Cəmilə deputat olmaq istəyir

img

21-06-2009 [05:46]


[b]Özü ilə fəxr edən müğənni bəzi həmkarlarını başdanxarab sayır [/b] "Elit-star" ləqəbli müğənni Cəmilə uzun sürən soyuqluqdan sonra ailə münasibətlərini bərpa edərək, əri ilə barışıb. Bu barədə qəzetimizə sənətçi şəxsən açıqlama verdi: "32 il ərzində ərimlə çox ayrılıb-birləşmişik. Xəyanət də olub. İstəsə də, istəməsə də, kişilərin gözü doymur. Biz qadınlar buna göz yummalıyıq. Buna analarımız necə dözüb, biz də elə dözürük. Amma qadın xəyanət etməz, çünki o, anadır. Uşaq üçün anasız böyümək daha çətindir. Müğənni olsam da, uşaqlarıma pis baxmamışam. Dava-dalaş, münasibətlərin korlanması isə hər ailədə olur. Bu, ən uzağı 6 ay çəkir. Düzdür, mənimlə ərim arasında soyuqluq daha çox çəkdi. Artıq hər şey geridədir. Nə o təzədən evlənəndir, nə də mən ərə gedənəm. 30 və 31 yaşlarında iki oğlumuz, 4 nəvəmiz var. Yenidən sevib-sevilən, bir-birimizə naz edən vaxtımız deyil, çünki ailə başçılarıyıq. Övlad, gəlin, nəvə - hamısı bizim başımıza yığışır. Mən bununla fəxr edirəm, bəzi başdanxarab şou əhli kimi yaşımı gizlətmirəm. Özümə oğlan axtarmıram ki, yaşımı gizlədim. Əlbəttə, hər kəs mənim yaşımda belə görünə bilmir. Heç öz yaşlarına uyğun görünmürlər. Görün, onlar bu yaşa çatanda necə olacaqlar?! Qəşəngəm, çünki paxıl deyiləm. Paxıl adam tez qocalar. Məni gözü götürməyənlər haqqımda söz çıxardılar ki, ərimdən istədiyim "işi" görmək üçün ayrılmışam. Hətta mənə pislik etmək üçün təxribat xarakterli şəkillərimi də yaydılar. Alınmadı. Həyat yoldaşım müasir insandır, bilir ki, həyatda belə şeylər olur. Əslində, tanınmış insanın nəsə pis bir əməl etməsi müşkül məsələdir. Hara getsə, kimlə görüşsə, hər kəs xəbərdar olur". Müğənni planları barədə də məlumat verdi: "Bu günlərdə "Səninəm, təkcə sənin" adlı super-albomum işıq üzü görəcək. Müxtəlif bəstəkarlarla işləmişəm. Hamısı tutarlı olsa da, həyatımda belə albomum olmayıb. Mahnılar həyatdır. İnşallah, həmişəki kimi, iyunun 30-da - Sevgililər günü konsert vermək niyyətindəyəm. Həmin konsertdə yeni albomumun təqdimatı da olacaq". Sən demə, Cəmilə xanımın siyasi fəaliyyətə də başlamaq fikri də var. "Gələn il parlament seçkilərində iştirak etmək istəyirəm. Dədə-baba rayonundan namizədliyimi verəcəyəm. Hələ bu barədə ətraflı məlumat vermək istəmirəm. İnşallah, seçiləndən sonra görərsiniz, hansı problemləri çözəcəyəm",-deyən "Elit-star" seçkilərdə uğur qazanacağına inanır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA