Yoxsullaşan ailələr, çökən biznes, müflisləşən banklar…

img

20-01-2016 [17:48]


Rövşən AĞAYEV, İqtisadçı

Həftə ərzində büdcədən ödənilən maaş, pensiya və sosial müavinətlərin artırılması iləbağlı imzalanan sərəncamlardan aydın oldu ki, gündəlik istehlak mallarının qiymət artımı əhalinin gəlirlərinin artım tempini ən azı 3-4 dəfə qarşılayır.

"Gəlirlərin artımı qiymət artımına tam uyğunlaşdırılsa inflyasiya daha da sürətlənər" söyləyənlərə cavab olaraq 2 gün əvvəl bir məqalə paylaşmışdım. Amma bu mövzuya nöqtə qoyacaq vacib bir məqama toxunmağa ehtiyac var. 2 ay öncətəsdiqlənmiş 2016-cı ilin dövlət büdcəsindən maaşlara və bütün sosial ödənişlərə 5.3 milyard manat ayrılması nəzərdə tutulub. Deməli, 10%-lik artım üçün hökumətə əlavə olaraq təxminən 530 milyon manat tələb edilir.

Halbuki manatın ucuzlaşması və gündəlik tələbat mallarının hazırkı qiymət səviyyəsi bütövlükdə ailə təsərrüfatlarının təkcə kredit borclarını və qida istehlakı xərclərini ən azı 6 milyard manat artırır. 

Belə ki, Dövlət Statisitka Komitəsinin məlumatına görə, 2015-ci ildəqida istehlakı (tütün və içkilər də daxil) 12.9 milyard manat olub. Bu xərclərin ən azı 40% artması təxminən 5 milyard manat əlavə vəsait tələb edir. Bundan əlavə, banklara xarici valyuta ilə olan 7.5 milyard dollar kredit borcunun 2 milyard dolları ailə təsərrüfatlarının borcudur - bu isə son devalvasiayadan sonra 1 milyard manat əlavə ödəmə tələb edir.

Nəzərə alaq ki, dövlət büdcəsindən maaş, pensiya və müxtəlif müavinətlər alan insanların sayı təxminən 2.5 milyon nəfərdir - yəni bütün ölkə əhalisinin təxminən 24%-i. Əgər qiymət və məzənnə artımının yaratdığı izafi xərcləməni cəmiyyət üzvləri arasında proporsional bölsək, bu o deməkdir ki, büdcə sektoruna bağlı insanların illik əlavə xərcləri 1.5 milyard manatdan az olmayacaq. Hökumət isə bunun müqabilində son indeksasiya vasitəsilə həmin zümrəyə cəmi 500 milyon manat kompensasiya təqdim edir.

Aydın məsələdir ki, ağır iqtisadi çətinliklər içərisində olan özəl sektor ümumiyyətləindeksasiyaya getməyəcək və büdcəyə bağlılığı olmayan insanlar tamamən sosial müdafiəsiz qalacaqlar. Əslində, indiki iqtisadi şərtlərdə özəl sekorun iş yerlərini qoruya bilməsinin özü böyük avantajdır - nəinki əmək haqlarını artırmaq.

Bütün bu rəqəmləri və müqayisələri sadalamağın məqsədi var: Azərbaycan iqtisadiyyatının hazırkı reallıqları şəraitində gəlir artımının qiymət artımına adekvat olması inflyasiya proseslərini sürətləndirə bilməz. Çünki klassik anlamda "qiymət-əmək haqqı spiralı" o zaman yaranır ki, pul artır, amma əmtəə təklifi azalır, tələb isə əvvəlki səviyyədəqalır. 

Yəni bunun sadə izahı budur: cəmiyyətin dünənki təlabatı 100 kq ət və 1000 çörəyədi, bazarda həmin həcmdə məhsulu tapa bilirdi, nəhayət bu qədər qida üçün xərci isə1000 manat idi. Bu gün isə yenə cəmiyyətin təlabatı 100 kq ət və 1000 çörəyədi, amma bazarda 80 kq ət, 800 çörək var, hər kq qida isə orta hesabla 50% bahalanıb. Beləşəraitdə gəlirlərin də 50%-i artımı baş verirsə, "əmək haqqı -qiymət spiralı"nın yaranması qaçılmazdır: qiymətlər, arxasınca isə əmək haqqı artacaq və proses tələbata uyğunəmtəə təklifinin formalaşmasına qədər davam edəcək.

Lakin Azərbaycan iqtisadiyyatı üçün belə bir konfiqurasiya real deyil: bazarlar əmtəə qıtlığı yaşamır, əhali tam indeksasiya edilmiş gəlirlərini yığıma deyil, istehlakını əvvəlki səviyyədəqarşılamağa məhkumdur. Yenə sadə bir misal: sizin ailənin dünənki minimum istehlak səbəti 500 manat idi, bu gün 800 manat. Əgər səbətin dəyərinə uyğun sizin gəliriniz də300 manat artırsa, siz öncül istehlakınızı ödəməyə çalışacaqsınız. Amma hökumətin qorxduğu kimi, kimsə artan 300 manat gəlirindən 50 manat yayındırıb dollar almağa yönəldəcəksə, bu halların valyuta bazarına təzyiqi nəzərə alınmayacaq dərəcədə kiçik olacaq. Çox az adam minimum ehtiyacları ödənməmiş 50 manat verib 30 dollar almağa qaçacaq.

Qısası, sırf iqtisadi nəzəriyyədən çıxış etsək, inflyasiya təzyiqi altında artan gəlirlər əlavətəlabatı maliyyələşdirməyə deyil, tələbatı əvvəlki səviyyədə saxlamağa yönəldiyi şəraitdəqiymət artımını stimullaşdırmır. Hətta müəyyən səviyyədə qiymət artımı müşahidə edilsə belə, idxal siyasəti və istehsalın stimullaşdırılması alətləri sayəsində inflyasiyanı cilovlamaq da olar.
Əksinə əhalinin alıcılıq qabiliyyətinin kəskin azaldığı şəraitdə fiskal hakimiyyətin (MaliyyəNazirliyinin) borcludur ki, monetar hakimiyyətin (Mərkəz Bankın) pul təklifini artırmasına dəstək versin. Bu halda əhalinin gəlirlərinin müdafiəsi bisnesin döviyyəsini artıracaq - əks halda isə yoxsullaşan əhali tələbatını qayçılamaqda, biznes gəlirlərini sürətlə itirməkdədavam edəcək. Bir ildən sonra hökumət qarşısına çıxan mənzərədən dəhşətə gələcək - əhali fəlakətli dərəcədə yoxsullaşıb, biznesin məkanında isə lələ köçüb yurdu qalıb.

Bir çox böhran ölkələrinin uğurlu təcrübələrə sübut edir ki, hökumət əhalinin gəlirlərini artırmaqda maraqlı olmalıdır: ya əhalini banklardan borclanmaya həvəsləndirməklə, ya da gəlirlərin artımını dəstəkləməklə. İndiki vəziyyət nə bank sektorunun durumu, nə dəəhalinin faktiki borclarının böyük həcmi kreditlərin götürülməsi variantını istisna edir. Lakin büdcə və minimum əmək haqqı siyasəti vasitəsilə gəlirərin artımını stimullaşdırmaq imkanları var. Bir daha vurğulayıram: artan gəlirlərlə əhali ilk növbədə istehlak malları almağa üstünlük verəcək.

Nəhayət, ev təsərrüfatlarının banklara 9 milyard manata yaxı borcu var. Onları gəlirləri artmalıdır ki, bankların da borclarını qaytara bilsinlər. Yəni əhalinin gəlirlərinin artmının son ünvanı bizneslə yanaşı bank sektoru olacaq. İnflyasiyanın və manatın ucuzlaşmasının yoxsullaşdırdığı əhalinin bankların əsas gəlir bazası olduğunu nəzərdən qaçırmaq olar. Ələlxüsus da banklar kredit verərkən büdcədən gəliri olanlara üstünlük veriblər. Ona görə bank sektorunun müştəri kontingentində "büdcəçilərin” xüsusi çəkisi böyükdür.

Yanlış sosial müdafiə və gəlirlər siyasəti əhalini yoxsullaşdırır, biznesi çökdürür, bank sektorunu müflisləşdirir...


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:52 25.11.2024

Sabah yağış yağacaq