24-06-2009 [05:51]
Olimpiya çempionları üçün nəzərdə tutulan bir sıra güzəştlər "Bədən tərbiyəsi və idman haqqında" qanun layihəsindən çıxarılıb. Bu barədə Milli Məclisin Sosial siyasət komitəsinin bugünkü iclasında komitə sədri Hadi Rəcəbli məlumat verib.
O qeyd edib ki, qanunun ikinci oxunuşda müzakirə olunan layihəsində olimpiya çempionlarının mənzillə təmin olunması və təhsillə bağlı güzəştlərə malik olması əksini tapırdı. Amma bu güzəştlər deputatlar tərəfindən birmənalı qarşılanmayıb. Qanun layihəçinin parlamentdəki ikinci oxunuş müzakirələri zamanı millət vəkili Siyavuş Novruzovun iradlarından sonra həmin məsələlər son variantdan çıxarılıb. Bundan əlavə, layihədə idman totalizatorları və idman-mərc oyunları ilə bağlı məsələlərin də qanunda əksini tapması dəqiqləşdirilib. İdman totalizatorları və idman-mərc oyunları idmanın maliyyələşmə mənbələrindən biri kimi göstərilib. Oyunların keçirilməsi qaydaları ilə bağlı maddələr isə qanun layihəsindən çıxarılıb. Qərara alınıb ki, bu məsələlər hazırda qüvvədə olan "Lotereya haqqında" qanunla tənzimlənsin.
Qanun layihəsinə ikinci oxunuş müzakirələrindən sonra edilən digər dəyişikliklər barədə Milli Məclisin Sosial qanunvericilik şöbəsinin əməkdaşı Etibar Məmmədov məlumat verib. Onun sözlərinə görə, qanunun ilkin variantında dövlət mülkiyyətində olan idman qurğularından bütün vətəndaşların pulsuz istifadəsi nəzərdə tutulurdu. Lakin müvafiq strukturlarla məsələhətləşmələrdlən sonra bu bənd layihədən tamamilə çıxarılıb. Çünki müzakirələr zamanı məlum olub ki, bu gün dövlət mülkiyyətində olan heç bir idman qurğusunun saxlanması üçün büdcədən vəsait ayrılmır. Bu idman qurğuları hamısı təsərrüfat hesabı ilə işləyərək özlərini dolandırırlar. Buna görə də vətəndaşların həmin idman qurğularından pulsuz istifadə etməsi mümkün deyil.
Qanun layihəsinə edilən bu dəyişiklik birmənalı qarşılanmadı. Komitənin üzvü, millət vəkili Elmira Axundova bu dəyişikliklərin idmanın kütləviləşdirilməsi istəklərinə zidd olduğunu bildirdi. Onun sözlərinə görə, Azərbaycanda idmanla məşğul olanların sayı çox azdır. Hazırda ölkədə cəmi 700 nəfər idmançı bu işlə peşəkar səviyyədə məşğul olduğu üçün dövlətdən əməkhaqqı alır. Millət vəkilinin fikrincə, bu, çox aşağı göstəricidir. Azərbaycan kimi ölkədə peşəkar səviyyədə idmanla məşğul olanların sayı ən azı 3-4 min nəfər olmalıdır. Millət vəkili dedi ki, "Bədən tərbiyəsi və idman haqqında" qanun da idmanın kütləviləşməsinə xidmət etməlidir. Ölkədə elə bir şərait yaradılmalıdır ki, gənclər çayxanalarda narkotikə qurşanmaqdansa, idman qurğularında sağlamlıqlarının qeydinə qalmalıdırlar.
Daha sonra yenidən çıxış edən H.Rəcəbli qanun layihəsinə edilən dəyişikliklərin reallıqdan doğduğunu bildirib. Onun sözlərinə görə, bu gün dövlətin balansında olan idman qurğuları müxtəlif təşkilatlar tərəfindən inşa olunub. Hətta Respublika Prokurorluğu, "Azpetrol" şirkəti tərəfindən inşa edilən idman qurğuları da var. Qurğuları tikən qurumlar indi onları təsərrüfat hesabı ilə işlədirlər: ?Bu gün Azərbaycanda idmanın kütləviləşdirilməsi üçün lazım olan bütün addımlar atılır. Lakin nəzərdə tutulan işlərin görülməsində müəyyən problemlər var. Məsələn, bəzi orta məktəblərdə bədən tərbiyəsi dərsləri normal keçirilmir?.
Komitənin üzvü, millət vəkili Rauf Əliyev əvvəlki müzakirələr zamanı qaldırdığı məsələlərin həllinin tapmamasına etiraz edib. Onun sözlərinə görə, ötən müzakirələr zamanı idman internatlarında təhsil alan uşaqların qidalanması üçün daha çox vəsaitin ayrılmalı olduğunu bildirib. Çünki güclü idmançıların yetişməsi üçün onlar uşaqlıqdan yaxşı qidalandırılmalıdırlar. Lakin hazırda idman internatlarında təhsil alan uşaqlar üçün qidalanma norması digər internatlardakı normativlərə uyğun aparılır. Maliyyə Nazirliyi millət vəkilinin təklifinin reallaşdırılmasının əleyhinə olmadığını bildirib. Amma nazırlikdən deyiblər ki, bu iş Gənclər və İdman Nazirliyinə ayrılmış büdcə əsasında həyata keçirilməlidir. Gənclər və İdman Nazirliyindən isə bildiriblər ki, indiki büdcə ilə bunu etmək mümkün deyil: "Mən bu cür yanaşmanı qəbul edə bilmirəm. Başa düşməliyik ki, olimpiya çempionları elə-belə yetişmir. Təkcə danışmaqla olimpiya çempionları yetişdirə bilməyəcəyik. Bu məsələ ilə bağlı Milli Məclisin adından Maliyyə Nazirliyinə müraciət etməliyik".
Komitənin sədri H.Rəcəbli bu məsələ ilə əlaqədar Maliyyə Nazirliyinin rəsmiləri ilə danışıqlar apardığını bildirdi. "Onlar prinsipcə, buna etiraz etmirlər. Amma bunu qanunda yaza bilmərik" - deyə komitə sədri vurğuladı. O əlavə etdi ki, bu il dövlət büdcəsindən idmanın maliyyələşdirilməsi üçün 9 milyon manat vəsait ayrılıb.
Komitənin üzvü, millət vəkili İlham Məmmədov büdcədən bədən tərbiyəsi və idman üçün ayrılan vəsaitin yetərli olmadığını iddia edib. Onun sözlərinə görə, növbəti büdcə müzakirələri zamanı hökumətdən idmana ayrılan vəsaitlərin artırılması istənilməlidir.
Gənclər və İdman Nazirliyinin təmsilçisi Mirkamil Rəhimov ölkədəki idman məktəblərinin bərbad vəziyyətdə olduğunu deyib. Onun sözlərinə görə, bu məktəblərdə hər şey başlı-başına buraxılıb.
Komitə sədri H.Rəcəbli əlavə etdi ki, qanun layihəsinin müzakirələri başlayan zaman Təhsil Nazirliyinin balansında olan idman məktəblərinin Gənclər və İdman Nazirliyinin balansına keçirilməsi planlaşdırılıb. Amma müzakirələr zamanı bunun asan olmadığı və müəyyən problemlər yaradacağı məlum olub. Buna görə də qanun yaradıcıları bu ideyalarından imtina ediblər.
Müzakirələrdən sonra qanun layihəsi üçüncü oxunuş üçün Milli Məclisin plenar iclasına tövsiyə olunub.
Bununla yanaşı, Komitə üzvləri miqrasiya proseslərinin idarə olunmasında "Bir pəncərə" prinsipinin tətbiqi ilə əlaqədar bəzi qanunlara əlavə və dəyişikliklər edilməsi və "Azərbaycanda daimi yaşayan əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxsin qeydiyyat vəsiqəsinin formasının təsdiq edilməsi barədə" qanunun qüvvədən düşmüş hesab edilməsi haqqında qanun layihəsinə də müsbət rəy veriblər.