14-07-2009 [11:53]
Türkiyə milli komandasının və İspaniyanın "Vilyareal" klubunun əsas yarımmüdafiəçisi Nihat Kahveci bu günlərdə 30 yaşında hərbi xidmətə yollandı. Hazırda futbolçu Türkiyənin baş nazirinin oğlu ilə eyni hərbi hissədə qulluq edir. Düzdür, onun hərbi xidmət müddəti cəmi 21 gün olsa da, qardaş ölkə mətbuatı buna çox ciddi maraqla yanaşıblar. Qeyd edək ki, Türkiyə qanunvericiliyinə əsasən 2 ildən artıq ölkədən kənarda işləyən şəxslər daha az müddətə hərbi xidmətdə olurlar. Xatırladaq ki, bir müddət öncə tanınmış müğənni, meqastar Tarkan Tevetoğlunun da hərbi xidmətə yollanması dünya mətbuatında böyük maraq doğurmuşdu.
Bəs, azərbaycanlı idmançılar necə, hərbi xidmətdə olublarmı? Müstəqil İnformasiya Agentliyi də məhz idmançılarımızın hərbi xidmətə gedib-getmədiyini araşdırıb.
Cüdo üzrə milli komandamızın 35 yaşlı kapitanı, Pekin olimpiya oyunlarının bürünc mükafatçısı Mövlud Mirəliyev 1995-99-cu illərdə Kənd Təsərrüfatı Akademiyasını oxuyub. Ali məktəbdə hərbi kafedra olduğundan, bir aylıq kurs keçməklə ehtiyatda olan leytenant hərbi rütbəsi alıb:"Bundan sonra isə Daxili İşlər Hazirliyinin Polis Akademiyasına daxil olmuşam. Hazırda polis mayoruyam, akademiyanın fiziki hazırlıq kafedrasının baş müəllimiyəm".
Ötən ilin ən yaxşı idmançısı, olimpiya çempionu Elnur Məmmədli 2008-ci ilin iyulundan 2009-cu ilin iyuluna kimi Daxili Qoşunlarda qulluq edib. 21 yaşlı idmançı hazırda Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektorudur.
Taekvando üzrə milli komandamızın ən titullu üzvü, bu günlərdə karyerasını başa vuran Hiyaməddin Paşayev 2002-ci ildən 2003-cü ilə kimi Mərkəzi Ordu İdman Klubunda hərbi xidmətdə olub. 29 yaşlı idmançımızın dediyinə görə, hərbi xidmətinin ilk səkkiz ayını əsgər, qalan müddəti isə çavuş kimi qullu edib. O, hərbi xidməttə olarkən də yarışlara qatılıb:"Hərbi xidmətdə olarkən 2003-cü ildə əsgərlərin dünya çempionatına qatılaraq, dünya üçüncüsü olmuşam. 2003-cü ilin oktyabr ayından Sumqayıt Gömrük İdarəsinin mayoruyam. İdmançı olmağım işimə henç bir problem yaratmır. Bacardığım qədər həm işimi, həm də məşqimi idarə edirəm". H.Paşayevin bildirdiyinə görə, artıq karyerasını bitirməyi qərara alıb: "Çünki zədələr imkan vermir. Qadınlardan ibarət taekvando millimizin baş məşqçisi təyin olunmuşam. Çalışacağam ki, mənə göstərilən etimadı doğruldum".
Sambo üzrə dəfələrlə dünya və Avropa çempionatlarının mükafatçısı, milli komandamızın üzvü Zaur Paşayev 1999-2001-ci illərdə Fövqəladə Hallar Hazirliyinin məktəbində təhsil alıb:" Bu məktəbdə hər bir şey hərbi qaydalara uyğundur. Səhər saat 6-da ?qalx? komandası verilir və bundan sonra günün nizam qaydalarına riayət olunur. Eynən əsgərlik kimidir. 2001-ci ildə həmin məktəbi leytenant rütbəsi ilə başa vurmuşam. Hazırda Fövqaladə Hallar Hazirliyinin idman şöbəsinin mayoruyam.
Altı dəfə dünya çempionu (1 dəfə yeniyetmələr arasında, 2 dəfə gənclər, 3 dəfə böyüklər) Hakim Həzərəliyev də hərbi xidmətini Mərkəzi Ordu İdman Klubunda keçib. 2004-2005-ci illərdə vətənə qulluq edən ali təhsilli idmançı həmin vaxt heç bir rütbə daşımayıb. Lakin hazırda Daxili İşlər Hazirliyinin "Dinamo" İdman Cəmiyyətinin Şirvan şəhəri üzrə bölməsinin rəhbəridir.
Taekvando üzrə milli komandamızın digər üzvü Təvəkkül Bayramov hərbçilərin arasında dünya çempionu, 2007-ci ildə Çində keçirilən dünya çempionatının ikincisi, Avropa çempionatının mükafatçısı, Dünya kubokunun üçüncüsü 2002-2003-cü illərdə hərbi xidmətdə olub:"1998-ci ildə ali Bədən Tərbiyəsi və İdman Akademiyasına daxil olmuşam. Amma əsgərlikdə heç bir rütbəm olmayıb. 2005-ci ildən Dövlət Gömrük Komitəsinin kapitanıyam. Dənizdə işləyirəm".
Qaydasız döyüş üzrə dünya çempionu, pankratyon federasiyasının prezidenti Azad Əsgərov 1989-91-ci illərdə Rusiyanın paytaxtı Moskvada hərbi xidmətdə olub. Əsgərlik dövründə heç bir rütbəsi olmayan idmançı Raket qoşunlarında qulluq edib:"İndi də heç bir rütbəm yoxdur. Pankratyon federasiyasının prezidentiyəm, başqa iş yerim yoxdur". İdmançı gənclərə tövsiyyə verməyi də unutmadı":Tövsiyyəm odur ki, hər kəs əsgərliyə getsin. Əsgərlik həyat, kişişlik məktəbidir. Çox istərdim ki, Azərbaycanda qulluq edim. Əgər bu ölkənin suyunu içib, çörəyini yeyirəmsə, bura nə isə xeyrim dəyməlidir. Gedib başqa dövlətə qulluq edincə, öz dövlətimizə edərdik. İstərdim ki, nə isə xeyrimiz dəyirsə də, Azərbaycana dəysin".
27 yaşlı olimpiya və dünya çempionu Fərid Mansurov 2002-ci ilin oktyabrından 2003-cü ilin oktyabrına kimi hərbi xidmətdə olub. Təfəkkür universitetinin nəqliyyat fakültəsini bitirən güləşçi əsgərlikdə heç bir rütbə daşımayıb. Ancaq hazırda Vergilər Hazirliyinin birinci dərəcəli hüquqşünası, kapitandır. Qeyd edlək ki, F.Mansurov 2007-ci ildən vergi orqanlarına işə qəbul olunub. Dünya və olimpiya çempionu da gənclərə tövsiyyə verdi:"Hərbi xidmətə getmək hər birimizin borcudur. Gərək idmaçılar da öz qulluğunu idman sahəsində eləsinlər. Buna baxmayaraq, hərbi xidmətə getməlidirlər. Ən azı MOİK, Dinamo kimi cəmiyyətldərdə, klublarda xidmət keçməlidirlər".
Taekvando üzrə yığma komandamızın digər üzvü dünya və Avropa çempionatlarının dəfələrlə mükafatçısı Rəşad Əhmədov komanda yoldaşı Təvəkkül Bayramovla həm ali məktəbdə, həm də əsgərlikdə bir yerdə olub. Hərbi xidmətdə olarkən yarışlara qatılan idmançı bu müddətdə Hollandiyada keçirilən hərbçilər arasında dünya birinciliyinin qalibi olub. Ancaq Rəşad Əhmədov ali təhsilli olsa da, bir il 6 ay qulluq edib": Təvəkküllə idman akademiyasında oxuyurduq. Avropa kubokunda iştirak etmək üçün yarışa getdik və qayıdanda gördük ki, bizim hər ikimizi dövlət imtahanından kəsiblər. Sonra diplomumuzu vermədiklərinə görə, orta təhsilli əsgərlərlə bir yerdə 6 ay da xidmət edəsi olduq. Hazırda Gömrük orqanlarında çalışıram və mayor rütbəsi daşıyıram. Hesab edirəm ki, kimliyindən asılı olmayaraq, hər kəs, o cümlədən də idmançılar əsgərlikdə olmalıdırlar".
Karate üzrə 12 qat Avropa, 7 qat dünya çempionu Rafael Ağayev 2007-2008-ci illərdə hərbi xidmətdə olub. Hərbi xidmətinin bir hissəsini Ağcabədidəki H saylı hərbi hissədə, qalanını isə MOİK-də keçirən 25 yaşlı "qızıl oğlan" Dövlət Bədən tərbiyəsi və İdman Akademiyasının məzunudur. Hələlik məşqlərə başı qarışdığını deyən idmançı deyir ki, gələcəkdə hüquq-mühafizə sistemində çalışmaq istəyir:" Gənclərə tövsiyyə edirəm ki, hərbi xidmətə getsinlər. Arzu edirəm ki, onlar bizə Qarabağın işğaldan azad olması xəbərini versinlər, sağ-salamat qayıtsınlar".
[b]İntiqam Valehoğlu[/b]