"Bakı" rəqiblərini sərt ittiham etdi

img

11-04-2009 [03:34]


17-ci Azərbaycan Premyer liqasının 21-ci turunda "Standard"ın qonağı olacaq "Bakı" bu oyuna ciddi itkilərlə çıxacaq. Bu haqda Supersport.Az paytaxtın eyniadlı klubunun saytına istinadən məlumat verib: "Söhbət tək "Fair play" ənənələrinin tapdalanmasından, oyunçulara dəyən mənəvi zərbədən, bunun da nəticəsində futbola ləkə gətirən faktdan getmir, "Olimpik" futbolçularının kobud oyunu nəticəsində zədələnən Əhməd Ticani və Fernando Peres də "Standard"la oyunda forma geyə bilməyəcəklər. Amiran Mucirinin "Olimpik"lə 20-ci tur oyununda ikinci sarı və nəticədə qırmızı vərəqə alaraq meydanı tərk etməsi, "Standard"la oyamaq hüququndan məhrum olması da "Olimpik"in "aktiv"inə yazılır. Bu komanda ilə oyunda "Bakı"nın 3 futbolçusu kobudluq və idmançı ləyaqətinə sığmayan hərəkətə etiraz səbəbindən kənarda qalıblar. Göründüyü kimi, 20-ci tur rəqiblərimiz hərtərəfli "işləyiblər". Daha bir arzuolunmaz xəbər Batista ilə bağlıdır. 3 oyunluq cəzası başa çatan braziliyalı zədə səbəbi ilə bu gun meydanda olmayacaq. "Bakı" bu oyuna 4 əsas oyunçusunun yoxluğunda meydana çıxmaq məcburiyyəti qarşısındadır: Peres, Muciri, Ticani və Batista". Bütün bunlara baxmayaraq, komandada əhval-ruhiyyənin yüksək olduğu qeyd edilib: "Çempionluq və Azərbaycan Kuboku uğrunda iddialarını davam etdirən və hər iki titula yiyələnmək uğrunda mübarizə aparan "Bakı" hər zaman meydana yalnız qələbə üçün çıxır. Qapını Sissoko və ya Şarliya qoruyacaq. Müdafiənin cinahlarında Cəmşıd Məhərrəmov, Vadim Borets və ya Elvin Əliyev oynayacaq. Aleksey Savinov, Rafael Əmirbəyov müdafiənin mərkəzinin təhlükəsizliyini təmin edəcəklər. Mərkəzdə Ernad Skuliç, Luis Fabio Ramim və Mahmud Qurbanov mübarizə aparacaqlar. Draqan Naçevski, Bəxtiyar Soltanov və Georgi Adamiya rəqib qapısına yol tapmağa çalışacaqlar. Stanislav Baçev, Saşa Yunisoğlu ilə Georgi Demetradze sifariş ərizəsində yer alaraq hər an oyuna qoşulmağa hazır olacaqlar". Qeyd edək ki, "Standard" - "Bakı" oyunu bu gün saat 18:00-da "Şəfa" stadionunda baş tutacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA