10-07-2009 [01:13]
Artıq teatr mövsümü bitmək üzrədir. Hətta bir çox sənətçilər indidən istirahətlərini harada keçirəcəklərini də müəyyənləşdiriblər. Amma bunu baxmayaraq, bəzi sənətçilər hələ də iş başındadır. Hazırda ?Azdrama?da çalışan xalq artistimiz Firəngiz Mütəllimova isə yay istirahəti və şəxsi həyatı ilə bağlı Müstəqil İnformasiya Agentliyinin suallarını cavablandırır:
- Azərbaycan teatrlarının Gəncə şəhərində keçirilən festivalından yeni qayıtmışıq. Birinci dəfə idi ki, belə bir festival keçirilirdi. Belə festivalın keçirilməsi teatrlarımızın qədimiliyini, tarixiliyini sübut edir ki, yəni bizdə belə mədəniyyət ocaqları mövcuddur. Hələ ki, tətilə çıxmağa hazırlaşırıq. Yəqin ki, yeni planlar da sentyabrda mövsüm başlayanda olacaq. Oynadığımız əsər isə Bəhram Osmanovun quruluşunda Əli Əmirlinin ?Mesenat? tamaşası idi. Bu tamaşada mənimlə yanaşı xalq artisitləri Nurəddin Mehdixanlı, Şükufə Yusufova, əməkdar artistlər Sənubər İsgəndərli, Mehriban Xanlarova, aktyorlardan Anar Heybətov, Vəfa Zeynalova yer alıblar. Ümumiyyətlə, kütləvi səhnələri çox olduğundan, bu, aktyor heyətinə də təsir göstərir.
[b]- Siz həm də televiziya proqramında aparıcılıq edirsiniz. Bu, teatrdakı fəaliyyətinizə mane olmur ki?[/b]
- İnanırsınız, çox çətindir. Bəzən çox çıxılmaz vəziyətdə qalıram. Hətta bir neçə dəfə istəmişəm ki, ATV kanalından ayrılım. Amma on ildir bu kanalda olduğumdan, onları çox istəyirəm. Əvvəl veriliş həftədə bir dəfə gedirdisə, indi iki dəfə olur. Ona görə də işim lap çətinləşib. Ayrılmaq da olmur. İndi qalmışam belə. Nə qərar verəcəyimi hələ də bilmirəm.
Bildiyiniz kimi, mən, həm də Mədəniyyət və İncəsənət Universitetinin dosentiyəm, orada da çalışıram, tamaşa qoyuram. Hərdənbir deyirəm, yaxşı ki, ailəm yoxdur (gülür). Əgər ailəm olsaydı, məni bu rejimlə bayıra atardılar.
İndi yaydır, çəkilişlər edirik. Özü də mətbəx verilişi olduğundan bu fəsildə çəkilişlər çətin alınır.
Bu yaxınlarda bacım uşaqlarını bir həftəlik İstanbula aparıb orada dincəldik.
[b]- İstirahətdən söz düşmüşkən, yay istirahətinizi necə keçirəcəksiniz?[/b]
- Yay istirahətim Qəbələdə keçəcək. Yenə də bacım uşaqlarını özümlə aparacağam. Yəqin ki, istirahətimiz bir həftə çəkəcək. Çünki nə uşaqlar, nə də mən bir həftədən artıq heç harada qala bilmirik. Hərçənd, bəzi insanlar mənim haqqımda şaiyələr yaymaq istəyirlər ki, guya mən Türkiyədə yaşamaq istəyirəm. Bunu hansı məqsədlə etdiklərini bilmirəm. Amma mən bir həftədən artıq heç bir ölkədə qala bilmirəm. İstanbula gedəndə də günlərimi sayırdım. Hətta dedim ki, bilsəydim bileti beşgünlük alardım. Ola bilsin ki, Qəbələdən qayıdandan sonra Nabrana da getdim. Həftənin şənbə-bazar günlərini Bakıda olsam da, Azərbaycanın səfalı rayonlarını gəzəcəyəm. Şuşa olanda gedib orada istirahət eləyirdim. İki aydan sonra qayıdanda yanaqlarım çəhrayı rəng alırdı. Belə olanda nə maska, nə kosmetoloq lazım gəlmirdi. Şuşanın suyu nəyə desən dəyərdi.
[b]- Bir ara özünüzü həm də müğənni kimi sınasanız da, nədənsə bu işi davam etdirmədiniz. Səbəb nə idi?[/b]
- Bizdə Hidayət Orucovun ?Bu dünyanın adamları? adlı tamaşası qoyulmuşdu. Bəstəkar Eldar Mansurov həmin pyesdəki Sevər obrazına mahnı yazmışdı. O zaman bir az boşluq idi, teatra yeni qayıtdığımdan elə də çox rollar almırdım. Ona görə də Eldar Mansurovun həmin ?Gözlə gələcəyəm? mahnısına klip çəkdirmək qərarına gəldim. Əvvəlcə bu mahnının klipini Şuşaya aid çəkdirmək istədim. Sadəcə olaraq, anama görə bunu etmədim ki, hər dəfə baxanda pis olmasın. Məhz buna görə mövzu dəyişdirildi və uşaq evində çəkməyi qərara aldıq. Bundan sonra Eldar Mansurov mənim üçün daha bir-iki mahnı yazdı. Amma inanın ki, indi zümzümə etməyə belə həvəsim yoxdur. Bir sözlə, müğənnilik məni elə də dərindən maraqlandırmır.
[b]- Hansı rejissorla işləmək Sizə daha xoş və asandır?[/b]
- Elə bir şey yoxdur. Ola bilsin ki, hansısa aktrsa istədiyi rejissorla işləməyi arzulasın. Amma Allaha şükür ki, mən bütün rejissorlarla mütəmadi olaraq işləmişəm. Lakin nəyinsə xatirinə, kiməsə görə mənə rol verilməyib. Mehdi Məmmədovdan tutmuş, Əşrəf Quliyev, Ağakişi Kazımov, Azərpaşa Nemətova kimi işləmişəm. Düzdür, son illər Bəhram Osmanovla yaradıcılıq işlərimiz daha çoxdur. Amma Mərahim Fərzəlibəyovun məktəbini də keçmişəm. Onun quruluş verdiyi neçə tamaşalarda rol almışam. Yəni heç vaxt rejissor barədə əziyyət çəkməmişəm. İndi Mərahim müəllim ?Məhsəti? tamaşası üzərində işləyir. Çoxdandır onunla işbirliyimiz yoxdur və bu tamaşada rol alacağam. Yəqin ki, teatrın təmiri bitənə yaxın bu tamaşa qoyulacaq.
[b]- Həm də pedaqoji fəaliyyətlə məşğulsunuz. Ümidverici tələbələriniz varmı?[/b]
- Mən elə bilirəm ki, 12 tələbəmin hər biri mənim öz balamdır. Heç birini ayıra bilmirəm. Özü də çox xoşbəxtəm ki, tələbələrimin hamısı ardıcıl və həvəslə dərsə gəlirlər. Mən də nə edə bilərəm? Onlara şəkilləri ilə gözəl afişalar çıxarıram, tamaşaya gözəl musiqilər tapıb yazdırıram. Bunun hamısını da öz vəsaitim hesabına edirəm. İstəyirəm ki, onlar həvəslənsinlər, fikirləşməsinlər ki, boşuna gəlib gedirlər. Üçüncü və dördüncü kurslarda onlar iki tamaşa oynayacaqlar. Amma indi etüdlər, tamaşalardan parçalar oynayırlar.
[b]- Sizcə, öyrənmək asandır, yoxsa öyrətmək?[/b]
- Öyrətmək çox çətindir. Yoruluram. Amma ki, buna heç də təəssüflənmirəm. Bəzən hirslənirəm və tələbələrimə deyirəm ki, sizi təhvil verib universitetdən çıxıram. Uşaqlar deyir ki, bilirsiniz nə yaxşı olar. Sizin kimi aktrisanın bir dənə kursu olar, o da biz. Deyirəm yox, yenə də olacaq. Amma siz olmayacaqsınız.
[b]- Yarım əsr ömür yaşamış Firəngizlə gənc qız olan Gülnarı nə fərqləndirir?[/b]
- Məni necə görmüsünüz eləyəm. Yaşım getsə də, ağlım yerində qalır. Yəni ki, şıltaqlığımı heç itirmirəm. Əlli illik yubileyimdə tələbələrimə qoşulmuşdum və elə bilirdim ki, onlarla yaşıdam. Mən tamaşaçıların gözü qarşısında böyümüşəm və yaşımı gizlədə bilmərəm. Fəxr edirəm ki, əlli yaşım var və bunu boşuna yaşamamışam.
[b]- Qocalmaqdan qorxursunuzmu?[/b]
- Yox, qorxmuram. Hər bir yaşın öz gözəlliyi var. Kaş ki, qocalaydım. Qocalmaq ən böyük arzumdur.
[b]- Şəxsi həyatınızda hər şeyi bitmiş hesab edirsinizmi? [/b]
- Yox. Mən həyat yoldaşımdan ayrılandan sonra öz həyatımı bölüşdüyüm, çox istədiyim insan var. Bu artıq 15 ildir. Allah-Təala heç bir qadını tək qoymasın. Sadəcə olaraq, mənim övladım olmadığına və işimin çoxluğuna görə kəbin kəsdirmək haqda fikirləşmirəm (gülür). Kəbin hər şeyi həll eləmir. Əksinə, kəbinsiz insanlar bir-birindən beş əlli yapışırlar ki, birdər çıxıb gedər. Bir az çoxbilmiş olmaq lazımdır. Həmin insan məni dürüst olduğuma görə sevir. Azərbaycanlıdır, məndən iki yaş böyükdür.