Demokrat Partiyası Milli Mətbuat günü ilə bağlı jurnalistləri təbrik edib

img

20-07-2009 [09:05]


İki gündən sonra Azərbaycanda milli mətbuatın yaranmasının 134-cü il dönümüdür. Azərbaycan Demokrat Partiyası xalqımızı və bütün KİB-də çalışan peşə sahiblərini milli mətbuatımızın yaranması münasibəti ilə təbrik edir. Əsası 134 il bundan əvvəl görkəmli maarifçi və demokratik dünyagörüşün banilərindən sayılan Həsən bəy Zərdabi tərəfindən qoyulan milli mətbuatımız ağır, məşəqqətli, lakin şərəfli bir yol keçərək inkişaf etməkdədir. İctimai həyatın güzgüsü sayılan mətbuat hər bir xalqın tarixində mühüm rol oynamış, xalqın, millətin oyanışında, onun cəhalət və xurafatdan qurtulmasında müstəsna xidmətlər göstərmişdir. Ondoqquzuncu yüzilliyin car Rusiyasının müsəlman şərqində hər cür cəhalətin norma kimi beyinlərə yeridildiyi, azadfikirliyin, yeni məfkurənin qadağan edildiyi bir zamanda yaradıcısı və müəllifi özü olan Həsən bəy Zərdabinin açdığı ?Əkinçi? qəzeti sözün əsil mənasında xalqımızın beyninə maarifçilik toxumları əkən, onu əkinçi zəhməti ilə becərib milli ruhumuzun bəhrəsinə çevirən bir işıq kimi parladı. İki il ağır şəraitdə və çar senzorlarının təzyiqi altında gərgin fəaliyyət göstərən ?Əkinçi? özündən sonra bu günə qədər davam edən böyük bir maarifçilik məktəbinin əsasını qoydu. Bu gün Azərbaycan mətbuatı əldə etdiyi nailiyyətlərə, böyük jurnalistlər dəstəsinin yetişməsinə və hər cür çətinliklərə rəğmən mətbuatımızın inkişaf və tərəqqisinə görə məhz Həsən bəy Zərdabiyə və onun miras olaraq bizə qoyub getdiyi maarifçilik məktəbinə borcludur. ADP 134 il bundan əvvəl başlanan peşəkar mətbuat işinin davamçıları olan KİV əməkdaşlarını milli mətbuat günü münasibəti ilə təbrik edir onlara söz və mətbuatın basqısı altında olan Azərbaycanda peşə fəaliyyətlərini ləyaqətlə davam etdirməyi və milli mətbuatın qarşısinda duran müasir vəzifələri vicdanla yerinə yetirməyi arzulayır. Təəssüflə qeyd olunmalıdır ki, bu gün milli mətbuatımız öz tarixinin ağır günlərini yaşayır. Hər cür siyasi, iqtisadi təzyiqlər altında fəaliyyət göstərməyə məcbur olan müstəqil demokratik mətbuat mənsubları sözün həqiqi mənasında fədakarlıq və qəhrəmanlıq nümayiş etdirirlər.

Digər xəbərlər
SON XƏBƏRLƏR