EldarHəsənov: ?Mən zəxsi, həm də xidməti qismətimdən razıyam?

img

27-05-2009 [01:50]


Azərbaycanın Rumıniyadakı səfiri, sabiq baş prokuror Eldar Həsənov redaksiyamıza məktub göndərib. Buna səbəb son günlər qəzetimizdə onun baş nazir gətiriləcəyinə dair xəbərlərin getməsi olub. Hörmətli səfir bu xəbərlərin gerçəkdışı olduğunu qəzetimizin baş redaktorunu telefonla da arayaraq, şəxsən söyləyib; bütün bunları ona qarşı qərəzi olanların kampaniyası adlandırıb. Redaksiya olaraq bildiririk ki, Eldar Həsənova dair heç bir önyarğımız yoxdur; onun baş nazir gətiriləcəyi barədə xəbərləri isə özünün və bizlərin yaxından tanıdığı kəslərdən duymuşuq. Bu xəbərləri dəqiqləşdirmək üçünsə rəsmi və qeyri-rəsmi, bir çox instansiyalara baş vurmuşuq. Həmin müraciətləri, aldığımız və almadığımız cavabları da müvafiq yazılarda göstərmişik. Digər tərəfdən, bir məmurun, hər hansı Azərbaycan vətəndaşının öz ölkəsinin baş naziri postuna təyin ediləcəyi kimi bir xəbərdən gözəl nə ola bilər? Bundan inciməyin, narahat olmağın ideologiyasını ancaq azərbaycanlılar anlaya bilər; bu baxımdan biz hörmətli səfirimizi başa düşürük və onun narahatlıqlarını anlayışla qarşılayırıq. Cənab səfirin məktubunu isə nöqtəsinə-vergülünə toxunmadan olduğu kimi dərc edirik. *** Hörmətli baş redaktor! Son vaxtlar rəhbərlik etdiyiniz qəzetin buraxılışlarında ictimaiyyətə mənimlə bağlı həqiqətə uyğun olmayan, yanlış məlumatlar çatdırılır. Həmin məlumatların əldə edilmə mənbəyi kimi isə mənim guya yaxınlarıma istinad olunur. Əvvəla, kim bilməsə də, mənə həqiqətən yaxın olan insanlar, doğmalarım yaxşı bilirlər ki, mən şəxsi, həm də xidməti qismətimdən razıyam. Odur ki, özünü ?mənə yaxın? insan kimi qələmə verib, Sizə hansı səbəblərdənsə, hansı maraqlardansa bilərəkdən yanlış məlumat ötürən şəxslər, əslində mənə nəinki yaxın, yəqin ki, heç mənimlə ünsiyyətdə belə olmayan insanlardır. Onlar belə yanlış məlumatlarla nəyə və kimə xidmət edirlər, nəyi və kimin marağını güdürlər? Bunu özləri və onlara istiqamət verənləri daha yaxşı bilər. Dəqiq olan tək şey odur ki, bu şəxslər hələ də boş, cəfəng, lakin hiylə ilə dolu iyrənc əməllərindən, ara qarışdırmaq və araları vurmaq, məqsədli şəkildə insanları qarşı-qarşıya qoymaq kimi bəd niyyətlərindən əl çəkməyiblər. Xidməti təyinatlarımla bağlı hər şey açıqdır, gün kimi ortadadır. Mənim üçün aydın olmayan, qaranlıq qalan tərəf də yoxdur. Baş Prokuror vəzifəsindən sonra ulu öndərimiz Heydər Əliyev mənə rəhbərlik etdiyi müstəqil Azərbaycan dövlətinin Fövqəladə və Səlahiyyətli səfiri qismində çalışmaq kimi yüksək etimadını göstərdi. Səfir fəaliyyətini tez-tez ?sürgünə?, yaxud ?məxməri sürgünə? bənzədənlər, əslində bu vəzifəni ?ucuzlaşdırmaq?, ?aşağılatmaq? məqsədini güdənlər həm səfir statusunun mahiyyətindən, həm də hər bir səfirin öz ölkəsi üçün görə biləcəyi işlərin həcm və əhəmiyyətindən tamamilə uzaq və bixəbərdirlər... Səfir kimi dövlətimizə, ölkəmizə xidmətlərim barədə isə hamıdan çox hörmətli prezidentimiz cənab İlham Əliyev, Xarici İşlər Nazirliyimiz və hörmətli nazirimiz Elmar Məmmədyarov, bir də dost Rumıniyadakı səlahiyyətli şəxslər, burada yaşayan həmvətənlərimiz, bu illər ərzində formalaşmış, Azərbaycanımızın hər sahədə milli və dövlət maraqlarını dəstəkləyən fəal diasporamız, eləcə də yüz mindən artıq Türksoylu toplum bilir... Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev siyasətini uğurla davam etdirən cənab İlham Əliyevin mənim Rumıniyada Fövqəladə və Səlahiyyətli səfir kimi fəaliyyətdə qalmaq qərarını isə mənə göstərilən siyasi etimadın növbəti təsdiqi kimi qəbul edib, bütün səmimiyyətimlə dəyərləndirmişəm. Hazırda məşğul olduğum işimdən, bugünkü peşəmdən, dövlətimizə xidmət göstərə biləcək imkanların burada kifayət qədər olması baxımından, Azərbaycanın dövlət müstəqilliyini qardaş Türkiyədən sonra ikinci dövlət olaraq tanımış dost Rumıniyada fəaliyyətimi davam etdirə bilmək imkanlarından da razıyam. Lakin nə vaxtsa cənab Prezident bu vəzifənin digər hörmətli həmkarlarım tərəfindən davam etdirilməsini məqbul hesab etmiş olsa, Prezidentimizin bu qərarını da həmişə olduğu kimi, səmimi hörmətlə qarşılıyasıyam. Bundan sonra ya elmi-pedaqoji fəaliyyətimi davam etdirər, ya da səfir statusunda toplaya bildiyim təcrübəyə söykənərək beynəlxalq təşkilatlardan birində çalışmağıma dair təkliflərdən hansınısa dəyərləndirmək haqda düşünərəm. Hörmətli baş nazirimiz cənab Artur Rəsizadəyə isə dövlətinə ürəkdən yanan hər bir şəxs peşəkar və sədaqətli xidmətinə görə yalnız minnətdar olmalı, xalqımız və dövlətimiz naminə fəaliyyətində ona yeni-yeni uğurlar arzulamalıdır. Sonda onu da qeyd etməliyəm ki, qəzetinizin ictimai maraq doğuran hər hansı məlumatı dərc etmək həvəsini anlayışla qarşılayıram. Lakin ictimaiyyətə yoxlanmış, dəqiq və dürüst məlumatların çatdırılması baxımından, daha yaxşısı və doğrusu o olardı ki, mənimlə bağlı hər hansı informasiyanı mənim özümlə dəqiqləşdirmək təşəbbüsü göstərilərdi. Kim bilməsə də, bir çox həmkarlarınız yaxşı bilir ki, mən mətbuatdan da heç vaxt qaçmamışam, bu gün də mətbuatla ünsiyyətə vaxt ayırmaqda çətinlik çəkmirəm. Onu da bir mənalı şəkildə bildirirəm ki, gələcəkdə harada, hansı sahədə, hansı ölkədə çalışmağımdan asılı olmayaraq ölkəmizin siyasi həyatı ilə bağlı tarixi seçimimi bir dəfə etmişəm və onu da bu illər ərzində harada olmağımdan asılı olmayaraq dəyişmədiyim kimi, bundan sonra da dəyişəsi deyiləm. [b]Yeni Müsavat[/b]

Digər xəbərlər
SON XƏBƏRLƏR