AAK-dan narazıların sayı artır

img

06-05-2009 [02:14]


[b]Onlar elm sahəsindəki özbaşınalıqlara görə Arif Mehdiyevi fakt qarşısında qoyacaqlar [/b] Prezident İlham Əliyevin Azərbaycan elmində islahatların aparılması ilə bağlı dövlət komissiyasının yaradılması haqqında sərəncam imzalamasının 1 ilinin tamamında Milli Elmlər Akademiyasının prezidenti Mahmud Kərimovun elm sahəsindəki mövcud problemlərdən bəhs edən müsahibəsi bu sahədəki problemləri bir daha gündəmə gətirdi. M.Kərimovun müsahibəsindən də sezilirdi ki, komissiya işini yekunlaşdırmaq üzrədir və elm sahəsində bir çox yeniliklər olacaq. M.Kərimovun müsahibəsində Ali Attestasiya Komissiyasının (AAK) ünvanına üstüörtülü şəkildə iradlar bildirməsi cavabsız qalmadı. AAK nümayəndələri bir sıra mətbu orqanlarda M.Kərimovun ittihamlarına sərt reaksiya verməklə qarşı tərəfi cavabsız buraxmadılar. Amma M.Kərimovun AAK barəsində dedikləri bu qurmadan narazı olanları hərəkətə gətirdi. Qeyd edək ki, 2009-ci ildə AAK-ın ekspert komissiyalarının yenidən formalaşdırılması bu qurumdan narazılığı artırıb. Doğrudur, bu dəfə AAK-ın ekspert komissiyalarının tərkibində yenilik olub. Lakin AAK-dakı yeniliklər bu qurumdan narazıların əlinə əlavə arqument verib. Onlar iddia edirlər ki, bu dəfə daha çox maddi marağı olan şəxslər irəli çəkilib. Bizə məlumat verən alimin dediyinə görə, AAK-da hazırkı vəziyyət bir neçə ay da davam etsə, bu, komissiyanın sədri Arif Mehdiyevin nüfuzuna ciddi zərbə ola bilər: "AAK-ın ekspert komissiyalarının tərkibindəki yeniləşmə zamanı "Təfəkkür" Universitetinin rektoru Müşfiq Atakişyev, Fəlsəfə və Siyasi-Hüquqi Tədqiqatlar İnstitutunun direktoru İlham Məmmədzadə kimi şəxslər irəli çəkiliblər. M.Atakişiyevin "Təfəkkür" Universitetini hansı prinsiplərlə idarə etdiyini çoxları gözəl bilir. İndi o, "Təfəkkür" Universitetinin "qaydalar"ını AAK-a gətirib. Artıq dissertasiya işinin ekspert komissiyasından keçirməyin qiymətinin 3 min manat olmasıyla bağlı xəbərlər də yayılıb. İndi gənc alimləri müxtəlif bəhanlərlə - xaricdə çıxan məqalələri nüfuzlu nəşrlərdə dərc olunmayıb, işindəki səndlərdə texniki qüsur və s. bəhanələrlə sıxışdırmağa başlayıblar. Amma həmin işlərin elmi cəhtdən zəif olmasına irad tuta bilmirlər". Alimin iddiasına görə, AAK tərəfindən 2009-cu ilin ilk 3 ayında diplom verilən şəxslərin əksəriyyəti vəzifəli şəxslərdir: "Jurnalist kimi araşdırma aparsanız görərsiniz ki, son 3 ayda diplom alanlar arasında vəzifə sahibləri üstünlük təşkil edir. Savadlı aspirant isə 2 il diplom yolu gözləyir, amma bankirə, biznesmenə 6 aya diplom verirlər. "Nə üçün pulu olanlar diplomunu tez alır, kasıblar isə aylarla gözləyirlər" sualına isə AAK-da cavab ala bilməzsiniz". Alimin dediyinə görə, M.Kərimovun özü də elm sahəsindəki problemlərə məsuliyyət daşıyır: "Məmurların, deputatların gənc aspiratların yerinə müdafiəyə buraxılmasında M.Kərimovun da günahı var. Məgər o, AMEA-da fəaliyyət göstərən dissertasiya şuralarında qayda-qanun yarda bilməz? Elə akademik var ki, oğluna, qızına, qardaşının, bacısının uşaqlarına da elmi dərcə alıb. Hətta həmin şəxslər məşuqələrinin də adına dissertasiya işi yazdırıb, onları müdafiəyə buraxdırıblar. Məgər elm sahəsindəki haqsızlıqdan danışanlar bunu görmürlər?" Həmsöhbətimizin dediyinə görə, AAK-dan narazılar hazırda qanunsuzluqlarla bağlı fakt toplayırlar. Qarşıdakı aylarda onlar konkret faktlarla AAK sədri Arif Mehdiyevi "dalan"a dirəyəcəklər. Son aylarda namizədlik diplomu alan deputatların, məmurların və biznesmenlərin siyahısını ictimaiyyətə açıqlayacaqlar.

Digər xəbərlər
SON XƏBƏRLƏR