Şəhla Həmidova: "Bəzi müğənnilərin disklərinə yalnız özləri qulaq asırlar"

img

26-06-2009 [03:37]


"Xalq Ulduzu" müsabiqəsinin iştirakçısı olmuş Şəhla Həmidova bugünlərdə ilk diskini - "Unuda bilmirəm"i öz pərəstişkarlarına təqdim etdi. İstedadlı müğənni Müstəqil İnformasiya Agentliyinə verdiyi müsahibədə həm diski, həm də gələcək fəaliyyəti ilə bağlı planlarından danışıb. [b]- Şəhla xanım, diskin hazırlıqları neçə müddət idi ki, davam edirdi?[/b] - Mənim disk üzərində işləməyim yarışma bitəndən sonra başlayıb. Çox istəyirdim ki, daha tez olsun. Tamaşaçılarda belə fikir yaranmasın ki, yarışmaya gəldi və çıxdı getdi. Yəni hər şey yadından çıxdı, fikri qaldı pul qazanmağın yanında. İndi qismətdir, bu vaxta gəldi düşdü. Mahnıların yazılışı isə əvvəlcədən başlamışdı. Sadəcə olaraq, onları bir yerə yığmaq, seçmək məsələləri vardı. Bəzən elə olurdu ki, bir mahnını oxuyurdum, bir həftədən sonra qulaq asırdım və bir çox nüanslar xoşuma gəlmirdi, yenidən bir də oxuyurdum. Ona görə də vaxt uzandı. Mən "Nurlu sabah" studiyasının rəhbərlərindən olan Vəfadar bəyə təşəkkür edirəm ki, o və kollektiv bu işdə mənə çox kömək etdi. Ümumiyyətlə, hansısa işi görəndə kəmiyyətə qaçımıram, çalışıram ki, keyfiyyətli olsun. Diski əlinə alıb baxan hər kəsdə yaxşı əhval-ruhiyyə yaradacağına əminəm. [b]- Disk haqqında məlumat verərdiniz...[/b] - Diskdə 10 mahnı var. Korifey bəstəkarlardan Hacı Xanməmmədovun, Bəhram Nəsibovun, Səid Rüstəmovun mahnıları, türk müğənnisi Barış Mançonun reperturanından mahnılar diskə daxil edilib. İndiki bəstəkarlardan Kənan Şəkiliyevin, Gövhər həsənzadənin "Qorxuram" mahnıları yer alıb. "Qorxuram" bu diskdə lirik və remiks variantlarda ifa olunub. Niyaməddin Musayevin də bir bəstəsini diskə daxil etmişik. Bu mahnını Niyaməddin müəllim uzun illər oxuyub, adı isə "Harda qalmısan"dır. [b]- Diski neçə ədəd istehsal etmirsiniz?[/b] - Onu yalan deyərəm, dəqiq bilmirəm. Amma bilirəm ki, az deyil. Bölgələrdə olacağını bilmirəm, amma Bakıda hər yerdə olacaq. Kim alacaq, kim satacaq bunlar məndən asılı deyil. Mən sadəcə, öz işim ortaya qoymuşam. [b]- Digər müğənnilər pərəstişkarlarının maddi durumunu nəzərə almayaraq, diskləri adətən 10-12 manata və daha baha qiymətə satışa çıxarırlar. Bəs, bu diskin qiyməti neçəyədir?[/b] - Əlbəttə, hər kəs ala bilər. Diskin qiyməti elə də baha deyil, cəmi 4 manatdır. Bu disk digərləri kimi baha qiymətə satılmayacaq. Şirkətin özü də qərara aldı ki, qiymət dinləyicilərin imkanı dairəsində olsun. Çox disklər var ki, baha qiymətə qoyulur, sonra müğənnilər özləri alıb, özləri qulaq asırlar. [b]- Layihənin ərsəyə gəlməsində nə qədər vəsait xərcləndi?[/b] - (gülür) Bunu dəqiq deyə bilməyəcəyəm. Nə eləmişəmsə, hamısını özüm eləmişəm. Yəni heç bir sponsor olmayıb. Bunu açıqlamasam daha yaxşı olardı. [b]- Təqdimatda elə də çox həmkarımız yox idi. Yalnız Flora Kərimova, Nadir Qafarzadə və Ağacəbprayıl Abasəliyev gəlmişdi. Bu nə ilə bağlıdır?[/b] - Sözün açığı, mən təqdimata Aybəniz Haşımovanı da dəvət eləmişdim. Sadəcə, Aybəniz xanımı sağlamlığı ilə əlaqədar gələ bilmədi. Belə də, kimki mənə daha çox yaxındır, barəmdə pis-yaxşı doğru sözü deyə bilər, onları dəvət eləmişdim. Mən ora 20 nəfər dəvət edə bilərdim. Ola bilər ki, qəlbimi qırmayıb gələrlər. Bir var tanıdığın insan haqqında ürəkdən gələn sözü deyəsən, bir də var ki, efir xatirinə heç bilmir ki, mən nə oxuyuram, başlayır tərfiləməyə... [b]- "Xalq Ulduzu"nun iştirakçıları ilə münasibətləriniz necədir? Onları dəvət etmişdinizmi?[/b] - Dəvət eləməmişdim. Həm də, bildiyimə görə, iştirakçılardan hələlik Eldəniz Məmmədovun diski çıxıb. Digərlərinin yoxdur. Nə dəvət oldunmuşam, nə də dəvət eləmişəm. Heç kəsdən incimirəm və düşünürəm ki, heç kəs də məndən inciməz. İstədim ki, sözlər mənə xatir deyilməsin. Amma onlarla münasibətim tam qaydasındadır. Görüşəndə salam-əleyküm edirik, imkan olanda zəngləşirik. Mən heç vaxt, heç kəsə problem yaratmamışam və yaratmaq fikrində də deyiləm. Kim irəlidir, kim geridir, onun öz işidir. [b]- Maşına, evə ehtiyacınız olduğu halda vəsaitinizi diskə xərcləməyiniz nə ilə bağlıdır? Disk çıxarmaq, yoxsa vaxtilə sizə səs göndərmiş tamaşaçılara borclu qalmamaq istəyi ilə?[/b] - Deyə bimərəm ki, məni 8 milyonun hamısı sevir. Bu yalan olardı. Sadəcə olaraq, ürəyinə yol tapa bildiyim insanlarla üz-üzə gələndə məndən soruşurdular ki, hələ disikniz yoxdur? Bu mənim üçün məsuliyyətdir. Yarışma 2007-ci ilin əvvəlində olub və soruşula bilər ki, iki ildən artıqdır nə işlə məşğulsan? Düzdür, mən o vəsaitə başqa iş də görə bidərdim. Amma gərək gördüyün işin nəticəsi də olsun. [b]- Bildiyimə görə, klipiniz də yoxdur. Bunu nə vaxta planlaşdırırsınız?[/b] - Dəqiq bilmirəm. Onu zaman göstərər. Yəqin ki, əlimə pul gələndə, klip də çəkdirərəm və sizi də dəvət edərəm. [b]- Adətən müğənnilərin maddi durumu Yeni il ərəfəsində daha yaxşı olur. Klipin çəkilməsi o vaxta təsadüf edə bilərmi?[/b] - O da qismətdir. Mən deyə bilmərəm ki, ay tamaşaçı qoymayın, mən gəlirəm, belə qan eləyəcəyəm, klipim belə olacaq, elə olacaq. Allah ömür versə, çalışarıq ki, yaxşı bir iş ərsəyə gətirək. Özümün maddi imkanım yoxdur ki, deyim filan işi görəcəyəm. Ona görə də işlərimin hamısı ekspromt şəkildə alınır. [b]- Son olaraq, yaradıcılıq planlarınızla bağlı məlumat verərdiniz...[/b] - Mən bu diskdə Gövhər Həsənzadənin hədiyyə etdiyi mahnıları oxumuşam. İkinci diskdə Xanım İsmayılqızının mənə hədiyyə elədiyi mahnıları ifa edəcəyəm. Artıq xeyli müddətdir ki, o mahnıları mənə verib və artıq onu görəndə utanıram. Ancaq çatdıra bilmirəm. Həm də bu, maddiyyatla bağlıdır. Onu da bildirim ki, həmin mahnıların biri lirikdir, digəri isə estrada janrındadır. [b]İntiqam VALEHOĞLU [/b]

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA