Putin Telman ismayılovu (?AST-Telman?)həbs etdirmək istəyir

img

09-06-2009 [04:19]


Rusiyada yaşayan azərbaycanlı milyarder, bugünlərdə Antalyada 1.5 milyard dollara başa gələn dəbdəbəli otelin açılışı ilə dünya mətbuatının gündəmində yer alan Telman İsmayılovun (?AST-Telman?) başı dərddədir. Belə ki, atasının adını verdiyi ?Mardan Palace? hotelinin açılışından sonra məşhur milyarder Kremlin qəzəbinə tuş gəlib və onun başının üstünü həbs təhlükəsi alıb. Rusiya mətbuatında, o cümlədən Kremlə bağlı ?RTR? telekanalının ?Vesti? proqramında yayılan xəbərlərə görə, Moskvada ?AST-Telman?a məxsus ?Çerkizovsk? bazarında iri həcmdə qaçaqmal aşkarlanıb. Bildirilir ki, bazara OMON dəstələrinin müşayiəti ilə yoxlamaya gələn Rusiya Baş Prokurorluğunun əməkdaşları ?AST-Telman?a məxsus obyektin anbarlarından 2 milyard dollar dəyərində, əsasən Çin istehsalı olan geyim və ayaqqabı aşkar ediblər. Bu faktla bağlı Rusiya Baş Prokurorluğu yanında İstintaq Komitəsi cinayət işi qaldırıb. Baş nazir Vladimir Putin bugünlərdə qaçaqmalçılığa qarşı sərt mübarizə tapşırığı verib və bu əməlləri törədənlərin mütləq həbs edilməli olduğunu deyib. ?RBC Daily? xəbər verir ki, istintaq müəyyənləşdirib ki, 2008-ci ilin sentyabrınadək naməlum şəxslərdən ibarət qrup Baltik ölkələrinin gömrük xidməti ilə əlaqəyə girərək Rusiyaya qaçaq yolla geyim, ayaqqabı və digər mallar daxil edib. Bu mallar heç bir müvafiq sənədlər olmadan AST Şirkətlər Qrupuna məxsus anbarlarda saxlanılıb. Axtarış zamanı T.İsmayılovun obyektinin anbarlarında 6 minə yaxın konteynerə baxış keçirilib, onlardan 58-də heç bir standartlara cavab verməyən uşaq geyimləri və ayaqqabıları aşkarlanıb. Onların heç bir standarta cavab vermədiyi və sağlamlıq üçün təhlükəli olduğu bildirilir. Hazırda həmin malların məhv edilməsi üçün tədbirlər görülür. Baş prokuror Yuri Çayka deyib ki, aşkarlanan saxta malları məhv etmək üçün böyük vəsait tələb olunur. Çaykanın bildirdiyinə görə, ?Çerkizovsk? bazarı ilə bağlı istintaqda Federal Təhlükəsizlik Xidməti də iştirak edir, istintaq baş nazirin nəzarətindədir. Bildirilir ki, ?AST-Telman?ın anbarlarında aşkar olunan qaçaqmal haqda baş nazir Putin iyunun 1-də hökumətin müşavirəsində də danışıb, o, bazarın adını çəkməsə də, baş prokuror Yuri Çaykaya tapşırıq verib ki, məsələ ilə bağlı tədbirlər görsün. Putin müşavirə zamanı Çaykadan soruşub: ?Hanı bu malların sahibi?? Baş prokuror isə deyib ki, nə malların sahibinin, nə də onları gətirənlərin adları sənədlərdə var. Məlum olub ki, ?Çerkizovsk? bazarında qaçaqmal aşkarlanması ilə bağlı cinayət işi bu il martın 20-də başlanan başqa cinayət işinin tərkibindən ayrılıb. Bazar günü ?Vesti? proqramında Arkadi Mamontovun apardığı ?Xüsusi reportyor? layihəsi bu hadisəyə həsr olunub. Faktla bağlı araşdırma aparan jurnalist ?AST-Telman?ın Türkiyədə 1.5 milyard dollara yeddi ulduzlu hotel tikdirərək ona atasının adını verməsindən, habelə açılış mərasiminə on milyonlarla dollar xərcləyərək Hollivud ulduzlarını dəvət etməsindən geniş bəhs edib. Proqramda deyilib ki, iş adamı bu milyardları qaçaqmal və digər qanunsuz yollarla əldə edir. ?İzvestiya? qəzeti isə yazıb ki, ?AST-Telman?ın qaçaqmal şəbəkəsi bugünlərədək fəaliyyətdə olub. Yenə bu günlərdə Kalininqrad, Omsk və Mahaçqala gömrük məntəqələrində Türkiyə və Çindən göndərilən onlarla konteyner dolu qaçaqmal tutulub. Bu malların hamısı ?Çerkizovsk? bazarı üçün nəzərdə tutulubmuş. Qalmaqalla bağlı ?İzvestiya? qəzeti də geniş yazıb. Qəzetin yazdığına görə, Çin və Türkiyə sexlərində istehsal olunmuş saxta mallar ?Çerkizovsk? bazarında hazırlanan etiketlərlə dünyanın məşhur markaları adı altında satışa çıxarılıb. Bazarda qiymətlərin ucuz olması əhalinin böyük hissəsinin bura axışmasına səbəb olub. Qəzetin əməkdaşları bazarın satıcıları ilə söhbət ediblər. Onlar deyiblər ki, mallara dair sertifikatlar da elə bazarda hazırlanır, bunun üçün 100 rubl vermək kifayətdir. Qəzet yazır ki, ?Çerkizovsk? bazarı Şərqi Avropada ən iri ticarət sahəsidir. Onun sahəsi 70 hektarı keçir. On minlərlə adam bu bazarda işləyir. Bazarda təkcə taciklərin sayı 17 mindir. Ticarətçilərin çoxu illərlə bazardan çıxmır və orada yaşayır. Çünki çoxunun sənədləri qaydasında deyil və ya rus dilini bilmir. Bazarın təhlükəsizlik xidməti isə az qala bir ordudur. Orada minlərlə keçmiş milis əməkdaşı, xüsusi xidmət orqanları işçiləri və hərbçi işləyir. Ötən il Rusiya telekanallarının çəkiliş qrupunu təhlükəsizlik xidməti cəmi bir neçə dəqiqəyə bazarın giriş qapısından qovub. Moskva dairəsi üzrə Cinayət Axtarış İdarəsinin keçmiş rəisi Yevgeni Xarlamov deyib ki, Çerkizovsk bazarı dövlət içərisində dövlətdir: ?Orada yoxlama aparmaq üçün cəsarət lazımdır. Məsələn, biz müəyyən şəxsləri yaxalamaq üçün gediriksə, təbii ki, ticarət nöqtəsinə girməli oluruq. Özümüzü təqdim edən kimi onların təhlükəsizlik xidməti ratsiya ilə kodlaşdırılmış sözlər deyir, bu sözlərdən sonra bizim axtardığımız adam yoxa çıxır. Ona görə də bazarda hansısa cinayətkarı tutmaq praktiki olaraq mümkün deyil?. Moskva milisinin həmkarlar təşkilatının rəhbəri Mixail Paşkin isə deyib ki, cinayət axtarışı idarəsinin əməkdaşlarına bazara girmək şifahi olaraq qadağan olunub. ?Hamı bilir ki, əgər ora girsə, işdən azad olunacaq? . Rusiya mətbuatının yazdığına görə, Çerkizovsk bazarında qaçaqmalın aşkarlanması ilə ?AST-Telman?ın Türkiyədə otel açması arasında əlaqə var. Çünki Rusiyanın hakimiyyət orqanları indiyədək bu qaçaqmal şəbəkəsindən və ?AST Telman?ın bazarında baş verənlərdən xəbərsiz olmayıblar. Lakin belə görünür, yəhudi əsilli milyarder öz pullarını Rusiyadan kənarda xərcləməyə üstünlük verdiyindən, Kremlin və şəxsən baş nazir Putinin qəzəbinə tuş gəlib. Putin Çerkizovsk bazarı ilə bağlı məsələni ?Mardan Palace?nin səs-küylü açılışından cəmi bir həftə sonra qaldırıb. Rusiyada yəhudi əsilli milyarderlərin cəzalandırılması bundan əvvəl də baş verib. Görünür, ?AST Telman? onların aqibətlərindən özü üçün dərs çıxarmayıb. Xatırladaq ki, ?Mardan Palace?nin açılışı zamanı Rusiya mətbuatı T.İsmayılovu tənqid edərək yazmışdı ki, indiki iqtisadi böhran şəraitində o, bu ölkədə qazandığı milyardları Türkiyəyə yatırır və hotel açılışına Hollivud ulduzlarını dəvət edir. Xəbər verildiyi kimi, T.İsmayılov həmin hotelin açılışından sonra Türkiyə vətəndaşlığına keçmək üçün müraciət etdiyini açıqlamışdı. İndi məlum olur ki, iş adamı Rusiyada onu nə gözlədiyindən duyuq düşübmüş və vaxtında pullarını xaricə çıxararaq heç olmasa bir hissəsini xilas edə bilib. Çerkizovsk bazarı T.İsmayılovun əsas gəlir nöqtələrindən biridir və şübhə yox ki, bu bazarın fəaliyyəti artıq çətin olacaq. Milyarderə qarşı isə bir neçə maddə üzrə ittiham irəli sürüləcəyi gözlənilir. Məlumatlara görə, ?AST Telman?ın Azərbaycan hakimiyyəti ilə də münasibətləri korlanıb. Onun hansısa hərəkəti hakimiyyət rəhbərliyinə xoş gəlməyib və iş adamına Bakıya gəlmək qadağan olunub. Xatırladaq ki, əsası 1989-cu ildə qoyulmuş AST Şirkətlər Qrupunun 2 milyard dollar dəyərində dövriyyəsi var. Şirkətlər qrupuna ?AST Praqa?, ?AST Kaspstroy?, ?AST Taksi?, ?AST Qold? və başqa şirkətlər daxildir.

Digər xəbərlər
SON XƏBƏRLƏR