Anya Fadi 1 nömrə olmağa iddialıdır

img

21-06-2009 [06:01]


[b]Rusiyada fəaliyyət göstərən müğənni Azərbaycan şou-biznesinə "lövbər" salmaq fikrindədir [/b] Azərbaycan şou-biznesi yağlı tikə kimi xarici müğənniləri özünə cəlb etməkdə davam edir. Düzdür, Mananadan sonra ölkəmizdə uğur qazanmağa cəhd edən sənətçilərin heç biri istədiklərinə nail olmayıb. Estrada səhnəmizdə özünə yer etmək istəyən daha bir əcnəbi müğənni Bakıya təşrif buyurub. Bu, gənc, yaraşıqlı və özünə güvənən Anna Fadidir. Onun nəyə qadir olduğunu zaman göstərəcək. İyunun 19-da paytaxtımıza "Kabab-şou"da iştirak etməyə gələn müğənni özü haqda eksklüziv açıqlamalar verdi: "Əslində, mən burada yad deyiləm. Çünki Bakıda anadan olmuşam. 7 yaşımda ikən ailəmiz Rusiyanın Samara şəhərinə köçdü. Məktəbi bitirəndən 2 il sonra Moskvada yaşamaq qərarına gəldim. Musiqi fəaliyyətinə də orada başlamışam. Ara-sıra özəl gecələrdə, bəzən də karaoke-klublarda oxuyurdum. Bir gün səsimi bəyənən bir şəxs məni Rusiyanın məşhur ulduzlarından olan Maşa Rasputinanın kollektivinə dəvət etdi. Beləcə, 3 il onun vokalisti oldum. Son yarım ildə Maşa xanımın işləri azaldığı üçün solo-karyera barədə düşünməyə başlamışam. Artıq bir neçə mahnım var. Ötən il virtual kanal "Maks Tv"-nin keçirdiyi "Start-ur" müsabiqəsində iştirak etdim. Finala çıxdım. Təşkilatçılar müsabiqədə oxuduğum "V qorode moem" adlı mahnıma klip də çəkdilər. May ayında isə Pskovda keçirilən "Veter nadejdı" festivalına qatıldım. Orada azərbaycanlı prodüser Zaur Kamalın mahnısı ilə çıxış etdim. Çox bəyənildi. Buna görə də onun Bakıya dəvətini məmnuniyyətlə qəbul etdim. Hazırda "ERA" prodüser mərkəzi ilə birgə layihələr üzərində işləyirik. Bakıda da seviləcəyimə əminəm. İlk çıxışım iyunun 19-da keçiriləcək "Kabab-şou"da olmalı idi. Müəyyən səbəblərə görə təxirə salınan bu şou iki həftə sonra, iyulun 3-də start götürəcək. Amma problem yoxdur, hələ 1 ay buradayam". Payızda Bolqariyada keçiriləcək "Diskoveri" festivalında iştirak etmək istəyində olan müğənni, "Azərbaycanı təmsil etməyim lazım bilinsə, bunu özümə fəxr bilərəm. Yəqin ki, Bakıda da konsertlərim olacaq. Azəri tamaşaçılarının sevgisini qazanmaq istəyirəm. Buna görə azərbaycanca da oxumaq fikrindəyəm. Klip də çəkdirəcəyəm. Məqsədim nömrə 1 olmaqdır. Məndə bunun üçün tələb olunan hər şey var",-dedi.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA