AFFA-da növbəti hakim qalmaqalı

img

08-04-2009 [03:28]


Futbol üzrə 19 yaşlıların Avropa çempionatının seçmə oyunlarının elit raundu mayda İngiltərədə təşkil olunacaq. AFFA UEFA-dan təyinat alan FİFA referisi Babək Quliyevlə bağlı cəza qərarını qüvvədə saxladığı üçün adıçəkilən hakimin həm ölkədaxili, həm də sözügedən mötəbər turnirdə iştirak etməyəcəyi qətiləşdi. Turnirə hakim köməkçisi qismində daha bir ədalət təmsilçimiz getməlidir. Supersport.Az-a məlumatlı mənbədən verilən məlumata görə, AFFA Hakimlər Komitəsinin sədri Xaqani Məmmədovun köməkçi kimi UEFA-ya sifariş verdiyi Əliyar Ağayevin işi dolaşığa düşüb. Mənbə bildirir ki, UEFA-nın Hakimlər Komitəsi AFFA-nın saxtakarlığının üstünü açıb. Ağayevin beynəlxalq dərəcəsi olmadığını bilən kimi qitə qurumu dərhal adını siyahıdan çıxarıb. Baş verən saxtakarlıqla bağlı UEFA-nın daha sərt qərar verəcəyi, hakimlərimizdən imtina edəcəyi, oyunları idarə etmək üçün başqa ölkənin ədalət təmsilçilərinə dəvət göndərəcəyi ehtimal olunur. AFFA Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov Supersport.Az-ın əməkdaşı ilə söhbətində məlumatı təsdiq etməyə məcbur olub. O, əvvəlcə bu məsələni gizlətməyə çalışsa da, əməkdaşımızın dirəncli sorğu-sualından sonra X.Məmmədov yumşalıb: ?Biz baş hakimin istəyini nəzərə almışdıq. Qeyd edim ki, praktikada belə hal olub. Əliyar Ağayevin əvəzlənməsinə səbəb FİFA hakimi olmamasıdır. O, milli dərəcəli referidir?. X.Məmmədov bildirib ki, Əliyar Ağayevin əvəzinə Orxan Məmmədov getməlidir. Bununla belə o, UEFA-nın bunu da dəyişə biləcəyini istisna etməyib. Mənbədən verilən məlumata görə, Əliyar Ağayev AFFA Hakimlər Komitəsinin üzvü, hakim-inspektor Kərim Ağayevin oğludur. Qeyd edək ki, əgər UEFA qərarını dəyişib, başqa ölkədən hakimlər çağırmasa, Babək Quliyevi beynəlxalq dərəcəli hakimlərimizdən biri əvəz edəcək. Ancaq hələ ki, bu referinin kimliyi bilinmir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA