BMT təmsilçisi Verena Linneveber Umud Rəhimoğlu ilə görüzdü

img

24-07-2009 [07:19]


BMT-nin İnkişaf Proqramının qrup rəhbəri Verena Linneveber Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının sədri, Azərbaycan Mətbuat Şurasının sədr müavini və Beynəlxalq Avrasiya Mətbuat Fondunuın rəhbəri (BAMF) Umud Rəhimoğlu ilə görüşüb. BAMF-ın ofisində keçirilən görüşdə U.Rəhimoğlu əvvəlcə rəhbəri olduğu qurum haqqında qonağa ətraflı məlumat verərək bildirib ki, Beynəlxalq Avrasiya Mətbuat Fondu 1992-ci ildə dövlət qeydiyyatına alınmış müstəqil qeyri-hökumət təşkilatıdır. O, BMT-nin İqtisadi Sosial Şurasının (ECOSOC), ABŞ Dövlət Departamentinin Özəl Tərəfdaşlıq Proqramının, Qaçqınlar və Sığınacaq Axtaranlar üzrə Avropa Şurasının (ECRE), Beynəlxalq Sülh Bürosunun, Beynəlxalq Mətbuat İnstitutunun üzvü olduğunu deyib: ?BMT-nin Azərbaycan üzrə İnkişafa Yardım Çərçivə Sənədinin (UNDAF) Matris Nəticələri, Monitorinq və Qiymətləndirmə Çərçivəsinin (2011-2015-ci illər) hazırlanması prosesində bu il iyunun 11-dən başlayan görüşlərdə BAMF-da idarəçilik və iqtisadi inkişaf məsələləri üzrə işçi qruplarında yaxından iştirak etdi. Sənəddə medianın inkişafı istiqamətinə nisbətən az yer ayrılması diqqətimizi çəkdi, bu istiqamətdə təkliflərimizi bildirdik. Mediaya daha çox diqqət ayrılmasının Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafında böyük əhəmiyyət daşıdığını vurğulamaqla yanaşı, ölkəmizdə yaranan yeni bir qurumun - Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun və Azərbaycan Mətbuat Şurasının da adının tərəfdaşlar sırasına salınmasını təklif etdik. Eyni zamanda, görüşdən sonra bu barədə şəbəkədə olan, çərçivə sənədini hazırlayan işçi qrupunun rəhbərliyinə və bütün üzvlərinə məktubla müraciət edərək bir daha bunu onların diqqətinə çatdırdıq?. Məhz bu təkliflərlə əlaqədar U.Rəhimoğlu ilə görüşdüyünü qeyd edən xanım V. Linneveber yeni yaranan qurumun və Mətbuat Şurasının mandatı, statusu, əsas fəaliyyət istiqamətləri, ümumulikdə Azərbaycanda çağdaş medianın vəziyyəti ilə maraqlandığını bildirib. U.Rəhimoğlu Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun, Azərbaycan Mətbuat Şurasının yaranması və fəaliyyəti barədə qonağa ətraflı məlumat verib: ?Kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyinin əsas məqsədi vətəndaş cəmiyyəti quruculuğu prosesində onların mühüm rolunu nəzərə almaqla fikir, söz və məlumat azadlığını inkişaf etdirmək, kütləvi informasiya vasitələrinin müstəqilliyini dəstəkləmək, redaksiyalara yardım mexanizmini təkmilləşdirmək, kütləvi informasiya vasitələri arasında səmərəli əməkdaşlığı gücləndirmək, jurnalistlərin peşəkarlığının və məsuliyyətinin artmasına şərait yaratmaq və digər zəruri məsələlərdən ibarətdir. Yeri gəlmişkən, Milli Mətbuat Günü ilə əlaqədar Sizin də qatıldığınız tədbirdə Azərbaycanın 39 informasiya qurumunun hər birinə 10 min AZN məbləğində birdəfəlik yardım göstərildi. Hazırda ölkə KİV-i arasında layihə müsabiqəsi keçirilir. Layihə təkliflərinin qəbulu bu ayın sonunda yekunlaşacaq. Avqust ayında layihə təklifləri ekspertlər tərəfindən qiymətləndiriləcək və seçilən layihələr ilin sonuna kimi icra olunacaq.? Söhbətdən məmnun qaldığını deyən V. Linneveber görüşün nəticələri barədə BMT-nin İnkişaf Proqramının rəhbərliyini, həmkarlarını məlumatlandıracağını, sözü gedən çərçivə sənədinə KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun və Azərbaycan Mətbuat Şurasının adının da tərəfdaş təşkilat kimi salınmasının mümkünlüyü ilə bağlı şəbəkə daxilində bu təklifi dəstəkləyəcəyini bildirib. Azərbaycana növbəti dəfə sentyabr ayında, daha uzunmüddətli səfərə gələcəyini qeyd edən xanım V.Linneveber ölkə mətbuatının çağdaş durumu ilə daha yaxından tanış ola biləcəyinə və bu istiqamətdə sözügedən qurumlarla daha yaxından əməkdaşlıq edəcəyinə əminliyini vurğulayıb. Xatırladaq ki, xanım V.Linneveber BMT-nin İnkişaf Proqramının Baş Qərargahından sözügedən sənədin hazırlanmasında iştirak etmək üçün Azərbaycana gəlib. Görüşdə BAMF-ın beynəlxalq məsləhətçisi cənab Lütfil Kəbir də iştirak edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR