16-06-2009 [08:31]
[b]Umud Rəhimoğlu:?Dünyada yanacaq və energetika mövzusunda yazan jurnalistlərin Azərbaycanda toplantısının keçirilməsi də planlaşdırılır?[/b]
Xəbər verildiyi kimi, Finlandiyanın paytaxtı Helsinki şəhərində iyunun 6-9-da Beynəlxalq Mətbuat İnstitutunun (BMİ) Dünya Konqresi və 58-ci Baş Assambleyası keçirildi. Bu nüfuzlu media tədbirində ölkəmizi Azərbaycan Respublikası Prezidenti yanında KİV-lərin İnlişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının sədri, BMİ-nin Azərbaycan Milli Komitəsinin rəhbəri, Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) sədri Umud Rəhimoğlu, BAMF-ın beynəlxalq məsləhətçisi Lutful Kəbir, Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin (CASCFEN) sədri Azər Həsrət təmsil etdi. Dünya jurnalistlərini bir araya gətirən təbirlə bağlı U.Rəhimoğlunun müsahibəsini təqdim edirik.
[b]-Umud müəllim, dünyanın aparıcı kütləvi informasiya vasitələrinin, müxtəlif ölkələrin media mənsublarının iştirakı ilə keçən bu mötəbər toplantıda əsas hansı məsələlər müzakirə edildi?[/b]
- Beynəlxalq Mətbuat İnstitutunun Dünya Konqresi və 58-ci Baş Assambleyası Helsinkinin ən möhtəşəm konfrans zalında ? ?Finlandiya evi?ndə keçirildi. Gündəlikdə yer alan məsələlərdə heç bir dəyişiklik olmadı. Yəni, tədbirin açılışında BMİ-nin sədri Yan Virkkunen, BMİ-nin direktoru Deyvid Dədc və Finlandiya parlamentinin spikeri Sauli Niinisto çıxış etdi. Toplantıda ?Şimal demokratiyası ? dünyaya dərsdirmi??, ?Qapıda ayı ? Rusiyanın dirçəlişi və yeni soyuq müharibənin başlanğıcımı??, ?Beynəlxalq maliyyə böhranı və media?, ?Asiya kapitalizmi ? iqtisadiyyat azad mediasız mövcud ola bilərmi??, ?Yeni media və gələcəkdə xəbərlərin yayılma yolları? mövzusunda məruzələr dinlənildi. Mətbuat azadlığı problemi, jurnalistlərin müdafiəsi, sosial vəziyyətləri və digər qlobal məsələlər ətrafında müzakirələr aparıldı. Konqresin bağlanış mərasimində Finlandiya prezidenti cənab Tarja Halonen iştirak etdi. O, çıxışında söz azadlığına, mətbuata dəstək olan mesajlar verdi, növbəti konqeesin keçiriləcəyi ölkəyə uğurlar dilədi. Jurnalistlərlə sərbəst söhbət eləyən cənab Halonen ölkələrin nümayəndəlikləri ilə ayrı-ayrılıqda görüşdü. Dünya jurnalistlərinin bir araya gələrək, ortaq problemlərini çözməsi nə qədər xoş idisə, 1975-ci ildə Şərqi Timorda İndoneziya əsgərləri tərəfindən beş avstriyalı jurnalistin öldürülməsindən bəhs edən filmə baxmaq bir o qədər ağır idi. Toplantıda nümayiş olunan bu filimdə müharibənin bütün dəhşətləri əks olunmuşdu. Bu kadrlara baxanda mənim gözümün qarşısında Qarabağ müharibəsi, erməni vəhşiliyi canlanırdı, telejurnalist Çingiz Mustafayevin hıçqırıqlarını eşidirdim və düşünürdüm ki, biz faciələrimizi əks etdirən filmləri belə mötəbər tədbirlərdə dünya ictimaiyyətinə çatdırmağın yollarını axtarıb tapmalıyıq.
[b]
- Tədbirdə media mənsublarından başqa hansı tanınmış simalar iştirak edirdilər?[/b]
- Bu dəfə ki, konqresə dünyanın 50 ölkəsindən 200-ə yaxın tanınmış media mənsubu qatılmışdı. Finlandiyanın prezidenti, Helsinkinin meri, ?Nokia? şirkətinin rəhbərliyi qonaqlar sırasında idi. Gündəlikdə duran məsələlərin müzakirəsindən sonra media nümayəndələrinə ziyafətlər verilirdi. Bu ziyafətlərdə də çağdaş mətbuatın problemləri, əməkdaşlıq məsələləri əsas diqqət mərkəzində dayanırdı. Bundan başqa, dünyanın müxtəlif yerlərində girov götürülmüş jurnalistlər də tədbirdə iştirak edirdilər. Onların çıxışları, söhbətləri də maraqla qarşılanırdı.
[b]- BMİ-nin növbəti tədbirinin hansı ölkədə keçirilməsi barədə qərar verildimi?[/b]
- Beynəlxalq Mətbuat İnstitutunun İdarə Heyəti tərəfindən bu barədə müzakirələr aparıldı. Bildiyiniz kimi, Azərbaycanın da adı BMİ-nin Dünya Konqresi və 59-ci Baş Assambleyasına ev sahibliyi edə biləcək dövlətlər siyahısında idi. Amma bir sıra danışıqlardan, müzakirələrdən sonra BMİ rəhbərliyi belə qərara gəldi ki, toplantı gələn il Vyanada və Bratislavada keçirilsin. Onu da qeyd edim ki, gələn il, BMİ-nin 60 illik yubileyidir.
[b]-Konqres çərçivəsində Azərbaycan nümayəndə heyəti hansı görüşlər keçirdi?[/b]
- Biz səfər çərçivəsində Beynəlxalq Mətbuat İnstitutunun rəhbərliyi, eləcə də ayrı-ayrı ölkələrin milli komitələri ilə görüşüb fikir mübadiləsi apardıq, müzakirələr etdik. Bu il BMİ-nin Milli Komitələrinin toplantılarından birinin Azərbaycanda keçirilməsi nəzərdə tutulur. Görüşlərdə Milli Komitələrin strategiyasının hazırlanması ən aktual məsələ kimi qeyd olundu. Bundan başqa, dünyada yanacaq və energetika mövzusunda yazan jurnalistlərin Azərbaycanda toplantısının keçirilməsi də planlaşdırılır.
[b]-Dünya jurnalistlərinin toplantısında hansı sənədlər qəbul edildi?[/b]
-Beynəlxalq Mətbuat İnstitutunun Dünya Konqresi və 58-ci Baş Assambleyasında qurumun gələcək fəaliyyət istiqamətləri müzakirə olundu, söz azadlığının qorunması ilə bağlı qətnamələr və müraciətlər qəbul olundu. Avropanın 27 ölkəsində təhqirə və tənqidə görə jurnalistin azadlıqdan məhrum edilməsinə səbəb olan maddənin cinayət məcəlləsindən çıxarılması ilə bağlı qətnamə qəbul olundu. Söz azadlığını məhdudlaşdıran bir çox dövlətlərə bu əməllərinə son qoymaq üçün müraciətlər ünvanlandı. Yeri gəlmişkən, bu gün Azərbaycanda da ?Diffamasiya haqqında qanun? geniş müzakirə olunur. Amma maraqlıdır ki, böyük demokratik ənənələri olan Avropanın özündə hələ bu addımı atmağa tərəddüd edirlər. Konqresdə həmçinin söz azadlığının müdafiəsi istiqamətində fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarına maliyyə dəstəyinin artırılması üçün donorlara müraciət qəbul olundu. Bildiyiniz kimi, 2009-cu ildə dünyada 28 jurnalist öldürülüb. Öldürülən jurnalistlərin ailəsinə maddi yardım göstərilməsi də qərara alındı.
[b]-Bu tədbirin Azərbaycan mətbuatına, yerli media mənsublarına hansı təsiri ola bilər?[/b]
- Azərbaycan mətbuatı da dünya mediasının tərkib hissəsidir. Təbii ki, dünya mətbuatında cərəyan edən bütün müsbət meyllər bizim mətbuatımızda da hiss olunacaq. Mən bu konqresdə bir daha əmin oldum ki, mətbuat orqanlarının sayının çoxluğu deyil, onların müstəqil, məqsədyönlü fəaliyyəti və maddi-texniki bazasının güclü olması əsas göstəricidir. Güclü maddi-texniki baza qəzetlərin iqtisadi və siyasi müstəqilliyini təmin edir. Bu isə onların təsir və əhatə dairəsini, tirajını, deməli həm də cəmiyyətdəki nüfuzunu müəyyənləşdirir. Bu gün çağdaş mətbuatda bu amil mühüm faktor kimi özünü biruzə verir. Yəni zaman aztəminatlı və aşağı tirajlı mətbuat orqanlarını sıradan çıxarır. Bu proses bəzi ölkələrdə artıq başa çatsa da, digər ölkələrdə hələ təzə-təzə hiss olunur. Bu prosesin gec-tez labüdlüyü dünya jurnalistlərinin Helsinki konqresində daha qabarıq göründü.
[b]BAMF-ın İnformasiya
Departamenti[/b]