06-06-2009 [10:13]
Azərbaycan ordusunda baş vermiş dəhşətli olaylarla bağlı ictimaiyyəti şoka salacaq faktlar əldə etmişik. Bu məlumatlar hansısa mənbə tərəfindən şifahi şəkildə verilməyib. "Yeni Müsavat" qəzeti bununla bağlı istintaq materialları əldə edib.
Bu il mayın əvvəlində Respublika Hərbi Prokurorluğunda 5 nəfər hərbçinin işi üzrə ibtidai istintaq yekunlaşıb. İttiham aktına görə, ?N? saylı hərbi hissənin zabiti, leytenant Xəqanı Bəkir oğlu Cavadov kiçık çavuşlar - Elçin İbad oğlu Məmmədov, Samir Müxlis oğlu Tağıyev və əsgər Süleyman Lətifşah oğlu Əliyevlə əlbir olaraq qulluq mövqeyindən istifadə etməklə tabeliklərində olan əsgərləri zorlayıb və ermənilərin xeyrinə casusluğa cəlb edib. Ermənilər də həmin əsgərlərdən istifadə edərək ordumuzun mövqeləri barədə məlumat almaqla yanaşı, onların əli ilə Azərbaycan ərazisində partlayışlar törətməyi planlaşdırıblar.
Cinayət işində adı keçən 5-ci hərbiçi isə leytenant Rəşad Razim oğlu Abışovdur. O, dəstə başçısı leytenant E.Məmmədova qanunsuz olaraq odlu silahın komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular verməkdə təqsirləndirilir. E.Məmmədov və onun əlaltıları isə Cinayət Məcəlləsinin 150-ci (seksual xarakterli zorakılıq hərəkətləri etmə), 228-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 274-cü (dövlətə xəyanət), 333-cü (hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etmə), 338-ci (döyüş növbəsi çəkmə qaydalarını pozma), 341-ci (hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə), 349-cu (hərbi əmlakı qəsdən məhv etmə və ya zədələmə) maddələri ilə təqsirləndirilirlər. Tükürpədici cinayət işindəki ifadələrlə tanış olduqca ordumuzda münasibətlərin necə formalaşmasını çılpaqlığı ilə görmək mümkündür.
[flash width=425 height=350]http://www.youtube.com/v/33ipSKkwJqo&color1=0xb1b1b1[/flash]
?...Kim istəmirsə, mobil telefona kontur yükləsin?
İttiham aktına görə, 2008-ci ilin fevralından başlayaraq, ?N? saylı hərbi hissənin zenit-pulemyot manqasının komandiri, kiçik çavuş Elçin İbad oğlu Məmmədov digər kiçik çavuş Samir Tağıyevlə birlikdə əsgər Elməddin Əliyevi digər əsgər Nurlan Novruzovu döyməyə məcbur ediblər. Onların əmri əsasında E.Əliyev N.Novruzovun əllərini qapıya bağlayıb. Bundan sonra isə kiçik çavuşlar əllərini bir-birinin çiyninə qoyaraq əsgər N.Novruzovun qarın nahiyəsinə təpiklə zərbələr vurublar. Elməddin Əliyevi də yumruqla N.Novruzovun qarnından vurmağa məcbur ediblər.
Əsgərlər Nurlan Novruzov, Rəşad Şahbazov, Rəsul Məmmədov və Novruz Axundovu sıraya düzən çavuşlar ?hamınız blindaj?ın ətrafına posta çıxırsınız, kim istəmirsə, mobil telefona kontur yükləsin? deməklə onları telefonlarına kontur yükləməyə məcbur ediblər.
İşgəncədən huşunu itirən əsgəri təpikləməklə ayıldıblar
Çavuşların qanunsuz göstərişini icra etməkdən imtina edən əsgər Rəsul Məmmədov döyülüb. R.Məmmədovun verdiyi ifadədən məlum olur ki, sonradan onu əsgər yoldaşı Nurlan Novruzovun bədəninə hər birinin 9 kiloqram ağırlığı olan 5 ədəd zirehli gödəkçə geyindirməyə məcbur ediblər. Bu vəziyyətdə Nurlan Novruzova 1 saat ərzində ?blindaj?ın ətrafında saatdar kimi dairə vurub parol dedizdirən çavuşlar onu təhqir etməkdən də çəkinməyiblər.
Əsgərin anasını söyüb üzünə ?DŞK silləsi? vurublar
Bir neçə gün sonra Nurlan Novruzovun bədəninə yeddi ədəd zirehli gödəkçə geyindirən çavuşlar onu yenidən ?blindaj? ətrafında qaçırıblar. İşgəncə əsgər huşunu itirənə qədər davam etdirilib. Özündən gedən əsgəri təpikləyərək ayıldan çavuşlar həmin gün ona təkrarən beş ədəd zirehli gödəkçə geyindirib bir saat ərzində sığınacağın ətrafında qaçırdıblar. Bundan sonra bədənində bir gödəkcə saxlamaqla bir saat ərzində sığınacağın içində taqım komandirinin otağının qarşısında dayanmasını əmr ediblər. Lakin bununla da kifayələnməyib təpiklə ona zərbələr vurublar. Axşam vaxtı isə sığınacağın içində Nurlanın sifət nahiyəsinə sillələr vuraraq ana-bacı söyüşü ilə onu təhqir ediblər. Sillələr əsgərin sifətinə vurularkən kiçik çavuşlar hərəkətlərini ?DŞK silləsi? kimi adlandırıblar.
ƏMR: ?Döyüş?ə komandası ilə sürünərək ayaqyoluna
Bir neçə gün sonra əsgər Nurlan Novruzova ?döyüşə? komandası verən çavuşlar, onu ayaqyoluna və geri, sığınacağa qədər sürünməyə məcbur ediblər.
Əsgərləri it kimi boğuşdurub bir-birini dişləməyə məcbur ediblər
2008-ci ilin fevral ayının ortalarında Elçın Məmmədov kiçik çavuş Samir Tağıyevlə birlikdə ?DŞK? silahını sığınacaqda çarpayının üstünə qoyaraq kəndiri əsgər Novruz Axundovun boğazına keçirib həmin silaha bağlayıblar. Əsgər Rəşad Şahbazovu isə düşmən qismində yaxınlaşıb silahı götürməyə, N.Axundovu isə bunun qarşısını almaq üçün it kimi hürməyə məcbur ediblər. Hər iki əsgəri özlərinin iti elan edən kiçik çavuşlar onların yalvarışlarına məhəl qoymadan paltarlarını soyundurublar. Fevral ayının soyuq günlərindən biri olmasına baxmayaraq, lüt vəziyyətdə hər iki əsgəri it kimi boğuşmağa, bir-birini dişləməyə məcbur ediblər.
Hürməyən əsgəri odun kötüyü ilə vəhşicəsinə döyüblər
Sonra əsgərləri çöldəki odunluqda kəndirlə bağlayaraq, onlardan it kimi hürmələrini tələb ediblər. Əsgər R.Şahbazov bundan imtina etdiyindən hər iki kiçik çavuş onu vəhşicəsinə odun kötüyü ilə döyüblər. Bütün bunlar digər əsgərlərin gözü qarşısında törədilsə də, onlardan heç biri qorxudan etiraz etməyib.
Bir neçə gün sonra bu səhnə yenidən təkrarlanıb. R.Şahbazovla N.Axundovu boyunlarından kəndirlə üzərinə televizor qoyulmuş masanın ayaqlarına bağlayıb onlardan tağım komandiri Xəqani Cavadov otağına girdikdə birincinin, çıxdıqda isə ikincinin hürməsini tələb ediblər. Buna nail olmaqla onlara işgəncə verilib.
Samir Tağıyev Elçin Məmmədovla birlikdə istifadə etdikləri 050 477-24-49 nömrəli ?SİEMENS? markalı mobil telefona 2 və 5 manat dəyərində kontur yükləmələri barədə tabeliklərində olan əsgərlər Nurlan Novruzova, Rəsul Məmmədova, Novruz Axundova, Rəşad Şahbazova müntəzəm tapşırıqlar veriblər. Tapşırığı yerinə yetirməyənləri isə it kimi hürdürməklə yanaşi, dəhşətli işgəncələrə də məruz qoyublar.
?Biz qızlarla danışmamışıq, bizə kontur yüklətdirin?
Qarlı bir gündə R.Şahbazovla N.Axındovu sığınacaqdan lüt bayıra cıxaran ?qəhrəman?lar əsgərləri bir-birinin bədənini qarla yumağa məcbur ediblər. Onları sığınacağa qaytardıqdan sonra ?bu gün biz qızlarla danışmamışıq, bizə kontur yüklətdirin? deyiblər. R.Şahbazovla N.Axundov imtina etdikdə əsgər R.Şahbazova altı ədəd zirehli gödəkcə və dəbilqə geyindirərək onun müşahidə mövqeyinə çıxmasını əmr edib, sonuncu ağırlığa dözə bilməyib yıxıldığı üçün onu lüt soyundurub sığınacağa aparıb dəmir xəttkeşlə kürəyinə vurublar. İşgəncələrə dözməyən əsgər valideyninə zəng edərək kiçik çavuşların telefonuna kontur yüklədib. Samir Tağıyev əsgər R.Şahbazov telefonuna kontur yüklətdirəndən sonra onun əvvəlcə etiraz etməsini xatırladaraq paltarlarını lüt soyundurub. Metaldan olan xətkeşi sobada qızdıraraq onun bədəninə basmaqla bir daha etiraz etməməsini tələb edib.
?Tufan?, ?Best Tufan? ləqəbli casuslar əsgəri necə azdırıblar?
Bütün bu işgəncələr barəsində əsgərlərdən biri taqım komandiri Xəqani Cavadova məlumat versə də, sonuncu bu məlumatları qulaqardına vurub. İstintaq zamanı leytenantın əsgərlərlə çavuşların amansız rəftarına göz yummasının səbəbləri də üzə çıxıb. Məlum olub ki, hələ 2007-ci ilin sonlarında kiçik çavuş Elçin Məmmədovla əlbir olmaqla Xəqanı Cavadov ermənilərlə işbirliyinə razılıq verib. Erməni hərbiçilər X.Cavadova ?Tufan?, E.Məmmədova isə ?Best Tufan? ləqəbi verməklə onları casusluğa cəlb ediblər. 2007-ci ilin dekabr ayının əvvəllərində kiçik çavuşla leytenant əsgər Nurlan Novruzova ?koma?ların yanına getməsini əmr edib yolda onu azdıraraq düşmən postuna aparıblar.
?Andrey? ləqəbli erməni əsgəri zorlayaraq kameraya çəkib
Ermənilərin ?Andrey? adlı hərbçisi Nurlanı videokameraya çəkməklə zorladıqdan sonra ondan casusluq fəaliyyəti göstərməsini tələb edib. Nurlandan xidmət etdiyi posta kimin və hansı səbəbdən gəlməsi, gəlmiş şəxsin hansı vəzifədə işləməsi, Şəmkir və Gədəbəy rayonlarında yerləşən hərbi hissələrdəki əsgərlərin sayı barədə məlumat toplayıb onlara ötürmələrinə dair tapşırıqlar verilib.
Bu hadisələr niyə önlənməyib?
Hazırda Milli Təhlükəsizlik Nazirliyinin istintaq təcridxanasında saxlanılan leytenant Xəqani Cavadovla cavuş Elçin Məmmədov əlbir olaraq ermənilərlə işbirliyi qurduqdan sonra tabeliklərində olan əsgərlərlə amansız davranıblar. Maraqlıdır ki, qoşunların təmas xəttində baş verən bu hadisələr hərbi hissə qərargahından yoxlamalara gələn zabitlər tərəfindən vaxtında üzə çıxarılmayıb.
?Zorlama səhnələrini internetdə yerləşdirəcəyik?
2007-ci il dekabr ayının ortalarında X.Cavadovla E.Məmmədov xidmət etdikləri postdan digər döyüş postuna gedərkən ?mağara? deyilən yerdə erməni kəşfiyyatçısı ilə görüşüblər. Görüş zamanı başında qara maska olan düşmən özünü onlara Andrey kimi təqdim edib. Həmin vaxt qayalıqların arxasından çıxan digər maskalı videokamera ilə X.Cavadovla E.Məmmədovun Andreylə görüşünü çəkib. Maskalı çavuşla leytenantı özlərinə məxsus və 700-800 metr aralıda yerləşən postlarına aparıb. İttiham aktındakı məhkəmə-tibb ekspertizasının rəylərindən məlum olur ki, hər ikisi orada cinsi təcavüzə məruz qalıblar. Ermənilər zabitlə çavuşun zorlanma səhnəsini videokameranın yaddaşına köçürməklə verəcəkləri tapşırıqlar yerinə yetirilməyəcəyi təqdirdə onu internetdə yayacaqları ilə hədələyiblər. Bundan sonra mütəmadi olaraq çavuşla leytenant ermənilərlə görüşüb onlara ordumuzun mövqeləri barədə məlumat veriblər.
?Bizlə işləməyə əsgər gətirin?
Növbəti belə görüşlərin birində Andrey Elçin Məmmədovun başqa əsgərləri də onların yanına gətirməsini istəyib. Əsgər Süleyman Əliyevlə bir postdan digərinə gedərkən ?mağara? deyilən yerdə Andrey onların qarşısına çıxıb. Elçin Məmmədov Süleyman Əliyevə maskalının onun tanışı olduğunu deyərək yanına aparıb.
İbtidai istintaqa ifadəsində S.Əliyev onlarla görüşən şəxsin maskasını çıxardıqdan sonra qarayanız və 25-26 yaşlarında olduğunu təxmin etdiyini deyib.
Qısa tanışlıqdan sonra çavuşla əsgər düşmən postuna yollanıblar. S.Əliyev E.Məmmədovun erməni dilində Andreylə sərbəst danışdığını görüb.
?Bu gündən bizimlə əməkdaşlıq edəcəksən?
Düşmənin ?blindaj?ına daxil olan S.Əliyev oranı belə xatırladığını deyib: ? Yerin altında 10 metr uzunu, 5 metr eni olan qazma idi. Hündürlüyü də təxminən 2 metr olardı. Anbar, 10 nəfərlik yataq yeri, onunla üzbəüz yemək masası, bir küncdə isə ayrıca otaq vardı. Biz qazmaya girəndə orada olan hərbiçilər ayağa qalxdılar. Andrey küncdəki otağa girib oturdu. Elçin həmin vaxt otaqda ayaq üstə dayandı. Andrey Azərbaycan dilində dedi ki, bu gündən bizimlə əməkdaşlıq edəcəksən, bir yerdə işləyəcəyik. Elçin dedi ki, təklifi qəbul elə, eləməsən səni öldürəcəklər. Razılıq verəndən sonra Andrey Elçinə məni göstərərək dedi ki, buna bir ad vermək lazımdır. Otaqda olan kompüterdə erməni əlifbası ilə nəsə yazıb sənədi kağız formasında kompüterdən çıxararaq imzalamağımı istədi. Elçinə də dedi ki, bunun adını ?Besti Tufan" qoyuruq.
?Əsirlər Allaha yalvarıb ermənilərdən aman istəyirdilər?
Bundan sonra isə 30-35 yaşlarında olan bir hərbiçi Rusiya istehsalı olan siqaret, şokolad və çay gətirdi. Bütün bunları əlində kamera olan biri çəkirdi. Andrey dedi ki, bu sənədə qol çək, müqavilə bağlayırıq, əməkdaşlıq etməsən çəkdiyimiz kaseti internetə və sizin orqanlara göndərəcəyik. Qol çəkəndən sonra postlarda olan silahların növünü, sayını, texnika və canlı qüvvələrin sayını soruşdu. Postda xidmət etdiyim üçün taboru yaxşı tanımadığımı dedim. Andrey dedi ki, ?Elçin bir azdan evə gedir, ondan sonra yerində sən qalırsan?. Elçin posta qayıtmalı olduğumuzu deyəndən sonra Andrey başını tərpətməklə razılıq verdi. ?Blindaj?dan çıxmazdan əvvəl o, mənə dedi ki, ?bizə lazım olsan səngərimizdə adam başında dəbilqə o tərəf bu tərəfə gəzəcək. Siz isə öz səngərinizdən ?vazgen" qışqırıb söyüş söyərsiniz. Bu işarədən başa düşəcəyik ki, siz görüşə hazırsınız. Növbəti gün ən geci saat 15-də mağarada görüşürük. Postumuzda hər hansı dəyişiklik olsa, dərhal qumbaraatanı çiynimə götürüb başında dəbilqə, əynində zirehli gödəkçə yavaş-yavaş sağa sola getməyimi, yoxlama gəlsə bu hərəkətləri tez-tez etməyimi tapşırdı. Əlində videokamera olana nəsə dedikdən sonra o, çəkilişi dayandırdı. Məni yanına dəvət edib kamerada əsirlərimizə necə işgəncə verildiyini göstərdi. Bir erməni əsirin qulağını, başqası isə bir başqa əsirin gözünü çıxarırdı. Bir əsirin isə burnunu necə kəsdiklərini göstərdi. Əsirlər Allaha yalvarıb ermənilərdən aman istəyirdilər".
[flash width=425 height=350]http://www.youtube.com/v/mI-jF56A6Ts&color1=0xb1b1b1[/flash]
?Partlayıcı maddə verəcəyik, qatara və ya avtobusa qoyarsınız?
Posta qayıdarkən S.Əliyev onu ermənilərlə iş birliyinə cəlb etdiyinə görə Elçin Məmmədovla mübahisə edib. Lakin sonuncu ?daha gecdir? deməklə ondan susmasını tələb edib. Martın 15-də ermənilər ?Andrey?in dediyi işarələri verməklə onları görüşə dəvət ediblər. Həmin vaxt Elçin snayper məntəqəsinin üstünə çıxaraq ?vazgen? qışqıraraq erməniləri söyüb. Növbəti gün Elçin leytenant Cavadova siqaret ardınca digər posta getmək istədiyini bildirib. Bundan sonra Elçinlə Süleyman ?Andrey?lə görüşə yollanıblar. Orada görüşəndən sonra Andrey Elçinlə qabaqda addımlamaqla düşmən postuna tərəf gediblər. Yolda Süleyman ?Andrey?in Elçindən Bakı şəhərini tanıyıb-tanımadığını soruşub. Onun ?bəzi yerləri tanıyıram? deməsindən sonra Andrey ?yay ayında məzunuyyətə çıxanda sizə partlayıcı maddə verəcəyik, qatara və ya avtobusa qoyarsınız? deyib.
?Andrey partlayıcını işə salmağı Elçinə öyrətdi?
Söhbət düşmənin ?blindaj?ında davam etdirilərkən Elçin məzuniyyətə cıxa bilməyəcəkləri təqdirdə vəziyyətin necə olacağı ilə bağlı Andreyə sual verib. Sonuncu sualı ?dəbilqəsiz səngərdə hərəkət edərsiz, bilərik ki, alınmır? deyə cavablandırıb. Andrey Bakıda planlaşdırılan partlayışın baş tutacağı təqdirə onlara ?maykada səngərdə gəzişərsiz, alınmasa, maykanı çıxarıb başınızın üstündə fırladarsız? deyib. Bundan sonra Andrey bir-birinə bağlanmış partlayıcı maddəni otağına gətizdirib. S.Əliyev ifadəsində göstərib ki, həmin vaxt Andrey onu ?blindaj?dan çıxarıb: ?Az sonra Elçin də oradan çıxıb gəldi. Dedi ki, fişəngə oxşayan və Andreyin otağa gətirtdiyi partlayıcı idi və onu işə salmağı izah ediblər. Bütün bunları videokameraya çəkirdilər. Posta qayıtdıqdan sonra tabor və bölük komandirlərinin leytenant Cavadovla əsgər Rasim İsmayılovun 10 günlük özbaşına istirahətə getmələri ilə maraqlandığını gördük. Tabor komandiri Rasim İsmayılovu döyüb dizi ilə onun sifətinə bir neçə dəfə vurdu. Bu hadisə aprel ayında baş verdi. May ayında isə leytenant Cavadov ordudan təxris olundu. Əvəzinə təyin olunan leytenant Rəşad Məmmədov digər postlara getməyi qadağan etdi. Döyüş növbətçiliyi bərpa olundu. Mən Andreyə bu barədə dediyi kimi səngərdə yavaş-yavaş gəzişməklə işarə verdim?.
?Nurlana zirehli gödəkçə geyindirməklə ona avtomatdan atəş açırdılar?
S.Əliyev əsgər Nurlan Novruzovun işgəncələrə məruz qalması ilə bağlı bunları deyib: ?2008-ci il fevral ayında çavuşlar Samir Tağıyevlə Elçin Məmmədov mənimlə əsgər Elməddin Əliyevi siqaret üçün digər posta göndərdilər. Biz oradan qayıdanda əsgər Nurlan Novruzovun sağ gözünün şişdiyini, sol gözünün isə göyərdiyini gördük. Əsgərlər dedilər ki, çavuşlar Nurlanın əllərini qapıya bağlayıb onu bərk döyüblər. Bundan sonra əyninə 5 ədəd zirehli gödəkçə geyindirməklə ona avtomatdan atəş açıblar.
Səhərisi gün ?blindaj?da yemək yeyəndə çavuşlar əsgərlər Rəsul Məmmədov və Tehran Tehmirova Nurlana 7 ədəd zirehli gödəkçə geydirmələrini məcbur etdilər. Nurlan ?blindaj?dan çıxanda huşunu itirdi. Rəsulla Tehran onun əynindən gödəkçələri çıxardılar, Elvin sifətinə su səpib onu ayıltdı. Çavuşlar yenidən onun əyninə 4 ?bronjilet? geyindirib tağım komandirinin qapısı qarşısında saxladılar. Həmin vaxt Nurlanın sinəsinə atəş açaraq təpiklə vurub yerə yıxırdılar. Bir neçə gün keçəndən sonra Samir Tağıyev Nurlanın, Elçin Məmmədov isə Rəşad Şahbazovun belinə minib qulaqlarına sillə vurmaqla 2 saata yaxın ?blindaj?ın içində gəzdilər. Rəşad Şahbazov yerə yıxılıb əldən düşəndən sonra əsgər Rəsul Məmmədov ona yaxınlaşıb kömək etmək istədi. Elçin isə dedi ki, mənim atım xəstələnməməlidir və ona kömək etməyə imkan vermədi".
Andreyin planı niyə baş tutmayıb?
S.Əliyev ifadəsində E.Məmmədov ordudan təxris olunandan sonra onun telefon nömrəsini itirdiyinə görə əlaqə saxlaya bilmədiyini və bu səbəbdən Andreyin partlayış törətməklə bağlı tapşırığını yerinə yetirə bilmədiklərini deyib: ?Partlayıcını Elçin götürməliydi. Biz birgə onu qatarda və ya avtobusda quraşdırmalıydıq. Lakin onunla əlaqə itdiyindən və postda xidmət keçmə nizamnaməyə uyğun aparıldığından Andreylə görüşməyə də imkan tapmırdım?.
[flash width=425 height=350]http://www.youtube.com/v/dbx9jXaHuno[/flash]
2007-ci il aprel ayına kimi komandirləri baş leytenant Elşən İsayevin tabeliyində normal xidmət aparıb. Həmin ay E.İsayevin əvəzinə qulluq etdiyi tağıma leytenant Xaqani Cavadov komandir təyin olunub. Noyabr ayının ortalarında isə Xaqani Cavadov onu və çavuş Elçin Məmmədovu yanına çağıraraq ?hazırlaşın, düşürük komaya? deyib: ?Həmin ərazidəki posta tərəf gedərkən Xaqani ilə Elçin düşmən postları olan istiqamətə hərəkətə başladılar. Cavadova əllə işarə verərək dedim ki, komandir komaya bu tərəfdən gedirlər. O isə özünü elə apardı ki, güya eşitmədi. Bir də deyəndə əli ilə işarə elədi ki, gəl bəri, komalara bu üzdən də yol var.
Leytenant əsgərimizi ermənilərə bir siqaretə satıb
Erməni postuna çatmağa 100 metr qalmış qabağımıza qara paltarda iki nəfərin gəldiyini gördüm. Komandirə gəl qaçaq desəm də, o, qorxma bunlar komalara baxandı, deyib məni saxladı. Həmin 2 nəfər yaxınlaşaraq Cavadov və Məmmədovla salamlaşdıqdan sonra komandir onlarla azərbaycan dilində danışmağa başladı. Onlardan siqaret gətirib-gətirməmələrini soruşdu. Onlardan biri ona paket verdi və sağollaşaraq 10-15 gündən sonra görüşərik dedi. Leytenant Cavadovun əlindəki paketi göstərib bu nədir deyə soruşdum. O, cavab verdi ki, mənim siqaretimdi, sənə nə var, onsuz da sənə ondan verilməyəcək. Təqribən noyabr ayının axırlarında, Cavadov yenə dedi ki, komaya gedirik. Orada eynilə birinci dəfə getdiyimiz qayalıq deyilən ərazidə iki nəfər bizi qarşıladı. Bir az söhbət etdikdən sonra onlardan biri dedi ki, gəlin yuxarı qalxaq. Qabaqda görünən posta çatana qədər Cavadov və Məmmədov onların yanında söhbət edə-edə getdi. Mən də məcbir olub onların arxasınca gedirdim. Yolda komandirdən bir neçə dəfə hara getdiyimizi soruşdum. Lakin cavab vermədi. Posta çatanda ona bu bizim tərəfimizin postuna oxşamır desəm də, o, bu bizim postumuzdur, qorxma deyib məni "blindaj"ın içinə çağırdı. Ora qədər heç nədən şübhələnməmişdim. ?Blindaj?da komandirin məni aldatmasını və ermənilərin yanına gətirməsini başa düşdüm. Qorxudan heç nə danışmırdım. Ermənilər bir az Cavadov və Məmmədovla söhbət etdikdən sonra onları çölə çıxardılar. Mənə isə azərbaycan dilində içəridə qal dedilər".
Əsgər ifadəsində göstərib ki, həmin vaxt ermənilərdən biri ondan soyunmasını tələb edib: ?Qorxudan paltarlarımı soyundum, daha sonra dedilər divara tərəf çön, əllərini isə başının arxasında saxla və əyil. Onlardan biri videokamera quraşdırıb üstümə gəldi?.
?Bes Tufan?
Əsgər erməni hərbiçisi tərəfindən zorlanandan sonra paltarlarını geyindiriblər və qabağına kağız qoyulub: ?Kağızın üstündə yazılanları oxuya bilmədim. Həmin vaxt leytenant Cavadov və çavuş Məmmədov "blindaj"a daxil oldu. Məndən harada yaşadığımı, ata-anamın kimliyini, ailə üzvlərimin sayını soruşdular. Suallarına cavab verdikdən sonra dedilər ki, əgər bu barədə kiminsə yanında danışsan kameraya çəkdiklərini evimizə göndərəcəklər. Leytenant Cavadova mənə ad qoyulmasının lazım olduğunu dedilər. Ermənilərdən biri dedi ki, bundan sonra sənin adın ?Bes Tufan? olacaq və biz səninlə təklikdə söhbət edəcəyik, postunuza kim gəldi, hansı vəzifədə işləyir, nə üçün gəlmişdi, bu barədə məlumat toplayıb bizə deməlisən. ?Sançast?da, korpusda, Şəmkirdə, Gədəbəydə nə qədər əsgərin olduğunu öyrənməyi tapşırdılar. Bundan sonra ?blindaj?dan çıxaraq posta qayıtdıq. Yolda komandir dedi ki, heç nədən qorxma, qorxusu yoxdur. 4-5 gün sonra komandir komaya düşmək üçün hazırlaşmağımızı tapşırdı. Ona getmək istəmədiyimi bildirəndə dedi ki, istəyirsən kaseti hamı görsün. Məcbur olub leytenant Cavadov və Elçin Məmmədovla bir daha qayalıq tərəfə getdik. Neytral ərazidə həmin 2 nəfərlə görüşdük. Orada məni sorğu-sual etsələr də, heç nə cavab vermədim. Ermənilərdən biri Cavadova dedi ki, bu uşaq bizə məlumat vermir, özünə yaxşı uşaq tap gətir. Komandir də başqa uşaq tapacağına söz verdi. Posta qayıdarkən Cavadov dəfələrlə soruşdu ki, nə üçün işləmək istəmirsən. Mən də ona ermənilərə işləməyəcəyimi dedim. Təqribən 25 gün sonra, 2007-ci ilin dekabr ayının ortalarında erməni tərəfdən ?Bes Tufan? deyə qışqırdılar. Cavadov dedi ki, gedirik görüşə. Komandirdən məni aparmamasını xahiş etdim.
Lakin o təkidlə getməlisən dedi. Elçin Məmmədov və leytenant Cavadovla birlikdə eyni ilə həmin yolla qayalıq tərəfə getdik. Neytral ərazidə ermənilərlə görüşdük, onlardan biri məndən verdiyi tapşırıqla maraqlandı. Mən ancaq postda olduğumu deyib heç nə bilmədiyimi söylədim. Erməni əsəbiləşib ?necə yəni heç kəsi görməmisən? dedi və Cavadova baxdı. O da erməniyə dedi ki, yuxarı qalxaq, mən onu başa salacam. Posta çatdıqdan sonra Cavadov məndən nə üçün onlara işləmədiyimi soruşdu. Dedim ki, mən işləmək istəmirəm. Məni öz otağına çağırdı və onlarla işləməyə məcbur etmək istədi. Mən ?blindaj?dan çıxdım. Leytenant Cavadov da arxamca çıxıb geri dönməyi əmr etdi. Bir neçə dəfə qışqırdıqdan sonra Elçin Məmmədovu yanına çağırıb ?onu sındırın? deyə tapşırıq verdi. Elçinin ana-bacı söyüşü söyməklə məni ermənilərlə işləməyə məcbur edəcəyini dedi. Bir neçə gün sonra Cavadov postu özbaşına tərk edib evə getdi. Evdə olduğu vaxt onun göstərişinə əsasən çavuşlar Elçin Məmmədov və Samir Tağıyev məni döyüb işgəncə verirdi. Əynimə çoxlu ?bronjilet? geyindirib qaçırdırdılar.
