Mətbuat Şurasında jurnalistikamızın tanınmız nümayəndəsi Nəriman Zeynalovu anım mərasimi keçiriləcək

img

04-06-2009 [03:51]


İyunun 5-də Azərbaycan Mətbuat Şurasında jurnalistikamızın tanınmış nümayəndəsi Nəriman Zeynalovu anım mərasimi keçiriləcək. Şuranın ?Görkəmli jurnalistlərin anımı? silsiləsindən sayca dördüncü olan tədbirdə dəyərli sənətkarın həyat və fəaliyyətinə nəzər salınacaq, keçdiyi şərəfli ömür yolunun müasir mediamız üçün də örnək ola biləcək məqamlarından söhbət açılacaq. Saat 12-də başlayacaq anım tədbirinə N.Zeynalovu tanıyanlar, jurnalist həmkarları və kütləvi informasiya vasitələri təmsilçiləri dəvətlidirlər. N.Zeynalov 1933-cü ildə Göyçay rayonunda anadan olub. 1956-cı ildə Bakı Dövlət Universitetinin jurnalistika şöbəsini bitirib. İstedadı, təşəbbüskarlığı və çalışqanlıq keyfiyyətləri nəzərə alınaraq universitetin mətbuat tarixi kafedrasında müəllim saxlanılıb. Paralel olaraq ?Xalq qəzeti?ndə (o zamankı ?Kommunist? qəzeti) ədəbi işçi, şöbə müdiri vəzifələrində çalışıb. Sonrakı illərdə taleyini BDU-nun jurnalistika fakültəsi ilə bağlayan N.Zeynalov ?Molla Nəsrəddin? jurnalının tarixi ilə bağlı 1967-ci ildə namizədlik, 1988-ci ildə isə doktorluq dissertasiyaları müdafiə edib. Azərbaycanın mətbuat tarixi ilə bağlı 2 cildlik dərslik hazırlayıb. N.Zeynalov peşəkar fəiliyyətində jurnalistikanın nəzəri və praktik sahələrinə paralel surətdə diqqət ayırıb. O, 1977-ci ildən başlayaraq 10 ilə qədər ?Sovet kəndi? qəzetinə redaktorluq edib. Ömrünün son illərində doğma jurnalistika fakültəsinə qayıdan Nəriman müəllim dekan seçilib. 1989-cu ilin yazında dünyasını dəyişib. N.Zeynalov fədakar mətbuat tarixçisi olmaqla yanaşı, həm də istedadlı publisist, gənc yazarlar üçün ustada çevrilmiş bir qələm sahibi idi. 1971-ci ildə oçerkləri ?Qızıl qələm? mükafatına layiq görülüb. ?Gümüş dəstəkli qılınc? romanının, ?Oğul o kəsdir ki?, ?Dağlar oğlu?, ?Bərəkətli torpaq? oçerklər kitablarının müəllifi olub. Dövri mətbuatdakı bir çox hekayə və məqalələri hələ də yaddaşlardadır.

Digər xəbərlər
SON XƏBƏRLƏR