ilkin Əhmədov:"Muğamımızın əsasında Seyid Şuzinski məktəbi durur"

img

05-07-2009 [02:43]


[b]"Əgər vaxtilə Seyid və Üzeyir bəy olmasaydılar, bəlkə də bu gün muğamımız yox idi" [/b] 2005-ci ildə keçirilən "Muğam ctar" müsabiqəsində 2-ci yerə layiq görülən gənc xanəndə İlkin Əhmədov qısa müddət ərzində geniş dinləyici auditoriyasının rəğbətini qazandı. Xanəndənin verdiyi müsahibədə söhbətə xarici səfərlərindən başladıq. - İsveç, Hollandiya, Almaniya, ABŞ, Meksika, Yaponiya, Avstriya, Belçika, Belarusda konsertlərimiz olub. Hər yerdə də çox gözəl, maraqla qarşılanmışıq. Gürcüstandan isə yenicə qayıtmışıq. Mədəniyyət və Turizm Nazirliyinin xətti ilə Gürcüstanda Azərbaycan mədəniyyəti günləri çərçivəsində böyük heyətlə Tbilisi, Rustavi və Bolnisidə konsert proqramı ilə çıxış etdik. Anşlaqla qarşılandıq. [b]- Növbəti qastrollar zamanı hər hansı operadan səhnəcik göstərməyi nəzərdə tutursunuz? [/b] - Hələ ki, yox. Klassik muğamımızı trio şəklində ifa etmişik. Konsertlərimizdə həmyerlilərimizlə yanaşı əksər hallarda əcnəbilər də iştirak ediblər. Həddən artıq rəğbətlə qarşılanmışıq. Xaricdən tamaşa ilə bağlı da təkliflər çoxdur. Hazırda bu istiqamətdə müəyyən layihələr üzərində iş gedir. [b]- Opera tamaşalarımızın qastrol səfərinə çıxarılmasına maliyyə problemi əngəl yaratmır ki?[/b] - Yox. Bu işlər dövlət xətti ilə həyata keçirildiyindən maliyyə problemi ola bilməz. [b]- "Leyli və Məcnun" operasında Məcnun roluna dəvət almanız Sizin üçün gözlənilməz olmadı ki? [/b] - Mayın 3-də Opera və Balet Teatrında ilk dəfə Məcnun rolunu ifa etdim. Muğam müsabiqəsinin digər laureatı Vüsalə Musayeva tərəf müqabilim oldu. Bu tamaşaya hazırlıq məşqləri 9-10 ay çəkib. Təbii, gənc olduğumuz üçün həddən artıq həyəcanlı idik. Amma teatrın rəhbərliyi bizə çox qayğı ilə yanaşdı. Tamaşanı mayın 31-də də oynadıq. Çox böyük uğurlar qazandıq. Yaxın zamanlarda tamaşanın DVD-si satışa çıxarılacaq. [b]- Bəzən opera səhnəmizdə bəzi rolları yaşa uyğun bölmürlər. Bununla bağlı nə deyə bilərsiniz? [/b] - Sənətçinin rolun öhdəsindən gəlməyə gücü, potensialı varsa, yaş məsələsi o qədər də önəm daşımır. Allah Lütfiyar İmanova rəhmət eləsin! O, yaşlı çağlarında da Koroğlu rolunun öhdəsindən layiqincə gələ bilirdi. Mənsum İbrahimov isə artıq 107-ci dəfə "Məcnun"u ifa edib. O, bu rolu o qədər gözəl, səlist, cəlbedici ifa edir ki, yaşının gənc olmaması hiss olunmur. Təbii, gənclərə də yer ayırmaq lazımdır. Şəxsən mən rəhbərliyimizdən, ustadım, xalq artisti Arif Babayevdən, Mənsum bəydən tam razıyam. Onlar istedadı olan hər bir gəncə qayğı göstərirlər. Allah hamısına cansağlığı versin. Biz onların qayğısından fərəhlənir və etimadlarını doğrultmağa çalışırıq. [b]- Məcnun rolunu ifa etmək böyük nailiyyətdir. Bəs, digər hansı rolları oynamaq istərdiniz? [/b] - Bu, böyük xoşbəxtlikdir ki, mənə nəsib olub. Muğamımızı dərk edəndən arzum olub ki, "Leyli və Məcnun" operasında Məcnun rolunu ifa edim. Hətta