Əsgəri bamğalayıblar
Samir Tağıyev dəmir xətkeşi alovun içinə qoyub çiynimdə yazılmış ana və ata sözlərinin üstünə damğa vurdu. 2008-ci ilin fevral ayının əvvəllərində çavuşlar əsgər Elməddin Əliyevə əllərimi qapıya bağlatdırıb əllərinə dəsmal doladılar və boksçular kimi qarın, sinə və sifətimə zərbələr vurdular. Bundan sonra hər ikisi əllərini bir-birinin çiyninə qoyaraq təpiklə qarnıma iki-üç zərbə vurdu. Elməddini də yumruqla məni vurmağa məcbur etdilər. Bir neçə gün sonra isə bizi sıraya düzüb ?hamınız blindajın ətrafına saatdar çıxırsınız, kim istəmirsə mobil telefona kontur yükləsin? dedilər. Valideynlərimin çavuşların telefonuna kontur yükləməyə imkanı olmadığından mən zəng eləmədim. Əsgər Rəsul Məmmədova mənə 5 ədəd zirehli gödəkcə geyindirməyi tapşırdılar.
Şəxsi heyətin gözü qarşısında işgəncə
1 saat sonra daha iki ?bronjilet?i əynimə geyindirdilər. Bütün bunları şəxsi heyətin yanında edirdilər. Nəfəsim kəsildi, huşumu itirib yerə yıxıldım. Əsgərlərdən kimsə sifətimə su çilədi, özümə gəldikdən sonra gödəkcələr bədənimdən çıxarıldı. Beş-on dəqiqə keçəndən sonra təkrarən 5 zirehli gödəkcənı geyindirdilər. Həmin gödəkcələr çox olduğundan gözümün qabağını kəsirdi və qarşı tərəfi görmürdüm. Bu vəziyyətdə bir saata yaxın ?blindaj?ın ətrafında gəzdim. Çavuşlar mənə baxıb gülürdülər, yaxınlaşaraq təpiklə vururdular. Axşam Elçin Məmmədov ?blindaj?ın içində gödəkçələri əynimdən çıxartdırıb əsgər yoldaşlarıma əsgərlər arasında ?DŞK silləsi? deyilən sillələrlə məni vurmağı əmr etdi. Çavuş Samir Tağıyev də bir neçə dəfə həmin sillədən vurdu".
Əsgərlə cinsi əlaqə
Həmin gecə çavuşlar əsgərin çarpayısına yaxınlaşaraq ülgücü boğazına dirəyiblər və S.Tağıyev onu zorlayıb: ?Elçinə deyirdim ki, eyni çağırışdanıq, məni müdafiə etmək əvəzinə sən də belə hərəkət edirsən. O isə məni vurub deyirdi ki, səsini çıxarma. Martın 27-də Cavadov məni öz otağına çağıraraq belini ovuşdurmağımı tapşırdı və mənimlə cinsi əlaqədə olmaq istədi".
Əsgər ifadəsini davam etdirərək deyir ki, yalnız Cavadovun göstərişi ilə döyülüb, bundan başqa heç kim onu incitməyib, hamı ilə çox yaxşı və qardaş münasibətində olub. Sonradan isə çavuşlar ona işgəncələr verərkən postun digər əsgərlərinə də onu vurmaq və ya ?bronjilet? geyindirmək göstərişi veriblər. Əsgər yoldaşları bunu etmək istəməyəndə onları qorxudublar. Nəticədə əsgərlər ona bir təpik zərbəsi vurublar. Sonradan isə sakitcə ?bağışla? deyərək kənara çəkiliblər. Öz əsgər yoldaşlarında heç bir günah görmədiyini, onlara qarşı heç bir şikayəti olmadığını, 2008-ci ilin aprelində isə ordu sıralarından ehtiyata tərxis olduğunu deyib.
Davamı var...