri-peşəkar olar ki, gözəl bir əsər, opera yazar. Beləliklə, biz bayağı və zövqsüz əsərlərin qarşısını ala bilərik.
[b]Bahar RÜSTƏMLİ[/b]