Əjdər Ol : ?Bir yazıçını bütün yazarlara qarzı qoymaq cığalların izidir?

img

23-05-2009 [12:45]


Şair Əjdər Olun Müstəqil İnformasiya Agentliyinə (mia.az) esklüziv müsahibəsi [b]- Şair kimi populyarlaşan Əjdər Ol necə oldu ki, nəsr əsərləri-hekayələr, Namiq Abdullayev, Əlisəmid Kür haqqında ədəbi portretlər, pyeslər yazmağa başladı? Şeir öldümü?[/b] - Yox, ölmədi. Ədəbiyyatda janr formadan başqa bir şey deyil. Əsas özünüifadədir. Özünüifadə də bütün formalarda ola bilər. Yazıçı bütün janrlarda risk etməyi bacarmalıdır. Mən qəzəl də yazmışam, heca şeiri də, sərbəst şeir də. Bütün janrlar mənə doğmadır. Kimsə bir janrda əla yazır, eləsi də var ki, bir neçə janrda o ortaya fərli şey qoya bilmir. [b]- Bəs nəsrə niyə keçdiniz?[/b] - Qafiyəsiz də danışmaq olar. Mən öz şeirlərimdə də ədəbi fakturaya əsaslanmışam. Mənim şeirlərimdə dramaturji detallar var. Fakturasız əsər isə əsər deyil. Düzdür, təxəyyül də lazımdır və vacibdir. Lakin təkcə təxəyyüllə uzağa getmək olmaz. Poeziya hisslərdir, nəsr təfərrüatdır. Nəsrdə ovqatını təfərrüatlarla ifadə edirsən. Poeziya şirədir, sən duyğularının şirəsini çəkirsən. Həyat da belədir. Orda duyğu da var, təfərrüat da. [b]- Yazıçılar Birliyinin qeyri-funksional məqamlarında siz Ədəbi Klub yaratmısınız. AYB-nin bəzi funksiyalarını yerinə yetirmisiniz. Bəs indi Yazıçılar Birliyinə münasibətiniz necədir?[/b] - Yazıçılar Birliyi keçən əsrdə yaradılmış təşkilatdır. Ora yazıçıların ocağıdır. Yazıçılar Birliyinin güzəştləri olub, indi də var. Kimlərsə ondan istifadə edir. Təşkilatsız inkişaf olmur. Dünyanın hər yerində yazıçı qurumları var. Azərbaycanda XIX əsrdən ədəbi məclislər olub. Onlar Yazıçılar Birliyinin rüşeymləridir. Yazıçılar Birliyi bir çox yaxşı əsərlərin yaranmasına dəstək olub. Gənclərin AYB rəhbərliyindən xoşu gəlməməsi o demək deyil ki, AYB olmamalıdır. Təşkilat mütləq olmalıdır. Təşkilatlanmamış millət heç nəyə nail ola bilməz. Biz tarixdən, siyasi təcrübədən görürük ki, tarixboyu başımıza gələn bəlaların çoxu vaxtilə milli təşkilatlarımızın olmamağıdır. AYB yaşamalıdır. Amma olsa bilsin, daha çevik, daha demokratik üsullar tapılmalıdır. Hamının qəbul edəcəyi formalar tətbiq edilməlidir. Mən belə düşünürəm ki,Yazıçılar Birliyinin təqaüdləri, mükafatları istedada görə verilməlidir, sosial vəziyyətin ağırlığına görə yox. Mən bunun qəti şəkildə əleyhinəyəm. [b]- Yazıçılar Birliyindən kənardakı ədəbi qüvvələr var. Onlar haqqında nə düşünürsünüz?[/b] - Mən ümumiyyətlə, nifrətlə düşünməyi sevmirəm. Hər şey dəyişir. Bu gün sənin bəyənmədiyin bir gənc yazıçı sabah ortaya gözəl bir əsər qoya bilər. Hadisələr davam edir, proses gedir. Proses başa çatmamış qiymət vermək olmaz. Gənclər davamlı yazırlar, yaradırlar. Sizin nəsil gəncdir, biz isə artıq yetkin yaşdayıq. Mən gənclərin yazdıqlarına soyuq başla baxıram. Kiminsə zəif əsəri, naqis hərəkəti məni sizin qədər qıcıqlandırmır. Məni onların ədəbi əsərləri daha çox maraqlandırır, nəinki kimlikləri. [b]- Yazıçılar Birliyində olan gənclərlə Azad Yazarlar Ocağı daxilindəki gənclərin fərqini nədə görürsünüz?[/b] - Mən onların hamısına qələm dostlarım kimi baxıram. Düzdür, onlar mətbuatda bir-birinə qarşı çıxırlar, bir-birlərinin əleyhinə yazırlar. Amma mən onları ədəbi məclislərdə, xeyirdə-şərdə bir yerdə görürəm. Siz bu fərqi hiss edirsiniz, amma mən etmirəm. Onların didişmələri mənə xırda və ötəri görünür. [b]- Əjdər Ol bütün janrlarda öz gücünü sınamış yazar kimi özünün şair, yazıçı, dramaturq, yoxsa esseist kimi təqdim edilməsini xoşlayır?[/b] - Mən sadəcə bir qələm adamıyam. [b]- Sizcə Azərbaycanda Nobel almağa haqqı çatan yazıçı varmı? Tez-tez deyirlər ki, bizdə Nobel almağa haqqı çatan yoxdur.[/b] - Mənim ?Ölümlə zarafat? hekayəmdə belə bir yer var. Əmir Pəhləvan deyir ki, Nobel qardaşları haqqında əsər yazmışam və Nobel komissiyasına təqdim etmişəm. Nobel mükafatı komissiyası sürpriz etməyi sevir. Bəzən əsər təqdim olunandan 10-15 il sonar təltif olunur. Demək istəyirəm ki, Nobelə təqdim olunmuş əsərimiz var. Mükafatlar ciddi məsələdir. Nobel almaq üçün onun yolunu tapmaq, dalına düşmək lazımdır. Əsər beynəlxalq dillərə tərcümə olunmalıdır. Dünyada böyük satış şəbəkəsi olan nəşriyyatlar var. Kitab bazarına onlar nəzarət edirlər. Nobel almaq üçün müəyyən kanallara çıxılmalıdır. Qabaq biz Sovetlərin tərkibində idik. Bizim yazıçılar heç bu haqda düşünmürdülər də. Amma Pasternak antisovet yəhudi yazıçıları vasitəsi bu mükafatı aldı. Heç yerdə, elə Azərbaycanda da yerində oturmaqla mükafat almaq olmur. Gərək gedəsən, müraciət edəsən, əsərini göndərəsən. [b]- Tutaq ki, Nobeli Əjdər Ol verir. Kimə verərdi bu mükafatı?[/b] - Sənə. Əlbəttə zarafatdır. Mən başqa bir şeyə toxunmaq istəyirəm. Mükafatın arxasında ciddi dəyər dayanmalıdır. Pul mükafatın qarantıdır. Azərbaycan tarixində o qədər mükafatlar veriblər ki. Kənd bağışlayıblar, qızıl, gümüş veriblər. XIV Lüdoviqin bir yaxşı sözü var. Deyir bir adama yaxşı vəzifə verəndə 99 narazı və bir naşükür yaradırsan. Narazılar deyir niyə o vəzifəni bizə vermədi, naşükür isə gileylənir ki, daha yüksək vəzifə ala bilərdi. Biri idarə müdiri, biznesmen haqda bir kitab yazır, o da ona elə böyük mükafat verir ki, bu pul hətta dövlətin verdiyi təqaüddən də çox olur. Bu da mükafatdır. [b]- Azərbaycan ədəbiyyatında Sovet dövründə böyük qruplaşmaların olması heç kimə sirr deyil. Sizin bu qruplaşmaların heç birinə daxil olmamağınız yüksəlməyinizə, çap olunmağınıza təsir etməyib ki?[/b] - Zəif adamlar qruplaşırlar. Özünə arxayın olan qrup yaradıb başqa qrupa qarşı mübarizə aparmaz. Bu ədəbiyyat işi deyil. Bu qruplaşmalar ədəbi hakimiyyəti ələ keçirtmək üçün yaradılır. Roman yazmaq üçün heç kim dəstəbazlıq etməz. Kiminsə ehtiyacı olub, qruplaşıb. Mənim qarşımda elə bir maneə olmayıb Mən heç kimdən minnət götürməmişəm, heç kəsə minnət də qoymuram. Hardasa çap olunmaq üçün, hardasa çıxış etməkdən ötrü sinov getməmişəm. Qruplaşanlar mütləq bir gün hansısa şəkildə qrupdan çıxacaqlar. [b]- İlk şeiriniz nə vaxt dərc olunub?[/b] - 1981-ci ildə ?Azərbaycan? jurnalında çıxıb. Əkrəm Əylislinin vaxtında. [b]- Bəs indi Yazıçılar Birliyinin jurnallarını oxuyursunuz?[/b] - Oxuyuram. Özüm də ?Azərbaycan? jurnalının redaksiya heyətinin üzvüyəm. [b]- Necə olur ki, Birliyin 1400 üzvü ola-ola jurnallar min tirajla, Anarın kitabı isə 500 tirajla çıxır? [/b] - Düz danışmırsınız. Anarın kitabı elə vaxt olub ki, 100 min tirajla çıxıb. İndi o vaxtlar deyil, ovqat dəyişib, kitab satışı şəbəkəsi yoxdur. Səbəb ancaq budur. Mən bütün prosesi izləyirəm. Bəlkə də çox az adam var ki, mənim kimi hamını oxuyur. Demək olar ki, ədəbi mühitdə hamının qabında nə olduğunu bilirəm. [b]- Bəs birliyin jurnalları ilə ?Alatoran? jurnalı arasında nə fərq var?[/b] - ?Alatoran? jurnalı eksprimental jurnaldır. Amma ?Azərbaycan? və ?Ulduz? jurnalı isə ənənəvidir. Bütün jurnallarda zəif əsərlər də çıxır, güclü əsərlər də. Bu jurnallar ədəbi prosesin tərkib hissəsidir. Rasim Qaraca çox işləyir. Ədəbi prosesi canlandırır. Sizin üstünlüyünüz odur ki, cavankən çap olundunuz. Sizə baxanda biz çox gec çap olunduq. Düzdür,çap olunana qədər yetkinləşdik. Siz azadsınız. Amma bunun ziyanlı tərəfi də var. İndi görürsən ki, 17 yaşlı birisi sağını-solunu biçə-biçə gedir. Bəzən o heç ədəbi məsuliyyət də hiss eləmir. Hətta, kövrək oxucuya bəzən təsir edir. Hərdən mənə elə gəlir ki, siz özünüz yazıb özünüz oxuyursunuz. Oxucuya çıxmaq lazımdır. Zəmanə dəyişib. [b]- Bəs ədəbiyyatın axırını necə görürsünüz? İndi hər yerdə olduğu kimi ədəbiyyatda da keçid dövrüdür.[/b] - Ədəbiyyat insan ruhunun maddiləşmiş formasıdır. Çətin dövrlərdə insanlar mənəviyyatca geri çəkilirlər. Ruhi aşınmalar gedir. Amma bu uzun sürmür. İnsan həmişə ruhunu təzələmək istəyir. Yeni doğulan uşaqlarla dünya təzələnir. Ədəbiyyat ruhdur, insan isə ruhsuz yaşaya bilməz. Ruh varsa, ədəbiyyat var. Dünyada ruh daşıyıcıları yazıçılar var, bizim də yazıçılarımız onların içində. Onlar kitablaşırlar, kitaba dönürlər. Biz də kitabları oxuyanda o ruh yenidən dirilir. Söhbət etdiyimiz bu anda bəlkə heç 5 adam Füzulini oxumur. Bu o demək deyil ki, Füzuli yaddan çıxıb. Ədəbiyyat hansısa dövrdə yaranmırsa klassiklər aktuallaşır. Klassiklər həmişəlikdir. Biz zaman-zaman əlimizi kitab rəfinə atıb, onları yenidən oxuyuruq. Onların kitab rəflərində yeri möhkəmdir. [b]- Bəs sizin tez-tez əlinizi rəfə atıb götürdüyünüz kitabı kim yazıb?[/b] - Elə yazıçılar var ki, mən onlara vaxtaşırı qayıdıram. Füzulini, Seyid Əzimi tez-tez oxuyuram, Sabirin yazdıqlarının demək olar ki, hamısını əzbər bilirəm. Amma Füzili çox yazdığına görə hər dəfə ondan nəsə təzə bir şey tapıram. Konkret bir yazıçının üstündə durmuram. Mopassanı, Haqverdiyevi, Mirzə Cəlili, Çəmənzəminlini, Tolstoyu, Dostoyevskini, arabir vərəqləyirəm. Misal üçün, götürüb Çexovun iki hekayəsini oxuyuram, kitabı qatlayıb qoyuram yerinə. [b]- Bəs sizin dünyanızda ən çox yer tutan kimdir?[/b] - Allah? [b]- Bəs yazıçı?[/b] - Mənim kumirim olmayıb. Hər yazıçının öz yeri var. Bir yazıçını bütün yazarlara qarşı qoymaq cığalların işidir. ?Ən yaxşı? nisbi termindir. Ədəbiyyat uğurlu bir misra yazmış sairsiz yarımçıqdır. [b]- Tutaq ki, 50 il sonra demək olarmı ki, Əjdər Olsuz ədəbiyyatımız natamam görünür?[/b] - (Gülür) 50 il sonra gəlib məndən müsahibə alarsan. O vaxt bu barədə danışarıq.

Digər xəbərlər
SON XƏBƏRLƏR