Vətəndaz Cəmiyyətini Müdafiə Komitəsi prezidentə, Milli Məclisə müraciət ünvanlayıb

img

12-06-2009 [06:08]


Vətəndaş Cəmiyyətini Müdafiə Komitəsi iyunun 12-də Azərbaycan ictimaiyyətinə, Milli Məclisə, prezidentə, Avropa Şurasına və beynəlxalq təşkilatlara müraciət ünvanlayıb. Müraciətdə deyilir: ?2009-cu il iyunun 9-da Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsində vətəndaş cəmiyyətinin fəaliyyətini əhatə edən bir sıra qanunvericilik aktlarına əlavə və dəyişikliklərə dair qanun layihəsi təsdiq edilib. Qanun layihəsi Milli Məclisin iyunun 19-da keçiriləcək plenar iclasına çıxarılacaq. Vətəndaş Cəmiyyətini Müdafiə Komitəsi təqdim olunan əlavə və dəyişikliklər üzrə hər hansı müzakirənin aparılmasının əleyhinədir. Çünki bu cür müzakirələrin aparılması bütövlükdə paketin siyasi legitimliyinə əsas qazandırmış olar. Bu baxımdan sənədin tamamilə gündəmdən və Milli Məclisin iş planından çıxarılmasına nail olmaq üçün biz - fərqli fəaliyyət sahələrini əhatə edən qeyri-hökumət təşkilatları 2009-cu il iyunun 11-də Vətəndaş Cəmiyyətini Müdafiə Komitəsini yaratdığımızı bildiririk. Komitədə birləşən QHT-lər hesab edir ki, nəzərdə tutulan əlavə və dəyişikliklər ölkə konstitusiyasında təsbit olunmuş azad birləşmə hüququnun reallaşdırılmasına, insan haqları sahəsində ölkəmizin üzv olduğu beynəlxalq konvensiyalara, Avropa Şurası və ATƏT qarşısında götürdükləri öhdəliklərə, bütövlükdə vətəndaş cəmiyyəti fəlsəfəsinə və prezident İlham Əliyevin 2007-ci il dekabrın 13-də imzaladığı ?Qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi konsepsiyasının? məqsədlərinə ziddir. Son 18 ildə vətəndaş cəmiyyəti Azərbaycana yüz milyonlarla manat vəsait gətirib və bu vəsait ölkədə insan hüquqlarının qorunması, hökumət şəffaflığı, biznes sərbəstliyi, söz azadlığı və digər sahələrdə müstəqil və peşəkar bir toplumun inkişafına, on minlərlə iş yerlərinin yaradılmasına kömək edib. Ötən müddət ərzində QHT-lərin həyata keçirdiyi proqramlar nəticəsində minlərlə insan sağlamlığını bərpa edib, öz bilik və bacarıqlarını artıraraq həyat keyfiyyətini yaxşılaşdırıb. Vətəndaş cəmiyyətinin yorulmaz fəaliyyəti Azərbaycanın Dağlıq Qarabağ münaqişəsində ədalətli mövqeyinin beynəlxalq aləmdə təbliğinə əvəzedilməz töhfə verməkdə davam edir. Ancaq təəssüf ki, təklif edilən qanun layihəsi bütün bu nailiyyətləri zərbə altına qoyur. Biz əlavə və dəyişikliklər paketinin Azərbaycanın Avropa Şurası qarşısında götürdüyü öhdəliklərə bütövlükdə zidd oludğunu nəzərə alaraq, Avropa Şurası Parlament Assambleyasından və Aqo qrupundan (Monitorinq Komitəsi) xahiş edirik ki, Azərbaycan nümayəndə heyətinin mandatlarının AŞPA-nın qarşıdan gələn 22 iyun yay sessiyasında dondurulması üçün indidən zəruri rəsmi addımlar atılsın. O cümlədən Venesiya Komissiyası qarşısında problemin qaldırılmasını xahiş edirik. Dəyişikliklərin qəbulu təqdirində isə bu proses məntiqi nəticəsinə çatdırılsın. Biz hesab edirik ki, əlavə və dəyişikliklər Azərbaycanın ATƏT və BMT çərçivəsində birləşmək azadlığının təmin olunması sahəsində üzərinə götürdüyü öhdəliklərə ziddir və sənədin qəbulu QHT-lərin fəaliyyətini məhdudlaşdırmaqla ölkədə siyasi sabitliyin sağlam əsaslarına zərbə vura bilər. Eyni zamanda bu dəyişikliklər təsdiqlənərsə, Avropa Birliyinin Şərq Tərəfdaşlığı və Avropa Qonşuluq Siyasəti proqramlarında Azərbaycan vətəndaş cəmiyyəti faktiki iştirak edə bilməyəcək. Vətəndaş Cəmiyyətini Müdafiə Komitəsi (VCMK) hazırkı əlavə və dəyişikliklər konkret mahiyyəti ilə əlaqədar iyunun 19-da ətraflı rəy hazırlayacaq və iyunun 18-də mövzu ilə əlaqədar dəyirmi masa, habelə Milli Məclisin qarşısında piket keçirilməsini nəzərdə tutur. VCMK həmçinin istənilən Azərbaycan dövlət təmsilçiləri, o cümlədən Prezident və Milli Məclislə görüşməyə və sözü gedən dəyişikliklər paketilə əlaqədar yaranmış problemi müzakirə etməyə hazırlığını bildirir. VCMK ölkə vətəndaşları və beynəlxalq ictimaiyyətin nümayəndələrini Azərbaycanda getdikcə daralan azadlıq dairəsinin qorunmasına çağırır. İfrat dövlət tənzimlənməsinin bir adı var - totalitarizm. Ölkəmizin yenidən totalitar nəzarət qaranlığına qərq olunmaması üçün, hamını öz səsini ucaltmağa çağırırıq?.

Digər xəbərlər
SON XƏBƏRLƏR