xəyalən bu rolu ifa edirdim. Şükürlər olsun, Allahın qüdrəti, ustad və dostlarımın köməyi ilə bu rolun öhdəsindən gəldim. Operalarımızın hamısı gözəldir. "Aşıq Qərib", "Əsli və Kərəm", "Şah İsmayıl"... İnşallah, bu operaların hamısında özümü sınamaq istərdim. [b]- Bir çox ifaçılar müsabiqələrdə yer tutandan, yaxud da tanınandan sonra yenidən özlərini sınamağa ehtiyat edirlər. Başqa müsabiqələrə qatılmamağınızın səbəbi bu deyil ki? [/b] - İlk böyük uğurum 2005-2006-cı ildə Heydər Əliyev Fondunun dəstəyi ilə keçirilən 1-ci televiziya muğam müsabiqəsində oldu. Hörmətli münsiflər heyətinin qərarı ilə 2-ci yerə layiq görüldüm. Məhz o vaxtdan biz gənclərdə muğam sənətinə daha böyük bağlılıq yarandı ki, bütün potensialımızı muğam sahəsində yeniliklərə yönəldək. Yeri gəlmişkən, gənc muğam ifaçıları adından çox hörmətli xanımımız, millət vəkili Mehriban Əliyevaya minnətdarlığımı bildirirəm. Müsabiqədən bir müddət sonra mənim opera səhnəsində məşqlərim başladı. Bir ilə yaxın məşq prosesi getdi ki, Məcnun obrazı yaradım. Opera çox çətin və məsuliyyətli sənətdir. Burada obrazı yaratmaq üçün hissləri oyatmaq lazımdır. Hərəkətlər, mimikalar, hər bir incəliklə tamaşaçını inandırmaq lazımdır. Tarixi obrazı yaratmaq xüsusilə çətindir. Mədəniyyət və Turizm Nazirliyinin xarici ölkələrdə mütəmadi olaraq həyata keçirdiyi tədbirlərdə də iştrak edirəm. Bu işlər vaxtımı çox aldığından başqa müsabiqələrə qatılmaq barədə düşünmürəm. [b]- Muğama axın bu sənətə qeyri-peşəkarların da gəlməsinə səbəb oldu. Bu məqam muğamı gözdən salmır ki? [/b] - Oxuya bilməyənlərin sənət aləminə gəlməsi həmişə olub. Amma səhnədə sona qədər mübarizə aparıb əsl sənət göstərənlər, istedadı olanlar qalır. İstedadsız insan nəyinsə hesabına populyarlıq qazansa da, bu, çox davam etmir. [b]- İstedadsız həmkarlarınıza iradınız varmı? [/b] - Kiminsə işinə qarışmağı, kiməsə nöqsan tutmağı, məsləhət verməyi xoşlamıram. İşim çox olduğundan, buna vaxtım da olmur. [b]- Hər hansı istedadsız işinizin gedişatına təsir etsə necə? Misal üçün, Məcnun rolunu Sizdən daha zəif bir ifaçıya həvalə etsələr, buna məhəl qoymayacaqsınız? [/b] - Xeyr, bu barədə fikir bildirməyəcəyəm. Çünki Dövlət Opera və Balet Teatrı Azərbaycan mədəniyyətinin gözü, zirvəsidir. Bu teatr öz səhnəsinə heç zaman neqativ, istedadsız şəxsləri çıxarmayıb. Bu səhnəyə çıxanların hamısı özünü təsdiq etmiş insanlar olublar. Təbii ki, söhbət sənətini sona qədər davam edənlərdən gedir. Məsələn, elə Mənsum İbrahimov 107 dəfə eyni obrazı oynamaqla rekord göstəriciyə nail olub. Ustadım Arif Babayev 30 ildir bu səhnədə neçə-neçə rollar yaradıb. Eləcə də Əbülfət Əliyev, Qulu Əsgərov, Səfa Qəhrəmanov, Baba Mahmudoğlu... Hamısı öz istedadı ilə opera səhnəsində sözlərini deyə bilən və rəğbətlə qarşılanan sənətkarlardır. Opera səhnəsi istedadsız sənətçini qəbul etmir. [b]- Məcnun obrazının çox məsuliyyətli rol olduğunu qeyd etdiniz. İlkin Əhmədov bu rolu davamlı şəkildə öz əlində saxlaya biləcəkmi? [/b] - Dəstək olmayan yerdə insanda ruh yüksəkliyi də olmur. Şükürlər olsun, opera sənətində ustadlardan dəstəyim var. Onlar məni Məcnun roluna münasib bilirlər. Ötən ay bu rolu iki dəfə ifa etdim və hər iki halda rəğbətlə qarşılandım. Deməli, həmin obrazı yarada bilmişəm. Niyyətim var ki, mən də Məcnun obrazını silsilə şəklində, daha peşəkar səviyyədə, yeniliklərlə ifa edim. [b]- Sənətinizlə bağlı heç bir iradımız yoxdur. Amma Sizinlə bərabər digər istedadlı gənclər də var idi. Niyə seçim məhz Sizin üzərinizə düşdü? [/b] - Bu, böyüklərimizin məsləhəti ilə oldu. Əminəm ki, digər gənc həmkarlarım da bu kimi rollara dəvətlər alacaqlar. Məcnun rolu tək mənim boyuma biçilməyib. Niyə 5-10 "Məcnun" olmasın? Hərənin öz gözəlliyi, öz tamaşaçısı olacaq. Hazırda Opera səhnəsində 3 "Məcnun" var. Ustadımız Mənsum İbrahimov, Səbuhi İbayev və mən. Səbuhi də çox gözəl ifaçıdır. Artıq 10 ildir bu rolu layiqincə ifa edir. Sonuncu dəfə bu rol mənə həvalə olunub. Yəqin, məndən sonra da kimlərsə olacaq. Digər layiqli yoldaşlarımız, gözəl ifaçılarımız da var. Kimsə tez, kimsə gec gələ bilər. O da böyüklərimizin, nazirliyin və teatr rəhbərliyinin məsləhəti ilədir. Əlbəttə, Məcnun rolu quruluş, görkəm, səs, səsin bəzi elementlərini tələb edir. Layiqli olanı seçib gətirəcəklər. Mən layiq idim, seçdilər, gətirdilər. [b]- Novruz bayramı ərəfəsində Bakıda keçirilən Beynəlxalq Muğam Festivalının nəticələri haqda rəyiniz necədir? [/b] - Bu festivalın Azərbaycanda keçirilməsi bizim üçün böyük şərəf idi. Muğam sənətinə laqeyd olmayan dünya ölkələri Bakıya axışdı. Bu tədbir böyük seyrçi auditoriyası tərəfindən izlənildi. Həm ustadlarımızın, həm də festival iştirakçısı olan gənclərimizin çıxışı Azərbaycan muğamının nə dərəcədə seçildiyini göstərdi. Canımız, gözümüz Təyyar Bayramov bizə "Qran Pri" qazandırdı. Bu, təkcə Təyyarın deyil, Azərbaycan muğamının uğuru idi. Muğamımız dəfələrlə Azərbaycana "Qran Pri"ni gətirib - Alim Qasımov, Simarə İmanova, Zabit Nəbizadə tərəfindən. Bu dəfə də Təyyar qələbəni bizdə saxladı. Bu nə deməkdir? Azərbaycan muğamı bütün muğamların zirvəsindədir. Təyyar Bayramov da muğamı özünəməxsus şirinliklə ifa etdi. Hətta onu tar-kamanda müşayiət edən respublikanın əməkdar artistləri - Elçin Haşımov və Elnur Əhmədov da beynəlxalq münsiflər tərəfindən "Ən yaxşı instrumentalist" adına layiq görüldülər. Bu da bizim uğurumuzdur. Festivalda Azərbaycanı 5 gənc xanəndə təmsil edirdi. Bəbək Niftəliyev və Vəfa da pis oxumadılar. Səbuhi də qəşəng oxudu. Arzu Əliyeva isə ən yaxşı gənc xanəndə adını qazandı. Təbii ki, "Qran Pri"ni bir nəfər götürməli idi, yerdə qalanlar isə bununla razılaşmalı idi. Ən yaxşı Təyyar ifa etdi və sağ olsun ki, bu nailiyyəti Azərbaycana qazandırdı. [b]- Amma festivaldan sonra müəyyən narazılıqlar üzə çıxdı. Xalq artisti, kamança ustadı Habil Əliyev "Qran Pri"yə Təyyardan daha layiqli ifaçıların olduğunu dedi.[/b] - Habil Əliyev çox böyük ustad sənətkarımızdır. Allah ona cansağlığı versin. İndi onun kimi ustadlar azalıblar. Artıq yaş öz sözünü deyir. Onların hər birinə xüsusi diqqətimiz, hörmətimiz var. Hər birinin subyektiv fikri ola bilər. Amma mənim də bir gənc muğam ifaçısı kimi öz fikrim var. Təyyarı çox bəyəndim, sevdim, iftixar hissi duydum. Çünki o, zəhmət çəkdi, "Qran Pri"ni Azərbaycanın adında saxladı. Sağ olsun! Orada canlı ifa idi. Özü də yüksək səs tələb edən "Şahnaz" muğamını ifa etdi, layiqincə "Qran Pri"ni aldı. [b]- Bu məsələ muğamın hansı bölgədə güclü olması haqda söhbətlərə zəmin yaratdı... [/b] - Muğamı bölgələrə qətiyyən bölmək lazım deyil. Öz mütaliəmə, ustadlarıma əsasən deyə bilərəm ki, muğamımızın əsasında Seyid Şuşinski məktəbi durur. Amma hərəsinin öz şirinliyi olan Bakı, Şəki, Şirvan, Qarabağ şivələri var. Onlar ifadədə fərqlilik yaradır və hərəsinin öz ləzzəti var. Əgər vaxtilə Seyid və Üzeyir bəy olmasaydılar, bəlkə də bu gün muğamımız yox idi. Avropaya çıxmaq, təbliğ olunmaq üçün nəsə etmək lazım idi. Onlar xanəndələri çağırıb məsləhətləşdilər ki, necə etsinlər muğamımız batmasın. Bu, asan iş deyildi. Elə "Rast" muğamının 42 şöbəsi var. Bu qədər şöbənin hamısının nota salınması mümkün olmadığından, ən əsas yerlərini proqramlaşdırıb tədrisə saldılar. Yeri gəlmişkən, ustadım Arif Babayev də Seyidin tələbəsi olub. [b]- Hələ gəncsiniz. Bu yaşda çox ciddi, məsuliyyət tələb edən sənətlə məşğul olmaq yorucu deyil ki? [/b] - Qətiyyən. Bu sənət o qədər gözəl, cəlbedici və dərindir ki, baş vurduqca yeniliklər öyrənirsən. Şükürlər olsun, muğama dövlətimizin diqqəti var. Belə olan yerdə ixtiyarımız yoxdur ki, başqa işlərə baş qataq, muğam da yaddan çıxa. Muğamı təbliğ etmək, əsgər kimi keşiyində durmaq borcumuzdur. [b]- Bir çox xanəndələr özlərini mahnı janrında da sınayırlar. [/b] - Sənətə gələndən mahnı janrını sevmişəm, lent yazılarım da var. Müsabiqədən sonrakı dövrdə fortepiano müşayiəti ilə diskim də çıxıb. Qismət olsa, oktyabrda Dövlət Filarmoniyasında Ağaverdi Paşayevin orkestri ilə konsert vermək istəyirəm. Fikrət Əmirov, Emin Sabitoğlu, Tofiq Quliyev, Cahangir Cahangirov kimi nəhəng bəstəkarlarımızın əsərlərinə müraciət etməyi düşünürəm. Hələ ki, yeni bəstəkarlarla yeni mahnı üzərində işləmək fikrim yoxdur. Düzdür, bu yaxınlarda xalq artisti, tarzən Zamiq Əliyevin Azərbaycana aid bəstəsini ifa etdim. Bunu qabarıq şəkildə təbliğ etməmişəm. Amma bu da ola bilər. [b]- Muğam kimi ciddi, ağır sənətdə yenilik etmək çox çətindir. Amma məhz novatorlar gündəmdə və tarixdə iz qoyurlar. Qeyri-adi ideyanız varmı? [/b] - Hələ ki yox. Hələ muğam sənətini tam şəkildə öyrənməmişəm. Bundan sonra belə fikrim ola bilər. Özümə tam əmin olandan sonra. Hələ ki, əsas fikrim oxumaq, çalışmaq və öyrənməkdir. Sənətdə davamiyyət yaxşı olsa, yeni ideya özü gələcək. [b]Elşad ÜMİD[/b]

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA