12-05-2009 [05:41]
Futbol üzrə Azərbaycan çempionatı, eləcə də Avropanın milli birincilikləri arxada qalmaq üzrədir. Artıq bir sıra iddialı komandalar növbəti mövsümün transfer planlarını, təlim-məşqlərinin harada keçiriləcəyini müəyyən ediblər. Sözsüz ki, bütün bunlara isə iyun ayında milli komandaların Dünya çempionatının seçmə mərhələsi çərçivəsində yığma komandaların keçirəcəyi görüşlərdən sonra yekun vurulacaq. Digər birinciliklər, eləcə də milli komandaların oyunu nə qədər baxımlı olsa da, bizim üçün millinin gələn ay keçirəcəyi görüşlər, eləcə də başa çatan prremyer-liqa daha çox maraq kəsb etdiyindən əməkdar məşqçi, futbol üzrə yığma komandamızın keçmiş çalışdırıcısı Vaqif Sadıxov bütün bunlar barədə fikirlərini Müstəqil İnformasiya Agentliyinə bildirib.
[b]- Vaqif müəllim, artıq 17-ci çempionat sona yetməkdədir. Budəfəki ölkə birinciliyini necə dəyərləndirirsiniz?[/b]
- Reallıq onu sübut etdi ki, bu gün hədəfləri, iddiaları böyük olan komandalar turnir cədvəlinin yuxarısında yer alıblar. Çox xoşagələn haldır ki, "Simurq" bürünc mükafatlara sahib çıxaraq, avrokuboklara vəsiqə qazanıb. Düzdür, ilk gündən bəlli idi ki, çempionluq uğrunda mübarizə "İnter" və "Bakı" komandaları arasında gedəcək. Onlara rəqib isə "Simurq", "Xəzər-Lənkəran", "Qarabağ", "Olimpik" göstərilirdi və çempionat boyu bunun da şahidi olduq. Məsələnin müsbət tərəfini qeyd etmək istəyirəm. "Qarabağ" komandasını həmişə dəstəkləmişəm. Çünki hər bir oyunda 1-2 əcnəbi futbolçular çıxış etməklə gözəl oyun göstərdilər. Gözəl oyunla süöut etdilər ki, yerli futbolçulara, gənc mütəxəssis Qurban Qurbanova güvənmək olar. Demək bir qədər tez olsa da, inanıram ki, onlar "Karvan" üzərində də lazım olan nəticəni qazanacaqlar. Gözlənilməz o oldu ki, həmişə iddialılar arasında olan "Xəzər-Lənkəran" və "Neftçi" komandası mükafatçılar sırasından və avrokuboklardan kənarda qalıb. "Olimpik" keçən il hamımızı sevindirirdi, amma indi demək olar ki, ortabab komandaya çevrilib. Digər tərəfdən gözlənilən autsayderlər var idi və onların da mübarizəsi gərgin keçirdi. Mən hələ 1-2 tur öncə bildirmişdim ki, "Bakılı" və MOİK elitanı tərk edəcək. Xoşagələn hallar o idi ki, hər bir turda sonadək mübarizə izləyirdik. Bəzi klublar kuboka və medallara iddialarını itirsələr də nüfuzlarını qorumaq üçün imkan qədər yuxarı yerlər uğrunda mübarizə aparırdılar.
[b]- "Turan" son turlar öz oyununu tapmış kimi görünür. Bu komanda növbəti mövsüm yenidən iddialılar sırasına qoşula bilərmi?[/b]
- "Turan"ın öz oyununu tapmasından sonra birdən-birə iddialı kluba çevrilməsini demək çox çətindir. Ancaq hesab edirəm ki, digər komandalarda olan maddi-texniki baza, şərait bu klubda olsa, "Turan" ən yaxşı vaxtlarını növbəti çempionatda da xatırlada bilər. Ancaq hazırki vəziyyətlə "Turan" növbəti ölkə birinciliyində də elitada qalmaq uğrunda mübarizə aparacaq.
[b]- Azərbaycan kubokunun finalından-"İnter"-"Qarabağ"görüşündən nə gözləyirsiniz?[/b]
- Hesab edirəm ki, şanslar bərabərdir. Çempionatda da "Qarabağ" və "İnter"in oyunlarını izləyənlər bilirlər ki, onlar arasında keçirilən hər iki matç heç-heçə (1:1) bitmişdi. Kubok oyununda heç-heçə yoxdur. Hesab edirəm ki, bizi finalda gərgin, maraqlı bir qarşılaşma gözləyir. Ola bilər ki, bu final 11 metrlik zərbələrə qədər uzansın.
[b]- Qarşıdakı ayda milli komandamızın 3 görüşü var. Fikrinizcə yığmamız bu görüşlərdən hansı nəticəni əldə edə bilər?[/b]
- İyun ayını bizim üçün çox düşərli sayıram və bütün Avropada milli çempionatlar sona çatır. İnanıram ki, bizim yığmamız da çox yaxşı əhval-ruhiyyədə istirahətə gedəcək və gələcək işləri planlaşdırmağa başlayacaq. Uelsə qarşı səfərdə oynamışıq və hesab edirəm ki, bu komandayla oynamaq mümkündür. Mən Kardiffdə keçirilən son görüşdən sonra da bildirmişdim ki, hər iki millidə oxşar bir xətt var ki, o da yeni bir komandanın, heyətin formalaşdırılmasıdır. Uelsdə Toşak, Azərbaycanda isə Foqts milliyə yeni ab-hava gətirməyə çalışır. O oyundan sonra xeyli vaxt keçib və hər oyunda yığmamız inamlı təsir bağışlayırdı. Nəhayət ki, çoxdan azarkeşlər önündə çıxış etməyən komandamız çalışacaq ki, bizi sevindirsin. İlk növbədə millimizə uğurlar diləyirəm. İnanıram ki, bu oyunda komandamız lazım olan nəticəni əldə edəcək və ən azı məğlub olmayacağıq. Onun üçün AFFA tərəfindən ilboyu Foqts üəçün yaradılan şəraiti də qeyd eləməliyəm. Oyunöncəsi milli planlı şəkildə mayın 25-də-kubokun finalından sonra bir araya gələcək və Türikyəyə yollanacaq. Bundan əvvəl Türkiyə ilə yoxlama oyunu keçirərək, oyun modeli və oyunçular sınaqdan keçiriləcək. Tam hazırlıqlı komanda Uelsin önünə çıxacaq. Bundan sonra iyunun 9-da bizim futbolumuza təkan verəcək görüşümüz-İspaniya ilə yoldaşlıq oyunu var. Avropa çepionlarına qarşı oynamaq çətin olsa da, həm də şərəflidir. Meydançaya çıxan hər bir futbolçumuz yaxşı oyunlarından birini sərgiləyəcəklər.
[b]- Adətən futbolda məsul oyunlara dünya reytinq sıralamasında il 20-likdə olan ölkələrin fit sahibləri təyinat alır. Ancaq UEFA Çempionlar Liqasının builki Roma finalı futbolunun səviyyəsi heç də bizdən üstün olmayan Özbəkistan təmsilçisinə tapşırılıb. Sizcə bu qərar hansı səbəbdən qaynaqlanır?[/b]
- Bunu Özbəkistan çempioanıtının heç də üstün olmasına görə seçməyiblər. Asiyalı hakimə müraciət etməklə UEFA neytrallığı qorumağı düşünür. Əgər yanılmıramsa, bu ilk belə haldır. Çempionlar Liqasının finalında asiyalı hakimə etibar etmək obyektivliyin qorunmasıdır. Görünür, həmin hakim Asiya Çempionlar Liqasında özünü ən yaxşı tərəfdən göstərə bilib, etimadı doğruldub. Mən inanmıram ki, o bizim hakimlərdən üstündür. Yəni onu bu oyuna Özbəkistan futbolunun səviyyəsinə görə təyin etməyiblər.
[b]İNTİQAM VALEHOĞLU[/b]