30-06-2009 [06:39]
Bu yaxınlarda Gənc Tamaşaçılar Teatrı Tatarıstandan səfərdən qayıdıb. Düzdür, bu haqda məlumat verilsə də, mətbuat orqanları bu səfərə elə də geniş yer ayırmadı. Əməkdar artist Naibə Allahverdiyeva bu səfərə və sənət aləmində baş verənlərə Müstəqil İnformasiya Agentliyinə verdiyi eksklüziv müsahibəsində aydınlıq gətirir:
- Tatarıstanda türkdilli xalqların teatr festivalı keçirildi. Orada Azərbaycanı Gənc Tamaşaçılar Teatrı təmsil edirdi. Biz ora Əbürrəhim bəy Haqverdiyevin "Pəri Cadu" əsərini aparmışdıq. Quruluşçu rejissor isə Nicat Kazımov idi. Kollektiv Kazan şəhərində çox böyük uğurla çıxış etdi. Tamaşaları Rusiyanın və digər ölkələrin tanınmış tənqidçiləri də izləyirdilər. Bizim tamaşanı çox bəyəndilər, yüksək qiymətləndirdilər. Təşkilatçılar razılığa gəldilər ki, festivalın ?Qran-pri? mükafatı olmasın. Tənqidçilər bizim tamaşada ən çox qadın rollarını bəyənmişdilər. Bildirildi ki, əgər ?Qran-pri? olsaydı, qadın rolları alardı. Təvazökarlıqdan uzaq olmasın, amma deyim ki, əsasən də mənim oynadığım Şamama cadu obrazı yüksək qiymətləndirildi və bəyənildi. Kazan və Moskva tənqidçiləri mənim haqqımda yüksək fikir söylədilər.
[b]- 2008-2009-cu ilin teatr mövsümü Sizin üçün nə ilə yadda qaldı?[/b]
- Biz bu il teatra qayıtdıq. Teatr binamız təmir olundu. Axır ki, rahat nəfəs aldıq. Çünki neçə illərdir ki, soyuq teatrlarda əziyyət çəkirdik. Hamımız xəstələnirdik. Hətta mən, həmin soyuqlarda çox işlədiyimə görə bir dəfə əməliyyat da keçirdim. Prezidentimiz teatra, mədəniyyətə öz böyük münasibətini ortaya qoyaraq, teatrın təmir olunması barədə göstəriş verdi. Ona görə də öz təşəkkürümüzü bildiririk.
[b]- Artıq 10 ildir ki, əməkdar artistsiniz. Sizcə, nə üçün hələ də xalq artisti adını almamaısınız?[/b]
- Mən xalqın xalq artistiyəm. Onsuz da hər yerdə məni xalq artisti kimi tanıyırlar və sevirlər. Bu yaxınlarda hətta canlı yayımda da məni xalq artisti kimi təqdim etmişdilər. İnanıram ki, teatrımızın 80 illiyində-bu ilin sentyabr ayında mənim fəaliyyətim də nəzərə alınacaq. Bilirsiniz, xalq artisti adının özündə bir möhtəşəmlik var. Artıq mənim yaşımın o vaxtıdır ki, bu fəxri adı almalıyam. Gərək əvvəlcə xalq sənə bu halallığı verə ki, dövlət də onu təsdiqləyə. Mən artıq halallığı almışam və halallıqla da bu adı qəbul edəcəyəm. Amma elələri var ki, xalq onlara bu halallığı vermir.
[b]- Yaşca və sənətcə Sizdən kiçik olan xalq artistləri var. Sizcə, bu vəziyyətin yaranması nədən irəli gəlir?[/b]
- Təbii ki, bu, adama pis gəlir. Elələri var ki, efirdə onun sifətini görəndə tamaşaçılar kanalı dəyişirlər. Amma bütün fəxri adları, dövlət mükafatlarını alıb. Mən bunu dəfələrlə eşitmişəm. Belələri az deyil.
[b]- Yay istirahətini necə keçirməyi düşünürsünüz? [/b]
- Əsasən ayağımla bağlı müalicə qəbul etmək istəyirəm. Çünki ayağım çox ağrıyır. Mənim xarici ölkəyə getməyə imkanım yoxdur. Yəqin ki, istirahətimi və müalicəmi Azərbaycanda keçirəcəyəm. Ayağım sınanda hamı ağladı, amma heç kim kömək etmədi. Bu yaxınlarda bir aptekə girmişdim. Qadın dediki, bizim bu qədər imkanlı adamlarımız var, milyonlar xərcləyirlər. Bəyəm, bir imkanlı adam tapılmadı ki, sizə kömək eləsin. Yenə sağ olsun dövlət ki, mənə o prezident təqaüdünü verir. Yenə heç olmasa, müalicəmi birtəhər davam etdirə bilirəm.
[b]- Tetatrdakı rəhbərlik dəyişikliyi teatra nə verdi? [/b]
- Bizim teatrın rəhbərliyi dəyişəndən və Mübariz Tağıyev bədii rəhbər təyin olunandan xeyli dəyişikliklər var. İndi də Cənnət Səlimova baş rejissor təyin olunub. O, böyük şəxsiyyət və rejissordur. İndiyə kimi bizə gələn baş rejissorların əksəriyyəti ancaq kabinetdə oturmaqla məşğul idilərsə, Cənnət xanım belə deyil və çox çalışqandır.
[b]- Gənc həmkarlarından kimləri daha çox bəyənirsən?[/b]
- Gənc həmkarlarımdan Nicat Kazımovu çox bəyənirəm. Gənc rejissorlar arasında o mənim üçün bir nömrəlidir. Bizim teatrda Kəmalə adlı aktrisa var. O da maraqlı aktrisa və gözəl insandır. Həmçinin Elşən Rüstəmov, Elnur Hüseynov, Günel Məmmədova da itstedadlı gənclərdir. Akademik Milli Dram Teatrından isə Vəfa Zeynalova çox xoşuma gəlir, efirə, səhnəyə yaraşır. Musiqili Komediya Teatrından Əkbər Əlizadə, Tünzalə Əliyeva, Ülviyyə Əliyeva xoş təsir bağışlayır. Əkbər şirin aktyordur. Amma Tünzalə öz üzərində bir qədər də işləməlidir. Sumqayıt teatrında İlahə Səfərova da maraqlıdır, dadlı və duzludur. Çox heyif ki, elə aktrisa ortaya çıxa bilmir.
[b]- Sizi hələ də "Tomka" kimi tanıyırlar və bəzən belə çağırırlar. Bu Sizə xoş gəlirmi? [/b]
- Xoş gəlir. Ancaq "Tomka" obrazı mənim vizit kartım deyil. Vizit kartım tetardakı obrazlarımdır. Elələri var ki, mənim oynadığım Balaca Qaraşın obrazını daha çox bəyənir. Özüm isə hesab edirəm ki, mənim səhnədə vizit kartım Şamama Cadu obrazı olub. Çünki bu rolla dünyaya çıxa, ölkəmizi təmsil edə bilərəm.
[b]- Fikrinizcə əvəzedilməz aktrisasınız?[/b]
- Bəli. İkinci Naibə yoxdur. Mən başqa tipli bir aktrisayam.
[b]- Özünüzdən başqa daha hansı hzəmkarlarınızı bəyənirsiniz?[/b]
- Mənim üçün Yaşar Nuri və Afaq Bəşirqızı idealdır. Səyavuş Aslan, Rasim Balayev, Fuad Poladov isə Azərbaycanın aktyorluq sənətinin, teatrının qaymaqlarıdır.
[b]- İndiyə kimi neçə film çəkilib, neçə tamaşada oynamısınız? [/b]
- İndiyə kimi 200-ə yaxın tamaşada oynamışam. Təxminən 10 filmə çəkilmişəm. Amma fikrimcə, say əsas deyil. Əsası oynanılan obrazların keyfiyətidir.
[b]- Vəfa Zeynalovanı bəyəndiyinizi bildirdiniz. Bu yaxınlarda onunla xalq artisti Məleykə Əsədova arasında böyük bir qalmaqal baş verdi. Buna münasibətiniz necə idi? [/b]
- Gərək hər kəs vaxtında öz layiq olduğu yeri tutsun ki, indi də belə danışması. Bəziləri layiq olduları yerdə oturmadıqlarından digər həmkarlarına, tamaşaçılara yuxarıdan aşağı baxırlar.
[b]- Yəqin ki, Məleykə Əsədovanı nəzərdə tutursunuz? [/b]
- Mən sözümü dedim və kimə adi olduğunu özü yaxşı bilir.
[b]İntiqam VALEHOĞLU
[/b]