28-06-2009 [05:11]
[b]Bəstəkarın fikrincə, Aysel Teymurzadənin Araşa ehtiyacı yox idi [/b]
Bəstəkar Gövhər Həsənzadə müsahibəsində Avropaya gözlənilən səfərindən danışaraq, yaranmış bəzi söz-söhbətlərə aydınlıq gətirdi:
- Zülfiyyə Xanbabayeva, Nadir Qafarzadə, Brilliant Dadaşova, Almaz Ələsgərova, İradə İbrahimova ilə yeni mahnılar üzərində işləyirik. Onları təhvil verəndən sonra xarici təkliflərlə əlaqədar oktyabr ayına kimi ancaq səfərlərim olacaq. Müəyyən xarici studiyalardan təkliflər almışam. Səfər zamanı kimlərlə işləmək barədə seçim edəcəyəm. Türkiyə ilə işbirliyim artıq məlumdur. Almaniya, Danimarka, Fransa, İsveçrə və İsraildən də maraqlı təkliflər almışam. Moskvaya da film-klip çəkilişi ilə bağlı səfərim olacaq. Amma hələlik təkliflərlə bağlı ətraflı çıqlama verə bilmirəm.
- Avropa səfərinizin Samir Cavadzadə və Elnur Hüseynovla bağlı olduğunu deyənlər də var.
- Bəzi səfərlərdə Samirlə Elnurun iştirakı da zəruridir, çünki Avropa standartlarında yazdığım mahnıların ən gözəl təqdimatı məhz onlar tərəfindən olub. Böyük layihələrimdə onlardan mütləq istifadə olunacaq. Bunu artıq bəzi danışıqlarda da qeyd etmişəm. Avropa layihələrim onlarsız qeyri-mümkündür. Yeri gəlmişkən, onlar üçün yazdığım müziklin "skeleti" artıq hazırdır. Onu lazımi səviyyədə reallaşdırmaq və bəzi texniki məsələsini də həll etmək üçün xarici səfərlərin böyük köməyi olacaq. Bu, Şərqin Avropaya dünyaya çıxacaq ilk müzikli olacaq. Çox istəyərdim ki, o, ölkəmizdə səhnələşdirilsin, Azərbaycan sənətçilərinin ifasında dünyaya çıxsın. Mən sırf öz adıma işləmək istəmirəm. Halbuki daha asan yolu seçərəm. Yəni bütün işi xarici həmkarlarımızın öhdəsinə buraxa bilərəm. Amma mən bu işin Azərbaycanın adı ilə bağlı olmasını istəyirəm.
- Maraqlıdır, Avropadan təkliflər niyə məhz Sizə gəlib?
- Türkiyədə çoxdan varam. "Avroviziya-2008"-də mahnım səslənəndən sonra Avropa da məni özünə yaxın musiqiçi kimi qəbul etdi. Müsabiqədə səslənən mahnım çox tənqid olundu ki, avropalaşdırılıb, mürəkkəbdir, yaddaqalan deyil. Mən müsabiqəyə avropalıların bəyəndiyi işi aparmışdım. Avropaya nəyisə zorla sevdirmək olmaz, o özü istədiyini diqtə edir. Təvazökarlığımın, sadəliyimin qarşılığında bəzən maddi gəlirimi az düşünsəm də, yaradıcılıq fəaliyyətimin qarşılığında müəyyən nailiyyətlərim var. Amma yenə də özümə güvənmirdim ki, nüfuzlu xarici şirkətlər yaradıcılığıma belə qiymət verərlər. Amma təkid edərək Azərbaycana gəlib, mənimlə danışıqlar apardılar. Bu, fəxredici haldır.
- Avropada təklifləriniz nə olacaq?
- Təkliflər konkret olaraq bugünədək olan yaradıcılığım üzərində qurulub. Mənə demirlər ki, gəl, studiyamızda mahnı yaz, qulaq asaq, ya alacağıq, ya da yox. Mənim yeni iş təklif etmək fikrim də yoxdur. Bu təkliflər öz sənətkarlarımızın ortaya çıxardığı işin nəticəsi deməkdir. Yəni ilk məhsulum buradadır.
- Araşın "Avroviziya"ya təqdim etdiyi mahnı, onun Azərbaycanın adından çıxış etməsi ilə bağlı müsbət fikirdə olmadınız. Amma nəticə ötənilkindən daha uğurlu oldu.
- Ölkəmizdə keçirilən müsabiqələrdə də görürük ki, yer tutmaq, zövq, səviyyə başqa-başqa şeylərdir. Mən sözümün üstündə dururam. Araşın "Avroviziya"ya təqdim etdiyi mahnıdan qat-qat yaxşısı öz bəstəkarlarımız tərəfindən təqdim oluna bilərdi. Ayselin partnyor Araşa ehtiyacı yox idi. Bizim Aysel kimi minlərlə istedadlı qızlarımız var. Ayselə, ya Araşa qarşı şəxsi qərəzim yoxdur. Nə Araş gəlib mənim mahnılarımı dünyaya yayandır, nə də mən İsveçrəyə gedib onun həyatına qarışanam. Düzdür, İsveçrədə də görüşlərim olacaq. Nədənsə, İsveçrədəki azərbaycanlılar layihələri həyata keçirmək üçün daha yaxında olan Araşı çağırmayıblar. Araş Azərbaycan üçün doğrudan da nəyəsə qadirdirsə, nəyə görə Gövhəri dəvət ediblər? Azərbaycanın bəstəkarlıq məktəbinin, incəsənət və mədəniyyətinin legionerlərə, xaricdə yaşayan, kökü mikroskopla tapılaraq azərbaycanlılaşmağa məcbur edilən sənətkarlara, onlar sayəsində sənətimizi dünyaya çıxarmağa ehtiyacı yoxdur. Mənim Əli, Vəli, Pirvəli və ya Araşla heç bir şəxsi münasibətim olmayıb. Amma kimin şübhəsi var ki, bu gün Azərbaycandan Avropaya çıxarılacaq bəstəkar yoxdur, gəlsin Bəstəkarlar İttifaqına. Oranın çox hörmətli heyətilə bərabər ən kiçik, gənc, bəlkə də təcrübəsiz üzvü olaraq mənimlə üzbəüz otursun və sübut etsin. Təməli Üzeyir Hacıbəyov, Qara Qarayev, Fikrət Əmirov, Emin Sabitoğlu, Süleyman Ələsgərov, Tofiq Quliyev, Cahangir Cahangirov tərəfindən qoyulan ittifaqın ən gənc üzvü Avropadan nə qədər təklif alıbsa, bu məktəbin yetirməsinin işini kim şübhə altına ala bilər?
- Avropa təcrübəsindən necə yararlanmalıyıq?
- Araş Avropa təcrübəsi deyil. Heç kəs mənə olan təkliflərin qarşısında tutduğu mövqedən asılı olmayaraq, deyə bilməz ki, Azərbaycan sənətçisi Avropada ola bilməz və ya avropalı sənətçilərə ehtiyacımız var. Azərbaycan bəstəkarlarının, vokal məktəbinin, incəsənətinin, şou-biznesinin Avropa səhnəsinə çıxarmağa mütəxəssisləri var. Düşünürəm ki, bunun üçün Avropada kimdənsə nəsə xahiş etmək lazım deyil.
- Uğurlarınıza qısqanclıqla yanaşan həmkarlarınıza nə sözünüz var?
- Uğurlarım kimisə qıcıqlandıra bilər. Bu, təbii haldır. Kimsə uğur qazananda mən də haradasa qıcıqlanıram. Öz-özümə deyirəm: "Mən daha yaxşı edərdim. Mənim də belə konsertim olsun, filan müğənni ilə işbirliyim yaransın". Amma ən böyük nailiyyət qarşısında bu qıcıqlanma itir. Azərbaycan xalqının nəinki mədəniyyətdə, ümumilikdə birliyinə inanıram. Yeganə bəstəkaram ki, 21-ci əsrdə bunun dünya səviyyədə şahidi olmuşam. Azərbaycan xalqı ən çətin anda birləşə, bir-birinə arxa dura bilir.
Bu gün Gövhər Həsənzadə müzakirə mövzusu ola bilər. Amma sabah hansısa xarici qurumda ölkəmizi təmsil etsəm, siz də daxil olmaqla, hər kəs arxamda duracaq. Mən Azərbaycanın adına görə gedirəm. Şəxsi maraqlarıma xidmət etsəydim, çoxdan özümə normal şərait qurardım və heç bir səfərlə başımı ağrıtmazdım.
Səfər zamanı öz media işçilərimizə də şərait yaratmaq istərdim ki, xarici təcrübədən yararlansınlar. Oradan Azərbaycan şou-biznesinə baxsınlar. Bəlkə də məhz onlar sənətçilərimizə aşılayacaqlar ki, hansı səhvlərini düzəltsinlər və hansı istiqamətdə iş görsünlər.