Bakıdakı terror Azərbaycan çempionatını təxirə saldı

img

01-05-2009 [02:55]


AFFA, Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi və Tələbə Futbol Federasiyasının birgə təşkil etdiyi mərhum prezident Heydər Əliyevin xatirəsinə həsr olunmuş universitet tələbələri arasında II Respublika çempionatının açılış mərasimi bu gün saat 12:00-da Tofiq Bəhramov adına Respublika stadionunda baş tutmalı idi. Supersport.Az-a verilən məlumata görə, tədbir təxirə salınıb. Tələbə futbol federasiyasının baş katibi Orucəli Durmuşov əməkdaşımızla söhbətində belə addımı Neft Akademiyasında baş verən faciədə həlak olanların ruhuna ehtiram əlaməti olaraq atdıqlarını deyib. Onun sözlərinə görə, üçgünlük matəm elan edilib. Yarışın ilk turu mayın 5-də keçiriləcək. Açılış mərasimi isə ayın 7-də saat 12-də olacaq. Çempionatda 34 komanda iştirak edəcək. Qeyd edək ki, mərhum prezident Heydər Əliyevin 85 illik yubileyinə həsr olunmuş universitet tələbələri arasında I Respublika çempionatı 2008-ci il aprelin 18-də start götürmüş və mayın 31-də başa çatmışdı. 32 komandanın mübarizə apardığı çempionatın finalında Azərbaycan Kooperasiya Universitetinə qalib gələn Naxçıvan Dövlət Universiteti çempion adını qazanmışdı. I Respublika çempionatının qalibi olan Naxçıvan Dövlət Universitetinin komandası tələbələr arasında Avropa çempionatında çıxış etmişdi. Onu da bildirək ki, Azərbaycan Tələbə Futbol Federasiyasına ölkənin birinci xanımı Mehriban Əliyevanın atası, nüfuzlu akademik Arif Paşayev rəhbərlik edir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA